Sim-sim.az

“Sevərdim deyərkən…” – Göyərçin

DSC_2542

 

Sevərdim deyərkən…

 

Yenə də “Ay işığı”, yenə o qəmli sonat,

Çalasan, qulaq asam, ruhum uça bədəndən.

Ürəyimə yağırsan yağışa, qara inad,

Sular axıb doldurur qəlbimi sən gedəndən.

 

Gözlərimdən uzağa düzürəm gül-çiçəyi,

Səhərlər əllərini sübh şehi üşütməsin.

Ay mənim yaraşıqlım, dünyanın ən göyçəyi,

Yenə gəl, bənövşələr boynu əyri bitməsin.

 

Ömrümə uyğun gəlmir həyati eskizlərim,

Boşluqların yerini nöqtələrlə doldurur.

Uçub düşdüyü gölü tərk etməyən hisslərim

Durna lələklərini bir-birinə yoldurur.

 

Yenə nağıl danışaq; sən qələm ol, mən vərəq,

Için-için alışaq, görənlər fərq etməsin.

Payızda eşq başqadır, yarpaqlar düşür tək-tək,

Isit soyuq torpağı, fikrin yaza getməsin.

 

Şimşəyi qovuram ki, divan tutmasın göyə,

Buludların köksünə özüm işıq cızıram.

Ayrılıq küləkləri duyuq düşməsin deyə,

Barmağımın ucunda sənə şeir yazıram.

 

15 oktyabr, 2016

 

Ay işığı

 

Lyudviq van Bethovenin

“Ay işığı” sonatına işarə olunur.

 

“Ay işığı”

həyat lövhələrini gümüşü dillər üzərində

əks etdirər,

Piano səsinə ruhu oyanan təbiətin

gözləri yumular…

Bəyaz yelkənli gəmilərin ətrafında

ağ-ağ qağayılar kəsik-kəsik hıçqırar.

Musiqi dünyanın nəbzində duyular.

Buludların üzərində azadlığı sona kimi

hifz olunmuş qadın gözəlliyi,

Uşaq ölümlərinin uzaq olduğu sahillərdə

pinqivinlərin çınqıl sevgisi

təsvir olunar.

Pərdəsiz şüşələrin arxasından

körpə sadəlövhlüyüylə seyr olunan

su zanbağı yağışı,

Meduza çətirin

islaq lifləri arasından boylanan

sevdalı qız baxışı

çəhrayı işıq saçar.

Yollar qəlbini açar –

Dərin-dərin yaralar həzin-həzin sarınar.

Sarmaşıqlar soyunar asılılıq donunu,

Pəncərəni küçənin üzünə bağlayarsan.

“Ay işığı” çalınar,

Gülərsən… ağlayarsan…

 

06 noyabr, 2015