Sim-sim.az

Mircəfər Seyid – Tanımadığım gözəl qız

Uzun qıvrım saçları səliqəsiz daranmışdı. İri cazibədar, yağa düşmüş zeytun kimi parlaq qara gözləri saçlarının səliqəsizliyini sanki ört-basdır edirdi. Onun gözlərinə baxanda saçlarının səliqəsizliyi heç adamın ağlına da gəlmirdi. Açıq və geniş alnı, azacıq qızartılı yanaqları, təbəssümlü dodaqları, incə uzunsov çənəsi ilk baxışdan adamda xoş təəssürat yaradırdı. Zərif və nazik qollarının damarları bəyaz dərisi altından solğun göy xətlər kimi bir-birləri ilə kəsişirdi. Əynindəki yarımqol, uzun ətəkli, bənövşə rəngli donu ona xüsusi gözəllik verirdi.

Bu gözəlliyi seyr etməkdən doymayaraq kənardan ona gözümü qırpmadan baxırdım. O, isə bütün bunlardan xəbərsiz halda baxışlarını qatarın pəncərəsindən məchul bir nöqtəyə zilləyib nə barədəsə fikirləşir, hərdən gülümsəyir, hərdən ciddiləşirdi. Qatarın ahəngdar taqqıltılı səsi sanki mənə də, elə  düşüncələr dənizində etinasız halda üzən hələ tanımadığım bu gözəl qıza da layla çalırdı. Növbəti stansiyaya hələ bir saatlıq yol var idi. Dörd nəfərlik kupeyə əlavə sərnişin gəlmədiyi üçün sevinir, Bakıya kimi ikilikdə getməyimi arzulayırdım. Söhbətə nədən başlayacağımı bilmirdim. Bir az əvvəl kupeyə daxil olanda salamımı mənə tərəf çönüb başını tərpətməklə almış, gülümsəmiş, sonra yenə baxışlarını pəncərəyə zilləmişdi. Tələbə olduğuna tam əmin idim. “Görəsən hansı ali məktəbdə oxuyur, neçənci kursdadır?..” – deyə düşündüm. Sifətinə baxan kimi hiss etdim ki, orta məktəbi təzə bitirib. Ancaq birinci kurs tələbəsinin Bakıya tək getməsinə şübhə ilə yanaşdım. “ Axtardığımı tapmışam,”, – deyə fikirləşdim. Doğrudan da, dörd illik tələbəlik həyatımda hələ belə qıza rast gəlməmişdim.  “Danışdırıb səsini  eşitsəydim, xasiyyətinə də bələd olsaydım…” fikri ilə bir də ona baxdım. Heç özüm də bilmirdim hardan başlayım, harda qurtarım. Öz-özümə həyacanlanır, fikrimi bir yerə cəmləyə bilmirdim. Zahiri gözəlliyi tam zövqümə görə idi. Ancaq ilk anda gülümsəyib sonra  etinasız olması, bir dəfə də olsa mən tərəfə baxmaması qəlbimi üzürdü. Danışıb nəsə demək əvəzinə mən də bir  az qatarın pəncərəsinə tərəf çəkildim. İstədim onun kimi mən də gözümü pəncərədən çölə zilləyib xəyala dalım. Baxdım ki, əgər belə etsəm onunla burun-buruna dayanmalı olacam. Tez fikrimdən çəkinib başımı aşağı saldım . Elə bu vaxt onun gözucu mənə baxdığını hiss etdim. Başımı qaldırıb ona tərəf baxanda bayaqdan məftun olduğum badamı qara  gözlərin mənə tuşlandığını gördüm. Baxışlarında bir mərhəmlik, doğmalıqla yanaşı gizli bir kədər, təəccüb və narazılıq da vardı. Sanki mənim onunla üzbəüz oturmağıma etiraz edirdi. Başa düşdüm ki, mənim bu hərəkətim heç də ürəyincə olmayıb. Yenə onun baxışları qatarın pəncərəsindən məhcul bir nöqtəyə zilləndi. Yenə çöhrəsinə təbəssüm qondu. Sonra bu təbəssümü ciddilik əvəz etdi. Yenə qatarın ahəngdar taqqıltısı layla çalmağa başladı… Dəqiqələr ötdükcə cazibəsinə  düşdüyüm gözəlliyin  sehrindən ayrıla bilmirdim.”Bu qızı mən harda görmüşəm. Niyə onun saçları. gözləri, çöhrəsi, gözə görünməyən daxili kədəri mənə bu qədər tanış gəlir?..” –  Öz-özümə düşündüm. Daxilimdə elə bil ocaq qalanmışdı.  Bu ocağın istisi hərarətimi artırır, alnımda tər tumurcuqlanır, ürəyim həyacandan sürətlə döyünürdü.  “Yox, tələsmək olmaz. Nə vaxt şərait yaransa, onda da danışdıraram. Yoxsa başqa cür başa düşər. Elə bilər ki, vaxt keçirmək istəyirəm.”- deyə qəti qərara gəldim. Oturacağın arxa divarına söykənib özümü mən də onun kimi etinasız göstərməyə çalışdım. Qollarımı sinəmdə çarpazlayıb göz qapaqlarımı azacıq endirdim. Bu hərəkətim o demək idi ki, qarşımdakı məni qətiyyən maraqlandırmır. Ancaq bütün hərəkətləri nəzarətim altında idi. “Mən bu qızı harda görmüşəm? Harda?.. Harda?..”  Nə qədər fikirləşdimsə  yadıma sala bilmədim.

