Sim-sim.az

Sənan – Sol tərəfim şəkildir…

23756219_1689150307791209_1311696335_n

 

***
kibrit qutuları mətbəxin şkafında yığışıblar alt-üst.
susayıblar yanmağa,
od olmağa,
kibrit qutuları sakit və süst.

kibrit qutularının içində gizlənmiş əllər,
qəfildən siqaretin boğazından yapışır.
boğub tüstüdə öldürür onu,
külqabı təkliyində bir nəfərin çatır sonu.

kibrit qutularında dəfn olunur adam

 

***
metro çıxışları, mağazalar…
parıltılı gülüşlər diş olub ayaq üstə durub damaq altda.
indi adamlar çörəkdən də çox öz içlərini yeyirlər,
tapdalayırlar.
limon ovucların biri iyirmi qəpikdən ayaqlara yapışır,
metro çıxışlarında qələm beşi bir manatdan məktublaşır.
metro çıxışlarında insanlar yearaltından yerüstünə qusulur.
metro çıxışlarındakı avtobuslar,taksilər,dayanacaqlar,
gedəcək,gedəcək, dayanmayacaqlar.

 

***
küçə fənərlərinin altında axışan insan selinin içərisində 
göyərçin məsumluğu bir körpənin gülüşlərindəydi.
xəstəxana daha bir abort ağrılarına şahid olunda,
səmaya qalxan əllər, allahın qarşısında əyilməyindəydi.

 

***
çox yorulmuş, çoxdan yorulmuş ,
bir bədən düşdü çarpayıdan.
asdı özünü dan yerinin sökülən vaxtı,
quşların yuvalarından tökülən vaxtı.
kəndir üstünə qonmuş sərçənin
ağzında həşərat, caynağında cəsəd vardı.

 

***
cibində əli əşya kimi olan kişi,
atır addımların gələcək “gəlmə”yəcəyə
darıxır keçmişi.
çantasında dodaq boyası itən qadının
bu vaxt
quruyur,quruyur öpüşü…..
skamyalar da ayaqüstə dayanıb
üzü dənizə doğru
gözləyir növbəti görüşü…

 

***
sərçələrin həyasız çığırtıları,
şəhərin başına düşür,
küçələr dimdiklənir.
yarıyuxulu taksi sürücələrinin
gözləri bağlanır
sükan arxasında əlləri yol çəkir.
yarızirzəmi publar, kafelər
sonuncu müştərini yola salır
massaj salonunda yorğun qadınlar
bir kişi çoxluğu ilə
bir az da fahişələşir.
həyasız çığırtılarılarla
səhər açır gözünü
şəhər dimdiklənir

 

***
sinoptiklər xəbər verdi
sabah saçlarında külək olacaq
əsəcək sərin-sərin
əllərinə bulud gələcək
bürünüb yağışa üşüyəcəksən.
sinoptiklər xəbər verdi
qar yağacaq gözlərinə
sənsə qısılıb döşlərinə
geyinəcəksən əlcək ciblərini.

 

***
sol tərəfim şəkildir,
ürək dayanmaq istəyir baxanda fotolara.
bütün ölənlər sağ, bütün sağlar ölüdür indi.

sağ tərəfim albom-albom vərəqlənir,
baxıram ki,”keçmiş”lər əslində keçməmişlər,
ölməmişlər,diridir indi.

mən “yarı”ya yox,”yar”a yox,
yaraya bölünmüşəm,
hər tərəfdən ağrıyıram,çətin sağalam.
hərdən güzgüdə özümə baxıb deyirəm ki,
gəl şeir olaq, şəkil adam….