Sim-sim.az

Matey Vişnek – “Odlar şəhərində panika sindromu”

Matey Vişnek`in yaradıcılığıynan dörd-beş ildi tanışam. İli dəqiq yadımda deyil, ODA teatrı təzə açılmışdı. Orda Vişnek`in “Səncə döyəcəklər?” pyesini səhnələşdirmişdilər. Sonra internetdə maraqlanıb başqa əsərlərini oxudum. İki pyesini tərcümə eləmişəm (“Sən tanrısan, qandın?” və “Bu ölkə sənin qədrini bilir”). Onun “Gəmi” şeirini də tərcümə eləmişəm.

Hazırda imkan tapdıqcan “Odlar şəhərində panika sindromu” romanını tərcümə eləyirəm. Yəqin ki, hələ çox çəkər tam hazır olmağı. Avtobioqrafik əsərdi, Fransaya mühacirət eləməyindən, ümumiyyətnən, yaradıcılıq yolundan danışır Vişnek. Romanda yuxarıda adını çəkdiyim “Gəmi” şeirinin yazılmağı və taleyi haqda da məlumat var. Maraqlı olar deyə, oxuculara romandan bir fəsil və “Gəmi” şeirini təqdim edirəm:

 

 

 

Bu fəslin hətta adı da var və o

“Qoqu sindromu” adlanır

Qoqu Boltanski mənim ən yaxşı uşaqlıq dostum idi, liseyi qurtaranacan da elə oldu. Bizi dərin, saf dostluq telləri bağlayırdı. Biz həm bir yerdə böyümüşdük, həm də ədəbiyyatı, yaradıcılığın sehrini bir yerdə kəşf eləmişdik. İkimizin də rumın dilimiz yaxşı idi, artıq dördüncü sinifdən şeir yazmağa başlamışdıq. Evlərimiz də uzaq deyildi, iki kvartal aralı yaşayırdıq, dərsdən qayıdıb ev tapşırıqlarını eləyəndən sonra yenə görüşürdük. Qoqu ilə dünyadakı hər şeydən söhbət edirdik. Əlbəttə, əvvəllər, uşaq olanda taxta qılınclarla duel təşkil edirdik, payız vaxtı xəzəllərin üstündə xəyali atlarımızı səyirdirdik. Bir də bir yerdə kinoya getməyi xoşlayırdıq, bazar günləri cizgi filminə baxmağa, həftəiçi isə on altı yaşa qədər uşaqlara icazə verilən hər şeyə.

Qoquyla bir yerdə kitab oxumağın sevincini və kitab almağın həzzini kəşf etdim. Hərdən hansısa ədəbi jurnal alırdıq, “Luçafer” və ya “Romıniya literare” və bir yerdə böyük qələmdaşlarımızın şeirlərini oxuyurduq. Belə deyirəm, çünki o vaxt artıq özümüzü böyük şair hesab edirdik. Bir-birimizə öz şeirlərimizi oxuyub tənqid edirdik. Münasibətlərimiz daim rəqabət, ədəbi yarışma dərəcəsinə çatırdı. Bir-birimizi heyrətləndirməyə çalışırdıq. Mən teatr üçün balaca pyeslər yazmağa başladım, Qoqu isə romana girişdi. Heç nəyi axıra çatdıra bilmirdik, amma daim bir-birimizi təzə ədəbi və fəlsəfi eksperimentlərə həvəsləndirirdik. On üç yaşımızda artıq Kafkanı, Oskar Uayldı oxuyurduq… On dörd yaşımızda Kamyunu oxuyurduq, o vaxt dedim ki, mən ekzistensialistəm, Qoqu isə fenomenoloq olduğunu dedi. Liseydə oxuyanda hər ikimiz məhdud ərazidə məşhurlaşdıq, bizi müxtəlif dərnəklərdə şeirlərimizi oxumağa dəvət edirdilər, müxtəlif məktəb jurnallarında çap olunurduq… Qoqu idmançıya oxşayırdı, hündür boylu, kürən idi, hardasa Pol Nümeni xatırladırdı. Mənimsə xarici görkəmimə görə kompleksim var idi, üstəlik eynək taxırdım.

