Sim-sim.az

Bob Dilandan seçmə nəğmələr – Qismətin tərcüməsində

bob_dylan_painting_by_mquinn21-d59ems1

Sim-sim.az  Qismətin tərcüməsində bu il Ədəbiyyat üzrə Nobel mükafatına  layiq görülən Bob Dilanın nəğmələrini təqdim edir.

 

Əsən küləkdə

 

Kişi olanacan görən bir adam,

Dünyada nə qədər yol keçməlidi?

Görəsən qumsala qanad salmadan,

Göyərçin nə qədər yol ölçməlidi?

Görəsən nə qədər atılmalı ki,

Mərmilər əbədi yasaqlansınlar?

Əsən küləkdədir, dostum, cavabı,

əsən küləkdə.

 

Dağ görən nə qədər mövcud olmalı,

Aşınıb dənizə axmaqdan ötrü?

Bir insan neçə il insan qalmalı,

Axır azadlığa çıxmaqdan ötrü?

İnsanlar laqeyd olana qədər,

Gözünü nə qədər qaçırmalıdı?

Əsən küləkdədir, dostum, cavabı,

əsən küləkdə.

 

Görən göy üzünü görənə qədər,

İnsanlar nə qədər göyə baxmalı?

Görən göz yaşını eşitmək üçün,

İnsanda neçə cüt qulaq olmalı?

Və “bəsdir bu qədər” deməkdən ötrü,

Hələ neçə adam qırılmalıdı?

Əsən küləkdədir, dostum, cavabı,

əsən küləkdə.

 

 

Müharibənin ağaları

 

Yaxın gəlin, müharibə xanları,

Ey dünyanın silah buraxanları,

Ölüm uçaqları düzəldən – sizlər,

Bomba yaradanlar, əzəldən – sizlər,

Ey divar dalında gizlənən sizlər,

Ey masa altında gizlənən sizlər,

İstəyirəm biləsiniz:

Maskanızın arxasını görürəm.

 

Sizin əlinizdən heç bir şey gəlmir,

Ancaq sökürsünüz, dağıdırsınız,

Mənim dünyam ilə oynayırsınız,

Uşaq oyuncağı tək

bir silah dürtüb əlimə

aradan çıxırsınız.

Mərmilər uçuşarkən

uzaqdan baxırsınız.

 

Qədim zamanların İudası tək

Yalan danışırsız, yalan deyirsiz.

Dünya savaşını udmaq olarmış –

Məni inandırmaq istəyirsiniz.

Amma gözünüzə baxan kimi,

yaramdan axan qan kimi,

oxuyuram beyninizdən keçəni.

 

Başqaları ölsün deyə,

Sizsiz tətik çəkənlər;

Ölülər çoxaldıqca,

Yayxanıb seyr edənlər.

Cavanların canı çıxıb,

al qırmızı qanı axıb,

qarışarkən torpağa,

sizlər evinizdə gizlənirsiniz.

 

Siz bizim qəlbimizə

qorxular əkirsiniz

bu dünyaya bir övlad gətirmək qorxusunu.

Siz təhdid edirsiniz

mənim doğulmamış, adsız körpəmi.

Qəti layiq deyilsiz

damarınızdakı qana.

 

Nə bilirəm mən axı,

Danışıram eləcə;

Yəqin deyirsiz ki, hələ cavansan, cavan,

Yəqin deyirsiz ki, hələ cahilsən yaman,

Sizdən cavan olsam da,

Mən də bilirəm az-maz,

Bilin ki, bu şeyləri

İsa da bağışlamaz.

 

Mənim sualım var, icazənizlə,

Görəsən pulunuz çatarmı sizin –

satın alasınız bağışlanmağı?

Yəni ağlınıza batırmı sizin?

Ölüm qapınıza qonaq gələndə,

Bütün suallara cavab taparsız.

Onda pul-paranız çatmayacaq ki,

Çıxan canınızı geri alasız.

 

Arzumdu tezliklə gəbərəsiniz,

Bizi çatdırasız bu arzumuza.

Mən də ki, soyuq bir günorta vaxtı

Gedib çiyin verim tabutunuza.

Ölüm yatağına endirilərkən

Mən sizə son dəfə salacam nəzər.

Qəbrinizin üstə gözləyəcəyəm,

Öldüyünüzdən əmin olana qədər.

 

 

Dövran dəyişir

 

Yaxın gəlin adamlar, harda veyillənirsiz,

Yığışın görək,

Boynunuza alın ki,

suların həcmi artıb,

Az qalıb,

iliklərinizə qədər islanacaqsınız,

Vaxtın sizin üçün dəyər-qiyməti varsa,

Üzməyə başlayın, yoxsa ki, daş kimi batacaqsınız.

Artıq dövran dəyişir.

 

Yaxın gəlin, tənqidçilər, yazıçılar,

Qələmiylə peyğəmbərlik eləyənlər,

Gözünüzü dörd açın,

Bir də fürsətiniz olmaya bilər,

Söz deməyə tələsməyin,

Çarx hələ ki fırlanır,

Hələ bilinmir fəqət kiminki gətirəcək.

Bugün uduzanlar, sabah qalib gələcək

Artıq dövran dəyişir.

 

Yaxın gəlin, senatorlar, konqres üzvləri,

Qulaq verin səsimə,

Kəsməyin qapı ağzını,

Bağlamayın salonu,

Bugün ağrıyanlar

sabah başa keçəcək,

Çöldə bir savaş gedir, günbəgün də böyüyür,

Bir də gördüz pəncərəniz titrəyir,

divarınız tökülür.

