Sim-sim.az

Bəxtiyar Muğanoğlu – “Görsəydi bu gündə dədələr bizi…”

hasret

Sim-sim.az  İlham Qəhrəmanın təqdimatında güneyli şair Bəxtiyar Muğanoğlunun şeirlərini dərc edir.

 

Güneydən gələn xəbər acı oldu. O taydakı  Muğanın şair oğlu Bəxtiyar Muğanoğlu bizi sözün həqiqi mənasında yasa batırdı. Rəhmətlik şairlə 1999-cu ildə “Vahid poeziya evi”ndə tanış olmuşduq. O vaxtdan bəri hər görüşümüzdə söz versə də, bu taya adlamaq Bəxtiyara bir daha qismət olmadı.  Onunla sonuncu dəfə bu ilin may ayında Parsabadda görüşdük, səhhətində ciddi problem olduğunu mənə deməmişdi, ya da heç özü də bilmirmiş. Amma, yayda Tehranda boğazından (şair boğaz xərçəngindən dünyasını dəyişib) əməliyyat olduğunu eşidib zəng etdim. Əməliyyatdan sonra vəziyyətinin yaxşı olduğunu deyib məni yenə Parsabada dəvət etdi. Hər gedəndə məndən Məsiağa Məhəmmədini soruşar, təzə çap olan kitablarından ona pay göndərərdi. Evinin üçüncü mərtəbəsi onun yaradıcılıq otağı idi. Burda həm də şairin kitabxanası yerləşirdi. Kitabxanasında bu taylı şairlərdən zövqünə uyğun gələn, ürəyinə yatanların kitabları da vardı. Dostları da o evdə qonaq edərdi. Qış ayları axşam saat 9-dan, yay aylarında isə yenə axşam saat 10-11-dən sonra Parsabadın saz-söz adamlarına papaq edib “o taydan şair gəlib” adıyla evində saz-söz məclisi qurardı. Bəzən belə məclisləri ehtiyyat üzündən şəhərdən kənara – kəndə salardılar  ki, görən olmasın. Özü də aşıqlara qoşulub saz çalar, şairlərlə növbələşib şeir deyərdi. Mən də bir neçə dəfə belə məclislərin şahidi və iştirakçısı olmuşam. Qonağa mürgü tutana qədər şeir dedirdərdilər. Çox qonaqcanlıydı – qonaqdan ötrü əldən-ayaqdan gedərdi. Muğanoğlunun  evi o taya gedən bu taylı şair və aşıq dostlarının ilk düşəlgəsi idi. Bu taylı qonaqların qabağına eviylə, süfrəsiylə, sazı, sözüylə çıxardı. Quzeydən xeyli şair, aşıq və elm adamıyla dostluq əlaqələri vardı.  Gözəl dost, gözəl insan, gözəl şairi itirdik.

Allah rəhmət eyləsin, qəbri nurla dolsun!

 

 

DARIXACAM

     (Şairin son şeiri)

Dostlar, sizdən ayrı düşdüm,
Sizdən sarı darıxacam.
Şirin-şirin o söhbətdən,
Sözdən sarı darıxacam.

Nəhs taleyim durdu başda,
Dərdə düşdüm mən bu yaşda.
Ömrüm bitdi qarlı qışda,
Yazdan sarı darıxacam.

Gözdən itib əkilməyən,
Çətinlikdə çəkilməyən,
Yad önündə bükülməyən
Dizdən sarı darıxacam.

Var-dövlətim olub talan,
Bu dərdlərdir mənə qalan,
Taleyimi daşa çalan
Qızdan sarı darıxacam.

Muğanoğlu, əzdirdiyim
Məclislərdə süzdürdüyüm,
Sinəm üstə gəzdirdiyim
Sazdan sarı darıxacam.

 

 

OĞLUM

           1

Vətən dərdin çəkən insan

Elnən dərdin bölər, oğlum.

El ağlasa, o da ağlar,

El güləndə gülər, oğlum.

 

Çalışgınan insan yaşa,

Ömrü hədər vurma başa,

Baxtın oxu dəysə daşa

Dər qucaqnan gələr, oğlum.

 

Bağında bar olmayanlar,

Əlində var olmayanlar,

Talehi yar olmayanlar

Nələr çəkər, nələr, oğlum.

 

İşarəni anan adam,

Mətləbi tez qanan adam,

Yanmıyana yanan adam

Vaxtından tez ölər, oğlum.

 

Muğanoğlu, bu nə səsdi?!

