Sim-sim.az

Çinin Sian Universitetinin nümayəndə heyəti ADU-da olub

3

 

 

Çinin Sian İqtisadiyyat və Maliyyə Universitetinin prorektoru, professor Li Jiaojuinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda olub.

 ADU-nun Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov qonaqlara Azərbaycan-Çin iqtisadi əlaqələrinin inkişafının istiqamətləri barədə məlumat verərək qeyd edib ki, Azərbaycan Respublikası özünün coğrafi mövqeyi və zəngin ehtiyatları ilə “İpək Yolu iqtisadi qurşağı” layihəsinin həyata keçirilməsində mühüm bir ölkədir. O, Prezident İlham Əliyevin 2015-ci ildə Çinə dövlət səfərini xatırladaraq onun qədim İpək Yolu üzərində yerləşən Sian şəhərinə səfər etdiyini, “Şansi” avtomobil şirkətinin texnoparkı ilə tanış olduğunu vurğulayıb.

 ADU-nun Konfutsi İnstitutunun Çin tərəfdən direktoru Li Jihua qonaqlara Çin təşəbbüsünün həyata keçirilməsi sahəsində araşdırma aparan Konfutsi İnstitutunun tədqiqat fəaliyyəti, Çin iqtisadiyyatına dair tələbə elmi seminarları barədə məlumat verib.

Professor Li Jiaojui Azərbaycana səfəri barədə təəssüratlarını bölüşərək, ADU-nun Konfutsi İnstitutu ilə elmi əməkdaşlığa maraq göstərdiklərini bildirib.

Görüşdə  iki təşkilat arasında əməkdaşlıq perspektivləri və birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

 Sonda Çindən gələn qonaqlara ADU-nun Azərbaycan və Çin dillərində nəşr etdiyi, Prezident İlham Əliyevin fəaliyyətinə həsr olunan “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” adlı kitab hədiyyə olunub.