Sim-sim.az

İngilis poeziyasından seçmələr – Qismətin tərcüməsində

slayda

 

Sim-sim.az Qismətin tərcüməsində və təqdimatında ingilis poeziyasından seçmələri təqdim edir.

 

 

Tomas Hardi –Yaşadığı illərdə daha çox romançı kimi tanınan Hardi, ölümündən sonra, xüsusilə də, 1950-ci illərdə yetişən şairlər nəsli tərəfindən ingilis poeziyasının ən böyük ustalarından biri sayılıb.

Onun şeirləri həmişə konkret bir hadisədən və şəxsi yaşantıdan qaynaqlanır.

Hardi ən gözəl şeirlərini 1912-ci ildə ölən həyat yoldaşı Emili üçün yazıb. Bundan başqa, Birinci Dünya Müharibəsi ərəfəsində və bu müharibə ilə bağlı yazdığı şeirlər də uğurlu sayılır.

 

Küləkdə və yağışda

 

Ən sevdikləri mahnını oxuyurlar –

Qadınlı-kişili, hamısı,

Gah zildən, gah da pəsdən,

         Biri oturub piano çalır;

Üzləri işıqlanır şamların şöləsindən…

         Ah, illər, ötüb keçən illər!

Necə də fırlana-fırlana tökülür yarpaqlar!

 

Mamır basmış yolları təmizləyirlər –

Qocalı-cavanlı, hamısı,

Artıq tərtəmizdi yollar,

          Bağça par-par yanır;

Kölgəliyə oturacaq qoyurlar…

          Ah, illər, ötüb keçən illər!

Gör bəyaz fırtına quşları necə süzürlər!

 

Hamısı kef içində yemək yeyirlər –

Oğlanlı-qızlı, hamısı,

Yaz ağacının altında

        Uzaqda körfəzin qaşı qaralır,

Toyuqlar eşələnir ayaq altında…

Ah, illər, ötüb keçən illər!

Və divardakı solmuş gülü üzürlər.

 

Təzə, böyük bir evə köçürlər –

Qadınlı-kişili, hamısı,

Saatlar, kilimlər, stullar,

       Gün boyu həyətdə qalır,

və parıldayan əşyalar…

       Ah, illər, ötüb keçən illər;

İndi leysan altındadı cızdıqları adlar.

 

Toni Harrison (1937) – Lids şəhərində doğulub. Fəhlə ailəsindəndir, həyatının əksər hissəsi Londondan kənarda keçib. Bunun yazdığı şeirlərdə, cəmiyyətə münasibətində təsiri sezilir. Dörd il boyunca Qərbi Afrikada, bir il də Praqada müəllimlik etdikdən sonra 1967-ci ildə İngiltərəyə qayıdır. Tərcümələri və yazdığı şeirlərlə xeyli mükafat alıb. Teatr üçün yazdığı pyeslər, “Milli Teatr”da, “Nyu-York Metropolitan”da və “Dördüncü Televiziya Kanal”ında nümayiş olunub. 1970-ci ildə çap olunan ilk şeir kitabı “Posterlər” incəliklə toxunmuş dərin şeirlərlə doludur, bu kitabda xüsusi isimlərin istifadəsi diqqəti çəkib. İngiltərənin qabaqcıl teatr şairlərindən olmaqla yanaşı, Toni Harrison 1978-ci ildə yazdığı “Gözəl danışmaq məktəbi” adlı sonet silsiləsi ilə də tanınır. Bu silsilədə Harrison cəmiyyətdəki ikiliklərdən və gülməli təzadlardan yazır. Harrison sonet silsiləsində cəmiyyətdəki sinfi toqquşmaları dil qatında işləyib.  

Uzaq məsafələr  – 1

 

Çarpayın dağınıqdır. Həyatınsa giley-güzar, qəm.

Dəstəyin o tayından gələn səsin də yarımcandı.

 

Daha bu kimsəsiz evə heç cür dözə bilmirəm!

 

Boğazımdan keçmir ananın bişirmədiyi yerkökülər haçandı!

 

Şirniyyat gətirmişdin, onları geri götür,

Şəkər xəstəsiyəm. Araşdırdım faktları.

(Astagəl diabet ustufca qırıb-tökür

koronar damarları, bir də kataraktları.)

 

Çox şirniyat yemişəm. Amma ki, daha

boğazımdan keçmirlər. Tərgitmək ən düzüdü.

