Sim-sim.az

Baba Yaşaroğlu – “Adını sən qoy”

unnamed

…adını sən qoy

 

Nədir bu…?

Bir şeir üçün neçə acı, neçə sancı yaşamaq,

bir görüş üçün neçə bəhanə uydurmaq lazımdır?

Bu dünyada cəsarət etməyənin,

ümid etməyə, nə isə ummağa da haqqı yoxdur

ən son Tanrının qapısını çalsa belə

 

Sən ən gözəl geyimlərini geyin,

bəzən sadəcə…

Ya da hər zaman olduğun kimi gəl

Bir bilsən, nə qədər arzuladım

bircə varğlığını yanımda hiss etməyi

bircə varlığınla yaşamağı

Hardasan…

Aç qollarını, sevə-sevə sarılım, yorulana qədər

Səni dəlicəsinə qucaqlarkən

sanki çarmıxa çəkiləcəm kölgəndə

ən sevdiyin olaraq,

…eybi yox

 

Heç bilmirəm,

Hansı dəyərlərlə dəyərləndirim səni

Hansı qalın kitablara yazım,

Hansı məbədlərin zirzəmisində gizlədim

ən qiymətlim deyə…

Yoxsan ki…

İndi parçalı bulud kimidir yoxluğun

Nə Günəş göstərir, nə yağışa doyuram

Ölümsüzlüyün, o şəfqətli, isti əllərində

Hüzur paylayan gözlərində imiş

Gedişinlə ani soyuqlar gəldi bu küləkli şəhərə

Amma üşüməyim üçün gerçək olmasa da

əvvəlcə nəfəsinlə isitməlisən

İstəsən sonra öldür məni,

Nə bilim, daşlı, qayalı quru çöllərdə

Budaqları rəngli ağaclara bərk-bərk bağla

Sonra da illərlə ac, susuz saxla

Ürəyin razı qalarsa əgər

Bilmirəm, istəsən, bircə dəfə

Bacara bilərsənsə başqa biri ilə, əl-ələ

Mənə qar bəyazı üzünü göstər 

Sonra da izləyə bilərsənsə süqutuma şahidlik et

        

…adını sən qoy

Bax, ardından quruyan yarpaqlar kimi

məsum baxan bir cüt göz var

Sən əsən küləklərin yönünü dəyişdir

Günlərin birində, bir cümə axşamında

Nə olar, mələk ol, peydahlan anidən

Ümidlərimizin sehriylə köpüklənən Zəyəmçaydan

Çılğın buludlara dön, yağış ol

İslaq kipriklərinlə üzümə yağ,

Həzin-həzin ruhumu oxşa, heç olmamış kimi

 

Gör ki, nə yaşanmış bir hicranım var,

Nə üzgünəm torpağı tanıdığım üçün

Amma bilirəm ki, yoxluğuna sarılıb

arzular dolu vida nəğmələri yazıram

 

Sən istəsən adını ümid qoy…

 

Ümid bəzən əlçatmaz birinə inanmaq kimidir

İnancından, bir tərəfli, sevə-sevə qocaldır

Hərdən qarışıq yuxularına qonaq gəlir

Uzaq yollardan, adsız limanlardan

Məchul səbəblərdən əli boş, qonaq gəlir

Və gedərkən də pay deyə

Xəyallarından bir bağlama əsir götürür

Qan tər içində yalvarışla oyanırsan

 

Sən istəsən adını ümid qoy…

 

Ümid bəzən kimsəsiz azyaşlı bir uşaq kimidir

Ovucları dua yerinə çatmamış

Çatlamış xəyalları var, yarı ac, yarı tox

ürəyi yanğın yeri

Hər axşamı közərən duyğulara bürünən

Bax, o kövrək gözlərindən süzülür

məsum yalvarış

 

Ümid bəzən də dodaqlarındakı titrəyiş,

Barmaqlarındakı qadağan bir arzudur

 

Söylə, hər hərfini həsrətlə axtarmaqdırsa

Hərəsini üzüyola bir obadan tapmaqdırsa

Oxumadan anlamaqdırsa mənə qalan, eybi yox

Heç olmasa, danış mənimlə

 

İndi sənə Sevgilin olmasam da

sevdiyin kimi yazıram

Amma, adını sən qoy