Qoqunun on yeddi yaşı olanda şəhərdə damağında siqaret, qoltuğunda kitab və ya dəftərlə, qayğısız, dünyanın bütün suallarına cavab tapmış adam kimi xoşbəxt halda gəzirdi, belə vaxtlarda o çox gözəl görünürdü, yunan tanrıları kimi gözəl olurdu və bütün qızların nəzərlərini özünə cəlb edirdi. Onun xoşbəxtliyi məni də heyran eləməyə başlamışdı, bundan başqa, ədəbiyyat artıq Qoqu üçün ən vacib şey deyildi. O şahmata aşiq olmuşdu və hər gün axşamüstü saat beşdə Mədəniyyət evinə, həvəskar şahmatçıların yığışdığı yerə getməyə başlamışdı. Hava pis olanda Mədəniyyət evinin küçəyə baxan, böyük pəncərəli otağında oturub şahmat taxtasına zillənirdilər. Hava yaxşı olanda oyunlar təmiz havada, Mədəniyyət evinin ətrafına dəmir barmaqlıqlı çəpər çəkilmiş həyətində keçirdilirdi.

Liseyi qurtaranda Qoquyla mən başa düşdük ki, həyatımız ayrı-ayrı əsaslara malikdir. Mən fəlsəfə fakültəsinə imtahan vermək və şeirlərimi tez-tez və daha çox çap etdirmək üçün Buxarestə gəldim. Məşhur olmaq istəyirdim, daha doğrusu ən yaxşı rumın yazıçısı olmaq, və ya bütün zamanların və bütün xalqların ən yaxşı yazıçısı olmaq. Qoqu isə oxuduqlarından, yazdıqlarından, Mədəniyyət evində şahmat oyanmaqla keçirtdiyi vaxtdan razı idi. Harda oxuyacağına qərar vermək vaxtı çatanda, Qoqu evdən qırx-əlli kilometr aralıda yerləşən qonşu şəhərdəki institutun riyaziyyat fakültəsini seçdi.

Belə demək mümkünsə, biz ayrıldıq. Mən Buxarestə getdim, o əyalətdə qaldı, bir müddət sonra isə gündüz növbəsindən gecə növbəsinə keçdi, çünki hardasa iş tapmışdı, maaşı babat idi, bütün günüsə kitab oxuya bilirdi. Amma hər tətildə görüşürdük və söhbətlərimizin mövzuları getdikcə genişlənirdi. Elə o vaxtlar, sonralar elm aləminin mənim təbirimlə adlandırmağa başladığı sindromun əlamətlərini özümdə müşahidə eləməyə başladım: Qoqu Boltanski sindromu.

Qoqu Boltanski müəyyən mənada mənim taleyimi əks etdirən güzgü idi. Mən öz həyatımı silkələdikcə, o yığmağa çalışırdı. Mən tanışlarımın və fəaliyyətimin əhatə dairəsini genişləndirməyə çalışırdım, Qoqu isə təkcə məktubları, mütaliəni və şahmatı saxlamaq şərtiylə çevrəsini darlaşdırırdı. “Sən gicsən, – mən hər yay Redeusiyə gələndə, hər axşam beşdən səkkizə qədər onu Mədəniyyət evində, şahmat taxtasının arxasında görüb deyirdim, – sən nə üçün öz istedadını bu şəhərcikdə, bu çuxurda, adamı ancaq dibə çəkən bataqlıqda məhv edirsən? Sən ruhunu qandallayırsan. Buxarestə gəl, bütün enerjini burda sərf eləməkdənsə, Buxarestə səfil olmaq daha yaxşıdır. Yeri gəlmişkən, Buxaretsəki bütün redaksiyalarda şahmat oynayırlar, “Amfiteatr” redaksiyası ən yaxşısıdır, səni ora apararam, sən çox istedadlısan, dərin mütaliən var, “Bazar ertəsi dərnəyi”ndəki bütün tanışlarımdan daha çox oxumusan. Gəl gücünü paytaxt arenasında göstər, böyük arenada, orda mübarizənin mənası var… Özünə gəl, Qoqu, komandan çıx, dünyaya get, orda maraqlı adamlarla tanış olarsan, maraqlı xanımları tanıyarsan, teatrlara, konsertlərə gedərsən, adamlara baxarsan, özünü göstərərsən…”

