Sim-sim.az

Karlos D. Andrade: “…sözlər soruşar səndən: Açarı gətirmisən?”

21175059_334032023715856_1658007688_n

XX əsr Braziliya poeziyasının ən vacib simalarından sayılan Karlos Drummond de Andrade 1902-ci ildə balaca bir mədənçi qəsəbəsi olan İtabirada dünyaya gəlib. Əkinçi olan atası onu yezuit məktəbinə yazdırsa da, Karlos bu məktəbə yovuşmadığı üçün ordan qovuldu. Sonradan əczaçılıq fakültəsini bitirdi. Cavan yaşında ölkəsindəki yenilikçi poeziyasının inkişafı üçün bir jurnal çıxarmağa başladı. Evlədikdən sonra 1934-cü ildə Rio de Janeyroya köçdü və 1966-cı ildə təqaüdə çıxana qədər Təhsil Nazirliyində işlədi. Çoxsaylı şeir kitablarından başqa, romanlar, hekayələr yazdı, dünya ədəbiyyatından sayısız tərcümələr etdi. 1987-ci ildə dünyadan köçəndə Braziliyanın beynəlxalq şöhrət qazanmış şairlərindən biriydi.

İosif Brodskinin mütləq oxunmalı şairlər siyahısına onun da adını salmışdı.

Sim-sim.az Qismətin tərcüməsində Karlos Drummond de Andradenin seçmə şeirlərini təqdim edir.

 

Yolun ortasında

Bir daş vardı yolun ortasında

yolun ortasında bir daş vardı

bir daş vardı

bir daş vardı yolun ortasında.

Gərək unutmayım bu hadisəni

gözümün ağında həyatım boyu.

Unutmayım gərək yol ortasında

bir daşın olduğunu

yolun ortasında bir daş vardı.

Bir daş vardı yolun ortasında.

 

Əsrlər boyunca sevgi

Zamanın əvvəlindən bəri

mən səni sevdim, sən də məni.

Mən Danaylıydım, sən Troyalı.

Troyalıydın, amma Yelena deyildin.

Mən taxta atın içindən çıxdım

qardaşımı öldürmək üçün.

Döyüşdük, öldürdüm, öldük.

 

Romalı bir əsgər oldum sonra

xristianları qovalayan.

Katakombanın qapısında

sən çıxdın yenə qarşıma.

Amma Kolleziumda lümlüt

yıxıldığını görəndə,

aslan üstünə cumarkən,

ümidsizcə aranıza atıldım,

ikimizi də uddu aslan.

 

Sonra Məğribli bir quldur oldum

Tripolinin baş bəlası.

savaş gəmimlə

gizləndiyin gəmini yandırdım.

Tam səni tutub

özümə kölə etməyə çalışarkən,

tezcə xaç çəkib

öz qəlbinə bir xəncər sapladın,

mən də öz canıma qıydım.

 

Sonra daha xoşbəxt günlərdə,

Versalda bir saraylıydım,

ana uşağı və şorgöz.

Sənsə rahibə olmaq istəyirdin,

Tezcə monastrın divarından hoppandım.

Araya siyasi qarışıqlıq düşəndə

axırımız gilyotina oldu.

 

İndi tamamilə əsrə uyğunlaşmışam.

Rəqs edən, qaçan, işləri cağbacağ biriyəm.

Cibimdə pulum, bankda hesabım.

Sən də rəqs edən, qaçan, işini bilən

sarışın bir bombasan.

Atanın bunlardan xoşu gəlmir.

Amma taleyin işinə bax ki,

Mən Paramount şirkətinin ulduzların biri

səni qucaqlayıb öpürəm, tez-bazar evlənirik.

 

Dünyanı daşıyır çiyinlərin

Bir gün gəlir “Tanrım!” deyə bilmirsən artıq.

Kökündən təmizlik vaxtıdır.

Artıq “Sevgilim!” deyə bilmədiyin gündür.

Çünki sevginin boşunalığı isbatlanıb.

Və gözlərdən yaş axmaz.

