Sim-sim.az

Məsumə Əhədova – “Yanımda oturmusan, xəbərin də yoxdur…” – ŞEİRLƏR

qasss

Xoş ehtimal

 

Səni daha gənc yaşında tanımaq istərdim –

Qapıların bağlanmamış,

pəncərən günçıxana,

qəlbin eşqə ikən.

Bəlkə onda bir ehtimal –

dayanardıq üz-üzə,

Heç vaxt incinməmiş,

küsməmiş bir ürəklə

ağ vərəqdən başlayardıq sevməyə

bir-birimizi.

 

İndi isə oturmuşuq yan-yana,

qaçırırıq gözləri.

İncinmədən, incitmədən,

iz buraxmadan

keçirik bir-birimizdən.

Bəlkə əllərimiz dəyər,

bir fəlakət baş verər,

yaxınlaşdırar bizi –

Nə xoş ehtimal.

 

Yanımda oturmusan,

xəbərin də yoxdur –

İçəri Şəhərin ən sevdiyin yerində

sükuta açılmış dodaqlarımla

öpülürsən gənc yaşlarından,

məni sevmək ehtimalından.

 

 

Rəhman və Rəhim

 

Gəl bağışlayım səni,

öyrədim əfv etməyi

Əsmayi-hüsna içində

Rəhman və Rəhiməm bu gecə.

 

Gözlərində qövmlərin keçidini seyr edirəm

içimdə yarpaq titrəmir

Bağışlamaq istəyirəm

simanda bütün bəşəri

izin ver, bağışlayım səni.

 

Bütün həqiqətlər sönük,

tövbələr və dualar itirib ünvanını

Әfv olunmaq istəsəm,

kim bağışlayacaq məni?

 

 

Yolçu

 

Ayın tarixini, həftənin gününü,

ömrünün hesabını itirmiş,

qibləsiz, yolsuz, bələdçisiz qalmış

bir yolçunun

itməyinin

ağrısı var ürəyimdə.

Həyatımın qırağında,

özümün uzağında,

qəribə yerdəyəm.

Bütün yollar bir addıma yığılıb.

Bura necə gəldiyimi xatırlamıram

 

Azuqəmi yeyib bitirmişəm,

üstümdə illərin həqiqət aclığı,

doyumsuzluğum da digər tərəfdən.

Ömrümün

"bir müddət daha belə davam edəcək,

bir az da döz" dövründəyəm.

Üfüqdə yeni başlanğıc görünmür hələ,

ertələmişəm özümü qeyri-müəyyən müddətə.

 

Qarşımda

adını əzbərləməyə üşəndiyim,

uzun-uzun sözlərlə təsvir etdiyim küçələr var.

Hər küçənin çıxmazında quduz itlər

gözləyir şikarını.

Bura heç nəyin başlamadığı, hər şeyin bitdiyi küçə,

özümü orada atıb evə yollandığım küçə.

Oğruya bütün pulunu özü təslim edən insan kimi

çıxarıb yerindən ürəyimi

yedirtmək istəyirəm quduz itləri,

ölümümə şahid olmaq,

uğursuzluqlarıma ağlamaq istəyirəm.

 

Bura niyə gəldiyimi xatırlamıram.

Kimsə gəlib məni evə daşısın

bu dəfə həqiqətən yorulmuşam, deyəsən.

 

 

Şəhərli kəndli

 

İçimdə

pilləkənləri təngnəfəs çıxan

şəhərlinin yorğunluğu,

gecələr

şəhərin kənd həsrətinə qarışan

yuxusuzluğu

və nə gediləcək bir kəndin,

nə də ora getməyə gücün

mövcud olmasının

verdiyi məyusluq.

 

İndi deyəcəyəm, xoşbəxtəm,

inanmayacaqsan.

Desəm ki, bədbəxtəm

o da yalan olar.

Yaxşıyam.

Bu şəhərə olan ümidlərimi,

həyəcanımı

hələ tam itirməmişəm.

Bəlkə səhv şəhərdəyəm,

bəlkə də xoşbəxtlik bundan artıq olmur.