Sim-sim.az

Mişel Uelbek – Çaşqınlıq içində

Varlığına, var olmasına inanmadığıideyalara qarşı döyüşürəm…

                                                              Antuan Veşter

 

 

Müasir arxitektura yerdəyişmələrəi sürətləndirən vektora bənzəyir. Ancaq bu son dərəcə aydın fakt əsl həqiqətdə iki əks mövqeni əks etdirir. Müasir rəssamın və ya heykəltəraşın əsərlərinin sərgiləndiyi yerdən təsadüfən keçən ortabab avropalı hökmən bu əsərlərin qarşısına gəlib çıxmalıdır – ən azı pıqqıldayıb gülmək üçün. Gördüyü şeylə münasibətdə tutduğu mövqe ironiyalı gülüşlə açıqca rişxənd arasında qalacaq, ancaq istənilən halda o, gördüyü şeyə gülməyə, onu dolamağa meyllənəcək; bu əsərlərin içindən boylanan cəfəngiyat onun üçün bunların xətərsizliyinə bir növ zəmanət olacaqdır; əlbəttə, bu, hardasa onun vaxtının itməsinə səbəb olsa da, əslində bir elə narahatçılıq törətməyəcəkdir.

 

Ancaq müasir arxitektura əsərlərinin əhatəsində olan insan gülməyi getdikcə yadırğaya bilər. Müvafiq şəraitdə (gecədən xeyli keçmiş və ya polis düdüyünün səsi eşidiləndə) insanların üzündə aydın həyəcan ifadəsini oxumaq olar ki, bu da orqanizmin müvafiq gücünün dışarı çıxmasının nəticəsidir. İstənilən halda yerli şəraitə istiqamətlənən funksional kompleks: görmə orqanları, dayaq-hərəkət aparatı yüksək hazırlıq rejiminə keçir. Yad ölkənin yol hərəkəti qaydaları içində asan turist avtobusu Seqovin məhəlləsində və ya Barselonanın işgüzar mərkəzində sərnişinləri götürəndə də eyni hadisə baş verir. Gözləri yağır edən polad, şüşə və svetofor dünyasına düşən turistlər dərhal addımlarını yeyinlədir, onların baxışları itiləşir, müşahidə qabiliyyəti artır və bu da konkret şəraitə alışmaq effektini yaradır. Onlar şəkil və yazılara doğru yönələrək tezliklə şəhərin tarixi mərkəzinə yetişirlər. Elə buradaca addımları yavaşıyır, baxışları inamsızlaşır və demək olar ki, çaşıb qalırlar. Üzlərində təəccüb və dağınıqlıq əlamətləri yaranır. Bu insanlar çətin anladıqları vizual əşyalarla üzləşirlər. Ancaq tezliklə onlar divarların səthində aydınlaşdırıcı yazıları da görürlər; yerli turist xidmətinin cəhdləri sayəsində tarixi-mədəni istiqamətlər müəyyənləşir: indi bizim turistlər videokamera tapıb bu mədəni məkanda öz hərəkətlərini yaddaşa köçürə bilərlər.

Müasir arxitektura necə deyərlər, sırtıq deyildir – o, öz varlığını incə işarələrlə çatdırmağa və ifadə etməyə can atır; adətən, reklam xarakterli bu ciddi məlumat texniki vasitələrin köməyi ilə üzə çıxır və yaranır. Müasir arxitektura funksionaldır; bu sahədə bütün estetik problemlər lap çoxdan belə bir formulla ortadan çıxarılmışdır: «Funksional olan şey təyinatı etibarı ilə gözəldir». Belə bir təsdiq hər şeydən əvvəl öz tendensiyalılığı ilə gözə girir, ikincisi, elə təbiətdə müşahidələr aparmaqla tam şəkildə təkzib edilir: axı təbiət öyrədir ki, gözəllik elə ağlın revanşıdır. Biz təbiətin yaratdıqlarına baxıb seviniriksə, bu ona görə baş verir ki, həmin hadisələrin məğzində heç bir əqli təyinat dayanmır və bunlar heç bir ağıl meyarına uyğun gəlmir. Bunlar ətrafımızı bürüyərək çoxalır, artır, görünür, onların təbiətində daxili güc hesabına ətrafı sarma ehtirası mövcuddur ki, bunu da sadəcə yaşamaq arzusu, özünü ifadə etmək cəhdi kimi izah etmək olar; belə bir güc mahiyyəti etibarı ilə bizim gücümüz xaricindədir (heç olmasa, heyvanat aləminin bitməz-tükənməz ixtiraçılıq qabiliyyətini yada salaq), ancaq özü haqqında çox aydın təsəvvür yarada bilir. Doğrudur, təbiətin bir çox cansız elementləri (kristallar, buludlar, hidroqrafik şəbəkələr) termodinamik optimallığın müvafiq prinsipinə tabedirlər; ancaq bu hadisə dünyada ən mürəkkəb mexanizmə malik hadisələrdən sayılır. Onların tərkibində heç nə rasional şəkildə qurulmuş maşının işini xatırlatmır, burada xaotik hərəkət xarakteri mövcuddur. Konstruksiyaların yaradılmasında kamilliyə yetişən, yüksək funksionallıq əldə edən müasir arxitektura getdikcə şəffaflıq qazanmışdır. Məqsədi insanların və malların sürətli yerdəyişməsini təmin etmək olan arxitektura məkanı təmizləməyə, onu yalnız bir həndəsi parametr üzərində qurmağa cəhd göstərir. Həmin məkana arasıkəsilmədən mətnlər, vizual və piktoqrafik məlumatlar doluşsa da, onun əsas məqsədi bu məlumatları qavramaq üçün maksimal uyar formaya salmaqdır (məlumatı tam şəkildə əldə etmək yalnız mütləq şəffaf məkanda mümkündür). Az sayda məlumat cərgəsinə gəldikdə, dəyişməz konsensus qanununa görə onların rolu çox ciddi və obyektiv məlumatın yığılıb saxlanılmasından ibarətdir. Belə ki, yolların kənarında qurulmuş çoxsaylı lövhələrin məzmunu uzun və arasıkəsilməz gərgin işin nəticəsidir ki, var. Çox geniş sosioloji tədqiqatlar aparılmışdır: hansısa yazının istehlakçının hisslərini azca da olsa zədələməsinə yol vermək olmazdı; yol hərəkəti təhlükəsizliyi ilə bağlı olaraq çoxsaylı psixoloqlar və mütəxəssislər işə cəlb edildi, bütün bunların məqsədi «Ruan» və ya «Göllər» tipli mətnlərin yaradılmasıdır.

