Sim-sim.az

Rəfail Tağızadə – “Məni payız seçdi fəsil içində”

15682859_218215365297523_1174466089_n

Həsrət

 

Məni payız seçdi fəsil içində.  

Günümü xəzanlar hey tumarlayar.          

Sənin əllərini göylər saxlayar,

Mənim əllərimi yer qamarlayar.                                    

 

Sənsizlik hər gecə üşüdər məni.

Donar öpüşlərin izi üzümdə.

Baxışım gözündə ağlayar sənin.       

Bir ağac göyərər torpaq dizimdə.          

 

Bir sazaq içimdən titrədər məni,

Bahar istəyimi qəfil don vurar.

Havası sorulmuş bu boş qəfəsdə

Həsrətin özünə təzə ev qurar.            

 

Bu sənsiz dünyada nəyim var mənim.             

Çəkilib gedirəm bu yer üzündən.

Nələr çəkdiyimi göydəki bilər.

Ah yerin yeddinci qatından gələr…

 

Kimsəsiz evlər

 

Ilahi, bu evdə kim qalacaq, kim?

Bu evin yükünü kim qaldıracaq?   

Çəkib öz içinə dərd havasını

bu sönmüş ocağı kim yandıracaq?

 

Üşüyən sobada dərdli kösövlər

qırılan, yarımçıq ömür kimidi,

qaralmış divarı bağrına basan

kövrək xatirələr kömür kimidi.

 

Sahibin axtaran bir qara xəyal

qulaq kəsilibdi yel sorağına,

dikib gözlərini qəriblər kimi

bağlı qapıların lal dodağına.

 

Yiyəsiz evlər də adam kimidi.

Bir ev də beləcə yetim qalacaq.

İsti nəfəslərə möhtac evlərin

bağlı qapıların torlar alacaq.

 

Ilahi, bu evdə kim qalacaq, kim?

Sükutda boğulan zaman içində.                           

Dərdi özü boyda nəm çəkən evlər        

intizar içində, güman içində.

 

         Dəniz sevgisi

 

Məni dəniz boğsa heç dərdim olmaz…

Bilirəm, ustufca, lap aram-aram

çəkib öz  qoynuna alacaq məni.

Bir az tumarlayıb, bir az oynadıb,

əliylə gözümü yumacaq mənim.

Mənim son sozümü qoymaz deməyə.

Ona dərd olacaq, dözməz bu dərdə.

 

… Məni sakitliyə aparıb gedər,

itirər gözlərdən, itirib gedər.

Yığar balıqları üçə, yeddiyə,

“baxdınız, gördünüz”, indi get, deyə,

qovar balıqları, qovar yanımdan.                         

Yuyub, rahatlayıb basdırar məni,

bütün canlılardan azdırar məni.

Bir rekviyem çaldırar susan sulara.

Ay da işıq salar, gecə durular…

Üstümə yosunlar döşəyər, tökər,

içimə bir sevgi toxumu səpər.

Oxşayıb, oxşayıb yatırar məni,

sevginin qoynunda batırar məni.

 

Məni dəniz boğsa heç dərdim olmaz,

üzümdə sevginin naxışı solmaz…

 

 

Gəlməyəcəyəm

 

Gəlməyəcəyəm tamaşana,

gəlməyəcəyəm daha…

Əllərim bir-birini

sürətlə öpməyəcək,

səni axtaran baxışlar

pərdəni döyməyəcək,

ovuca düşən ürək

elə döyünməyəcək.

 

Eşidilir ürəyinin çırpıntısı,

duyulur üzünün qızartısı,

dəyişir sözlərin melodiyası…

Dərd süzülür içimə acı-acı.

Bir səs gəlir içəridən:

çıx, çıx… günahkar tamaşaçı.

 

Götürüb gedirəm

bütün mənli, mənsiz günahları,

intizarda qoyma

yanımda oturan günahsız adamları.

 

Gəlməyəcəyəm tamaşana,

həyəcanlanma daha.

Gəlməyəcəyəm.

Rahat bax… Bütün salona.