Sim-sim.az

Ürək sevgisi – Anar Məcidzadə

anar mecidzade

Sən buralardan çox uzaqlarda, hətta xəyallarımın belə gedib çıxa bilməyəcəyi uzaqlardasan. Mən isə yenə öz ünvanımda – hər an xatirələrinlə baş-başa qaldığım mənzilimdəyəm. Birgə şəklimiz də başımın üstündən asılıdır. Yadımdadır, biz o şəkli dekabrın son günü çəkdirmişdik – Yeni ilə bir gün qalmış. Hər dəfə ona baxanda sən yadıma düşürsən. Səninlə olduğum günləri, əllərinə toxunduğum anları, bir sözlə, hər şeyi xatırlayıram.

Aqşin yenə dəlicəsinə sevdiyi Səidəni fikirləşirdi. Onun xəyalları ilə danışırdı. Onlar məktəbdə eyni sinifdə oxumuşdular. Elə birinci sinifdə oxuyarkən bir-birinə vurulmuşdular. Əvvəllər bu məhəbbəti “uşaq sevgisi” adlandırırdılar. Sonradan bu “uşaq sevgisi” əsl məhəbbətə – ürək sevgisinə çevrildi. Elə bir məhəbbətə ki, Aqşinin yuxularına  haram qatırdı. Ailələri də bu sevgidən agah idilər və hətta toya hazırlaşırdılar. Ancaq bir gün Səidə təhsilini xaricdə davam etdirmək istədiyini dedi: “Aqşin bilirsən ki, biz neçə illərdir bir-birimizi sevirik. Mən də eşqimə sadiqəm. Ürəyim səndən başqa heç kəsi sevməyib və ömrümün sonuna qədər səni sevəcəm. Buna adın qədər əmin ola bilərsən. Mənim ürəyimdə bir nəfər var – o da sənsən. Ancaq təhsilimi Amerikada davam etdirmək istəyirəm. Bir neçə həftəyə gedəcəm: səndən bir müddət idi gizlədirdim bunu.”

Səidənin bu sözləri Aqşini bərk sarsıtdı. Nə qədər israr etsə də, Səidə fikrindən dönmədi. Aqşin Səidədən ayrı qala bilməzdi.

Səidə isə fikrində qəti idi və o fikrindən dönmədi – bir neçə həftə sonra ikinci təhsil almaq üçün Vaşinqtona yola düşdü.

 

***

Beləcə aylar aylara calandı, altı ay keçdi. Ayda bir neçə dəfə telefonla danışırdılar. Ancaq bir gün Səidə uşaqlıqdan arzuladığı xaricdə təhsil sevdasının Aqşinə duyduğu sevgiyə məğlub olduğunu anladı. O təhsilini yarıda saxlayıb, Bakıya dönmək və bu xəbəri zəng edib Aqşinə demək qərarına gəlir. 

 

– Salam, Aqşin necəsən?

 

– Sağ ol, əzizim. Sənsiz necə ola olacam? Sən gedəndən nə gecəm var, nə gündüzüm. Bir gün də mənə bir il kimi görünür. Sənsiz ürəyim qəfəsə salınmış bülbül kimidir, Səidə.

 

– İnanıram Aqşin. Mən də sənsiz çox, lap çox darıxıram. Sənə şad xəbərim var.

 

– Nə xəbərdir? – Aqşin həyəcanla xəbər aldı.

 

– Mən burdakı təhsilimi yarımçıq saxlayıb Bakıya qayıdıram. Hə, sənin yanına – bir gün belə fikrimdən çıxara bilmədiyim Aqşinin yanına qayıdıram.

 

Səidənin bu sözləri Aqşinin payız ömrünə bahar təravəti, həsrətdən qaralmış gözlərinə işıq gətirdi.

 

Anar Məcidzadə

Azərbaycan Yazıçılar Birliyinin üzvü