Sim-sim.az

“Altı milyard yaşına lənət!” – Səfiyar Məcnun

sefi

Fotoqraf, şair Səfiyar Məcnun Musa Yaqubun  "Bu dünyanın qara daşı göyərməz" şeirinə nəzirə yazıb.

Sim-sim.az Səfiyar Məcnunun "Lənət" şeirini təqdim edir.

 

 

Musa Yaqub – "BU DÜNYANIN QARA DAŞI GÖYƏRMƏZ"

 

Leyləklərin çöp yuvası boş qalıb,

Bahar gedib, payız gəlib, qış qalıb.

Göy çəməndə ocaq yanıb, daş qalıb,

Bu dünyanın qara daşı göyərməz.

 

Nə o ocaq közərəsi, sönəsi,

Nə o günlər bir də geri dönəsi…

Qəm eləmə, könlümün bir dənəsi,

Bu dünyanın qara daşı göyərməz.

 

O gülyanaq bənddir bir xoş baxışa,

Körpə budaq əl açıbdır yağışa.

Min baharın hərarəti yığışa,

Bu dünyanın qara daşı göyərməz.

 

Ot göyərdib o cığırım, o izim,

Tufanlanıb çalxalanmaz dənizim.

Daha məndən sevgi umma, əzizim,

Bu dünyanın qara daşı göyərməz.

 

Araz boyu çox mənalar sezmişəm,

Elə bilmə əllərimi üzmüşəm.

Ürəyimə daş bağlayıb dözmüşəm,

Bu dünyanın qara daşı göyərməz.

Oktyabr, 1977

 

 

Səfiyar Məcnun – "LƏNƏT"

 

Göyərməzsə cəhənnəmə göyərsin,

Bu dünyanın qara daşına lənət!

Qaralmırsa cəhənnəmə qaralsın,

Kədər ağartdığı qaşına lənət!

 

Əriyər zamanla soyuq dəmir də,

Bişirər xəmrini qara kömür də.

Bir dəfə yaşanan qısa ömürdə

Keçmişə söylənən "kaş"ına lənət!

 

Dünya, dağılarsan sən də sonunda,

Bir şeytansan amma mələk donunda.

Mənim otuz illik yaşım önündə,

Sənin altı milyard yaşına lənət!

 

Yox sirdaşım şəninə sənin kimi,

Çox yoldaşım qəmimə tənim kimi,

Ay Səfiyar, sənin də mənim kimi,

Bunları qandığın başına lənət.