Sim-sim.az

Təqvimdə 23 noyabr

Üzeyir Hacıbəyli

Azərbaycanın peşəkar musiqi sənətinin və milli operasının banisi, bəstəkar Üzeyir Hacıbəyli 1948-ci ilin 23 noyabrında Bakıda vəfat edib. O, 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. Onun dünyagörüşünün formalaşmasında bu seminariya böyük rol oynayıb. Hacıbəyli seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olaraq, Avropa musiqi klassiklərinin əsərlərini mənimsəyib, skripka və baritonda çalmağı öyrənib və xalq mahnı nümunələrini nota köçürüb. Qori seminariyasında Üzeyir Hacıbəyli gələcəkdə Azərbaycan opera musiqisində öz sözünü deyəcək Müslüm Maqomayev ilə tanış olub. Seminariya illərindən başlanan dostluq sonralar həm də qohumluğa çevrilib. Üzeyir Hacıbəyli və Müslüm Maqomayev Terequlovlar ailəsi ilə qohum olublar. Belə ki, Üzeyir Hacıbəyli Məleykə xanımla, Müslüm Maqomayev isə Badigülcamal xanım Terequlova ilə evlənib. Üzeyir Hacıbəyli bədii yaradıcılığa publisistika ilə başlayıb. O, dövrünün qəzet və jurnallarında "Ordan-burdan", "O yan-bu yan" və s. başlıqlar altında "Ü", "Filankəs", "Behmankəs" və başqa gizli imzalarla zamanın mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirib. “Molla Nəsrəddin” jurnalında da Üzeyir Hacıbəyli məzəli imzalardan çox istifadə edib: "Adı bəy, özü Filankəs", "Anaş Qurbağa", "Tısbağa", "Qatilov", "Behmankəs", "Cin", "Xoca Lələ", "Bızbıza", "Çoban", "Əqrəb" (ehtimal olunur), "Qaf", "Beş", "İdarədən", "Lal uşaq", "Bala uşaq", "Gendən baxan", "Gendən qulaq asan", "Yalançı" və s. Gülüş, yumor onun həm insan kimi təbiətinin, həm də ədəbi yaradıcılığının, o cümlədən publisistikasının başlıca keyfiyyətlərindən idi. XX əsrin əvvəllərində Azərbaycan mətbuatının aparıcı janrlarından olan felyeton Ü.Hacıbəylinin də publisistik fəaliyyətində əhəmiyyətli yer tuturdu. O, ilk operadan başqa musiqili komediyaların, instrumental müşaiyətli xor, orkestr, kamera-instrumental əsərlərinin, xoreoqrafik miniatürlər, romans-qəzəllərin və Azərbaycan Respublikasının Dövlət Himninin müəllifidir. Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə hər il bəstəkarın doğum günü – 18 sentyabr Azərbaycanda “Üzeyir musiqi günü” kimi qeyd olunur. Mətbuat səhifələrində, ekran və efirdə bu tarixi "Milli musiqi günü" kimi də qeyd edirlər.

 

Leyla Bədirbəyli

Xalq artisti, görkəmli teatr xadimi Leyla Bədirbəyli 1999-cu ilin bu günü Bakıda dünyadan köçüb. O, uşaqlığını İçərişəhərdə keçirib. Anası Bikə xanım Əli Bayramov klubuna – qadınların dərnəyinə gedirdi və qızını da özü ilə aparırdı. Leylanın incəsənətə marağı da o vaxtdan yaranmağa başlayıb. O, səhnəyə çox gənc ikən çıxıb. 16 yaşı tamam olmamışdan filarmoniyada solist kimi çalışıb, şəxsən Leyla üçün rəqslər səhnələşdirilib. "Toy" və "Bir dənəsən, bir dənə" rəqsləri məhz onun üçün nəzərdə tutulub. Filarmoniyada çalışdığı illərdə "Ayna", "Bakının işıqları" filmlərində çəkilib. 1941-ci ildə onu Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edirlər. İlk tamaşası Rəsul Rzanın "Vəfa"sı olur. 1945-cü ildə isə "Arşın mal alan" filmi çəkilməyə başlayır və aktrisa Üzeyir Hacıbəylinin dəvəti və təşəbbüsü ilə həmin filmdə rol alır. Onun ailə həyatı çox kədərli keçib. Belə ki, gözəlliyi dillər əzbəri olan böyük sənətkarımızın həyat yoldaşı Kamil Aslanov xarici ölkələrin birində yol qəzasına uğrayır. Həyat yoldaşını ürəkdən sevən Leyla Bədirbəyli üçün bu itkiyə dözmək çətin olur. Ancaq bu bəs etmirmiş kimi dərdinin üstünə bir dərd də əlavə olunur. Bir il keçməmiş böyük qızı Laləni Kukla Teatrının qarşısında maşın vurur. Bu iki faciədən sonra aktrisa için-için əriməyə başlayır…

 

Rafiq Tağı

Yazıçı, həkim-kardioloq Rafiq Tağı 2011-ci ilin 23 noyabrında Bakının 1 saylı xəstəxanasında dünyasını dəyişib. O, ilk gənclik illərindən bədii yaradıcılıqla məşğul olub. 1968-ci ildə ilk şeiri Masallının "Çağırış" rayon qəzetində, "Fərqanə" adlı ilk hekayəsi isə 1977-ci ildə "Ulduz" jurnalında çap edilib. Çoxsaylı şeir, hekayə, esse, məqalə, oçerk və portret yazıları Azərbaycanın və xarici ölkələrin ədəbi mətbuatında mütəmadi dərc edilib. Yazıları həmişə ictimai rezonans doğurub, ciddi polemikaya səbəb olub. 2006-cı ilin noyabrında "Sənət qəzeti"ndə dərc etdirdiyi "Avropa və biz" essesinə görə həbs olunub. 2011-ci ilin noyabrında bıçaqlanmasının da əsasən onun yaradıcılığı ilə bağlı olduğu ehtimal edilir. Yazıçı özü də xəstəxanada verdiyi müsahibələrində bu sui-qəsdin onun yazıları ilə əlaqəli olduğuna inandığını söyləyirdi.

 

Kürçaylı

(Visited 119 times, 1 visits today)