Ruzigarın niyə nəsdi

Az gileylən, daha bəsdi

Dərd ürəyini dələr, oğlum.

 

        2
Qanan ayağının külü, torpağı
Qanmazın başının daşıyam, oğlum.
Zalımın qəlbinə süngüyəm, oxam
Məzlumun gözünün yaşıyam, oğlum.

Sevib-sevilənin ürəyi canı,
Qoşmanın, qəzəlin şöhrəti, şanı,
Başdan-başa ulu Azərbaycanı
Gəzənin könlünün quşuyam, oğlum.


Yetən əyə bilməz – poladam, daşam,
Yurdun sevən gözə kipriyəm, qaşam,
Xalqı qoruyana dostam, qardaşam
Namusun, qeyirətin başıyam, oğlum.

Muğanoğlu, Ələsgərəm, Alıyam,
Vətənin dərdindən özum halıyam,
Göz bəbəyi kimi qorumalıyam,
Müxənnəs deməsin naşıyam, oğlum.

 

HABİL

Diləyir kamanın o dörd simində

Haqdan ellərinə amanı Habil.

Gah zamandan ötüb keçir qabağa,

Gah dala qaytarır zamanı Habil.

 

Yüz min illik yolu bir anda kəsir,

Hər duyan ürəyi eyləyir əsir.

Sevgililər görüşməyə tələsir

Götürüb çalanda kamanı Habil.

Çaxnaşır, birbə-bir gedir fəslimiz,

Yada düşür ötüb keçən nəslimiz.

Kərəmlə vüsala çatır Əslimiz,

Çalır eşq odunda yananı Habil.

 

Dəniztək kükrəyib çağlayıb daşır,

Yaşıl meşələrdən, dağlardan aşır.

Həsrət qalan el-obanı dolaşır

Ağlayır el dərdin ananı Habil.

 

Kim sağaltsın ürəklərin yarasın,

Çal düşünək ayrılığın çarasın.

Muğanoğlu haçanadək arasın –

Həsrət qala-qala cananı, Habil ?!

 

BİZİ

 

Yəqin keçməzdilər günahımızdan

Görsəydi bu gündə dədələr bizi.

Bizdə qeyrətə bax, bizdə ara bax,

Didərgin eyləyib gədələr bizi.

 

Qonşular əlindən qaralanmışıq,

Eldən ayrı düşüb aralanmışıq.

Gör bir neçə kərə yaralanmışıq?!

Öldürər daha bu zədələr bizi.

 

Muğanoğlu, düşman bir an da yatmır,

Vətən darda qalıb əlimiz çatmır.

Bu dərdlər bəs niyə bizi oyatmır,

Yağı gecə-gündüz hədələr bizi.

 

ŞAİR ÜRƏYİM

Güzgüdən durudur şair ürəyim.

Onu Haqq yolunda düz eyləmişəm.

Dağ da dözə bilməz mən çəkən dərdə,

Mən dözüb dərdimi yüz eyləmişəm.

 

Nə şöhrətə, nə də ada uymadı,

Qadir Allah onu xəcil qoymadı.

Çoxları haqqını yedi, doymadı

Mən də həqiqətə üz eyləmişəm.

 

Eşqin dəryasından dolub səhəngim,

Nə qalam var, nə də topum, tüfəngim,

Qələm dəryasında vardı nəhəngim,

Muğanoğlu yazıb söz eyləmişəm.

 

KƏRƏMİ

Aşıq, sazı götür, qoyma amandı,

Gədiklərdə qara bata Kərəmi.

Susma, köçün saxla Qara Məlikin,

Çalış Əsli xana çata Kərəmi.

 

Əslinin karvanı düzülüb gedir,

O xumar gözləri süzülüb gedir,

Bax, əli yarından üzülüb gedir.

Qoyma gecə-gündüz yata Kərəmi.

 

Yenə Ərzurumu tutub qar-boran,

Gedir o dağları aşa bu karvan

Amandır oğulsuz qalar Ziyadxan

Yol üstə gözləyir ata Kərəmi.

 

Mənim də varlığım bu yolda itər,

Onlara bu naləm, harayım yetər.

Çal, aşıq, Əslidən, Kərəmdən betər

Muğanoğlun salır ota* Kərəmi.

*-oda

 

GÖRMÜŞƏM

Allah heç igidin işin əyməsin,

Yaxşılıq eyləyib yaman görmüşəm.

Təkcə mən deyiləm bu odda yanan

Həqiqət yolunda yanan görmüşəm.

