Sim-sim.az

Səfiyar Məcnun – “O körpənin nə istədin canından?”

sef

Başına düşmürmü silah səsləri?
Doymadınmı şəhidlərin qanından?
Doğulmaqla can verməyi bir olan
O körpənin nə istədin canından?

Nə cavab verərsən o körpəyə sən?
Yapışıb yaxandan, zillənib sənə,
Əgər söyləsə ki, anamın südü
Sənin cənnətindən dadlıdır mənə.

Yoxsa onudamı sınaq edirdin?
De nə keçir sınaqlardan əlinə?
Heç imkan vermədin o anaya sən
Sığal çəkə körpəsinin telinə.

Anlamıram sənin sınaqlarını,
Sən axı hər şeyi əzəl bilənsən.
Bilirsən çıxacam necə sınaqdan,
Onda məni niyə sınaq edirsən?!

Anlamıram sənin qərarlarını,
Minlərlə peyğəmbər yaradan da sən,
Ömər Xəyyam, İmaməddin Nəsimi,
Kefli İsgəndər yaradan da sən.

Anlamıram, anlamaq istəmirəm,
Yüz iyirmi dörd min kəz qərar vermisən.
Yaratdığın insanı dörd kitabla,
Qırx min dəfə sən dörd yerə bölmüsən.

İftarına üç nəfərə bir dəvə,
Bişirən ərəblər sənin deyilmi?
Suriyada, Afrikada acından
Qırılan körpələr sənin deyilmi?

Mənə ixtiyarı verən də sənsən,
Alnıma yazını yazan da sənsən.
Doğurdan da ruzi verən sənsənsə,
Ayağım altını qazan da sənsən.