Qoqu sakitcə və maraqla qulaq asırdı, sözümü kəsmirdi, amma həm də dediklərimə inanmırdı. “Bəsdir özünü naza qoydun, tənbəllik elədin. – Mən inadkarlıq göstərirdim. – Stolunun üstündə romanlarının saysız səhifələri, şeir yazdığın neçə dənə bloknot var, onları çap etdirməyə çalış, nəşriyyatlara göndər, ədəbi təndiqçilərə ver…”

Dediklərimin zərrəcə təsiri olmadığını onun üz quruluşundan hiss edirdim. Kim-kim, amma Qoqu tənbəl deyildi. Bəlkə də o məndən daha çox işləyirdi. Qoqu həmişə səhər tezdən dururdu, yayda günəş çıxanda, saat beşdə, qışdasa bir az gec, saat yeddidə. Hər gün ən azı üç-dörd saat mütaliəyə, iki-üç saat məktublara, bir saat da idmana (ya velosiped sürürdü, ya da şəhərin qırağındakı at zavodunun yanınacan qaçırdı) ayırırdı. Demək olar ki, hər gün hardasa bir saat ya kitab dükanında kitabları vərəqləyirdi, ya da kitabxanada qəzet-jurnala baxırdı. Kinoya marağı zamanla azalmışdı, amma hər halda azı həftədə bir dəfə, xaricdən kaset gətirə bilən yoldaşlarının videolarında yaxşı kinoya baxırdı… Etiraf etməliyəm ki, hər dəfə tətilə gələndə onun məndən daha çox oxuduğunu, təzə nəşrlərdən daha çox məlumatlı olduğunu, ümumiyyətlə, dünyada baş verənlər haqqında daha çox bildiyini görürdüm, çünki o hər gecə Rumıniyada efirə verilən xarici radiostansiyalara, məsələn, ya “Azad Avropa”ya, ya da “Amerikanın səsi”nə qulaq asırdı.

Əlbəttə, ədəbi aləmdə nələr baş verdiyini onun üçün danışırdım, müxtəlif yazıçılarla, Buxarestin məşhur simaları ilə, teatr aləminin görkəmli nümayəndələri ilə görüşlərimi təsvir edirdim. Qoqu diqqətlə və həzzlə mənə qulaq asırdı, belə söhbətlərdən xoşlandığını hiss edirdim… Amma hər halda ürəyinin dərinliyində əmin idi ki, mən lətifəvari həyat keçirdirəm, əşyaların mənasından xəbərim yoxdur. Ən əsası isə, Qoqu heç vaxt mənə məsləhət vermirdi, məsləhət birtərəfli idi, mən onu yola gətirməyə çalışırdım, elə bil mən həqiqətə çatmışdım, o isə həqiqətdən qaçırdı. Bu vəziyyət illərlə davam etdi… Və Qoqu Boltanskinin mənim əksimi göstərən güzgü olduğuna getdikcə daha çox əmin olurdum. 1987-ci ildə Parisə gələndən sonra bir neçə il görüşmədik. 1992-ci ildə Redeusiyə gedəndə onu yenə həminki yerində, Mədəniyyət evindəki şahmat taxtasının arxasında, müxtəlif yaşlı oyunçuların əhatəsində gördüm. Qoqunun partiyanı qurtarmağını gözlədim, sonra gəzməyə çıxdıq. Qoqu həminki Qoqu idi. Evlənmişdi, uşağı da vardı, amma ailəsindən ayrı yaşayırdı, çünki ailə həyatı şəxsi işləriylə məşğul olmağına mane olurdu. Az qazanırdı, amma pula ehtiyacı yox idi, səyahət etmək istəmirdi (o vaxt artıq hamını xarici pasportu vardı). “Parisdə nə var, nə yox?” Əlbəttə ki, Qoqu bu sualı mənə verdi, amma nə qədər təcrübə qazandığımı öyrənmək üçün, səsində maraq yox idi, elə bil beş-altı il əvvəl “Buxarestdə nə var, nə yox?” soruşurdu. Paris həyatını, Avropa səhayətlərimi danışanda bir az narahat oldum. Qoqu keçən vaxt ərzində alman dilini öyrənmişdi və Haydeqqeri orijinaldan oxumağa başlamışdı. Axır illər mütaliəsinin böyük hissəsini fəlsəfə əsərlər tuturdu: fransızca Sartrı və Çoranı, Raymond Aronu və Fukonu oxuyurdu. Mütaliə mövzusunda Qoqunun yanından keçə bilməzdim. Belə çıxırdı ki, Qərbdə keçirtdiyim illər ərzində qaçaqaçda olmuşam, oxumaqdan çox yazmışam.

