Sim-sim.az

V Beynəlxalq multikulturalizm yay məktəbi uğurla başa çatıb

tedbir

“Mədəniyyətlərarası dialoq dini və mədəni müxtəliflik kontekstində – Azərbaycanda dinlərarası harmoniya” adlı V Beynəlxalq multikulturalizm yay məktəbinə uğurla yekun vurulub.

AZƏRTAC xəbər verir ki, iyulun 30-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində bununla bağlı mətbuat konfransı keçirilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev mətbuat konfransında bildirib ki, Prezident İlham Əliyevin tövsiyəsi, BBMM, UNESCO, “Erasmus+”, “ALADDİN layihəsi” və Azərbaycanın Gənc Dostları Klubunun birgə təşkilatçılığı ilə keçirilən V Beynəlxalq multikulturalizm yay məktəbində 26 ölkənin aparıcı universitetlərinin 60-a yaxın tələbəsi iştirak edib. Onlar Azərbaycandakı tolerant, multikultural əhval-ruhiyyə ilə yaxından tanış olub, həm ölkəmizdə, həm də dünyada baş verən ictimai, siyasi, mədəni proseslər barədə fikir mübadilələri aparıblar.

Bildirilib ki, beynəlxalq multikulturalizm qış və yay məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 15, Azərbaycanın 38 nüfuzlu ali təhsil ocağında tələbələr üçün qış və yay məktəbləri təşkil olunub. Əsas məqsəd həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmalarına şərait yaratmaqdır.

Kamal Abdullayev diqqətə çatdırıb ki, ölkəmizlə yaxından tanış olan yay məktəbinin iştirakçıları Azərbaycanın Gənc Dostları Klubunun üzvləri olurlar. Biz onlara Azərbaycan həqiqətlərini çatdırırıq. Onlar da öz ölkələrində bu həqiqətləri yayırlar. Bu klub hazırda dünyada bir sıra siyasi-ictimai proseslərdə fəal iştirak edir. Beynəlxalq miqyasda ölkəmizə olan münasibətin tənzimlənməsində Azərbaycanın Gənc Dostları Klubunun özünəməxsus rolu var.

UNECSO baş direktorunun xüsusi məsləhətçisi Abe Radkin mətbuat konfransında çıxış edərək yay və qış məktəblərinin əhəmiyyətini qeyd edib. O, Azərbaycan multikulturalizminin dünya ölkələri üçün örnək olduğunu vurğulayıb. UNECSO baş direktorunun xüsusi məsləhətçisi Azərbaycanda mövcud olan multikultural, tolerant dəyərlərin digər dövlətlərdə təbliğ olunmasının önəmini qeyd edib.

Abe Radkin yay məktəbinin uğurla başa çatdığını bildirib, bu önəmli layihənin gələcəkdə də davam etdiriləcəyinə inandığını vurğulayıb.