Monparnas vağzalı bizə şəffaf, içində heç nə gizlətməyən arxitektura nümunəsini təqdim edir, onun timsalında üzərində qatarların gediş-gəliş qrafiki yazılmış işıq verən lövhələrlə elektron bilet avtomatları arasında lazım olan məsafəyə riayət edilmişdir, bunların arasında qoyulmuş göstəricilər müvafiq platformaları nişan verir – başqa sözlə desək, vağzal orta və bir az yüksək intellekt bazalı qərbliyə müvafiq məkanda istədiyi hərəkətləri icra etmək imkanını verir, bu zaman o, çox cüzi enerji və vaxt sərfi nəticəsində istədiyinə nail olur. Geniş mənada götürdükdə bütün müasir arxitektura nəhəng alətdən başqa bir şey deyildir, bu alət insanlara arzuladıqları hərəkətləri sürətlə və nizamla yerinə yetirmək imkanı verir; bu mənada Pontemblo və Melyona rayonundakı yol qovşağını həmin ideyanın ideal əksi saymaq olar. «Defans» adı ilə tanınan arxitektura ansamblının təyinatına nüfuz etməyə cəhd göstərməli olsaq, biz onu hər bir insanın məhsuldarlığının, bəli, fərdi məhsuldarlığının yüksəldilməsinə xidmət edən vasitə kimi müəyyənləşdirə bilərik.

Əşyalara belə bir paranoydal baxışdan imtina etmək mümkün olmasa da, bu baxış arxitekturanın nəyə görə eyni yeknəsəkliklə cəmiyyətin ən müxtəlif tələblərinə cavab verməsini izah etmək mümkün deyildir (supermarketlər, gecə klubları, ofis binaları, mədəni və istirahət mərkəzləri). Bununla belə, biz çağımızda sadəcə bazar iqtisadiyyatının deyil, bazar cəmiyyətinin də mövcudluğu faktından çıxış etməli olsaq, anlayarıq ki, bütün insanlararası münasibətlərin, o cümlədən insanla dünyanın mövcud münasibətlərinin məcmusunu şərtləndirən belə bir sivilizasiya sadəcə adi rəqəm güzgüsündən boylanır və burada cəlbedici görünüş, yenilik, qiymətlərin və keyfiyyətin uyğunluğu kimi kateqoriyalar nəzərə alınır. Həm alqı-satqı, həm də erotik, məhəbbət və professional münasibətləri özünə tabe edən bu məntiqə uyğun olaraq sürətlə dəyişən və təzələnə bilən əlaqələrin (istehlakçılarla mallar, işçilərlə firmalar və məşuqələr arasında) yaradılmasına can atmaq lazımdır, başqa sözlə desək, istehlak prosesini gücləndirmək və elastikləşdirmək lazımdır və burada aşkarlıq və azad seçim meyarı hökm sürməlidir.

 

Ticarət stellajlarının tikilməsi

 

Budur, müasir arxitektura açıq-aydın olmasa da, aşağıdakı şəkildə müəyyənləşdirə biləcəyimiz məqsədi qarşısına qoyur: total supermarket üçün ticarət stellajlarının tikilməsi. Bəs o, buna necə nail olacaq? Hər şeydən əvvəl estetikada o, öz idealından bircə addım da olsun geriləmək fikrində deyildir – etajerlər, ikincisi, kələ-kötürlüyü olmyan və hamar səthə malik materiallardan (metal, şüşə və plastik) istifadə etməyə üstünlük verir. Şəffaf və əksetmə qabiliyyətinə malik olan səthlərdən istifadə edilməsi malların sərgilənəcəyi stendlərin miqdarını istənilən qədər artırmağa imkan verir. Ümumilikdə götürdükdə, burada söhbət forması etibarilə müxtəlif, ancaq heç bir sifətə malik olmayan və çox sanlıqla dəyişilə bilən konstruksiyalardan gedir (belə bir tendensiyanı interyerlərin yaradılmasında da müşahidə etmək olar: əsrimizin son illərində mənzillərin təchizatı hər şeydən əvvəl onun içindəki divarların sındırılaraq onların asan hərəkət edən arakəsmələrlə əvəz edilməsi mənasını daşıyır – bunları heç kəs yerindən tərpətməyəcək, çünki buna lüzum yoxdur, vacib olan odur ki, yerdəyişmə imkanı yaradılmışdır, demək yeni azadlıq məkanı və səviyyəsi əldə edilmişdir, – bununla da əbədi və tərpənməz elementlərdən can qurtarmışıq: divarlar ağ olmalıdır, mebelsə şəffaf). Burada hər hansı diqqət yayındıran cəhətlərdən məhrum olan sahələr yaradılır ki, burada heç bir çətinlik görmədən məlumat-reklam xarakterli, kommersiya fəaliyyətinə gətirib çıxaran lövhələr qoymaq olar. Baxın görün Defans göydələnlərində işçilər və mütəxəssislər nə oyun çıxarırlar? Konkret söyləməli olsaq, heç nə; əsl həqiqətdə onlar üçün maddi dəyər daşıyan istehsal prosesinin özü ailə sirridir. Bütün əşya və hadisələrdə onlar üçün maraqlı olan rəqəmlərdir. Bu rəqəmlər statistika və hesablaşmalar üçün xam material sayılır; məhz onların əsasında modellər yaradılır, layihələr çəkilir; nəhayət, hansısa qərar qəbul edilir, cəmiyyətin məlumat məkanında yeni şəbəkələr meydana çıxır. Bu dərəcədə canlı və oynaq dünya rəqəmlər toplusuna, real həyat isə sxem və qrafiklərə çevrilir. Müasir binalar isə bu məlumat şəbəkələrini tamamlayan arasıkəsilməz axına uyğun gəlir: onlar çoxtərəflidir, sifətsizdir, çox asanlıqla hissələrə ayrılır və bu hissələrdən sonralar tamı qurmaq mümkündür. Onlar hansısa müstəqil mənaya malik ola bilməzlər, heç bir atmosfer yarada bilməzlər; onlar nə gözəlliyə, nə də poetikliyə, yaxud hansısa fərdi ayrıntıya malik ola bilməzlər. Yalnız səciyyəvi və dəyişməz xüsusiyyətlərin fonunda onlar sonsuz yerdəyişmə effektini yarada bilərlər. Müasir məmur da öz növbəsində dəyişir, uyğunlaşır, getdikcə axın şəklində meydana çıxan yeniliklərə öyrəşir və mahiyyət etibarilə şəxssizləşmə prosesinə məruz qalır. İxtisas artırmaqla bağlı ən yeni və modda olan kursların keçirilməsindən məqsəd sonsuz sayda dəyişkən, hansısa intellektual, yaxud emosional sabitlikdən məhrum olan şəxslərin yaradılmasıdır. İnam, hər hansı konkret dairəyə aidliyi büruzə verən məhdudiyyətlərdən xilas olduqdan sonra müasir insan ticarət əməliyyatlarının ümumdünya sistemində öz yerini tutmağa hazırdır, burada ona bəli, olsa-olsa mübadilə dəyəri veriləcəkdir.