Qatar bələdçisi olan şişman qadının kupeyə daxil olması məni də, qarşımdakı gözəl qızı da düşüncələrdən ayırdı.

-Zəhmət olmasa biletlərinizi göstərin, – deyə şişman qatar bələdçisi kupeyə daxil olan kimi dilləndi. Mən cəld  biletimi çıxartdım. Tanımadığım gözəl qız isə təbəssümlü baxışlarını qatar bələdçisinə tərəf çevirib elə təbəssümlə də dilləndi:

-Bağışlayın, atamla qardaşım qonşu kupedədirlər. Biletlərimiz onlardadır. İndi gələrlər…

O, danışdı. Zərif və kövrək səsi ruhumu oxşadı. Bu səsdə də bir yaxınlıq, doğmalıq duydum. Ancaq atasının və qardaşının onunla bərabər qatarda olması fikirlərimi alt-üst etdi.  “Yox, nəyin bahasına olursa olsun bu qızın kimliyini öyrənəcəm.”,  – deyə qəti qərarımı verdim…

Qatarın taqqıltısı yenə layla çalırdı. Qarşımdakı tanımadığım gözəl qız gözlərini yenə qatarın rəncərəsindən məchul bir nöqtəyə zilləmişdi. Sakitlik idi. Qonşu kupedən güclə eşidiləcək səslər gəlirdi. Kimsə kiminləsə xudafisləşirdi…

 

***

-Keç içəri, yaxşı canımızı qurtardıq. Ürəyindən keçirdi ki, Bakıya kimi hamının qeybətini eləyə, biz də qulaq asaq. Zalım oğlunun ağzından bir kəlmə xeyirxah söz çıxmadı…

Kupeyə əvvəlcə yeniyetmə oğlan, onun arxasınca əlli, əllibeş yaşlarında, opta boylu, əyninə qatı təzə açılmış ağ köynək, qara kostyum geyinmiş bir kişi daxil oldu. Onlardan birinin qızın qardaşı, digərinin atası olduğunu elə həmin an müəyyən etdim. Özümdən asılı olmayaraq ayağa qalxdım. Tanımadığım qız da yerindən tərpəndi. Kişi məni görcək sözünə ara verdi. Sifətini ciddiləşdirib  dilucu mənimlə salamlaşdı. Sonra şübhəli bir nəzərlə qızına baxdı. Yeniyetmə oğlan da  qəddini düzəldib gözlərini qıydı. Sanki özünü döyüşə hazırladı. Tanımadığım qız isə yəqinki kupedəki  vəziyyətə görə gülümsəyirdi. Elə yaranmış sükutu da  özü pozdu:

-Niyə gec gəldiniz, bələdçi biletləri istəyirdi…

-Hə… Bələdçi… Bilet…

Kişi danışsa da bütün fikri məndə idi. Elə bil mənim baxışlarımdan, hərəkətlərimdən qəlbimdən keçənləri duymuşdu.

