Sim-sim.az

Arəş SAİ – “Rəqs etdim bir az əvvəl güllələrlə…”

qas

Arəş Sai 1981-ci ilin payızında Təbrizdə anadan olub. Elektronik mühəndisliyi üzrə təhsil alıb. 1997-ci ilədək fars dilində şeirlər yazıb. 1998-ci ildən bəri türkcə ədəbiyyatla maraqlanan şair ana dilində yazmağa qərar verib. Bir müdddət jurnalist kimi fəaliyyət göstərən Arəş Sai  Güneydə çıxan “Yarpaq” qəzetində, “Yaşmaq” dərgisində, “Heydər baba” gündəliyində çalışıb. “SAAT 25” adlı şeir kitabı 2011-ci ildə Tehranda “Pınar” mətbəəsi tərəfindən yayımlanıb.  

Sim-sim.az  İlham Qəhrəmanın təqdimatında güneyli şair Arəş Sainin şeirlərini təqdim edir.

 

QAYIDACAQSAN

Qayıdacaqsan!

Bir qucaq ağ Gilayol1  qoynuma alacağam səni

Qarşında dağılmış bir quş topası

Boğazımızda titrəyən baxışların səsi

Araz uzunluğu yol çəkəcək gözlərimiz

İtəcəyik bir-birimizin gözündən bir an

Nağıllaşan bir ailə…

 

Qayıdacaqsan!

Danışacağıq birilərin yoxluğundan

-Olmamalıydı bu an

                                  … deyəcəyik!

Keşkələrdən olmayan keşkələr toxuyacağıq

Bir an xatırlayacağıq

Qəlblərimizin yavaşlayan tik-takını

Qocalan qol saatlarımızı

Və artıq

Gözlərdən qaytarılan baxışlar kimiyik.

Amma yox! Bacım,

daha nə öpüşlərimizin rəngini xatırlaya bilirik,

nə də yanaqlarımızın dadını;

Və zaman arxasında qalan hər şeyi süpürür…

Bircə yanlızlığa toxunmaz

Bircə didərgin düşən… son nəfəsini çağlayan… birisilərə!

 

Qayıdacaqsan!

De, bir də nədən danışacağıq

Axı biz bacı-qardaşıq,

Yəni, Təbrizdə doğulmuşuq ikimiz də,

Yəni, yağışın fərqi olmayıb bizə.

Eyni xiyabandan-küçədən dönmüşük evimizə,

Eyni qapı açılıb üzümüzə

Yəni, atamız yürüyürdü…, qabar böyüdürdü bu şəhərdə,

          anam kədər borc verirdi dərdə!

O lənət olası, aysız, cüzam tutmuş axşam

Bizidik payızdan öncə düşən yarpaq

Və günəşi görməyən göyərti

Bilmədim ilk səni andım yoxsa yoxluğunu!..

 

Qayıdacaqsan!

Yoxluğun ayrılığı anladan öyrətmən

Arazdan ilk təsvirim:

Uca boylu

Gözəl gələcəkli,

Əsmər bənizli,

Sənə oxşar,

Sarı gəlin dadında bir röya!..

Bilmədin nə çiçəkləri sevdi anam sənin yoxluğunda

Hamısını bacı səslədim

Hər biri bir payızın gəlini oldu

Yadındamı

Qərarsız günlərin idi

Məmləkəti qurtaracaqdın

Ölüm olsun – deyəndə, doğulmuşdum

Azadlıq – bağıranda, süd istəmişdim

Yaşasın – yaşadanda, ayrılmışdıq.

 

Qayıdacaqsan!

De görüm, bir də nədən danışacağıq?

