Sim-sim.az

“Mənim varlığım zülmət ayəsidir…” — Füruğ Fərruxzad

Forough-Farrokhzad

 

 

Mənim varlığım zülmət ayəsidir

Səni özü üçün təkrarlayaraq

çiçəklənən və yaşıllışan sonsuz səhərə aparacaq.

Mən bu ayədə səni ah çəkdim, ah

mən bu ayədə səni

ağaca, suya və atəşə aşıladım!

Həyat bəlkə

uzun bir küçədir, hər gün zənbilli bir qadının keçdiyi,

Həyat bəlkə

kəndirdir, bir adamın hər gün özünü asdığı,

Həyat bəlkə məktəbdən qayıdan uşaq,

Həyat bəlkə, iki sevişmə arasında

məmnuniyyətlə yanan siqaretdir,

ya da birinin sərgərdan halda yolu keçərkən,

papağını çıxarıb

tanımadığı yolçuya anlamsız gülümsəməsiylə

"günaydın" deməsidir.

Həyat bəlkə də o çarəsiz olan andı,

mənim baxışımın sənin nəmli gözlərində

özünü paramparça etdiyi

və bir duyğu var bunda

mənim

ay və qaranlığın hissi ilə birləşdirəcəyim.

Yalnızlıq ölçüsündə bir otaqda,

eşq böyüklüyündə ürəyim,

xoşbəxtliyinin sadə bəhanələrini izləyər,

Saxsıda o sevimli güllərin məhvini

və sənin baxçamıza əkdiyin fidanı

və bir pəncərə ölçüsündə oxuyan

bülbül nəğmələrini.

ah…

Budur mənim payıma düşən,

Budur mənim payıma düşən,

mənim payıma düşən,

bir pərdənin məndən aldığı göy üzüdür,

mənim payıma düşən, tərk edilmiş pillələrdən enməkdir

və çürüyən və qürbətdə olan bir şeyə çatmaqdır.

Mənim payıma düşən

xatirələr bağçasında hüzünlü gəzintidir

və "əllərini sevirəm" deyən

səsin hüznünüdə ölməkdir…

Əllərimi baxçaya əkirəm,

cücərəcək, bilirəm, bilirəm, bilirəm

və qaranquşlar mürəkkəbli barmaqlarımın kökündə

yuva quracaq..

Qulağıma sırğalar taxacam

əkiz gilaslardan

və dırnaqlarımı çobanyastığı çiçəkləri ilə

bəzəyəcəm.

Bir küçə var orda

eyni qarışıq saçları, incə boyunları və sısqa ayaqları ilə

kiçik bir qızın masum gülüşünü düşünürlər

bir gecə

küləyin alıb apardığı.

Bir küçə var

mənim ürəyimin uşaqlıq məhəlləsindən oğurladığı,

zamanın sərhədində ölçüsüz səyahət

və bir ölçüdə hamilə qoymaq zamanın quru sərhədini

şüurlu bir obrazın ölçüsü

güzgünün qonaqlığından dönən.

Və belədir,

biri ölür,

və biri yaşayır.

Heç bir ovçu,

çuxura tökülən xor arxda inci ovlamayacaq.

Mən hüzünlü kiçik pərini tanıyıram

okeanda yaşayan

və ürəyini taxta bir qavalda

zərif-zərif çalan

kiçik hüzünlü pəri.

Gecələr bir öpüşlə ölüb

səhərləri bir öpüşlə yenidən oyanacaq olan…

 

Tərcümə etdi: Lalə Niftəliyeva