-Sənin də biletin bu kupeyədir?..

Başımı endirib qaldırmaqla “hə” kəlməsini ifadə etdim. Kişiyə elə gəldi ki, o burda olmayanda biz tanış olmuş və doyunca söhbətləşmişik.

-Hə… Nə olar, lap yaxşı…

Bir anlıq kupeyə sükut çökdü. Bu darıxdırıcı sükutu  qız özü pozdu. Üzünü qardaşına tərəf tutaraq dedi:

– Sən apar biletləri bələdçiyə göstər. Bir də gəlib bizi narahat eləməsin.

Nəhayət ki, onun səsini bir də eşitdim. Ahəngdar və yatımlı idi. Elə bil zümzümə etdi, şirin bir nəğmə oxudu.

Yeniyetmə oğlan heç bir söz demədən kupedən çıxdı. Hələ də baş verənləri fikrində araşdıran qızın atası başını aşağı salıb susurdu. O, bir qədər də fikrə gedib sonra baxışlarını mənə zillədi. Diqqətlə üzümə baxıb qəfildən dilləndi:

-Kimlərdənsən?..

Fikirləşmədən cavab verdim:

-Tanımazsan, bu yaxınlarda oluruq…

Kişi bir qədər fikrə gedib yenə qəfildən dilləndi:

-Dayan, dayan… ə, sən?..

Kişi məndən cavab gözləmədən qollarını geniş açıb üstümə şığıdı. Boynumu qucaqlayıb üzümdən öpdü. Sonra çiynimdən tutub özündən araladı. Ciddi baxışlarla məni süzüb qəfildən şaqqanaq çəkdi. Elə gülə-gülə də məni ərkyana tənbeh etməyə başladı:

-Ay sənin saqqalın ağarsın, Mən də deyirəm  qızımla söhbət edən  kimdi?..

Yeniyetmə oğlanın kupeyə daxil olması  məni də xilas etdi, tanımadığım gözəl qızı da, həyəcandan, sevincdən qəribə vəziyyətə düşmüş kişinin özünü də.

Tanımadığım qız  baxışlarını mənə zilləyib gözlərini geniş açdı. Hiss etdim ki, o da mənim  barəmdə fikirləşir.

Öz-özümə düşündüm. Bir də diqqətlə qıza, onun atasına,qardaşına baxdım. Xəyalım mənim üçün uzaq olan keçmişə, Qarabağ müharibəsindən əvvələ qanadlandı. Onda hələ dağları yerindən oynadan mərmi, güllə səsləri yaddaşıma həkk olunmamışdı. Odlu-alovlu xatirə dəhlizindən sonra gözlərim önündə  ailəlikcə istirahət etdiyimiz  kiçik bir dağ kəndi, yaylaqlar  canlandı.  Qatı dumanlıqda özümdən üç yaş balaca bir qızla azmağım yadıma düşdü. Onda mən dördüncü sinifi bitirmişdim. O, isə ikinci sinifə gedəsiydi. Suyu şirin,  qıvrım saçlı  bir qız idi. Kəndə dincəlməyə gəlmişdik. Atamla atası dostlaşmışdı. Anası anamla rəfiqə olmuşdu. Şəkilli nağillar kitabına görə az qala bütün günü bizdə olardı. Hecalaya-hecalaya nağıllar kitabını oxumaqdan,  şəkillərə baxmaqdan doymurdu. Özü oxumaqdan yorulanda anamdan əl çəkmirdi ki, ona nağıl oxusun. O, da əlində iş olduğundan göndərirdi mənim yanıma. Mən də bir az ona nağıl oxuyub qaçardım tay-tuşlarımla oynamağa. O, da ağlamaqdan öz anasını da, mənim anamı da bezdirərdi. Elə anaların əli ilə hər gün mənə kitab oxutdurardı. Kitabdan ayrılan kimi başlayardı ağlamağa. Onun da anası, mənim də anam gülüb özlərindən gedərdilər ki, bu qız bu gədəsiz dayana bilmir.