 

Hesablaşmaların sadələşdirilməsi

 

Marsel Prustun romanları buna şahiddir ki, sosiumun bütün fəaliyyətinin Amerika Birləşmiş Ştatlarında və Qərbi Avropada yavaş-yavaş, necə deyərlər, rəqəmlərə çevrilməsi prosesi çox böyük bir ləngliklə baş vermişdir. Ənənəvi olaraq müxtəlif ixtisas sahələrini göylərə qaldıran (kilsədə xidmət, müəllimlik), yaxud lənətləyən (reklam, fahişəlik) ilə əlaqədar kompleksləri tam şəkildə aradan qaldırmaq üçün bir neçə 10 il lazım oldu. Bu proses başa çatdıqda iki sadə hesab parametrindən – illik mənfəət və iş saatlarının sayından istifadə etməklə müxtəlif ictimai statusun dəqiq ierarxiyasını müəyyənləşdirmək müyəssər oldu. Söhbət məhəbbətdən gedirsə, seksual seçim meyarı da uzun müddət heç nə ilə təsdiqlənməyən təmiz subyektiv əsaslara söykənirdi.

Yenə də qəti standartların işlənməsi yönündə edilən ilk ciddi cəhd Birləşmiş Ştatlarda həyata keçirildi. Elementar, obyektiv şəkildə yoxlanılan məlumatlara (yaş-boy-çəki+qadınlarda sinənin həcmi; kişilərdə yaş-boy-çəki+cinsiyyət orqanının uzunluğu və qalınlığı) əsaslanan yeni qiymətləndirmə sistemi ilk dəfə olaraq parnosənayedə peyda oldu, sonra isə qadın jurnallarının səhifələrində sərgiləndi. Sadələşdirilmiş sosial ierarxiyanın uzun müddət təsadüfi qarşıdurma («İctimai ədalətin» müdafiəsi naminə hərəkat) yaradırdısa, erotik ierarxiya təbiətə yaxın olduğundan cəmiyyətdə öz təsdiqini dərhal tapdı. Rəqəm göstəricilərinin sadə yığımının köməyi ilə özünü qiymətləndirmək imkanı tapan və uzun müddət sürətli və asan düşüncə tərzinin qarşısını alan məişət problemlərindən azad olan Qərb insanları – xüsusən gənclər cəmiyyətdə böyük masştablı iqtisadi, psixoloji və sosial dəyişikliklərə yol açan texnologiya inqilabına, bu inqilabın gətirdiyi gözlənilməz nəticələrə uyğunlaşa bildilər.

 

İnformatikanın qısa tarixi

 