Bircə səbəb qalıbdı sərin pivə vurmağa;

mədəmi parçalamaq (dietoloq sözüdü)

 

Mən hər səni yoluxanda, üzə çıxır şirnilər,

Xilaskarlar, atamın xaricdən aldığı şeylər,

hələ də qəhvəyi torbadadırlar,

evə qayıdarkən, qəfil, çar-naçar,

tələsik alınmış o şirniyyatlar. 

 

Uzaq məsafələr – 2

 

Anam ölmüş olsa da, iki bundan qabaq,

Atam onun tərliyini sobada qızdırırdı.

İsidib su qoyurdu buza dönməsin yataq,

Və hər il pasportunu təzədən yazdırırdı.

 

Zəngsiz yanına getmək tamamən qeyri-mümkün.

Həmişə deyərdi ki, bir saatdan sonra gəl,

anamdan qalanları yığıb-yığışdırmaqçün;

tükənməz sevgisindən utanırdı elə bil.

 

Mən ona inanmırdım, dəhşət gülürdü buna,

Əmin idi arvadının paslanmış açarının

qapını açmasını eşidəcək nə vaxtsa…

Bilirdi çay almaqçün getdiyini anamın.

 

Həyat ölümlə bitir. Vəssalam, budur, məncə.

İkiniz də bazarlığa getmiş ola bilməzsiz.

Təzəlikcə aldığım dəri üzlü dəftərdə

həm adın var, həm də cavabsız nömrən.

 

 

 

 

Şeymas Hini – Şimali İrlandiyalı Hini 1939-cu ildə Derridə bir fermada doğulub. Şeir yazmağa universitetdən sonra müəllimlik etdiyi illərdə başlayan Hininin birinci kitabı “Naturalistin ölümü” 1966-cı ildə çap olunub. Şimali İrlandiyada keçən uşaqlığından bəhs etdiyi bu şeirlərdə 1950-ci illərdə məşhurlaşan Ted Hyuzun təsiri hiss olunur. Bu kitabı ilə “Somerset Moem mükafatı”na layiq görülən Hini, 1969-cı ildə “Zülmətə açılan qapı”, 1972-ci ildə “Qışa çıxmaq” adlı şeir kitablarını çap etdirir. Belfatsdakı qanlı hadisələrin təhlükəsindən ayrılıb Dublinə köçən Hini, bir katolik üçün get-gedə sərtləşən gündəlik həyatı mövzusuna uyğun tarixi perspektivlə və böyük ustalıqla işləyib. Şeymas Hini 1995-ci ildə “poeziyasında gündəlik həyatdakı heyrətamizliyi və keçmişi canlandırmaqdakkı lirik gözəlliyə, etik dərinliyə görə” Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Şeymas Hini 2013-cü ildə 74 yaşında vəfat edib.

Davamçı

 

Atam atlı-kotanla şumlayardı tarlanı.

Şırımlar arasında ora-bura gərilən,

çiyinləri yelkəntək qabarardı.

Atlar çəkinərdi onun səsindən.

 

İşinin ustasıydı. Kotanın dəmir qulağını

torpağa elə ustalıqla batırardı ki,

torpaq dağılmadan iki yana ayrılardı.

Tarlanın sonuna çatanda, cilovlayıb yüyənləri,

 

tərli atları geri qaytarardı, tarlanı

şumlamağa. Atam gözlərini qıyardı,

xəritəsini çıxarırmış kimi əyilər,

diqqətlə açılan şırımlara baxardı.

 

Səntirləyərdim dalınca qaçdıqca,

Bəzən yıxılardım kotanın açdığı şırıma;

Bəzən də atam məni kürəyinə alardı,

tarlanı şumlayarkən əyilib qalxa-qalxa.

 

Mən də böyüyüb torpaq şumlamaq istəyərdim,

bir gözümü yumub qolumu sərtləşdirmək.

Əlimdən ancaq atamı izləmək gələrdi,

Onun geniş kölgəsində, tarlanın ətrafında.

 

Başının bəlasıydım, ilişib-yıxılardım,

zırıldayaradım. Amma indi səntirləyib

atam düşür dalımca. Özü də

qəti uzaqlaşmır yanımdan.