Qoquyla görüşlərimiz vaxtı hiss etdiyim narahatlıq, sonralar “panika sindromu” adlandırdığım xəstəliyin ilkin simptomları idi. Amma iki-üç ildən bir doğma şəhəri ziyarət edən vaxt Qoquyla görüşəndə hiss etdiyim narahatlığı, əzginliyi, hətta yüngül günah hissinin hardan qaynaqlandığını uzun müddət başa düşə bilmədim. Çox güman bircə səbəb vardı: hər dəfə Qoquyla görüşəndə elə bilirdim ki, əslində mən heç vaxt Redeusidən qırağa çıxmamışam. Daha dəqiqi, yaşadığım hər şey: Qərbə getməyim, ədəbi uğurumun yüngül məstliyi, özümü təsdiq etmək üçün etdiyim mübarizənin stresi – hamısı yuxu idi… Parisdə olanda Qoqu haqqında az fikirləşirdim, işim çox idi, qayğım çox idi. Amma Redeusiyə qayıdan kimi qarnıma sancı düşürdü: Qoqun məni ya kitab dükanında, ya da Mədəniyyət evindəki şahmat taxtasının arxasında gözləyirdi, elə bil mənə xatırlatmaq istəyirdi ki, hərəkət mövcud deyil, əgər biz həmişə başladığımız yerə qayıdırıqsa, deməli qaçış illuziyadır. Ya 2003, ya da 2004-cü ildə, Redeusidə valideynlərimin yanına gələndə, təsadüfən küçədə Qoquyla rastlaşdım. O velosipedlə gəzintiyə çıxırdı, məni görən kimi salamlaşmaq üçün dayandı. Öz-özümə fikirləşdim ki, hə, axırda bunu da gördüm, indi Qoqu hərəkətdədir və mənimlə danışmaq üçün dayanıb. Doğrudan da Qoqu üç-dörd dəqiqəlik qısa söhbət üçün dayandı, sonra gəzintiyə başladı… Mənsə özümü kiçik, çox kiçik hiss elədim… İstədim onun dalınca qışqırım: Qoqu, məni – bu ilin ilk yeddi ayının çoxusunu təyyarələrdə, aeroportlarda keçirdən, əlində şampan şərabı bakalıyla səfirliklərdə sülənən, minnəfərlik auditoriyanın qabağında məruzə edən adamı bağışla ki, səni gündəlik gəzintindən üç-dörd dəqiqə ayırdım… Qoqunun arxa səbətində Uelbekin kitabı olan velosipediylə gözdən itdiyini görəndə yenə şübhəyə düşdüm, hətta qorxdum. Ancaq indi tam mənasıyla başa düşdüm ki, getməklə qalmağın qətiyyən fərqi yoxdur…

 

 

 

Gəmi

 

gəmi sakitcə batdı biz dedik

nə olsun ki gəmi batır və

bir də onu dedik ki hər gəmi batır

əvvəl-axır

bir-birimizin əlini sıxıb ayrıldıq

 

amma gəmi asta-asta batırdı

aradan on gün keçmişdi bizsə

elə həminki kimi bir-birimizin əlini sıxırdıq

gözlərimiz utana-utana qarşılaşırdı

və deyirdik həə bu elə gəmidir ki

birdən batmır amma batır görürsən ki

batır

 

amma gəmi elə asta batırdı ki

bir il keçmişdi bizsə elə utanırdıq

utanırdıq ki bir-birimizin əlini sıxırıq

və hər gün səhər çıxıb suya baxırdıq

həə belə az qalıb artıq az qalıb

o asta-asta batsa da düzdür az qalıb

 

amma gəmi elə asta batırdı ki

bütün ömür keçib getdi bizsə

elə hey səhərlər çıxıb havaya baxırdıq

suya baxırdıq

dişlərimizi qıcadırdıq

bu gəmi deyil ki…

bu gəmi deyil ki…

 

Həmid Piriyev

(Visited 66 times, 1 visits today)