Artıq dövran dəyişir.

 

Yaxın gəlin, bu torpağın hər yanından

ey analar, atalar,

Başınız çıxmayın şeyləri

tənqid etməyin daha.

Oğullarınız, qızlarınız,

nəzarətdən çıxıblar,

sürətlə köhnəlir üsullarınız.

Köməyiniz dəymirsə, lütfən yoldan çəkilin

Artıq dövran dəyişir.

 

Cızıqlar çəkilib,

Lənət oxunub,

Bugünün astagəli

sabah çevik olacaq,

Bugün üzdə olanlar

Sabah unudulacaq,

Sizin dövranınız sürətlə yoxa çıxır,

Bugün qabaqda gedən, sabah sona qalacaq.

Artıq dövran dəyişir.

 

 

Gedirəm, gedirəm, getdim

 

Elə yerə gəlmişəm ki,

Baş əymir söyüd belə,

Bir söz də gəlmir dilə,

Sonun sonu varmış hələ…

Gedirəm

Gedirəm

Getdim.

 

Bağladım bir kitabı,

O mətn, o da varaq.

Vecimə də deyil heç

Sonrası nə olacaq.

Yenə gedirəm

Gedirəm

Getdim.

 

Kuklatək ipdən asılıb,

Rolumu oynayırdım.

Əkilmək vaxtı çatıb,

Gərək ipimi qırım.

Onda gedirəm

Gedirəm

Getdim.

 

Nənəm deyərdi: “oğul, ürəyinə qulas as,

Axırda qazanan sən olacaqsan.

Gəldi-gedər şeydi var-dövlət, imkan,

Oğul, adam sevirsə, sevdiyindən ayrılmaz”

 

Ayaq döyürdüm yollara,

Dolanırdım ətrafda.

Gətmək lazım, paltar kimi –

Atılmamış şkafa.

Onda gedirəm

Gedirəm artıq

Getdim.

 

 

Şiddətli leysan tökəcək bir azdan

 

De, görüm haradaydın, oğlum, gözü dənizim?

De, görüm haradaydın, mənim canım, əzizim?

 

On iki sirli dağın ətəyində büdrədim,

Altı kələ-kötür yolda yeridim, iməklədim,

Yeddi qəmli meşənin içində ayaq döydüm,

Ölmüş okeanların sahilində göründüm,

10 min mil uzaqdakı bir qəbrin başındaydım

Şiddətli, şiddətli, yaman, yaman şiddətli

Şiddətli leysan tökəcək bir azdan.

 

De, nə gördün, oğlum, gözü dənizim?

De, nə gördün, mənim canım, əzizim?

 

Mən bir çağa gördüm ki, yanında qurd ulaşır,

Bir yol gördüm almazdan, orda kimsə dolaşmır,

Budaq gördüm qapqara, hər yerindən qan çıxır,

Bir otaq adam gördüm, çəkicindən qan axır.

Bəyaz pilləkən gördüm, suların altda qalmış,

On min danışan gördüm, dilləri parçalanmış,

Tüfəng, qılınc gəzdirən balaca uşaqlarmış…

Şiddətli, şiddətli, yaman, yaman şiddətli

Şiddətli leysan tökəcək bir azdan.

 

De görüm, nə eşitdin, oğlum, gözü dənizim?

Nə eşitdin, de görüm, mənim canım, əzizim?

 

Şimşək səsi eşitdim, xəbərdarlıq kimiydi,

Dalğalar coşurdular, düz dünyanı tutmağa,

Yüzlərcə barabançı güc vermişdi toxmağa,

Min-min pıçıltı vardı, qulaq asan yox idi,

Bir ac inildəyirdi, ona gülən çox idi,

Bir təlxək ağlayırdı küçələrin birində –

Şiddətli, şiddətli, yaman, yaman şiddətli

Şiddətli leysan tökəcək bir azdan.

 

Kimlərlə tanış oldun, oğlum, gözü dənizim?

Kimlərlə tanış oldun, mənim canım, əzizim?

 

Bir uşaqla görüşdüm ölmüş atın yanında,

Ağ adamla tanış oldum, qara it gəzdirirdi,

Bir qadın tanıdım ki, od tutub yanır bədəni,

Bir qızla görüşdüm ki, mənə göyqurşağı verdi.

Mən bir kişi tanıdım məhəbbətdən yaralı,

Bir başqasın tanıdım kin-nifrətdən yaralı –

Şiddətli, şiddətli, yaman, yaman şiddətli

Şiddətli leysan tökəcək bir azdan.

 

İndi neyləyəcəksən, oğlum, gözü dənizim?

İndi neyləyəcəksən, mənim canım, əzizim?

 

Leysan başlamamış geriyə dönəcəyəm,

Qaraağız meşənin içinə girəcəyəm,

O yerdə ki, insan çoxdu, fəqət acdı camaat,

O yerdə ki, suyumuz zəhərlənir hər saat,

O yerdə ki, evimiz dönüb nəmli zindan olur,

O yerdə ki, cəlladların sir-sifəti pünhan olur,

O yerdə ki, ruh qalmayıb, aclıqdan iy yayılır,

O yerdə ki, qara rəngdi, sıfır rəqəm sayılır,

Mən bunları düşünüb, bunları danışacağam,

Bunu hamı görsün deyə dağlara yazacağam;

Sonra batana qədər duracağam su üstə,

Amma dilimdə olacaq oxuduğum bu bəstə –

Şiddətli, şiddətli, yaman, yaman şiddətli

Şiddətli leysan tökəcək bir azdan.

 

Tərcümə etdi: Qismət