Sim-sim.az

İtalo Svevo – “Zenonun özünüdərki”

italo_svevo_2

"Əgər hər kəsin oxuduğu kitabları oxuyursansa, hər kəsin düşündüyü şeyləri düşünürsən", yazıçı Haruki Murakaminin bu fikri ilə razılaşmayan da ola bilər. Hər bir halda gənclərə Dori Lessinqin tövsiyəsini xatırladım: "Zamanı gəlməmiş, bir kitabı heç vaxt oxumayın".

Aylar əvvəl facebook sosial şəbəkəsi dostlardan biri sürətli oxu layihəsinə davam etmək təklifini irəli sürərkən "Aydınlanma səyahəti" kitabı üzərində işləyirdim. Sürətli oxuya zaman-zaman əməl etdiyimiz üçün həmin təklifi ertələyə bilməzdim. Dost mənə Norveç Nobel İnstitutu, Norveç Kitab Klubu ilə birlikdə 2002-ci ildə tərtib olunmuş bir siyahı təqdim etdi. Siyahı 54 ölkədən 100-ə yaxın məşhur yazıçının rəyi əsasında "Bütün dövrlər və xalqların ən yaxşı kitabları" adı ilə tərtib olunmuşdu. Siyahıdakı kitabların çoxu ana dilimizə tərcümə olunmamışdı və siyahıdan bir kitab seçilməsi istəndikdə, mənim seçimim, həmin vaxtda üzərində işlədiyim kitaba yaxın mövzu olması fikri ilə İtalo Svevonun "Zenonun özünüdərki" (La coscienza di Zeno) əsəri oldu. Beləliklə əsərin rus dilində olan elektron versiyasını tapıb oxumağa başladım. Əvvəlcə yazıçı haqqında qısa məlumat verim, sonra psixologiya sevənlərə maraqlı gələcək bu psixoloji roman haqqında danışacağam.

Əsil adı Ettore Şmits olan italyan yazıçısı və dramaturqu İtalo Svevo (1861-1928) İtaliyanın Triest şəhərində yəhudi ailəsində doqquz uşaqdan beşincisi olaraq dünyaya göz açmışdı. Gənc yaşlarında ticarətlə məşğul olub, ədəbiyyata isə otuzlu yaşlarda gəlmişdir. Yaradıcılığının ilk illərində yazdığı hekayələr və roman ona elə bir uğur gətirməmişdi. Yalnız Z. Freydin psixoanalizi ilə tanışlıqdan sonra İ. Svevo dərin təsirlənərək yaradıcılığında dönüş edə bilmişdir. Məhz həmin dövrdə, 1923-cü ildə "Zenonun özünüdərki" (orijinal adı La coscienza di Zeno) psixoloji romanı nəşr edilmiş və müəllifə layiq olduğu şöhrəti gətirmişdi İ. Svevo 1928-ci ildə yol qəzası zamanı dünyasını dəyişmişdir.

Romanın süjeti

Roman Zenonun həkiminin Zeno tərəfindən yazılan gündəliyinin təqdim edilməsi ilə başlayır. Həkim qeyd edir ki, mən bu gündəlikdə xoşagəlməz sözlərlə anılan bir həkiməm. Xəstəmə öz həyat hekayəsini yazmağa psixoanalizə köməyi olması üçün mən məcbur etmişdim. Həm də bu gündəliyi yayınlamaqda məqsədim, müalicəni yarım buraxdığı üçün xəstədən intiqam almaqdır.

Xəstənin gündəliyində hadisələr normal gündəlikdə olduğu kimi xronoloji ardıcıllıqla düzülməyib. Bunun əvəzinə bir neçə başlıqlar konkret mövzulara görə yazılıb (Siqaret narkomanlığı, Atanın ölümü, Mənim nigah tarixim və s.) Yalnız ən son hissədə Birinci Dünya Müharibəsi dövründə günlərin tarixi ilə verilmiş real gündəlik təqdim olunub.

Zeno ilk hissədə özünün siqaret narkomanlığı haqqında yazır. Uşaqlıqda başlamış bu vərdişini təhlil şəklində oxucuya çatdırır. "Sonuncu siqaret" problemi 20 yaşındaykən olur. Həkim müayinəsindən sonra xəstəliyə tutulduğu məlum olur və ona müalicə ola bilməsi üçün siqaretdən uzaq durması tapşırılır. Zeno qərar verir ki, artıq siqareti atmalıdır, çünki sağlamlığı üçün təhlükə yaranıb. Hər dəfə "sonuncu siqaret" adıyla çəkdiyi siqaretə növbəti gün yenə qayıdırdı, indi də "sonuncu siqaret"dən əziyyət çəkməyə başlamışdı. Bu acı verən vərdişdən qurtulmaq üçün müxtəlif yollar yoxlayır, həyatının vacib günləri tarixində sonuncu siqareti atacağına söz verir, daha başqa tarixlər seçib qərar verir, "sonuncu siqaret" heç cürə sonuncuya çevrilə bilmir, uğursuzluq davam edir. O hətta bu bəladan qurtulmaq üçün klinikaya da yatır, ancaq faydası olmur, ordan da qaçır.