İkinci Dünya Müharibəsinin sonunda taktiki və strateji uçuş trayektoriyasının işlənməsi, o cümlədən atom nüvəsinin parçalanması təcrübələri ilə əlaqədar olaraq çox yüksək riyazi hesablamaların aparılması zərurəti meydana çıxdı. Budur, Con fon Neymanın nəzəri işəlri sayəsində ilk kompüterlər dünya işığına çıxdı. Həmin dövrlərdə əməyin standartlaşdırılması və rasionallaşması sənayedə möhkəmlənsə də, bu hal hələ ki, ofis və kontorların kandarına qədər gəlib çatmamışdı. Sənədlərin işlənməsi məqsədi ilə ilk kompüterlər qurulanda idarəçilik fəaliyyətində bütün azadlıqlara son qoyuldu: qulluqçu sinfi üçün bu, qəfil proletarlaşma ilə nəticələndi. Həmin illərdə Avropa yazıçıları gülünc dərəcədə gecikmiş kəşflər etdilər: onlar yeni əmək alətini – yazı makinasını ortaya qoydular. Əlyazma üzərində adəti iş prosesi ilə birlikdə detektiv roman və Amerika jurnalizminin sxeminə əsaslanan yekrəng və monoton yazı zühur etdi. Ədəbiyyatın nüfuzu nəzərəçarpacaq dərəcədə düşdü ki, bu da bir çox gənc, həm də yaradıcı insanlarda daha uyar fəaliyyət növünü seçmək həvəsi oyatdı – onlar kinoya və mahnı bəstələməyə üz tutdular (ancaq bu hər iki yol gəlib çıxmaza dirəndi). Səksəninci illərdə şəxsi kompüterin meydana gəlməsinə sırf tarixi təsadüf kimi baxmaq olardı; bu hal bu və ya digər zərurətlə əlaqədar olmadığı üçün onu mikroelektronikada əldə edilmiş uğurlarla izah etmək olar. Klerk və orta səviyyəli idarəçilərdə rəsmi olmasa da, faktiki olaraq işin əsas hissəsini nəzarətə götürməkdə onlara kömək edən avadanlıqlarla sadə davranış vərdişi meydana gəldi. Bir neçə il ərzində firma rəhbərləri ilə «son» istifadəçilər arasında elan edilməmiş müharibə davam etdi, məlumdur ki, bunun arxasında fərdi kompüterin tərəfdarları olan proqramçı qrupları dayanırdı. Nəhayət, böyük maşınların zəif səmərəsini və baha başa gəlməsini nəzərə alaraq, digər tərəfdən isə fərdi kompüterlərin kütləvi istehsalının ofisləri etibarlı və ucuz orqtexnika ilə dolduracağını anlayaraq rəhbərlər üstünlüyü fərdi kompüterlərə verməli oldular. Fərdi kompüter yazıçıya gözlənilməz azadlıq verdi: əlbəttə, bu kompüterin arxasında yazı stolunun arxasında olduğu kimi, ilhamla işləmək mümkün olmasa da mətn üzərində ciddi əməliyyat aparmaq imkanları yarandı. Bu dövrdə bir çox əlamətlərə görə nəticəyə gəlmək olardı ki, ədəbiyyat keçmiş nüfuzunu qaytarmaq şansı əldə etmişdi – ancaq bu, şəxsi xidmətlərdən çox fəaliyyətin rəqabətli növlərinin aradan çıxması sayəsində meydana gəlmişdi. Televiziya verilişlərinin rəngarəng olması nəticəsində rok musiqisi və kinomatoqraf yavaş-yavaş malik olduğu magiyanı əldən verdi. Filmlər, kliplər, xəbərlər, reklam, aktual intervyu və reportajlar arasındakı fərq yavaş-yavaş aradan qalxdı və yeni janr, universal tamaşa janrı meydana gəldi. Doxsanıncı illərdə optik-lifli rabitənin meydana çıxması, informatika sahəsində yeni sənaye standartlarının yaranması əvvəlcə firmaların daxilində, sonra isə firmalar arasında kompüter şəbəkələrini yaratmaq imkanlarını açdı. Müştərilərlə server arasında etibarlı rabitə sistemində sadə iş vahidinə çevrilən fərdi kompüter bürokratik proseduralar üzərindəki hakimiyyətini tükətdi. Bunlar yenə mobil, geniş tutumlu və geniş təsir dairəsinə malik olan verilənlərin mərkəzləşdirilmiş qaydada emalı sisteminə tabe oldu. Fərdi kompüterlərin bütünlüklə firma və ofislərdə təsbit olunmasına baxmayaraq, daha sonralar aşkar edilib öyrənilən səbəblərə görə (bunların qyməti baha idi, böyük xeyir gətirmir və uzanıb işləmək üçün rahat deyildi) onları heç kəs öz evində quraşdırmaq fikrinə düşmürdü. Ancaq doxsanıncı illərin sonunda İnternetə giriş üçün ilk passiv terminallar meydana gəldi: nə proçessora, nə də yaddaşa malik olmayan, elə buna görə də ucuz satılan terminallar amerikan əyləncə sənayesinin yaratdığı nəhəng verilənlər bazasına giriş üçün nəzərdə tutulmuşdu. Elektron ödəniş sistemi ilə təmin edilmiş, təchizatçıların rəyinə görə etibarlı, gözəl və kompakt terminallar hər bir evdə eyni zamanda mobil telefonun, miniteli və televizorun pultunu əvəz edərək çox mühüm bir elementə çevrildi. Gözlənilən nəticələrin əksinə olaraq, kitab çox böyük müqavimət göstərdi. İnternetdə ədəbi mətnlərin çapına cəhdlər göstərilsə də, maraq yalnız ensiklopediya və sorğu kitablarına yönəlmişdi. Bir neçə ildən sonra təsdiq edildi ki, pubrika yenə də üstünlüyü praktik səciyyə daşıyan, zahiri görünüşcə cəlbedici olan kitaba verir. Bununla belə, satışdan alınan hər bir kitab silsilədə təhlükəli halqaya dönür, sistemin bütövlüyünü pozurdu. Beynimizin sirrli labirintlərində ədəbiyyat yenə də reallığı üstələyirdi, bu səbəbə görə onun virtual dünya qarşısında qorxu-hürküsü yox idi. Həmin tarixdən etibarən bu günə qədər davam edən paradoksal bir proses başlandı: əyləncə və biznes mübadiləsi sahələrində aparılan qloballaşma ilə bərabər milli dil və mədəniyyətlərin rolu artmaqda davam edirdi.

Yorğunluğun əlamətləri

 

       Siyasi planda liberal-iqtisadi qloballaşma prosesinə qarşıdurma lap çoxdan başlanmışdı: 1992-ci ildə Fransada baş tutan Maastrixts müqavilələrinə qoşulma niyyəti ilə keçirilən referendumu yada salmaq lazımdır. Fransızlarda «yox» demək iradəsini oyatmaq üçün böyük bir kampaniya başlanmışdı:  1916-1917-ci illərdə Verden ətçəkənində həm milli qürur hissi, həm də respublikaçılıq patriotizmi çəkilib yoxa çıxmışdı – bu zaman dərin yorğunluq və ucu-bucağı görünməyən ziddiyyətlər səhnədə görünməyə başladı. Tarixdəki bütün radikal siyasi hərəkatlar kimi iqtisadi qlobalizm özünü qaçılmaz bir həqiqət kimi təqdim edirdi.

