Sim-sim.az

Sənan – “…Saat qandallandı qollarıma”

22127356_1639893472716893_207676344_n

 

***

dəmiryolları,

torpağa zəncirlənmiş damarlardı.

qatar-qatar insan axır qan yerinə.

uçur təyyarələr quş qanadı ilə

qonur uzaqların dan yerinə.

 

zaman da ki sığal çəkir

baxmır heç kimin yaşına

adamlar uzanıb ölür

dünyanın bu başından-o başına.

 

***

adamlar təklik sözünün “T” hərfində çarmıxa çəkilir

qollarından da “lar-lər” şəkilçiləri tökülür.

cismin adlıq halında olan sükut,

zaman keçdikcə əvəzolunmaz, şəxs əvəzliyinə çevrilir…

“fel”siz "mən" bir bədəndən süzülür…

 

***

yavaş-yavaş itkin düşürəm,

fahişə bədənlərdə, fahişə yaddaşlarda

soyuqluğumu vurub qırmaq üçün

hətta,

daşlar da, məni daşlar da…

 

küçələrin ayağına düşüb

yorğun ayaqqabılarıma yol qusuram.

içimdəki qapıların arasında qalanda

ağrını dişləyib qəfil susuram..

əlsizlər, adamsızlar, qapısızlar,

sızlar, sızlar, sızlar….

 

***

ölmüş insanın yetim qalan əşyaları

saat vurur çık-çık-çık

vaxt olur çilik-çilik.

tökülür yoxluğun üstünə

 

pencək stulun çiyinlərindən

başını qaldırmır

eynəksə stolun üstə

heç bir yerə baxmır

 

siqaret qutusunun gözü-ağzı bağlı

tüstüsüzlükdən darıxır kül qabı

üzük töküb qaşını-qabağına

yas saxlayır ölüb-gedən barmağına

 

ölmüş insanın yetim qalan əşyaları

ağladır, göynədir yerdə qalan əşyaları

 

və adamları..

 

 

***

srağagün vaxt öldürdüm,

dünən istintaq,

bu gün məhkəmə.

saat qandallandı qollarıma,

nəhayət,

verildi hökm

ömürlük yaşamağa məhkum.

allah da şahid idi.

 

 

***

şəhər köhnə plaşında yağışa bürünür,

susur skamyaları, parkları.

uzaqlaşır, uzaqlaşır,

yaxınları.

şəhər köhnə plaşında yağışa bürünür…

yaxınlaşır, yaxınlaşır,

uzaqları.

itləri də hürüb-hürüb yorulublar,

payız səmasında həzin-həzin islanıblar.

daş binaların mənzilində parket cırıltısı,

diksinib oyanıb qapıya salınan açar səsinə,

barmaqlar əllərdəki nidaya çevrilib,

bir-bir toxunurlar pəncərələrin

sentyabr pərdəsinə..

şəhər köhnə plaşında yağışa bürünür..

pəncərələr mənzillərin gözləridir,

gecə-gündüz, səhər -axşam, küçəyə zillənirlər,

çöl soyuyub, ev isinəndə, şüşələr qəhərlənirlər.

şəhər yağışa bürünür,islanır yaş plaşında,

şəhər təzələnir, təzələnir nimdaş plaşında.

 

 

***

gözlərində teatr var,

aktyoru mənəm.

hər sənə baxanda ,

içimdə səsli, hay-küylü monotamaşa oynayıram

amma gözlərin heç nə duymur,

tutulub pərdələrlə,

mənsə oynayıram səni sənsiz səhnələrlə.