Hər gün 17 dəfə anamın üzünü yerə salır göylər…

O günləri unuda bilməyəcəksən

Ananın ürəyi sənə əsirdi

Səninsə ürəyin özgə bayrağa

Amma, lütfən, özünü bağışlama

Sevdiyin bayraqda

Dərilmişdi ana

Biçilmişdi vətən

Çoxdan qana batmışdır sevdiyin bayraqda oraq…

 

1 – qəbrüstə qoyulan ağ çiçək

ANA

Ayağımı çəkdilər

Üzümüstə yıxıldım

Gözüm qanadı amma,

Daha ağlamadım, ana!

Böyüdüm böyük dağlar ətəyində

Oynadım dumanlarla

Buludlarla ağlaşdım,

-varlığımsan, ana!-

Tüm daşlara pıçıldaşdım.

Bundan belə dönməyəcəyəm bir daha

calamayacam yorğunluğumu əlinə, ana!           

Nə olar mənə baxma, duyarsan susqunluğunu

İllər boyu yaşarsan belə, nə olar… baxma bədənimə!

İndisə mən

40 günlük tamarzı çiçəyi açıldım ürəklərdə.

Ana!

 

Qançırlı görsən gözlərimi

Və qandalla əllərimi

Yanında otursam, belə batum1 yeməkli

Ağlama, ana!

 

Göz yaşlarını nifrətlə qurut

Basdır gözlərini

Tanrı görməsin belə.

Ölüm xoruzu banladıqda

Ürəyimi qussam ovcuna

Tapşırığımdır sənə –

Yetir adaxlıma

Yetir bə ona!

Darıxma, ana!

Gözlə məni, ana!

Gözlərinin hər yumuluşunda durmuşam

Gələcəyəm hər gecə pəmbə yuxularına

Ayla basdıracağam göz yaşlarını

Bağrımda becərdəcəyəm sabahlarını

Geciksəm belə

Gecə boylu bir məktub…

Torpaq toyumdur, ana!

Ardımca su səp baxışlarını

Tanrıya tapşır bə məni!

Ana, öpənmədim son dəfə səni,

İndisə, ağ geyimli, ağ güllüyəm!

Ana, gəlin də mən oldum, bəy də

Dağları əy başıma

Torpaq toyumdur, ana!

Dans etdim bir az öncə qurşunlarla…

Ana! Ayağa dur, ana!

Bilirəm dönəcəksən

Daşımın darıxmasına, mənə

Yamanlığa çəkdirsəm ahını

Halal et

Tanrı boylu, ana!

Torpaq namuslu ana!

Torpaq namusumdur, ana!

Halal et

Bilirəm

Yaşam dağını dağ bürüdü, ana!

Ardımca su səp baxışlarını

Ana! Ana! An, ana!

1 – polis dəyənəyi

 

 

***

Təkcə tirənlər, avtobuslar qaplarını açdılar üzümə,

təkcə xiyabanlar izin verdilər keçməyimə,

nə anam oldu dərdlərimi söyləyəm bağrına,

nə atam oldu söyəkənəm qayalığına,

Gördüklərimdən

yanlız yağışı sevdim

nə səsindən qorxdum,

nə də gəlməsindən,

ilk toxunduğunda mənə

illər öncə unudulan, bürgələnmiş1 bir küçədəydim 

Təbriz küçəsindəydim

iki divar arasında

uca

və pəncərələri az qala qanad tuta

biri yaşasın deyə sərt dayanmışdı,

biri ölüm olsun deyə,

keçəmmədim heç birindən

sındım

qum-saatı kimi

sovruldum zamanın kor döngəsində

nə yumruğumu toplaya bildim,

nə də dodaqlarımda gülüşü.

yalnız sərçələrə baxdım

meydan oxuyarkən azadlığa

yalnız yağış toxundu

bir də yarpaqlardan enən payız.

