Sim-sim.az

Nerudadan  3 sevgi şeiri – Qismətin tərcüməsində

neruda

Sim-sim.az görkəmli Çili şairi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Pablo Nerudanın 3 sevgi şeirini Qismətin tərcüməsində təqdim edir.

 

1

Ey qadın bədəni, ağ təpələr, ağ ombalar məskəni,

Dəyişkənsən, baharda bar gətirən əkin yeri kimisən.

Nə vaxt ki, səni qazır mənim rəncbər bədənim

Bir oğul cücərir torpağın dərinliyindən.

 

Tunel kimi tənhaydım. Quşlar da qaçardı məndən,

hücum çəkirdi gecə, dörd tərəfim mühasirə.

Səni özümə silah elədim bu həyat müharibəsində,

yayımda ox, sapandımda daş oldun.

 

Qəzəb əvvəl-axır keçib gedər, təzədən vurularam.

Dəridən, yosundan, arzulu və pak süddən bədən.

Ey məmələri qədəh-qədəh! Ey gözləri qürbət!

Ey qasığın gülləri! Ey sakit və hüzünlü səsin!

 

Qadınımın bədəni, canalan olsan da, vaz keçmərəm.

Susuzluğum mənim, sərhədsiz ehtirasım, yol ayrıcım!

Əbədi susuzluq axacaq qurumuş çay yataqlarından

yorğunluq və dərin sızıltı içində.

 

4.

Yazın ürəyində

fırtına yüklü səhərin nəbzi vurur.

 

Ağ vida dəsmalları kimi gəzişir buludlar,

külək yelləyir onları gəzərgi əlləriylə.

 

Sevdalı sükutumuzun üstündə

minlərlə ürəyi döyünür küləyin.

 

Fit çalır külək ağacların arasında çoxalətli, qüdrətli,

savaşlarla, nəğmələrlə dolu bir dil kimi.

 

Qəfil bir hücumla xəzəlləri qatıb qabağına

quşların hərəkət oxlarını sapdırır külək.

 

Onu köpüksüz dalğalara,

yüngül maddəyə və sönən alovlara çevirən külək.

 

Yaz küləyinin hücumuna məruz qalır,

beləcə, öpüşlərin çoxu qırılıb-batır.

 

20.

Bu gecə ən hüzünlü misraları yaza bilərəm.

 

Belə deyə bilərəm: “Ulduzlu bir aləmdir gecə,

mavi topalar titrəşir uzaqlarda.”

 

Bir nəğmə zümzümə edib dolaşır göylərdə axşam küləyi.

 

Bu gecə ən hüzünlü misraları yaza bilərəm.

Sevdim onu mən, sevirmiş o da məni sən demə.

 

Belə gecələrdəydi, qucaqladım onu.

Öpdüm, kim bilir, neçə dəfə əbədi səmanın altında.

 

Sevdi məni o, sən demə mən də sevmişəm onu.

Ürəkdir bu, necə dözsün, o iri, fikirli gözlərə.

 

Bu gecə ən hüzünlü misraları yaza bilərəm.

Düşünüb onun mənim olmadığını. İtirdiyimi hiss edərək.

 

Əngin gecəni dinləmək, daha da əngindir o gedəndən bəri.

Onun gedəndən bir misra düşdü qəlbimə, çəmənlikdə şeh kimi.

 

Sevgimin gücü çatmadısa onu saxlamağa, əldən nə gəlir.

Ulduzlu bir aləmdir gecə, o sevgili yanımda deyil.

 

Vəssalam, elə bu. Nəğmə oxuyur kimsə uzaqdan uzağa.

Onu itirməklə ruhum da sevincini itirdi.

 

Gözlərim axtarır onu dalınca qaçıb çatmaq üçün.

Ürəyim də axtarır, fəqət artıq yoxdur o sevgili.

 

Həminki gecədir ağardan həminki ağacları.

Gəl-gör ki, biz əvvəlki biz deyilik.

 

Artıq sevmirəm onu, düzdür, amma çox sevmişdim.

Səsim gözləyərdi özünü ona çatdıracaq küləyi.

 

Nə çarə, başqasının olacaq. Öpüşlərimdən əvvəlki kimi.

Səsi, parıltılı bədəni. O sonsuz gözləri.

 

Sevmirəm artıq onu, düzdür, desəm də, nə bilim əşşi.

Adi bir sevginin unudulması bu cür illərlə çəkə bilərmi.

 

Budur mənə çəkdirdiyi əzabların axırıncısı,

və bunlar onun üçün yazdığı sonuncu misralardı.