Sim-sim.az

Dinlərarası münasibətlərin perspektivləri dünya üçün nələr vəd edir? – I yazı

15995599_1217454198331034_310929430_n

Sim-sim.az AMEA Fəlsəfə İnstitutunun Dinşünaslıq və mədəniyyətin fəlsəfi

problemləri şöbəsinin elmi işçisi, fəlsəfə doktoru Şölət Zeynalovun

“Dinlərarası münasibətlərin perspektivləri dünya üçün nələr vəd edir?” yazısını təqdim edir.

 

Hazırda bütün dünyada, o cümlədən Şərq və Qərb regionunda baş verən hadisələrin inkişaf dinamikası bir sıra silsilə qlobal ziddiyyətlər məcmusundan ibarət olsa da, onun ən mərkəzi aktorlarından birini məhz dinlərarası münasibətlər təşkil edir. Dinlərarası münasibətlərdən bəhs edərkən hər şeydən əvvəl onun sivilizasiyalararası kommunikasiyanın tərkib hissəsi kimi nəzərdən keçirilməsi və dərk edilməsinin vacibliyini qeyd etməliyik. Belarus politoloqu V.A.Melnikin fikrincə, “bəşər nəslinin mövcudluğu və onun sonrakı sosial proseslərdən asılı olan həyatı əhəmiyyətli problemlər toplusudur, məcmusudur. Müasir sivilizasiyaların səciyyəvi xüsusiyyətləri qlobal təhlükələrin və problemlərin güclənməsi və artması ilə səciyyələnir”. Bu anlamda həmçinin etiraf etməliyik ki, “müasir dövrün reallığı ondan ibarətdir ki, qloballaşma prosesi Qərblə Şərq, xristianlarla müsəlmanlar arasındakı münasibətləri daha da partlayışlı həddə çatdırmışdır”. Düzdür, obyektiv olaraq qeyd etməliyik ki, bu “partlayış həddində olan münasibətlər”in təkcə Şərq və Qərb, müsəlman və xristian aspektindən dəyərləndirilməsi birmənalı olmasa da, ziddiyyətlərin motivi və tarixi inkişafı bu formatda olan fikirlərin birmənalı şəkildə inkarına da fundamental bəraət qazandıra bilmir.

 

İngilis şərqşünası Bernard Luisin qeyd etdiyi kimi “Asiya və Afrikanın bir sıra daha qədim kultları və mədəniyyətləri ilə müqayisədə islam və xristianlıq ümumi nəhəng irsləri olmaqla yanaşı – həmçinin bir-birindən daha çox meydan əldə etmək uğurunda mübahisə aparan qardaş dinlərdir”. İqtibasdan aydın olur ki, xristian və islam dininin ortaq bir dəyəri – monoteizmi ifadə etməsinə baxmayaraq onların arasında meydan qazanmaq uğurundakı mübarizələrini tarixən olduğu kimi, müasir dövrdə də biz qəbul etmək məcburiyyətindəyik. Ancaq qeyd edək ki, dövrümüzdə bu dinlərin hər birinin necə qiymətləndirilməsindən asılı olmayaraq onlar “özlərini Tanrının ali vəhyinin daşıyıcıları kimi hesab edərək, bu vəhyin yerdə qalan insanlara çatdırılmasına özlərini borclu” hesab edirlər. Yaxud bu dialektik təfəkkür monoteizmin məzmunundan qaynaqlandığı üçün onları bu ilahi vəhylərə və məzmunlarına müvafiq yanaşmalarda günahlandırmaq da problemdən çıxış nöqtəsi hesab edilə bilməz. Başqa bir kontekstdən problemə qiymət verməyə cəhd edərkən bütün dünyada “İslam və xristianlığın bir-birini həm bu, həmdə digər məsələlərdə başlıca, daha doğrusu yeganə rəqib kimi hesab” etdiklərini görürük.

 