1-əzik-üzük                                                  

 

***

O son görüşün axşamı

Hələ xal düşməmişdir üzümə qanı

Mənə ömürlük yadigarı,

Soyunmuşdu dünyanı əynindən

Qüsl verdı suları gövdəsilə

Həyat çiyinlərində

Yüngülləşirdi anılar

Kəpənəkləndi beynində nələr – əzizlər,  bizlər,

Gülümsəyərək, soyunun məni əyninizdən – dedi

Qüsl etdik

Arıdıldıq gövdəsilə arıdılan sularla

Baxışının ağırlığı çiyinlərimizdə

Dizlərimiz titrədi …

 

O son görüşün sabahı

Sahər saat beşdən azca qabaq

Birimiz ona xoş yol arzuladıq

Birimiz Fereydunun1 qurumuş roz gülünü

Bəslədik köksünə

Birimiz dolduq gözlərə…titrədik

Birimiz dinə bimlədik gözlərinin cəsarətindən

 

Səhər saat 5-ə beş addım qalan

Arzularını gül-gül

Gülə-gülə

Dərdi ürəyindən

Tapşırdı əllərimizə

Amma baxçasını heç kimsəyə.

Son sözü anasınaydı:

-Ana, apardı quşlar balanı.

Bükdü varağı

Büküldü baxışların beli

Dəniz param-parçaydı gözlərimizdə

Qucaqlaşdıq ayrılığa…

 

Saat 5

Ayın yorğunluğunda,

Günəşin yoxluğunda

Betondan ağır addımları üzərimizə endi

Endik

Azca sonra

Yoxluğuna

Edam ağacı durdu ayağına

Duru

Edam ağacı arxalandı qüruruna

Tüfənglər qalxdı

Sankı 11 əlin nazılar tək salamıydı ona

Daraldı 11 gözün qarası, kiçildi ağı

Amac oldu gövdəsi

11 göz qurudu heybətində

Dalı oturdular qorxaq maşalar

Xal düşdü üzümə qanı

 

İllərdir daşıyıram yadigarını

Adlarını soruram  gördükcə quşları

Baxçasında bitən çiçəkləri iyləyirəm

Amma bir yarpaq belə dərməmişəm gövdəsini…

1 – Firudin İbrahimi

 

***

Yoxuydun,

bir axşam çağı

Günəşi başından açıb sərmişdin dənizə – dedilər,

Mənsə sahildə

dənizi yorğan çəkmişdim üstümə.

Dəniz çırpınırdı qulağımda,

Aylı bir gecəyə hazırlanırdı bəlkə də

çırıl-çıplaq olaya…

Günəşin səsini dinləyirdi dəniz,

gecədə qorxurdu bir az…

 

Bir aylı gecəydi

düşdün gözümə,

eşitdim aydın anlarımı sabahlarda

Gövdəm dalğalanırdı

andım bir yay axşamını

saçların əsdi şairlər bağında.

 

Ağaclarda fəsillər əsdi, fəsillər

Gizlicə əsdirdim arzularımı ətəyinə,

İnciməyəsən,

duysan bəlkə mən olmayanda birdən

Şəhriyarın belə ürəyi titrədi…

titrədi şəhərin ürəyi

Sanki xəyalını göndərdi Şəhriyara yarı.

 

“Əlan1 sənə çay demişdim”

Qulağına əsdi yarpaq-yarpaq şeir, Şəhriyar.

 

Dənizə srılıb gözəlliyin sahildə

Ay yanaqlarından

Mənlə dənizə bir pay

Gecələrimiz səndəndir

pay-pay

yuxuydun dünən

gözəlliyin üzürdü dənizi

dəniz boyu məni…

1-indi, bu an

 

***

Hakimin fışqasıyla başlayacağıdı yarış

əl-ayağını itirmişdi əqrəblər

tələsirdi bayraqlarda rənglər

çoxdanıydı qan içməmişdi qırmızılar

çox yaşıl yaşamışdı yaşıllar

göy çoxdanıydı göylərdə üzürdü

hər nə həddindən artıq var olmuşdu

bir addım yoxluğa

pis deyildi çox da

Hakimin yoxluğunda başladı savaş

Ölümə oxşayanlar hamısı vağzaldaydılar

– Gəl, oğlan! … yaman yaraşır ölüm əyninə.