Və ancaq kobud işlərə yarayar əllərin.

Və daşa dönər ürəyin.

Qadınlar boş yerə döyər qapını, açmazsan.

Tək başınasan, işıqlar söndürülüb

və qaranlıqda parıldayır iri gözlərin.

Bəllidir ki, artıq ağrımağı bilmirsən.

Və heç nə istəmirsən dostlarından.

Kimin vecinədir qocalmaq, qocalıq nədir ki?

Dünyanı daşıyır çiyinlərin

və dünya bir uşağın əlindən daha yüngül.

Savaşlar, qıtlıq, evlərdə ailə münaqişələri

həyatın davam etdiyini isbatlayır

və heç kimin azadlığa qovuşmadığını.

Bu tamaşanı qəddar sayanlar

(o ürəyi yuxalar)

ölməyi seçəcəklər.

Gün gəlir ölüm də işə yaramır.

Gün gəlir buyurulan olur yaşamaq.

Sadəcə yaşamaq, qaçış yolu olmadan.

 

Ailə içində səyahət

Rodriqo M.F. de Andradeyə.

İtabira çölündə

atamın kölgəsi

əlimdən tutdu mənim.

O qədər vaxtsan sonra.

Amma o heç nə demədi.

Nə gecəydi, nə gündüz,

Köks ötürmə? Uçan quş?

Amma o heç nə demədi.

 

Xeyli yol getmişdik.

Burda bir ev olmalıydı.

Əvvəllər daha hündür idi.

Üst-üstə qalaqlanmış bunca ölü

və zaman ölüləri gəmirirdi.

Uçuq-sökük evlərdə də

soyuq qürur və nəmişlik.

Amma o heç nə demədi.

 

Keçib getdiyi küçələr

At belində, dörd nala.

Saatı. Paltarları.

Bütün rəsmi sənədlər.

Başından keçən sevgilər.

Açılan o tənəkə çantalar

və ət ürpərdən xatirələr.

Amma o heç nə demədi.

 

İtabira çölündə

boğurmuş kimi, birdənbirə

hər şey canlanırdı.

İstəklər bazarında

həzin xəzinələr sərgisi,

içimdəki qaçmaq instinkti;

lüt qadınlar, peşmançılıq.

Amma o heç nə demədi.

 

Kitabların, məktubların üstü ilə

yol gedirik ailəvi.

Toy-büsatlar, ipotekalar;

vərəmli xalalar,

dəli xalam,

cariyələrlə xəyanətə edilən

və yatağında ipəkli döşəkləri cırılan nənəm.

Amma o heç nə demədi.

 

Hansı amansız, qaranlıq instinkt

onun solğun əlindən tutub

bizi də itələdi

o yasaq zamanlara,

o gedilməz yerlərə?

 

Baxıb atamın ağappaq gözlərinə

Danış! – deyə qışqırdım. Səsim

bir anlıq havada titrədi,

sonra daşa dəydi. Kölgə

addımladı yavaşca

o həzin səyahətdə,

o itmiş krallıqda.

Amma o heç nə demədi.

 

Ağrını, anlaşılmazlığı gördüm

və bizi qaranlıqda ayıran

neçə-neçə üsyanı.

Mənim öpmədiyim əl,

məndən əsirgədiyi yemək

bağışlanmağı rədd etmək.

Qürur. Qorxuyla dolu gecə.

Amma o heç nə demədi.

 

Danış danış danış.

Gil kimi əynindən tökülən jaketindən

tutub onu silkələdim.

Əlindən, çəkmələrindən

tutmaq istədim o qızğın kölgəni,

amma sivişib çıxdı əlimdən,

asanlıqla, heç əsəbləşmədən.

Fəqət yenə də sükutunu pozmadı.

 

Başqa-başqa səssizliklər vardı

onun dərin səssizliyində.

Kar babam vardı

kilsənin divarına şəkli çəkilən

quşları eşitmək istəyən;

mən dostsuzluğum vardı,

onun öpüşmələrdən kasıblığı;

çiləli həyatlarımız vardı

və böyük bir ayrılıq

o balaca otaqda.