Zeno orta yaşlara çatdıqda atasının səhhəti pisləşir. Bu səbəbdən o, atasına daha yaxın olmağa başlayır. Atasının ölümü zamanı yanında olur.

Nikahla bağlı xatirələrində Zeno gələcək qaynatası, ağıllı və uğurlu iş adamı, dörd qız Ada, Auqusta, Alberta və Annanın atası Malfenti ilə tanış olur. Qızlardan gözəlliyinə görə seçilən Adaya aşiq olur, ancaq Ada onu seçmir, Zenoya rəqib sayılan Quidonu seçir. Zeno bundan sarsılsa da, zaman itirmədən digər bacı Albertaya evlilik təklifi edir. Alberta da bu təklifi rədd edir. O zaman Zeno çarəsiz vəziyyətdə Auqustaya evlilik təklifi edir, Auqusta dərhal qəbul edir, çünki Zenoya aşiq idi. Tezliklə gənclər evlənirlər və Zeno başa düşür ki, o da Auqustanı sevə bilər. O, hətta təəccüblənir ki, onun Auqustaya qarşı olan sevgisi güclənir. Bununla yanaşı Zeno həm də kasıb bir müğənni qız Karla ilə tanış olur və onunla görüşməyə başlayır. Zeno arvadına xəyanət etsə də, Auqustanı sevməyə davam edir. Həmin dövrdə Ada və Quido da evlənirlər. Malfenti xəstələnir. Günlərin bir günü Karla ərköyünlük edərək Quidonun arvadını görmək üçün israr edir. Zeno Karlanı aldadaraq Auqusta əvəzinə onu Ada ilə görüşdürür. Karla Adanın gözəlliyini gördükdən sonra kədərlənir və bundan sonra Zeno ilə münasibətlərə son qoyur. Dediyim kimi roman təəccübləndirici paradokslarla doludur.

Süjeti sona qədər yazmıram, sonrakı hadisələrdə oxuculara maraq qalsın.

Roman haqqında düşündüklərim

Qeyd edim ki, roman psixologiya, psixiatriya sahələri üzrə oxuyan tələbələrə, ümumən, bu sahələr üzrə yüksək səviyyəli ədəbiyyat axtaran oxucular üçün tam bir xəzinədir. Ədəbiyyat dünyasında Zeno Kozini obrazı Migel de Servantesin Don Kixot obrazına bənzədilir. Həm Zeno, həm də Don Kixot xəyallar dünyasında yaşayırlar. Don Kixot dindar bir cəngavərdir, Zeno isə müasir bir burjuadır. Don Kixot insanlığa xidmət etmək istəyir, bir şeyləri düzəltmək istəyir, amma uğursuzluğa məhkumdur. Zeno isə yalnız özünə xidmət arzusundadır və necə olursa, uğurlu nəticələr əldə edir. Bütün istehzalarına baxmayaraq "Zenonun özünüdərki" paradokslu olaraq həm də ciddi və fəlsəfi bir kitabdır.

Romanda komediya ilə faciə iç-içədir. Hadisələri oxuduqca həm gülür, həm də kədərlənirik. Əvvəlcə siqaretdən qurtulmağa çalışan qəhrəman, klinikaya yatdıqdan sonra da klinikadan qurtulmağa çalışar. Daha sonra hər birinin adı A hərfi ilə başlayan bacılara evlənmə təklifi edər. Əvvəl gözəl Ada rədd edincə, digər bacı Albertaya, o da rədd edincə Auqustaya evlənmək təklif edər, həm də bütün bunlar yarım saatın içində baş verər.