– Sən… əlin başına çoxdur, təyyarələrə lazım.

– Sən… ayaqların yorubdur gövdəni, dincəlt minləri.

– Sən… gözlərin quşlar kimi qəribdir öz ölkəndə.

Əsgərlər

tüfənglərin qundaqlarını bağırlarına çəkdilər,

Analar

qundaqda yatan körpələrini.

Əsgərlər

anaların döşlərindən həzz alırdılar

Körpələr

tüfənglərin əmziyindən barıt əmirdilər

Analar

həyəcan, qorxu, iztirab, nifrət, kədər, həsrət, ah

Hər şey doğurdular analıqdan başqa

Analar savaşın qapqara

Qurşundan isti xəbərləri…

 

Dünya ikinci savaşıydı

21-inci əsrə mirasıydı

Titrəyirdi yer kürəsinin əl-ayağı

Başlar atom bombası

Ayaqlar tankların dəmir başmaqları

Əllər təyyarələrin qanadı

Sinələr Çin divarı

Gözlər qatarlanmış güllələr

İnsanlıq amacıydı

İnsansa vəsilə

 

Dünya ikinci savaşıydı

Buludlar qapı altından süzüldülər evlərə

Topraq oturdu ayın ulduzun gümüşlüyünə

Yaman qarışmışdı hər nə bir-birinə

Vağzallarda tələsirdi ölüm əsgərliyə

Nəfəslər dayanmışdı səngərlər dalısında

Yer bəzənmişdi cənazələrlə

Cənazələrsə bəzənmişdi

hindistanlı qadınların

alın ortası xallarıyla

Sol göz Arazın o tayında

Sağ göz Arazın bu tayında

Qıpqırmızı çaylar coşurdu alınlardan

Yanar dağlar ağızlardan

Qan dağları, dağ qanları

Yenidən yaranırdı dünya ayrılıqlarda

Yeni dünyalar yaranırdı ayrılıqlarda

İki əl, on barmaq, bir bayraq

Aman istəyirdi aman;

İki əl, dörd barmaq, bir bayraq

“Viktory” bağırırdı…

 

Dünya ikinci savaşıydı

Köçürdü gözlər, çökürdü dizlər, ötürdü izlər

Quşlar qoltuq ağaclarıyla yürüyürdülər

Uçurdular… amma cənazələrin kabuslarında

Yalnız yürüyürdülər yalnız

Yalnız quş adlanırdılar uçamadıqları üçün bəlkə…

 

Hələ Hindistanda salamatıydı

Tutilər, məbədlər, fillər,

Yalnız dünyadan xəbərsiz Murtaz

Dünya ikinci savaşının xəbərindən

Od aldı beynindən                

Alov çəkdi batılar tək.

 

Dinmədilər tutilər,

Çıxmadı Tanrı məbədindən

Eşitmədi fillərin fil qulağı

Ancaq bir an

Dayandı partlayış anında zaman, diksindi cahan

Kurtaj oldu Yapon qarnında Xirosimayla Naqasaki

Nə yaxşı, yaman qurtardı Eynşteyn dünyanı!

Bölünmədi dünya Yaponla Alman arasında!

Hakim çalmışdı deyəsən fışqanı

Qurtulmuşdu bu oyun da…

 

İllər savaşdan sonra əlimə çatan fotolar

Hələ qorxurdular özlərində yaşadan

Savaş insanlarının yaşamasından

Gözəl cinayətlərdən

Bomba doğulan körpələrdən

Baş uca yaşayan edam ağaclarından

Fotoqraflar

Bağırırdılar… sis

Çağırırdılar… sus

Sərgidən çıxanlar:

-Vaaaay! nə gözəlmiş – deyirdilər …