Tarixdəki bütün radikal siyasi hərəkatlar kimi iqtisadi qlobalizm gələcək insanlıq naminə təbii mənəvi hissiyyatın zəifləməsi və aradan qaldırılması üzərində təkid edirdi. Tarixdəki bütün radikal siyasi hərəkatlar kimi iqtisadi qlobalizm müasirlərə bütün ağrı-acılara dözməyi təklif edir, ümumi xoşbəxtlik təşrif gətirəndə isə 2-3 nəsil qabağa gedirdi. XX əsrdə bu tipli nəzəriyyələr artıq kifayət qədər ziyan vurmuşdu. Radikal siyasi hərəkatların deformasiyaya uğratdığı «proqres» anlayışı hərc-mərclik dövrləri üçün xarakterik olan oyunbaz ideyaların meydana çıxması üçün əsas yaratmışdı. Bir qayda olaraq Heraklit, yaxud Nitşeyə əsaslanan, orta və yüksək gəlir sahibi olan insanlar üçün anlaşılan və ilk baxışdan insanı şirnikləndirən ideyalar cəmiyyətin nisbətən kasıb təbəqələrində çoxtərəfli, gözlənilməz və çətin aşkarlanan millətçi və ictimai reflekslərinin azad olunması ilə əlamətdar oldu. Son zamanlar turbulentlik riyazi nəzəriyyəsinin təsiri altında insanlığın tarixini xaotik sistem şəklində təsəvvür etmək adət halını almışdı, bu kontekstdə futuroloq və filosof-publisistlər qəribə attaktor adını almış bir və ya bir neçə sirli cazibə mərkəzlərini fərqləndirirdilər. Bu analogiya heç bir metodoloji bazaya malik olmadan əhalinin savadlı və yarımsavadlı təbəqələrində populyarlıq qazandı və yeni ontologiyanın yaradılması yolunda maneəyə çevrildi.

 

Dünya supermarket və istehza obyekti kimi

 

Artur Şopenhauer tarixə inanmırdı. Buna görə də, o, etdiyi kəşfin – bir tərəfdən iradə kimi (arzu, həyata doğru cəhd kimi), digər tərəfdən isə təsəvvür kimi (öz-özünə neytral, xalis, mütləq şəkildə obyektiv və buna görə də estetik cəhətdən qavranılan) dərk edilən varlıq kimi mövcud olan dünya konsepsiyasının əsri adlayacağına inanaraq həyatla vidalaşmışdı. Bu gün təsdiqləyə bilərik ki, bu inamında o, heç də tam haqlı deyildi. Onun ortaya qoyduğu anlayışa yaşadığımız həyatın mürəkkəbliyi fonunda baxmaq olar, bu ideyalar hazırda mahiyyəti sual altında qalmış metamorfozalara uğramışdır. «İradə» sözü şüurlu, yaxud şüursuz şəkildə hansısa məqsədə doğru yönəlmiş uzun müddətli cəhdi və gərginliyi bildirir. Əlbəttə, quşlar yenə əvvəllər olduğu kimi yuva qurur, marallar yenə də öz mübarizələrinə davam edir; Şopenhauer kimi mühakimə yürütsək, deyə bilərik ki, elə həmin maraldır ki, mübarizəsini davam etdirir, eyni bir sürfədir ki, həmin o bədbəxt günün içindən doğur. İnsanlara gəlincə, hər şey fərqlidir. Supermarket məntiqi arzuların aşıb-daşmasını göstərir; supermarket insanı təbii olaraq bir iradə və bir arzunun üstündə dayanan insan ola bilməz. Elə buradan da müasir insanın arzularının kasadlaşması müşahidə edilir; insanlar zaman keçdikcənələr haqqındasa xəyallara dalıb uçmağı yadırğamamışlar, əksinə, onlar daha çox şeylər arzulayırlar, ancaq onların bu arzularında cılız bir çığırtı və qışqırıq peyda olmuşdur: onlar sözün geniş mənasında elə bil ki, insanın daxilini zəbt edən reklam sözlərinin ayaq açıb yeriməsinə bənzəyir. Həmin arzuların sırasında «iradə» anlayışına uyğun gələn, qarşısıalınmaz güc və qüvvəni ifadə edən heç nə yoxdur. Elə buradan da hər bir kəsdə müşahidə edilən fərdi qüsurlar meydana çıxır. Bu gün həmin anlayış elə bil ki, içindəki məna ilə zədələnib zəhərlənmiş və elə buna görə də təmizliyini itirmişdir. Yalnız o anlayışı təmiz hesab eləmək olar ki, özündə xarici (real və ya xəyali) dünyanı əks etdirmiş olsun; başqa sözlərlə desək, özündə məxsusi tənqidi şərhləri ehtiva etməsin. Təsəvvürün içinə allüziyanın, rişxəndin, şərhin və yumorun nüfuz etməsi incəsənət və fəlsəfənin bir növ tükənib axtalanmasına, dəqiq desək, ritorikaya çevrilməsinə səbəb olmuşdur. İstənilən elm sahəsi kimi incəsənət də, insanların bir-biri ilə ünsiyyət vasitəsidir. Buna görə aydındır ki, həmin ünsiyyətin təsiri və intensivliyi aşağı düşməkdədir, bu səviyyə o zaman yox sərhəddinə qədər gəlib çıxa bilər ki, təsvir edilən şeyin həqiqiliyinə və səmimiliyinə inam qalmamış olsun (məsələn, şəxsi interpretasiyalara əsaslanan elmi necə təsəvvür etmək olar?).

