Sim-sim.az

“Qardan azadlıq yapıram…” – Rəna Zare

winter-snow-snowman-girl-kiss

Sim-sim.az  İlham Qəhrəmanın təqdimatında güneyli şair Rəna Zarenin şeirlərini təqdim edir.

 

Güneyli şair Rəna Zare özü haqqında bioqrafiyada bunları qeyd edib:

 

1988 ilində, Tərizin bir qarlı payızında dünyaya göz açdım. Huquq bölümündə oxuyaraq lisenziya aldım. Təhsilatdan mənə qalan keçən ömür və yorğunluq oldu… Ata və anamın şeirə olan marağı məndə təsir buraxdı və 14 yaşımdan şeir yazmağa başladım. Şeirin yeri mənim dünyamda deyil, bəlkə mən şeir dünyasında yer açmağa çalışıram. Şeir olmasa mən özum olmaram yəqin… qaranlıqda itib bataram!  Sonralar ayağım şeir məclislərinə açıldı. Təbrizin “Aftab” (Günəş) Azərbaycan dərgisində ilk olaraq şeirlərim çap olmağa başladı və bir neçə sayda verildi. 2012 ilində ilk şeir toplusunu " Bir kamyon qorxu" adında çapa yetirdim. Milad olaraq oldu mənə (ad günüm oldu mənə). Tanınmağa başladım, şükur! Urmiya, Təbriz və başqa şəhərlərin bir çox dərgisində şeirlərim çapa getdi. 2015 ilində “Bir kamyon qorxu” kitabım təkrar çapa gedib, eyni zamanda ikinci kitabım "Sarayın son etirafları" oxucunun əlinə çatdı. Çox qısa zamanda satılıb qurtardı. Sevgi və sayqımla:

                                                                           Rəna Zare

***

məni sevgin böyüdür

və deyirlər sevmək itirməkdən

qorxmaqdır bir az.

***

Küt bıçaqdır ovçu gözlərin

öldürməyir

ölümcül edir məni.

 

ŞAHGÖLÜDƏ QAR YAĞIR

Şahgölüdə qar yağır

Sərçələr barmaqlarımın ucundadır

Ayaqyalın uçur düşüncəm

Həmən o evdəsən

Gölün ortasındakı restorana baxır pəncərən

Sən başqa gözəlsən

Qarğaların qocalmağını

Tərk edilmiş balaca qayıqları

Qar altında donan peşmək ağaclarını

Daha yaxşı gördüyün üçün

Şahgölüdə qar yağır

Güney soyuğundan donan ağacların biriyəm

Qollarımda özgürcəsinə həsrət var

Və beləcə mənəm, pəncərəndən asılan buz parçası.

Bahar nə böyük qorxudur!

Şahgölüdə qar yağır

Böyük dədəm kürsü qurub fəvvarələrin olduğu yerdə

Uşaqlığım buz üstündə sürüşür

Nənəm qaryemişanı dağıdır gəlib getməyənə 

Atam Şəhriyar oxuyur

Mən qardan adam,

Qardan qadın,

Qardan azadlıq yapıram

Sənə bənzəyir

əslində bütün gözlüklər səni görsədir

Şahgölüdə qar yağır

Nöqtə nöqtə oynayır beynimdə anılar

dizayn edirəm səni evimdə

yoxluğunu kürüyürəm damdan     

pəncərənə baxır Təbriz

və mənim dustaq divarıma

corabsız üşüyür asılmış arzular

fırlanıram səssiz

dəmpayilərim1…  ağ!

Düşünsənə!

Nə özgür həyacandır

Şahgölüdə qar yağır…

1 – evdə, həyətdə geyilən başmaq

***

Qırmızı dikdabanlarını geydi

Dodaqlarını parıldatdı

Sırtıq gələcəyin arabasına mindi, şəhər!

İndi mən danışanda ağzım qoxuyur

İçimdə bir şair cənazəsi var..!

 

***

əllərim cibimdə

üşüyüb gözlərimdə çərçivələr

yanğın çıxıb kitablarımın yaşıl ormanında

tüstü basıb beynimin dar borularını

boğulub iyirmi beş yaşımdakı bakirə arzular

toxunmayacağam!

gələcək zamanı

atam deyib saxla zamanı!

 

***

Beynimdə tumurdur sevgin

Böyüdükcə çürüyür içim!

 

***

Anam başım üstündə keşik versə də (keşik çəksə də)

Qanıma sevgilər serumlasa da1

Xəzan saçlarıma bahar gəlsə də

Sənsizlik sərətandır2

Sonunda  öldürəcək..!

