Sim-sim.az

Emin Əliyev – “Sahil”

qaqaas

Gözlərimi açanda dənizin ortasında bir döyüş gəmisinin üstündə idim və yan-yörəmi də buna oxşar döyüş gəmiləri sarmışdı. Fikrimcə, hələ yuxudan tam ayılmamışdım çünki özümü bükülmüş kağız kimi hiss edirdim. Sonra asta-asta açılışırdım, həm də havadan təzə balıq ətri gəlirdi və mən bunu hiss etməyə başladım. Əvvəlcə heç kim yox idi, amma elə bil sonradan peyda olmağa başladılar. Zaman keçdikcə insanlar peyda olur, hərbçilər öz yerlərini alırdı. Ortabab bir döyüşə hazırlanırmışlar kimi təəssürat yarandı məndə. İşlər getdikcə qızğınlaşırdı. Mən də beləcə tam özümə gəldim: gördüm ki, dəmir borulardan birinə bağlayıblar bədənimi. Başım isə hələ azad idi, çevirilib baxa bilirdim. Hərbçilərin başı o qədər qarışmışdı ki, məni heç görmürdülər də. Hardansa bir kapitan – qara bığlar, yarımçıq yaş olmuş papaq, üstü-başından vəzifə, məsuliyyət yağan bir iri adam dikildi qabağımda və mənə şillə vurdu. Hər tərəf silkələnəndə, təbiətin gözü yuxudan ayılanda mən də gördüm ki, fövqəladə bir müharibənin ortasındayam. Kapitan – o ara-sıra gəlib məni təhqir edir sonra isə işinin başına dönürdü. Mən isə təəccüblənmirdim elə belə də olmalıymış kimi. Təfərrüatlarını nağıl etməyəcəyəm o “mini-müharibədə” az adam ölmədi. Elə bizim gəminin içindən qanın dənizə tökülməsi göstərdi ki hər şey yolundadır. Bu döyüş səhnələri bir neçə saat davam etdi təbii ki.

 

Gözümü bir neçə dəfə yumub açandan sonra ətrafımda heç kəs qalmamışdı. Kainat həmişəki kimi qara idi. Buludun yağış yağmağı gəlirdi, amma səmanın ucunda saxlamışdı. Belə boz təhər idi göy üzü. Ölü hərbçilər, dənizçilər də yox idi. Külək ehmalca onları süpürüb dənizə tullamışdı. Gəmimizdəki qanı da dəniz yumuşdu yəqin. Bom-boş gəmi (hər halda mənə belə gəlir) harasa üzməyə başladı. Bircə onu hiss edirdim ki, külək mən getdiyim yolun əksinə tərəf üzür, üzümə sürtüb gedirdi. Hardasa uzaqlarda məni nəyinsə gözlədiyinə əmin idim. Çünki bu qədər hadisə təsadüf üzündən ola bilməzdi. Arzuladığım kimi də oldu: günəşin başımı salmağa məcbur etdiyi vaxtda gəmi adanın sarı torpağına dəyib yavaşlayaraq dayandı və məni bağlayan zəncirlər açılıb yerə düşdü. Hadisələr ard-arda baş verdi. Sahildəki isti qumun üstünə ayağımı atan kimi bir qız çıxdı qarşıma. Əvvəlcə duruxub qalsam da sonra məsələ aydınlaşdı. Qızın kim olduğunu yəqin ki, siz də anladınız. Onun gözlərindən kədər yağırdı. Qızla çox az söhbət etdim. Aydınlaşdırdım ki, kapitan onun atası imiş və mən necə olub ki onu tanımamışam, axı şəkillərini bir neçə dəfə göstərmişdi mənə. Qüruruna sığışdıra bilməmişdi məni tapmağı ona görə də belə etməyə məcbur olub. Özü bunu etiraf etmək istəməsə də dilindən qopardım çətinliklə. Bax belə. Hər şey onun danışdığı kimi də baş vermişdi. 5 ildən sonra görmək istəyib məni və atasına belə bir tamaşa qurmağı tapşırıb. Kapitan isə 1 günlük müharibə düz-qoş edib.

 

Qeyd: Hesablamalarıma görə hələ mənim orada olduğum vaxt bu savaşda 400-ə yaxın dənizçi öldü. Yaxşı ki, tarix var yoxsa mən artıq deməyə hazırlaşırdım ki, belə savaş olmayıb. Və bu hadisələr mənim onunla son bir dəfə görüşməyim üçün təşkil olunmuşdu. Bu oyundan o savaşda kapitandan başqa heç kəsin xəbəri yox idi – nə sağ qalan, nə ölən dənizçilərin. Heç onların analaranının belə xəbəri yox idi. Təbiidir ki, indi bunların heç bir mənası yoxdur əsas odur hal-hazırda rahatam və sakitəm.