İncəsənətin müxtəlif sahələrində müşahidə edilən yaradıcı kasıblaşma müasir cəmiyyət üçün səciyyəvi olan danışmaq, fikrini ifadə etmək qabiliyyətinin itirilməsinə bərabərdir. Doğrudan da, danışığın müasir səviyyəsi elədir ki, elə bil hissin, emosiya, yaxud fikrin birbaşa ifadəsi əlçatmaz bir şey olmuşdur. Hər şey bütün proseslərin sonunda öz-özünü yeyib-gəmirən və faciəvi ovqat yaradan yumorun deformasiyaya uğramış filtrindən axıb keçməlidir. «Ünsiyyətsizlik» deyilən anlayışın qısa tarixçəsi elə bundan ibarətdir (qeyd etmək lazımdır ki, bu mövzunun sağa-sola, bolluca istismar edilməsi heç də ünsiyyətsizliklə mübarizədə müsbət nəticə verməmişdir, əksinə, bu faciəvi hal bütün sərhədləri vurub keçmiş, insanlar bu barədə artıq mühakimə yürütməkdən iyrənmişlər), bu sıraya XX əsrdə rəngkarlığın faciəvi taleyini də aid etmək olar. Müasir rəngkarlığın təkamülü hansı mənadasa ünsiyyətin əksi, əks etdirilməsi olmuşdur – burada söhbət heç də birbaşa analogiyadan getmir, söhbət atmosferin oxşarlığı üstündədir. Hər iki halda, hər şeyin gülünclük libasını geydiyi və nəticə etibarilə həmin gülünc durumun faciəyə çevrildiyi yalançı və qurama atmosferin içinə düşmüş oluruq. Buna görə də, şəkil qalareyasına gəlib çıxan avropalı burada ayaq saxlamamalıdır.

Şübhəsiz ki, özünün ironiya baqajını qoruyub saxlamaq istəyirsə. Artıq şalareyaya ayaq basdıqdan bir neçə dəqiqə sonra ruhunda oynayan təşvişi hiss edir; istənilən halda buraya daxil olan avropalı qəlbindəki yumor hissini güclü külək kimi qovan narahatlıq və diskonfort hiss edəcəkdir. (Faciə məhz gülünclüyün zarafat kimi qavranıldığı anda başlanır; bu isə insanda əbədiyyətə doğru qarşısıalınmaz cazibənin meydana gəlməsini göstərən psixoloji canatma deməkdir. Reklam yalnız yalançı obrazların durmadan təzələnməsi vasitəsilə özü üçün belə bir arzuolunmaz təsirdən qaça bilir; rəngkarlıq isə öz missiyasını – uzun ömürlü, həqiqətlə aşıb-daşan şeylər yaratmaq missiyasını davam edir; varlığın bətnindəki həqiqətlə bağlı bu qüssə onun ətrafında əzab haləsi yaradır ki, bu da nəticə etibarilə onu Qerb insanının düçar olduğu ruhi vəziyyətin həqiqi əksinə çevirir). Ədəbiyyat isə həmin dövrdə nisbətən sağlam durumda görünür. Bunun özü asan izah ediləndir. Ədəbiyyat mahiyyəti etibarilə konseptual sənətdir: ciddi şəkildə desək, bu, yeganə sənət növüdür ki, sözün həqiqi mənasında konseptuallığa meyllənir. Burada sözlər də, belə deyək, onlarla vurulan ştamplar da konsepsiyalardır.

Bu konsepsiyaların və sözlərin köməyi olmadan hər hansı bir şeyi nə təsdiq etmək, nə inkar etmək, nə şübhə altına almaq, nə də məsxərəyə çevirmək olmaz. Elə buradan da ədəbiyyatın təəccüb oyadacaq canlılığı ideyası meydana gəlir – müəyyən məqamlarda o, özünü təkzib edə, məhv edə, özünü mövcud olmayan bir şey elan edə bilər və necə deyərlər, bu sözləri dilinə gətirəndə tükləri də tərpənməz. Bu, hansı mənadasa sonsuzluğa açılan qapıdır, dekonstriksiyadır, şərhin «qabıq bağlamasıdır». Musiqinin əksinə olaraq, rəngkarlıq və kinodan fərqli olaraq ədəbiyyat istehza və yomoru təsəvvür olunmayan həcmdə udub nəyəsə çevirmək gücünə malikdir. Bu gün ədəbiyyatın təhdid edən təhlükə digər incəsənət növlərini hədələyən faktorlarla alıb-verəcəyi yoxdur; bu təhlükələr hər şeydən qabaq hipermarket məntiqi üçün səciyyəvi olan qavrayış və hissiyyatın sürətlənməsi ilə bağlıdır. Əsl həqiqətdə kitabı yalnız addımbaaddım, yavaş-yavaş qiymətləndirmək olar; kitab düşünmək tələb edir (burada intellektual güc sərf edilməsi yox, geriyə dönüş əsasdır); dayanacaqsız mütaliə yoxdur. Bu, hətta hər şeyin dəyişib-axdığı, sabit mənaya malik olmadığı absurdlar dünyasında da mümkün deyildir.