1 – yəni sevgini dərman kimi damarıma vursa da

2 – xərçəng xəstəliyi

 

***

Məni Təbrizdən uzağa

Tehrandan Evinə1 süründürməyin

Ac gecələrimdə alma bitəcək

Qabar əllərimdə durnalar uçacaq

Gözlərimdə isə Araz-Araz balıq doğulacaq

Dustaq deyil bu

Azadlığa gedən bir kəsə yoldur!

1 – həbsxana

***

Atamın əllərində titrədi ürəyin

Qan ağladı qaraca balıqlar

Televizyonda unuduldu ləhcəli göz yaşın…   

Səssizcə qarışdın köhnə ölülərə!

Qaradağ!

sən əsdin

yorğun

Amma başı uca bir bayraq kimi!

 

***

Bal kimi daddım ürək qırılmağı

Gözlərin aydın!

Sən gedərkən körpüdən atıldı

Ürəyimdəki saray..!

 

***

Türkcəyə çevirəcəyəm bütün dərdlərimi

Nisgillərimi anlamayacaq özgələr

Darıxma fəlsəfəsini bir mən biləcəyəm

Bir də telefon kabinindən asılı qalan bir qərib əsgər!

Ürəyim qar altında donan qartal olacaq

Mən ölümlə türkcə salamlaşacağam!

 

***

Gir qanadlarımın altına

Ürəyimlə seviş

Ömür boyu uçmaram inan..!

 

***

Şeytanın daşını tök ətəyindən

Qışda odunsuz qıza yazığım gəlir

Ac yatan qonşumun evi Məkkədir

Tullama daşları!

Şeytan bizlərik..!

 

***

Keçmişim yazılarında quyruqlu yalan

Tarixim uşaqca bir riyazi oyunu

Olsun!

Öc almaq yaşamın birinci maddəsi

Qorxma

Birinci təbsərə1:

Borclu  borclunun sağlığın istər!

1 – bənd

***

Saçlarım payızda tökülür

Yaralarını öpdüyüm quşlar köçür ürəyimdən

Yağış islanır göz yaşlarımda

Üşüyür kapşənim1

Başmağımın yuxularına girir Şahgölü

Acığımdan otururam qarğaların oturduğu

ağac altında

Qurğuşun tökülür qorxularıma…

Ömrüm “simişkalaşır”

Qəmlərini çırtlayan oğlan əlində!

Payız tökülür duruşumdan

Ayaqlayırlar məni –

Xırç… xırç

Süpürürlər məni Təbrizin həyatından!

1- isti qış üst geyimi

 

***

Sevdiyim dildə danışmalıyam

Sevdiyim sularda üzüb

Sevdiyim balıqla sevişməliyəm

Axar çayların sonu dənizdir

Şənbəsi gələcək azadlığımın,

Ana!

Sevdiyim dənizdə ölməliyəm!

 

***

Aynalarda oynadığım filmdir

gələcək

Səninlə realdır

Sən olmayınca acı bir komedi!

 

***

Bahalı arabalarda gözüm qaldı

Üstümə daşlandı palçıqlı sular

böyük evlərin günəşli balkonu

nə ürəksıxıcıdır gözlüklə baxışın

özgür ölkələrin inqilab səsi

lay-lay oxuyur evdə yatanlara

xırıldayıb yıxılır gözümdə Göy məscid

yoxluğu normal gəlir Urmu gölü tək

ədalətli bir buluşum oldu!

şairlik vətəndən payıma düşdü

nə anam bildi!

nə qəbir daşım!

kimini ayrılıq

kimini həsrətlər qocaltdı, ana!

 

***

Təbrizi çiynimə atıram

dırmaşıram Vətən duruşlu ürəyindən

gözlərini cütləyibsən Xançobanın qapısına

alsana!

Çiynimdəki nübarımda

saraydolusu nisgil gətirmişəm..!

 

***

mehrin biri1 gələcək

ata su verəcək,

ata çörək verəcək

ləhcəsiz yazacağam qara taxtaya

evdə qalmadı dilim

yağış altında gətirdi ata..!

1-İranda dərs ilinin başlandığı gün

***

nə gömrüklər,

nə qırmızı-mavi işıqlar,

nə vizasız gələcəklər,

nə dar ağacları qorxudur məni

azadlığı çuğullayacağam ölkədən ölkəyə

salam, quşlar!

insan olmaqdan cana gəlmişəm!

 

***

zəhərləməyin damarlarımı

yaşıla,

mora!

boyamayın məni

yuxlatmayın baxçamızda günəbaxan gülləri

acı çaysızlamışam qürbət axşamında

sarala-sarala qalmaqdansa

qızara-qızara ölmək yaxşıdır!

 

Təqdim etdi: İlham Qəhrəman