Deməli, bu kontekstdə bir sıra politoloqların və alimlərin qeyd etdikləri kimi, həqiqətən də dinlərin məhz ideologiyalarla hansısa müstəvidə “ortaq” olduqlarını, yaxud bu “ortaqlığa” məcbur edildiklərini qeyd etmək doğru olardı. Əlbəttə, tarixən olduğu kimi, bu rəqabət uğrunda mübarizəni dünyada tamamilə aradan qaldırmaq hələ ki, heç bir qütbə müyəssər olmasa da, müasir dövrün strateji inkişaf dinamikasının ziddiyyətləri bütün dünyada dinlərin ortaq bir düzən ətrafında, ümumi məqsədlər naminə dialoqda və ya xoşgörülü münasibətdə olmalarını tələb etməkdədir. Yaxud həm Yaxın Şərq hadisələrini, həm də ki müasir Qərbdə baş verən nihilizm meyllərini, müxtəlif anti-islam fobiyalarını təkcə xristian-islam kontekstindən qiymətləndirmək özü də böhranın əslində lokallaşdırılması anlamını ifadə etmək demək olardı. Ancaq qeyd edək ki, yuxarıda toxunduğumuz fikir heç də nə xristianlığa, nə də ki islama bəraət qazandırmaq cəhdi yox, sadəcə, obyektivlik kontekstində ümumi mənzərəni ifadə edən bir baxış kimi qiymətləndirilməlidir. Dünya tarixinin son minilliyinin hansı səhifəsini biz vərəqləmək istərkən orada həqiqətən də, bu dinlərin təkcə öz missiyalarının, ilahi vəhylərinin təbliğ etdiklərini deyil, həm də siyasiləşdirildiyinin, ideologiyalaşdırıldığının, bir çox aspektlərdə coğrafi bölgülərdən çıxış etdirildiyinin şahidi oluruq. Ona görə də bütövlükdə bu problem hazırda ümumdünya siyasi, mədəni, humanistik, dini, milli, etnik, iqtisadi rəqabətlər və s. silsilə ziddiyyətləri, qısa ifadə etsək, insanlığın ümumi ortaq problemi kimi, ətrafa və başqalarına instinktlərdən döğan refleksiyası kimi xarakterizə edilməlidir. Yaxud Şərq və Qərb ruhuna hakim kəsilmiş bu “tarixi ekspansionist taleyi” nə qədər paradoksal olsa da, biz inkar və ya dəf etmək, tarixin arxivinə göndərmək iqtidarında deyilik. Bütün bu ziddiyyət və qarşıdurmalar isə öz növbəsində müasir dünya sivilizasiyaları üçün hər kəsi, hər bir mədəniyyəti qane edəcək, ortaq yeni bir paradiqmanın tapılmasını zəruri şərt kimi aktual etməkdədir.

 

Qeyd olunmalı ümidverici məqamlardan biri odur ki, ziddiyyətlər və qarşıdurmalar reallığında dünyada qarşılıqlı dialoqlar, humanitar paylaşmalar, qarşılıqlı əməkdaşlıqlar uğrunda daima cəhd edən cəmiyyətlər də vardır: onlardan biri Azərbaycan Respublikasıdır. Problemə vəhdət, vahid sivilizasiya, birgəmövcudluq, mədəniyyətlərin, sivilizasiyaların, dinlərin dialoqu və əməkdaşlığı, multikulturalizim kontekstindən yanaşarkən dünyaya təqdim edilən Azərbaycan modelinin, həqiqətən də, alternativinin olmadığı bir daha özünü sübut etmiş olur. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, “multikulturalizmin hazırda dünyada alternativi yoxdur”. Bu faktdır, reallıqdır. Yaxud dünyada tüğyan etməkdə olan mənəvi, sosial, etik, milli, etnik, humanitar, siyasi-iqtisadi və dinlərarası böhranların həlli üçün təklif edilən “Multikulturalizm platformasının” alternativsizliyini hər hansı bir ideoloji kontekstdən, məkrli maraqlar aspektindən bir istər Qərb, istərsə də Şərq mütəxəssislərinin ifrat təəssübkeşliklə inkar edilməsi ən azından sağlam təfəkkür üçün qəbuledilməz sayılmalıdır. Çünki həqiqətən də qeyd olunmalıdır ki, Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, “Dinlərarası münasibətlərdə böhran yaşanır. İslamafobiya, ksenofobiya antisemitizm meylləri güclənir. Multikulturalizm dəyərləri haqda hətta yüksək vəzifə sahibləri tərəfindən çox təhlükəli ifadələr səslənir ki, multikulturalizm iflasa uğrayıb, multikulturalizm işləmir və onun gələcəyi yoxdur.”. Daha sonra dünyada multikulturalizmi inkar edənlərə xitabən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müraciət edərək qeyd edir: “Gəlsinlər Azərbaycana baxsınlar. Azərbaycanda multikulturalizm yaşayır, möhkəmlənir. Heydər məscidinin açılışında mən, şeyx həzrətləri, Aleksandr ata, Milix Yevdayev çıxış etmişik. Budur, bizim reallıqlarımız. Bu bizim üçün adi qaydadır. Ancaq, eyni zamanda bizim xristian, yəhudi qardaşlarımızın orada çıxışı bir mesaj, siqnal idi, həm Azərbaycan cəmiyyətinə həm bölgəyə, həm də dünyaya. Bax, belə olmalıdır. Budur normal həyat tərzi, budur normal siyasət”. Həmçinin bu normal həyat tərzi – tolerant ruh, milli, dini, irqi ayrıseçkiliyə yol verməmək, bütövlükdə multikulturalizmə apelyasiya, axtarılan paradiqma demək deyilmi?

