Sim-sim.az

Muin Bsisunun ölümündən sonra Fələstinə məktub

eldar baxish

22 iyun Eldar Baxışın doğum günüdü. Vaxtilə yazdığı  elegiyanı bu gün oxuyanda onun öz taleyinə də güzgü tutduğunun şahidi oluruq.

 

 

MUİN BSİSUNUN ÖLÜMÜNDƏN SONRA FƏLƏSTİNƏ MƏKTUB

 

Başın sağ olsun, ana, oğlun yumdu gözünü,

Başın sağ olsun, bacı,

                           qardaşın öldü-getdi

Bu gəlimli dünyaya, bu gedimli dünyaya

Hamı necə gəlirsə, hamı necə gedirsə

Muin də hamı kimi eləcə gəldi-getdi.

 

Dayandı yarıyolda Muinin dağ ürəyi,

Büdrədi yarıyolda Muinin köhlən atı.

Başsağlığı verirəm ürək ağrısı ilə

Sizə, Fələstin xalqı, Fələstin camaatı.

 

Başsağlığı verirəm, başınızı qoruyun,

Təzə qılınc qurşayıb, ox alıb başkəsənlər.

Şərqdə,

       Qərbdə,

                 Şimalda – dünyanın hər yerində

Artıb göbələk kimi, çoxalıb başkəsənlər.

 

Özü də yorulublar adam başı kəsməkdən,

Ağac başı kəsməkdən,

                               sərçə başı kəsməkdən,

Toyuq başı kəsməkdən,

                              cücə başı kəsməkdən,

Fərə başı kəsməkdən,

                            beçə başı kəsməkdən.

 

Adam başı kəsmirlər onlar daha dünyada,

Ağac başı kəsmirlər,

                           sərçə başı kəsmirlər,

Fərə başı kəsmirlər,

                           beçə başı kəsmirlər,

Ölkə başı kəsirlər,

                           paytaxt başı kəsirlər.

Bayraq başı kəsirlər,

                          torpaq başı kəsirlər,

Dəniz başı kəsirlər,

                          dərya başı kəsirlər.

Vicdan başı kəsirlər,

                         namus başı kəsirlər,

Abır başı kəsirlər, həya başı kəsirlər…

 

…Qan damarına necə yeridirlərsə qanı,

Ölkəyə də eləcə yeridirlər qoşunu.

Dəvə kimi xıxırdıb meydanın ortasında

Kəsirlər xırtaxırtla azadlığın başını.

 

-Sonra vaxt gəlib keçir,

                   vaxt yuyur yeri-yurdu,

Unudulur o bıçaq, unudulur o qan da.

Sonra heykəl ucalır, bir azadlıq heykəli

Elə həmin küçədə, elə həmin meydanda…

 

…Sən dözə bildin, ana,

                   sən dözə bildin, bacı,

Muin dözə bilmədi düşünəndə bunları.

Öldü-getdi dünyadan düşünə-düşünə də

Bu başsız azadlığı, bu tökülən qanları.

 

Özü öldü-getdi, özü qalmadı,

Ana, şeirləri qaldı Muinin,

Bacı, şeirləri qaldı Muinin.

Şirin şeirləri yığdı apardı,

Acı şeirləri qaldı Muinin.

 

Əl də vurmaq olmur bu şeirlərə,

Əlini vurursan əl pörşələnir,

Dilini vurursan dil pörşələnir,

Gülə oxuyursan gül pörşələnir.

 

Dağa oxuyursan, dağ dilə gəlir,

Danışır özünün fağırlığından.

Daşa oxuyursan, daş dilə gəlir,

Dəm vurur həyatın ağırlığından.

 

Ota oxuyursan, qəhərlənir ot,

Suya oxuyursan, su daşa dönür.

Tunca oxuyursan

                       dəyişir tunc da,

İpəyə çevrilir, qumaşa dönür.

 

Kədəri böyükdü bu şeirlərin,

Ağrısı böyükdü bu şeirlərin.

Çiçəyi çiçəkdi, gülü kiçikdi,

Arısı böyükdü bu şeirlərin.

 

Bu böyük arının insafı yoxdu,

Gözünə dəyəni söküb aparır.

Bir qədim ölkəni,

                  bir qədim eli

Çiçəyə, ləçəyə büküb aparır.

 

Aparır sancmağa,

                    neştərləməyə,

Aparır tülünü bez eləməyə.

Nə ki, sevinci var, əlindən alıb,

Dərdini-sərini çözələməyə.

 

…Göz yaşı qurumur bu şeirlərin,

Damcı dəmir deşir,

                       damcı daş yarır.

Bir misra ağlayıb qurtarmamışdan,

O biri misranın gözü yaşarır.

 

Azadlıq dərdidi hələ dərdləri,

Hələ axşamları, səhərləri yox.

Çox da ölüb-gedib Muin Bsisu,

Hələ xəbərlərdən xəbərləri yox.

 

Xəbər tutacaqlar olub-keçəndən,

Hələ onda qara bağlayacaqlar.

Hələ ondan sonra hönkürəcəklər,

Hələ ondan sonra ağlayacaqlar.

 

Bir də baxacaqsan,

                    Məcnundu bir söz,

Bir də baxacaqsan,

                   bir söz Cunundu…

Harda gözü yaşlı şeir görsəniz,

Bilin ki, o şeir Bsisunundu.

 

Təqdim etdi: İlham Qəhrəman