 

Filip Larkin – Filip Larkin 1922-ci ildə Koventridə dünyaya gəlib, litseyi də orda bitirib. Müharibə illərində səhhətində problem çıxdığı üçün əsgərliyə çağrılmadı, Oksfordda təhsil aldı. 1943-cü ildə ali məktəbi bitirəndən sonra, İngiltərədəki və İrlandiyadakı əyalət universitetlərinin kitabxanalarında işlədi. 1955-ci ildə Hull Universitetinin kitabxanasına müdir təyin edildi və 1986-cı ildə öləndə hələ də həmin kitabxananın müdiri idi. Oxfordda oxuduğu illərdə Larkinin bir neçə şeiri gənc şairlərin müharibə illərində yazdığı şeirlərdən ibarət poeziya antologiyasına düşür, sonra həmin antologiyanı çap edən naşir ondan ayrıca bir şeir kitabı hazırlamasını istəyir. 1945-ci ildə əksəriyyəti adsız olan, eləcə rəqəmlərlə işarələnmiş qısa şeirlərdən ibarət “Şimal gəmisi” (The North Ship) adlı kitabı dərc olunur.
Larkin və ölənə qədər ən yaxın dostu olan Amis düşünürdülər ki, Yeats, Pound və Dylan Thomas kimi şeirləri gündəlik həyatdan çox uzaq düşüb, çox qapalı və hədsiz “ədəbi”dirlər, amma qəribədir ki, Larkinin ilk şeir kitabı başdan ayağa Yeats təsiri ilə doludur. 50-ci illərdə Larkin o dövrün qabaqcıl ədəbi dalğalarından sayılan “Hərəkat”ın (Movement) öndə gedən simalarından olur. Poeziyada digər önəmli təmsilçiləri Kingsley Amis, Donald Davie, John Wain və D.J. Enright olan bu dalğanın tərəfdarları deyirdilər ki, Yeats, Eliot, Pound və Dylan Thomas kimi şairlər soy-kök etibarilə ingilis olmadıqları kimi, həssaslıq baxımından da ingilis deyillər. “Hərəkat”ın təmsilçiləri qapalılıqdan, “intellektualizm”dən qaçan, gündəlik həqiqətlərə və ənənəvi formalara sadiq qalan, hissdən daha çox formaya və mənaya üstünlük verən, kökləri Thomas Hardy-yə gedib çıxan daha “yerli” şeiri müdafiə edirdilər.
Adıçəkilən şairlərlə “Hərəkat”ın nümayəndələri arasında düşmənçilik uzun çəkir, belə ki, 1973-cü ildə Larkinin tərtib etdiyi “XX əsr Oksford poeziya antologiyası”nda Eliotun şeirləri candərdi, xala-xətrin qalmasın verilir. Kingsley Amisin 1986-cı ildə dərc olunan sonuncu romanı (və ən yaxşı hesab edilən romanı) “Qoca şeytanlar”da (The Old Devils) dəhşətli ironiya obyekti olan Uelsli şair Brydan obrazının Dylan Thomasa çox bənzəməsi də düşmənçiliyin nə qədər uzun çəkməsinə sübutdur. Amma ümumən götürəndə, “Hərəkat”dan Larkin və Amisdən başqa qalıcı nəsə yaradan kimsə çıxmır.

XX əsrin ən böyük şairlərindən sayılan Filip Larkin 1985-ci ildə vəfat edib.

 

Pul

 

Pul ildə dörd-beş dəfə məni danlayır yaman:

“Məni boş-boş cibində nə üçün saxlayırsan?

Seksə, ya başqa şeyə qalmısansa tamarzı,

Götür bir-iki çek yaz, olar elə olmazı.”

 

Baxıram ki, özgələr pulla necə davranır:

Aydındır, onlar pulu sandıqlarda saxlamır.

Çoxunun iki evi, maşını, arvadı var:

Həyat pula bağlıdır, aydın şeylərdi bunlar.

 

Çoxdur ortaq yönləri, bir az diqqət etsəniz:

Cavanlığı qocalığa ertələyə bilməzsiniz

Nə qədər atsanız da hər ay puldan qırağa,

Çatmayacaq yığdığınız üzünüzü qırxmağa.

 

Pulun mahnısına qulaq asıram. Qapının arasından

baxıram, elə bil ki, bir əyalət kəndinə, aşağıda işaran:

Yoxsul yerlər, kanallar, bəzəkli kilsələrdəki dəlilik

axşam günəşinin altında yatır. Hüzünlü əbədilik.