Sim-sim.az

Belə bir dünyaya etibar qalar?! – Anar Məcidzadə

anar mecidzade

Belə bir dünyaya etibar qalar?!

 

Olmaz bu dünyanın olmaz hörməti,
Nadanlar kişiyə verir qiyməti.
Alınır, satılır insan qeyrəti,
Bele bir dünyaya etibar qalar?!

 

Birini sanırsan huri-mələkdir,
Sonradan görürsən işi kələkdir.
Bu fason "insanlıq" nəyə gərəkdir?
Belə bir dünyaya etibar qalar?!

 

Bu dünya dəyişib görün haçandı,
Namərdi qovandı, mərdi qaçandı.
İblisə, şeytana qapı açandı,
Belə bir dünyaya etibar qalar?!

 

Geyinib eyninə dünya tərsini,
Qeyrətsiz öyrədir qeyrət dərsini.
Anar, şeir ilə çıxar hirsini,
Belə bir dünyaya etibar qalar?!

 

Dünyama gəldim

 

Vurğun olmamışam hər işvə, naza,
Uymadım boyalı hər gözəl qıza.
Sığındım nəğməyə, sığındım saza,
Mən sözdən, sənətdən ilhama gəldim.

 

Şirini, acını həyat bilmişəm,
Arzu, muradımı qanad bilmişəm.
Həyatı özümə ustad bilmişəm,
Həyatdan dərs alıb, mən kama gəldim.

 

Dilimdə həqiqət himni səslənir,
Qəlbimdə min istək, arzu bəslənir.
Bu tale, bu qismət, görən bəs nədir?
Bu şirin həyata, röyama gəldim.

 

Şeirdir göydəki ulduzum, ayım,
Şairlik qismətim, Tanrıdan payım.
Gərək ki, özümü mən xoşbəxt sayım,
Şair tək doğulub, dünyama gəldim.

 

Yük

 

Nə olsun ki, böyümüşəm,
böyüyəm.
Hərdən düşünürəm ki,
Kiçik qarışqaya da,
Dünya boyda bir yükəm.

 

Bakı nəğməsi

 

Mavi Xəzər qucağında,
Ana vətən ocağında,
Firavan, kefi çağ Bakım.
Hər yanda üzü ağ Bakım.

 

Yurdum üçün qızıl küzə,
Gözəlliyi bir möcüzə.
Gəlməyəsən heç vaxt gözə,
Xoşbəxt Bakım, gözəl Bakım.
Hər duyğudan əzəl Bakım.

 

Sənət yurdu, şair yurdu,
Vətənimə işıq, nurdu.
Keçmişin də bir qürurdu,
Adın ellər gəzər Bakım.
Sirdaşındı Xəzər, Bakım.

 

Hərdən mavi dəniz coşur,
Anar sənə nəğmə qoşur.
Yazım neçə kəlmə, Bakım.
Gözəl Bakım, nəğmə Bakım.