Kitab oxumamaq üçün gəzməyə də aparardım onu. Bir az gəzərdi, sonra yenə ayaqlarını yerə döyüb inadla nağıl danışmağımı istəyərdi.

Bir gün belə gəzinti vaxtı qatı duman ətrafı bürüdü. Göz gözü görmədi. Azdıq. Mən də qopxdum o da.  Əvvəlcə o başladı ağlamağa, sonra da mən. Bir birimizə sığınıb ağladıq. Anamızı səslədik. Əllərimdən elə möhkəm tutmuşdu ki, qorxudan bütün vücudu titrəyirdi. Elə ağlaya-ağlaya məni məcbur elədi ki, ona nağıl danışım. Bir az cürətlənib onu ovutmaq üçün nağıl danışmağa başladım. “Biri var idi, biri yox idi…” Dilim söz tutmadı. Mən də qorxudan titrəməyə başladım. Sonra bir qədər özümə gəldim.  Artıq hiss edirdim ki, ağlamaq vəziyyətdən çıxış yolu deyil.  Artıq mən ağlamır, balaça qızcığazı sakitləşdirməyə çalışırdım. Çox keçmədi ki,  qarışıq səslər gəlməyə başladı. Hamı bizi çağırırdı. Bu qarışıq səslərin içində anamın səsini də tanıdım. Daha qorxmurdum. Bilirdim ki, bizi axtaranlar lap yaxınlıqdadırlar. Beləcə bizi bir-birimizə sığınmış halda tapdılar. Mənim anam da, onun anası da sevincdən ağlayırdı. Az qala bütün kənd bizim ətrafımızda idi. Hamı mənim qoçaqlığımdan danışırdı.

Artıq tanıdığım gözəl qız gözlərini geniş açıb heyrət və təəccüblə mənə baxırdı. Heç elə bil bir neçə dəqiqə bundan əvvəl məni vecinə almayan ədalı qız deyildi.

-İndi tanıdın məni?.. –Qızın atası ucadan gülərək dilləndi.  Sonra bir anın içindəcə gülüşünü elə bil şaxta vurdu. Qəhərləndi. Elə qəhərli-qəhərli də dilləndi: -Gör bu  müharibə necə ayırdi camaatı bir-birindən…

Mən də əvvəlcə sevindim. Sonra bir  anın içində uşaqlıq dünyamın odlu, alovlu günləri gözlərim qarşısında canlandı. Ermənilər tərəfindən dağıdılmış dağ kəndlərini, güllə-boran altında ordan köçürülən insanları, şəhidləri, döyüşçüləri, çadır çəhərciklərini xatırladım.  Dərk etdim ki, hara getsəm, harda qalsam,  Qarabağın  yadımda qalan mənzərəsi yaddaşımdan silinməyəcək. Nə qədər xoş həyat keçirsəm də Qarabağ həsrəti  yaxamdan tutub gücü çatan qədər  silkələyəcək, bu həsrəti bütün vücudumda, varlığımda, ruhumda hiss edəcəyəm. Bu dərdi kənarlaşdırıb yaşamağın mümkün olmadığını çoxdan dərk etsəm də belə bir yerdə məni yaxalayacağını gözləmirdim.

Vəziyyətə uyğun olaraq yenidən özümü ələ alıb –Tanıdım, hamınızı tanıdım,- deyə  unutqanlığa yol verdiyim üçün günahkarcasına başımı aşağı saldım.

-Atangil necədi, çoxdandı görmürəm.

-Yaxşıdırlar çox cağ olun. – Söhbət rahat məcraya düşdükcə mən həyəcanlanırdım.

-Eşitmişəm injinerlikdə oxuyursan. Maşallah, böyüyüb yekə oğlan olmusan… Bu da bu il müəllimliyə  qəbul olub. – Əli ilə qızı göstərdi.

-Çox yaxşı, təbrik edirəm.. –Çevrilib qıza tərəf baxdım. Dodaqlarında da, baxışlarında da, çöhrəsində də heyrət, təəccüb və  xoşbəxgtlikdən doğan bir

təbəssüm oynayırdı.  Yenidən gözlərim önündə  qıvrım saçlı bir qızcığazın xəyalı canlandı…

(Visited 49 times, 1 visits today)