Sim-sim.az

İsmayıllı Bilik Evində dərslər davam edir

1

İsmayıllı Bilik evində Rus dili üzrə ödənişsiz kurslarda dərslər davam edir. İlkin olaraq müraciət edən gənclərdən 15 nəfəri təlimlərə cəlb olunub. Müəllim Aygün Qurbanova dinləyicilərin xarici dilə xüsusi maraq göstərdiklərini, dərslərdə böyük həvəslə iştirak etdiklərini vurğulayıb. A.Qurbanova onu da deyib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu kursun bütün iştirakçılarını zəruri dərs vəsaitləri ilə təmin edib.

İsmayıllı Bilik evinin direktoru Sevinc Novruzova müraciət edənlərin sayının çox olduğunu, sosial sifariş əsasında kursun davam edəcəyini söyləyib. O bildirib ki, kursun sonunda imtahandan uğurla keçən dinləyicilərə Bilik Fondunun sertifikatları təqdim olunacaq. Tezliklə Bilik evində İngilis dili üzrə ödənişsiz kurslar təşkil olunacaq.

Təlimlərə qatılan gənclər Fondun bir sıra maarifləndirici layihələrində də yaxından iştirak edəcək, müxtəlif elm sahələri üzrə mühazirələr dinləyəcəklər, mütəmadi olaraq ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri ilə görüşlər təşkil olunacaq.

İsmayıllı Bilik evi ilə yanaşı, Bilik Fondunun artıq Qax, Oğuz, Şəmkir və Nardaran Bilik evləri əhalinin xidmətindədir.