 

Hazırda “dinlərin qlobal dirçəlişinin” baş verdiyi müasir şəraitdə mövcud olan dünya dinlərin sivilizasiyalararası dinamika ilə uzlaşması, yaxud təcrid olunaraq özləri üçün ayrılıqda, əlahiddə şəkildə mövcudluqlarını davam etdirmələri bir sıra cəmiyyətlər, filosoflar, alimlər, tədqiqatçılar, ziyalılar və hətta nəzəri fikir üçün əsas vacib suallardan hesab edilməkdədir. Müxtəlif dinlər arasında baş verməkdə olan açıq və gizli konfliktlər, o cümlədən Yaxın Şərqdə baş verən müharibələr, terrorlar və qarşıdurmalar, məzhəblərarası çəkişmələr bir daha sübut edir ki, dinlərarası və dindaxili proseslər tarixən olduğu kimi, bu gün də bütövlükdə bütün dünyada bu sahənin yenidən müxtəlif metodlarla tədqiqatlara cəlb edilməsini, qiymətləndirilməsini, onun cəmiyyətdə oynadığı statusun dəqiqləşdirilməsini, əhəmiyyətini, yenidən zaman kontekstində izah edilməsini tələb edir. Lakin biz anlayırıq ki, bu problem o qədər geniş və dərin fəlsəfi və dini-fəlsəfi “yükü” özündə ehtiva edir ki, onu kiçik bir araşdırmada ortaya qoymaq, müfəssəl izah etmək sadəcə mümkün deyildir. Bir faktı qeyd etmək yerinə düşərdi ki, alman filosofu K.Yaspersin də qeyd etdiyi kimi, “dinə tədqiqat kimi yanaşmanın özündə artıq mübarizənin rüşeymi vardır”.

 

Qeyd edək ki, tarixən, əksər hallarda din onu təmsil edən mənsublar tərəfindən yalnız dünyada mövcud olan ən “üstün həqiqət” kimi, müstəsnalıq iddiası ilə təqdim edildiyindən elmin və fəlsəfənin digər sahələrinə nisbətən predmet olmağa o qədər də açıq deyildir. Bu problemi təkcə hər hansı bir monoteist və ya dünya dinləri, yaxud həmin dinlərin hər hansı birinin müxtəlif məzhəbləri və ya təriqətləri ilə, yaxud cərəyan və sektaların özəllikləri ilə məhdudlaşdırmaq, dar çərçivəyə salmaq da doğru olmazdı. Belə ki, bütün dünyada mövcud olan digər dinlərlə yanaşı, “üstün həqiqət” anlayışı, alman filosofu K.Yaspersin qeyd etdiyi kimi, “müstəsnalıq iddiası xristian dininə, yəhudilərin qanununa olan inamına, milli dinə, İslama da xasdır”. Bu “müstəsnalıq iddiası” fakt və tarixi reallıqdır. Ona görə də dialektik təfəkkür dinlərin təbiətindən və məzmunundan irəli gələn bir anlayış olduğundan onları bu üstün həqiqətlərindən imtinaya məcbur etmək və ya onları əmin olduqları üstün həqiqətdən məhrum etmək özü yeni bir ziddiyyətlərin təməlini ortaya qoymaq demək olardı. Bu kontekst nəzərə alınarsa, müasir dövrdə dinlərarası dialoq deyərkən heç də bu dialoqlar zamanı dinlərin hər hansı birinə quru mexanizm, digərinə isə müstəsnalıq kimi, baxmaq və ya başqa birilərinə üstün həqiqət kimi, məzmun və mənaca elmi və dini-fəlsəfi metodologiyanı tətbiq etmədən, onların nə demək istədikləri haqqında izahatlar aparılmadan qiymətvermə və yanaşma mübahisəli, yaxud qüsurlu sayılmalıdır. Alman filosofu K.Yaspersin etiraf etdiyi kimi, “fəlsəfə və din əksliyindən kənarda heç bir mövqe ola bilməz. Bizlərdən hər biri bu qütblülükdə onlardan birinin tərəfindədir və öz təcrübəsinə malik olmayaraq, o birinin mahiyyətindən bəhs edir” yaxud sadəcə, müxtəlif ideoloji qütbləri təmsil etməyə dünyada “məhkum” olunduğumuzdan bu qütblərdə biz istəsək də, istəməsək də bölgüyə (Şərq və Qərb timsalında) məruz qalırıq.