Ədəbiyyat bütün gücü ilə (haçansa onun gücü çox nəhəng idi) permanent aktuallığa, indiki zamanın mütləqləşdirilməsinə qarşı dürür. Kitablar öz oxucusunu gözləyir; ancaq bu oxucuların da məxsusi sabit mövcudluğu olmalıdır; onlar təkcə sifətsiz kölgəyə bənzəyən istehlakçı olmamalıdırlar; onlar sözün hansı mənasındasa subyektə çevrilməlidirlər. Həyat kateqoriyalarının daim dəyişməsi illüziyasını yaradan yalançı məlumat axını (biz, artıq on, yüz, min il bundan qabaqkı insanlar kimi düşünə bilmirik) və adına «siyasi sayıqlıq» deyilən qorxacaq manyaya düçar olmuş müasir Qərb insanları potensial oxucu ampluasını itirmişlər; onlar artıq qarşılarında açılmış kitabın qabağından qaçırlar: onlar düşünən və müstəqil mühakimə yürüdən adi varlıqlara çevrilmişlər. Bu rolu onlar heç digər varlıqlar qarşısında da oynaya bilmirlər. Mahiyyət etibarilə fərdin içəridən kasıblaşması elə faciədir: daxildən ruhu kəsib-doğrayan qüssəyə tuş gələn hər bir kəs qarşısındakı adamdan onun verə bilməyəcəyini tələb edir. Özündə qarşısındakı adamda tələb etdiyini tapa bilməyən insan varlığın digər ölçülərinə doğru meyllənir. O, sabitliyi və dərinliyi axtarır. Axtarırsa da, tapa bilmir, bu zaman hiss etdiyi tənhalıq əzablarını heç kəs təsəvvür edə bilməz. Qərbdə Allahın ölməsi günü bu gün də davam edən nəhəng metafizik seriyalların başlanğıcını qoymuşdur. İstənilən tarix mütəxəssisi bu prosesin təbii mərhələlərini bərpa edə bilər; qısa desək, xristianlıq insanın qəlbində inamı sabit yolundan azdırmaqla biclik işlətmişdi – Apostol Pavelin öyüdləri ilə müqayisədə bütün antik mədəniyyət mütləq varlığa inamı və tapınması ilə bu gün bizə çox qəribə təsir bağışlayır. Bu inam söndükdə, insana qətrənin milyonda biri qədər də olsa, inam vermək üçün saysız cəhdlər edildi, məqsəd insanın qəlbində yuva salan varlıq haqqında arzu ilə onu barışdırmaq idi. Bu günə qədər də həmin cəhdlər uğurla nəticələnməmişdi və buna görə də bəlanın qarşısı alınmamış qalır. Axırıncı cəhd kimi reklamı göstərə bilərik. Onun məqsədinin həmin arzunu oyatmaq və alovlandırmaq olmasına baxmayaraq, özü arzu və xəyala dönür, mahiyyət etibarilə onun bütün metodları keçmiş əyyamların əxlaqı üçün səciyyəvi olan metodlara uyğun gəlir. Çünki o, bütün proses boyu çox nəhəng və hakimi-mütləq mən yaradır ki, bu, indiyə qədər mövcud olan istənilən imperativdən daha amansızdır və həmişə insanın başının üstündə durub amiranə səslə deyir ki: «Sən arzulamalısan. Sən arzu olunmalısan. Sən qaynayıb-daşan həyatda uğur qazanmaq naminə gedən yarışa qoşulmalısan. Dayansan, mövcud olmazsan. Dayansan, ölərsən.». Əbədiyyət anlayışını tam inkar edərək, özünü əbədi dəyişmə prosesi kimi təsəvvür edən reklam subyekti ayaqlar altına alıb əzməyə can atır. Onu, cansız və ruhsuz əşyaya döndərmək istəyir. Bu isə, insanın mövcudluğa, yaşamağa susamaq arzusunun səthi və formal şəkildə əvəz edilməsidir. Reklam qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bilmir, insanlar vaxtaşırı olaraq dibsiz qaranlıqlara düşür, o, ümumi qüssəni öz canında qaşınma kimi hiss edir; bununla belə, reklam verilən məlumatları qəbul etmək üçün müvafiq strukturlar da yaratmışdır. Getməyə yeri olmayan insanların çıxıb getmək, səyahət etmək vasitələri get-gedə təkmilləşir, çünki onlar heç yerdə özlərini evdəki kimi hiss etmirlər. Varlıqlar arasında rabitənin yeni üsullarını tapmaq lazımdır, elə bil ki, insanların bir-birlərinə deyiləsi sözləri qalmayıb. Heç kəslə ünsiyyət qurmaq istəməyən varlıqlar arasında əlaqələri yumşaltmaq lazımdır.

Dayandırılmış hərəkətin poeziyası

 

     Altmış səkkizinci ilin may ayında on yaşım vardı, oyun oynayırdım və bu zaman itdən bəhs edən komiks oxuyurdum; həyat çox dadlı idi. «Altmış səkkizinci ilin hadisələri» haqqında qəlbimdə və ruhumda yeganə, ancaq çox parlaq bir xatirə qalmışdı. Əmim oğlu Jan-Pier o zaman Le-Pensidəki liyesin buraxılış sinfində oxuyurdu. Həmin dövrdə mənə elə gəlirdi ki, (sonra qazandığım təcrübə bu öncəduyumu ağrılı-acılı seksual həzzlə zənginləşdirərək təsdiqlədi) lisey gələcəkdə özünə ixtisas karyerasını təmin etmək üçün oğlan uşaqlarının var gücü ilə ən çətin fənləri qavradığı ucu-bucağı görünməyən bir məkandır. Bir dəfə necə oldusa, bibimlə dərslərdən sonra əmim oğlunun dalısınca getdik. Həmin gün Le-Pensi liseyində müddətsiz tətil elan edilmişdi. Mənim hesablamalarıma görə həyət yüzlərlə yeniyetmə uşağın səs-küyü ilə dolmalı idi, ancaq mən oranı boş gördüm. Nə etdiyini bilməyən hansısa müəllimlər həndbol qapıları arasında var-gəl edirdilər.

Yadımdadır ki, bir neçə dəqiqə ərzində mən həyətdə gəzişdim, bibim hələ də nəyisə aydınlaşdırmağa çalışırdı. Həyətin üstünə çox dərin sükut çökmüşdü. Səksən altıncı ilin dekabr ayında mən Avinyon vağzalında idim. Hava yumşaq idi. Şəxsi həyatımda problemlər yarandığına görə, – bu barədə danışsam, sizi çox kədərləndirmiş olaram, – düşünürdüm ki, sürət qatarına minib Parisə getməyim çox lazımdır. Xəbərim yox idi ki, bütün dəmiryollarında tətil elan edilmişdi. Proqramlaşdırılmış silsilə: seksual əlaqə, münasibətlərin inkişaf etməsi, yorğunluq – hamısı birdən gəldi. İki saat skamyada oturdum, dəmiryolunun insansız mənzərələrinə daldım.

