Sim-sim.az

Lui Araqondan iki sevgi şeiri – Qismətin tərcüməsində

aragon

Elzanın gözləri

 

Nə dərinmiş gözlərin, içməyə əyiləndə,

mən orda parıldaşan çoxlu günəşlər gördüm;

bütün ümidsizləri orda gözləyir ölüm, 

nə dərinmiş, unutdum hər şeyi gözlərində.

 

Quş uçsa kölgələnər gözlərinin dənizi,

Sonra birdən gün çıxar, kölgələr çıxıb gedər,

Mələklərin ətəyindən yaz fəsli bulud tikər,

buğdaların başı üstə maviləşər göy üzü.

 

Yas tülü buludların dalınca düşüb rüzgar.

Göylərdən aydın olur gözlərin yaşaranda.

Gözlərin göydür sənin şüşə qırığından da,

Göydə yağış kəsən yer gözlərini qısqanar.

 

Sən ey nəmli parıltı, yeddi dərdin anası!

Yeddi qılınc doğradı yeddi rəngi büsbütün.

Çətindir ağlamaqdan ağlamağa keçən gün,

Kədərdən maviləşib gözlərinin qarası.

 

 

Qoşa keçidə dönər qəmlənəndə gözlərin, 

Beləcə, gerçəkləşər şahların möcüzəsi,

Ürəkləri titrəyən o üç şah görən kimi,

İsanın beşiyində xirqəsini Məryəmin.

 

Bütün nəğmələr üçün, bütün ağrılar üçün,

May ayında dinməyə bircə ağız bəsdir, bəs.

Milyon-milyon ulduzlar bu səmaya yerləşməz,

gözlərin olmasalar, gözlərin – iki  bürcün.

 

Rəngbərəng şəkillərlə ovsunlanan uşaqlar

Açmazlar gözlərini gözlərin kimi sənin.

Yoxsa ki, yalan imiş gözünü bərəltməyin,

Dağda çiçək bitirib, elə bil ki, leysanlar.

 

O gözlər gül ətrində şimşəkmi gizlədirlər?

Məhəbbətdən məst olub böcəklər gözlərində.

Gözlərində düşmüşəm mən ulduz tələsinə

Yaz ortası boğulan dənizçilər kimiyəm.

 

Radiumu uranium daşından çıxartmışam,

əlimi yandırmışam yasaq atəşlərdə mən.

Sən ey mənim cənnətim, yüz yol tapılıb, itən,

Gözlərin Perum mənim, Qolkondum, Hindistanım.

 

Bu axşam parçalandı hər tərəfi dünyanın,

Canını qurtaranalar gördüm tonqal qalayır,

Baxdım dənizin üstə alışıb par-par yanır

Elzanın o gözləri, o gözləri Elzanın.

 

Xoşbəxt sevgi yoxdur…

 

Qazanc deyil insana, heç bir şey qazanc deyil,

Nə gücü, gücsüzlüyü, nə də yanar ürəyi.

Qucaq açsa kölgəsi xaça dönür elə bil,

Və bağrına basanda qırar sevdiyi şeyi.

Qəribədir ayrılıq, zülmət çökür hər yana,

Xoşbəxt sevgi yoxdu ki, bu xaraba dünyada…

 

Nədi ömür dediyin? Silahsız əsgərik biz –

taleyi özgələrin qələmiylə yazılan.

Boşunadır hər səhər güzgüyə gülməyimiz,

Hər gecə əhvalımız bir az daha pərişan.

Ömrümü danışıram, dinlə, fəqət, ağlama,

Xoşbəxt sevgi yoxdu ki, bu xaraba dünyada…

 

Sevgilim, canım-gözüm, mənim qanayan yaram,

Qəlbimdəsən sən mənim yaralı bir quş kimi.

Bizə göz qoyub gedir bizi görən hər adam,

Eşidirlər səninçün oxuduğum nəğməni.

Sözlər həya eləyir gözlərinin yanında,

Xoşbəxt sevgi yoxdur ki, bu xaraba dünyada…

 

Bundan sonra ta çətin öyrənək yaşamağı,

Qoy qəlbimiz ağlasın səhərdən axşamadək.

Ağrısız başa gəlmir nəğmənin doğulmağı,

Əgər ocaq sönürsə, közərtməyə ah gərək,

Gitaranın naləsi çatsın gərək imdada,

Xoşbəxt sevgi yoxdur ki, bu xaraba dünyada…

 

Bircə sevgi də yoxdur iztirabsız, kədərsiz,

Bircə sevgi də yoxdur şad-xürrəm, gülə-gülə.

Bircə sevgi də yoxdur ötüb keçsin zədəsiz,

Bil, səndən artıq deyil vətən sevgisi belə.

Bircə sevgi də yoxdur göz yaşına biganə,

Xoşbəxt sevgi yoxdu ki, bu xaraba dünyada,

Amma biz yorulmadan sevəcəyik yenə də.