 

Kaş dünyamız yamanlıqla dolmaya,

Bağlarının yarpaqları solmaya,

Yaman dərddir əlin duzu olmaya,

İnanın bu yolda ziyan görmüşəm.

 

Şeytan çox görünür gözə mələkdən,

İnsan cana gəlir, hiylə-kələkdən,

Muğanoğlu, dostu keçirt ələkdən

Çoxu vəfasızdır, inan görmüşəm.

 

GƏLMƏDİN

Yaxşı günün dostu, yaman günümdə –

Ayım çıxdı, günüm batdı gəlmədin.

Sənlə mənim aram on addım deyil,

Harayım ellərə çatdı gəlmədin.

 

Görmədin olmuşam eldən dərbədər?

Qürbət yer eylədi ömrümü hədər.

Üstümə yeridi qüssə, qəm, kədər –

Sinəm üstə at oynatdı gəlmədin.

 

Heyranam dünyanın qalma-qalına

İndi dost da yanmır dostun halına.

Hörmət eylədiyi dünya malına –

Muğanoğlun alıb satdı gəlmədin.

 

A QARDAŞ

 

Düzlük Haqq yoludur yeriyə bilsən,

Ayrı yol mənzilə çatmaz, a qardaş.

Ömrün yükü ağır, mənzili yaxın,

Qanan başın atıb yatmaz, a qardaş.

 

İnsan dəndir, dünya dəyirman kimi,

Çox gəlib gedibdir Süleyman kimi.

Ya qul kimi yaşa, ya da xan kimi

Təmiz ad dünyada batmaz, a qardaş

 

Dosta tələ qurub, paça* gələsən

Öz başına gələr nə iş eləsən.

Muğanoğlu deyir: qana biləsən

Adam vicdanını satmaz, a qardaş.

*-kələk

KƏLBƏCƏR

Müdrik babaların miras qoyduğu,

Necoldu qeyrəti, arı, Kəlbəcər?!

Uca dağlarında bayquş banladı,

Capıldı, talandı varı, Kəlbəcər.

 

Tapdağı olmusan yağının, yadın,

Külüngünün səsi gəlmir Fərhadın.

Vətəndən didərgin düşmüş övladın,

Qan ağladı, səndən sarı, Kəlbəcər.

 

Qaçqına, köçkünə döndü hər kəsin,

İdrisin, Qəmkeşin ucaltmır səsin.

Yaqubun oxumur “Mənsuriyyə”sin,

Susubdur kamanı, tarı, Kəlbəcər.

 

Sazla haray-həşir salır Ədalət,

Şəmşir yata bilmir məzarda rahət,

Dünyadan həsrətlə köçdü Sücaət,

Bəhməni itirmə barı, Kəlbəcər.

 

Xocalı talandı, Şuşa da yandı,

Göyçənin fəryadı ərşə dayandı.

Muğanoğlu, deyər, ölləm, amandı,

Çağır gəlsin dostu, yarı, Kəlbəcər!

 

ÖMRÜMÜN

Baxışım yoluna düyünlənibdir,

Əlindən töküldü dəni ömrümün.

Çəkilmir yolunun  dolaylarından

Dumaını ömrümün, çəni ömrümün.

                       

Dəlilik sevgimin başında qaldı,

Arzumun əlləri qaşında qaldı,

Ayrılıq gözümün yaşında qaldı,

Aldı əllərindən səni ömrümün.

 

Yandım bu dağlarda gözü nəm oldum,

Eşqin bazarında baxtı kəm oldum,

Gah Lələyə döndum, gah Kərəm oldum,

Muğanoğlu, yandı dini  ömrümün.

 

YARIDI DAĞLAR

Yaşıl yaylaqlara tamarzı qaldım,

Dərdim ürəyimdə qarıdı, dağlar,

Zamana bəd gəldi, dərdi arxama –

Fələk şələlədi, sarıdı, dağlar.

 

Dərəndə, düzündə bitir gül-çiçək,

Ondan dərim yara mən ətək-ətək.

Səndə bəyəndiyim o gözəl mələk

Eşqimin, ömrümün varıdı, dağlar.

 

Yar yolunda qoydum bu şirin canı,

Xəstə ürəyimin odur loğmanı,

Miskin aşiqinin dərdə dərmanı

Cənnət qoynundakı narıdı, dağlar.

 

O qaymaq dodaqlı, o şirin dilin,

O xumar baxışlı, o incə belin,

O ayna qabaqlı, o nazlı gəlin

Bu Muğanolunun yarıdı, dağlar.