Zeno obrazı romanın baş qəhrəmanı olsa da, əslində bir antiqəhrəmandır. Bunu biz romanı oxuduqca şahid oluruq, yalançı, qeybətcil, zaman-zaman fitnəkar, hiyləgər, təkmənci (solipsist), qərarsızdır. Bütün bu pis xüsusiyyətlərinə baxmayaraq Zeno obrazı oxucuda ona qarşı nifrət hissi oyatmır. Nə siqareti buraxmadığına görə ona əsəbləşərsiniz, nə də digər pisliklərini həyata keçirəndə. Çünki o, özü yetərli qədər özünü günahlandırmaqda davam edir. Hətta etiraf edim, adətən ədəbi əsərləri oxuduğum zaman obrazları həyatda rastlaşdığım və ya haqqında eşitdiyim real obrazlarla qarşılaşdırıram. Zenonun romanda hekayə etdiyi bir hərəkəti məndə əvvəl ikrah hissi oyatdı, ancaq sonra bu hərəkətini anlamağa çalışdım. Ada tərəfindən rədd edilən Zeno bir qürurlu kişi olaraq həmin yerdən uzaqlaşmalı idi, Zeno isə bunu edə bilmir, əksinə orda qalmağa, hətta bacılardan hansı razılaşarsa, onunla ailə qurmağa qədər addım atır. Üstəlik, niyə belə etdiyini də açıqca etiraf edir, rədd edilmiş birisi kimi Adanın yanında qalmaqla ona yaxın olmağa və öz eqosunu bu cür təmin etdiyini bildirir. Oxuduğum ədəbi əsərlər içərisində bir kişi obrazının bu qədər açıq etirafına rast gəlməmişdim. Hesab edirəm, İtalo Svevo romandan əvvəl Freydin psixoanalizi ilə tanış olmaqda uğurlu addım atmışdır. Roman boyu Zeno özü-özü ilə oyuna davam etməkdədir. Hafizəsinə əziyyət edib bütün xatirələri canlandırmağa çalışır, sorğuya çəkir, gah özünü öyür, gah günahlandır, gah da etdiyi hansısa əmələ haqq qazandırır.

"Zenonun özünüdərki" romanında Zeno obrazının həyat tərzi ilə yazıçının öz həyat tərzi bir nöqtədə kəsişdiyini düşünənlər də var. Svevo da sanki Zenonun siqaretdən qurtulmağa çalışdığı kimi öz ədəbi fəaliyyətinə son qoymağa çalışırdı. Svevo bir iş adamı idi, aktiv həyat tərzi, insanın rahatlığını qaçıran bu cür həyat ona yazı yazmasına son qoydurmuşdu. Buna baxmayaraq Svevo da yazı yazmaqdan heç cürə imtina edə bilməmişdir. Özünü anlamağa və həyatı dərk etməyə çalışmışdır. Bəlkə elə bu çalışmadan da Zeno obrazı yaradılmışdır.

Əsəri aprel ayında oxumağa başlayıb bitirmədiyim üçün yeni tamamladım. Həmçinin özümü də təhlil etdim, anladım ki, mən də heç cürə yarım qalmış işlərin eləcə yarım qalmasını sevməyənlərdənəm. Roman mənə təbii ki, bir şeylər qatdı, ancaq hamısını indiki anda söyləmək çətin olur, həzm olması üçün zamana ehtiyac var. Bütünlükdə belə bir romanı oxuğudum üçün məmnunam. Azərbaycan dilində olmayan "Zenonun özünüdərki" psixoloji romanı haqqında az da olsa oxuculara məlumat sızdıra bildiyim üçün ikiqat məmnunam.

Arzu edənlərə və maraqlılarına xoş mütaliələr!


Romandan seçdiyim cümlələr


İstənilən son qərar hər zaman rahatlayıcıdır, sanki bizi zamanın axışından siyirib çıxarır.
***
Sahiblənmək istədiyin qadının yanındasansa, başqaları üzərində öz üstünlüyünü nümayiş etdirmək fürsətini əldən qaçırmaq çətin olur.

***
Qadın – qiyməti istənilən birja qiymətindən tez-tez dəyişən əşyadır. Alberta bu yerdə əşya sözünü yanlış qəbul edərək məni düzgün başa düşmədi. O zaman mən daha aydın izah etməyə başladım: eyni bir qadın səhər çox qiymətli ola bilər, günorta heç bir qiymətə dəyəri qalmaz, axşamüstü ikiqat bahalaşar, gecə isə neqativ bir qiymətə bərabər olar. Neqativ qiymət budur ki, kişi nə qədər olursa, olsun çox ödəniş edər ki, qadın uzaqlara getsin.
***
Mən təmamilə başımı itirmişdim və sanki yağlı tikəsi əlindən alınmış bir köpək kimi qəzəblə dişləməyə hazır vəziyyət alaraq dedim: – Sənin ərinin gözəl mədəsi var! Bu gün o məni həzm etdi, sabah da sənin arzu etdiyin hər şeyi həzm edəcək! Mən öz ifadə etdiyim sözləri pis eşidirdim. Sadəcə hiss edirdim ki, ağrıdan bağırıram.
***
Qadınların nə istədiyini anlamaq kişilər üçün asan deyil, dahası onlar özləri də çox vaxt bunu anlamırlar. 
***
Göz yaşları bəzən fəryadı əvəz edir. Çığırmaq istəmirdim, ona görə də nə deyəcəyimi də bilmirdim. Ancaq onu sakitləşdirməliydim – və mən ağladım.
***
Heç bir zaman sakit ola bilməmək, hesab edirəm, mənim taleyimdir.
***
Həyat davamlı bir yuxarı dırmanmaqdır. Kimsənin əməyinə və ürəyinə basmadan qalxmaq dırmanmağın insani olanıdır. 

Ceylan Mumoğlu