Sim-sim.az

Naminə Nur – “Külək tərk edilmiş qadın kimidi” – YENİ İMZA

namine

Sim-sim.az  Naminə Nurun şeirini təqdim edir.

 

 

Gecdi…

bilmirəm saat neçədi.

köhnə pəncərənin çölündə külək nəsə deyir

ürəyi elə doludu ki…

Gecdi…

gecə saat gecədi.

Külək tərk edilmiş qadın kimidi,

uğuldayır, hönkürür, əsəbidi.

Bu nə uğultudu, ilahi?

yalvarır elə bil,

içəri girsə rahatlayacaq.

tərk edilmiş qadın kimi

qucaq gəzir sığına.

içəri girsə, şeir yazacaq,

oturub danışacaq,

hamı yatandan sonra ağlayacaq qucağına…

sonra özünü çölə atacaq,

gəzəcək, dolanacaq…

gecə saat gecədi,

qorxacaq.

taksiyə oturub qayıdacaq.

yatacaq,

tərk edilmiş qadın kimi,

bir gün də keçsin deyə yalvaracaq…

yaz düşəcək birdəncə,

günəş ziyasını yuxularına yollayacaq onun,

ulduzlarla oynayacaq,

lap saat min olsun gecə,

süzəcək,

içəcək, içəcək,

küləklənəcək.

Səhər evə gül ətirləriylə qonaq gələcək.

sevincdən kövrələcək göy üzü

güyqurşağı boylanacaq üfüqlərdən

sonra,

sonra bilirsən?

sonra külək göyqurşağına vurulacaq…