Qatarlar ehtiyat yolda dayanmışdı. Elə bil ki, onlar burada illər uzunu dayanmışdılar, elə bil ki, heç zaman bu relslərin üzəri ilə çapıb getməmişdilər. Sadəcə hərəkətsiz dayanmışdılar. Sərnişinlər az qala pıçıltı ilə danışır və öyrəndikləri xəbərləri bir-birləri ilə bölüşürdülər: şərait inamsızlıq ovqatı doğururdu. Bu, müharibədən, yaxud Qərb dünyasının çökməsindən xəbər verə bilərdi. «Altmış səkkizinci ilin hadisələrini» yaxından müşahidə edən bəzi şəxslər mənə danışırdılar ki, bir-birlərini tanımayan şəxslərin küçələrdə danışdığı və hər şeyin belə əlçatmaz görünmədiyi zaman gözəl bir dövran idi; mən də ona inanırdım. Başqa birisi isə ancaq qatarların dayanmasını, benzinin tapılmadığını xatırlaya bilir; etiraf etməyə hazıram ki, onlar düz demirmişlər. Bütün bu şahidlikdə ümumi bir cəhət vardır: hansısa möcüzəli güc sayəsində insanları əzib suyunu çıxardan nəhəng maşının təkəri bir neçə gün idi ki, palçığa batmışdı. Qeyri-müəyyənlik ovqatı yaranmışdı; hər şey havadan asılı qalmışdı, ölkənin başı üstündən ölüm sükutu asılmışdı. Sonra şübhəsiz ki, ictimai maşın yenidən hərəkət gəldi, gücü birə-on artdı və daha da quduzlaşdı (altmış səkkizinci ilin may ayı olsa-olsa bir neçə əxlaqi prinsipi ayaqlar altına saldı) ancaq hansı məqamdasa bu hadisələr dayandı, qətiyyətsizlik ovqatı yarandı: bu metafizik namüəyyənlik məqamı idi. Görünür, elə bu səbəblərə görə həyəcan selini ilk axınının ağzı açılanda camaatın məlumat şəbəkələrində qəfil baş verən çaxnaşmalara reaksiyasını birmənalı olaraq mənfi hal kimi qiymətləndirmək olmaz. Bu hadisə bilet sifariş vermək üçün nəzərdə tutulan elektron sistemin sıradan çıxdığı istənilən zaman yaranır. İnsanlar meydana çıxan problemlə barışdıqda, yəni onlar artıq bileti telefonla sifariş verməyə başladıqda ləzzətli bir razılıq ovqatı yaranır. Sanki tale onlara texnikadan qisas almaq imkanı verir. Bəzən insanlar ürəklərinin dərinliyində memarlıq haqqında düşünür və bu düşüncələr uzun bir dövr ərzində apardıqları müşahidələrin nəticəsi kimi meydana gəlir, onların memarlıq haqqında təsəvvürləri yeknəsəq və sifətsiz mənzillərdən, altmışıncı illərdə inşa edilmiş bina və konstruksiyalardan ibarətdirsə, insan, yəni sanki qəfildən bol azadlıq dəryasına düşən insan sevincdən boğulmaq təhlükəsi qarşısında qalır. Həmin mənasız və cəfəng yerlərdə insanın ruhuna yad olan qisasçı ruh dolaşır, həmin yerlərdə insanı əzib xıncım-xıncım edən amansız maşının təkərlərinin izləri qalır. Ədəbiyyat hər bir şeydə canlı toxuma tapır, hər şeyə öyrəşir, uyğunlaşır, zir-zibilin içindən boy atıb cücərir, bədbəxtliyin vurduğu yaraları sağaldır.

Hipermarket və ultramüasir ofis binalarının arasındaca paradoksal poeziya, qüssə və dərd poeziyası doğuldu. Bu poeziyanın cövhərində şadlıq və şadyanalıq yoxdur; və sevinmək üçün bir əsas da görünmür. Müasir poeziyanın məqsədi müasir memarlıqda olduğu kimi geniş ərazilər yaratmaq, hipotetik «varlıq evini» tikib-ucaltmaqdır; çünki bu vəzifə məlumatın emal edilməsi üçün müvafiq infrastrukturların yaradılması vəzifəsindən köklü şəkildə fərqlənir. İti sürətlə axan zamanın zir-zibili sayılan informasiya dəyər və məna anlayışları ilə bir araya sığmır – plazma ilə kristal kimi; «ifrat qızma» dərəcəsinə çatan cəmiyyət partlamasa da, hansısa mənanın daşıyıcısı olan strukturlar yaratmaq gücünü də tükətmir, təsəvvür edin ki, cəmiyyətin bütün enerjisi təsadüfi hadisələrin informativ təsvirinə gedir. Bilirik ki, hər bir ayrıca fərd öz gücü ilə öz içindəcə hay-küysüz inqilab yarada bilər, bunun üçün ani olsa da, o, məlumat-reklam selinin qarşısından çəkilməlidir. Bu vəzifə bu gün çox asandır: kənara bir addım atmaq kifayətdir. Son nəticə etibariləsə heç addıma da ehtiyac qalmır. Sükut etmək kifayətdir; radionu söndürmək, televizoru bağlamaq lazımdır; bir daha heç nə qəbul etməmək. Heç nə hiss etməmək və heç nə bilməmək; məlumatları qəbul etməmək. Bir sözlə, ani də olsa hərəkətsizliyin içinə baş vurmaq lazımdır.

 

Fransız dilindən tərcümə etdi: Cavanşir YUSİFLİ

 

(Visited 70 times, 1 visits today)