 

Həyatın o dar boşluğu

məni sənə tərəf itələyir

və bu xəyali qucaqlaşma

sanki böyük bir yanğındır

sevgi yanğını.

Ancaq indi qarşılaşırıq!

Eynək, xatirələr və rəsmlər

axır qan çayının içində.

Yüksələn sulardan seçə bilmirəm

yetmiş il o yandakı sifətini…

 

Deyəsən bağışlamışdı məni

Amma heç nə demədi.

 

Suların altında qalır bığları,

Ailə, İtabira, hamısı.

 

Şeir axtararkən

Baş vermişlərlə bağlı şeir yazma.

Şeirdən söhbət gedəndə nə doğan olur, nə ölən.

İsitməyən, işıqlandırmayan

solğun bir günəşdir həyatın onun yanında.

 

Dostluqlar, ad günləri, şəxsi problemlər önəmsizdir.

Bədəninlə şeir yazma, o yetkin, bütöv və

rahat bədən

qəti yatımlı deyil lirik etiraflara.

Qəzəbin, qaranlıqda sevincini, ya da əzabını göstərən

üz cizgilərin mənalı deyil onun üçün.

Hislərini də o saat büruzə vermə, çünki həm

vaxt lazımdı onların aydınlaşmasına,

həm də şübhəylə qarşılanarlar.

Düşündüyün, eşitdiyin şeylər şeir deyil hələ.

 

Öz şəhərini tərifləməyə çalışma, onu rahat burax.

Manikenlərin və gizli evlərin səsini dilə gətirməz nəğmə.

Küçədən keçərkən, köpüklərin sərhəddindəki küçədə

eşitdiyin səs musiqi deyil.

Nə təbiətdir nəğmə,

nə də cəmiyyətdəki insanlar.

Yağış və gecə, yorğunluq və ümid heçdir onun

gözündə.

Subyekti də, obyekti də kənarlaşdırar şeir

(nəsnələrdə tapa bilməzsən şeiri)

 

Oyunlar, yalvarışlar, sorğu-suallar və yalanlarla

vaxt itirmə.

İncimə.

Fildişi katerin, brilyant ayaqqabın,

Mezurkaların, tiradaların, ailə skeletlərin,

Bunların hamısı qara qəpiyə dəyməz, itib gedəcək bunlar

zamanın yol ayrıcında.

 

Üzə çıxartma keçmişə gömülmüş,

ağrılı uşaqlığını.

Səntirləmə aynaya baxıb

solub gedən xatirələr arasında.

Şeir nə solandır,

nə də qırılan kristaldır.

 

Kar kimi gir sözlərin səltənətinə.

Ordadır yazılmağı gözləyən şeirlər.

Yatıblar, amma ümidsizliyə qapılma,

təzə və gümrahdır əl dəyməmiş üzləri.

Tək və səssizdirlər, lüğətlərdəki kimi.

Açıq-aşkar deyillərsə, səbr elə.

Səni yoldan çıxarırlarsa, sakit ol. Hər biri

özünü reallaşdırıb sözlərin

və sükutun gücüylə dağıdıcı olana qədər gözlə.

Şeirini o bulanıqlıqda ortaya çıxmağa zorlama.

Yerdən yığmağa çalışma itirdiyin şeiri.

Tərifləyib göylərə də qaldırma. Ən axırıncı, konkretləşmiş

və cilalanmış formasıyla mənimsə onu.

Yaxınlaş və gözdən keçir sözləri.

Hər biri

Min üz gizlədir o sadə üzün arxasında

və heç vecinə almadan sənin cavabının müsbət,

ya da mənfi olacağına

sözlər soruşar səndən: “Açarı gətirmisən?”

 

Gözünü aç: sözlər gizlənir gecələr

musiqinin və görüntülərin mağaralarında.

Hələ nəmli və mürgülü axıb gedirlər

bir çay yatağında və öz başlarına

başqalaşırlar.

 

Tərcümə etdi: Qismət