Sim-sim.az

Tərlan Əbilov – “Sən qadınsan, Allah səni bağışlar…”

21739959_1605596716151287_4812187442779531125_n

 

GÜL GÜLƏ

 

(Cığalı təcnis)

 

Səhər bağa girdim nəfəs dərməyə,

Gördüm, yaman sarmaşıbdı gül gülə.

 

Aşıq deyər gül gülə,

Təbəssüm et, gül, gülə.

Çilə ətrindən bir az,

Ətir tutub gül gülə.

 

Aşiq oldum, gülab çəkdim ətrindən,

Üz turşutdu, dodaq büzdü gül gülə.

 

Gül çəkdi sinəmə dağ, yada düşdüm,

Lalə yanağında xal yada düşdüm.

 

Aşıq, mən yada düşdüm,

Saldılar, yada düşdüm.

Bilən olmadı çıxdım

Bu dağı, ya da düşdüm.

 

Bir gül seçdim, böldülər, yada düşdüm,

Off, bağçada düşman oldu gül gülə.

 

Yol tapmadım, yolu döndüm tərsinə,

Baxt incidi, qismət düşdü tərsinə.

 

Aşıq deyər, tərsi nə,

Doğrusu nə, tərsi nə.

Yüz çiçəkdən əfsəldi,

Qarşımdakı tər sinə.

 

Tərlan düşdü bir damarın tərsinə,

Bir də çətin sevsin – dedi gül gülə.

 

 

YAZIN İSTİSİNDƏ, YAYIN GÜNÜNDƏ

(Təcnis)

 

Heç bilməzdim belə olar, əl yatsa,

anlamazlar məni bəxti qaralar.

Yazın istisində, yayın günündə,

çovğun düşər, saçlarımı qar alar.

 

Şəkkim getməzdi ürəyim qaşına,

Ləkə düşə üzüyümün qaşına.

Düyünlənsəm bir qadının qaşına,

sındırmağa nağış məni qaralar.

 

Sanmış idim düz söz işə yarıyar,

Olmaz dostlar yarı iblis, yarı yar.

Bilməz idim qoyub gedər yarı yar,

Tərlan susar, dinməz, qanım qaralar.

 

 

YERİDİ

 

Çiynindəki evi qoy yerə, dincəl,

səhra ruhun ilan boğan yeridi.

“Su” qəsidəsini süz piyaləyə,

canın piyaləyə sığan yeridi.

 

Nə var gəl toplayaq, yığaq Mənsurdan,

Təbil yoxsa, suru çıxaq Mənsurdan.

Su Mənsursa, quru çıxaq Mənsurdan,

haqq gözlərin yağış yağan yeridi.

 

Bir cam gətir, dərin olsun dərindən,

Tanrı göydə şərab çəksin tərindən.

Süz Tanrının şərab olan yerindən,

dünya qanımızın axan yeridi.

 

Əsl deyilən şey yoxdu cahanda,

Toxlar acdı, aclar toxdu cahanda.

Al qanımız, çiləndiyi hər yanda

dərimizin canı yaxan yeridi.

 

Sufi olan getməz yolun kəsəsin,

Boş saxlamaz sərxoşların kisəsin.

Qürub etsə Tərlan kimi neçəsi,

Günəş-çıxan canın doğan yeridi…

 

BAŞQALIQ

 

Göy üzündə nəhəng bir güllə yeridir Ay…

Və əsrlərdir qan kimi damcılayır ulduzlar.

Hayana boylansan bir uzaq var,

bir səhra var qumuyla ləpələnən,

dəvəsiylə təpələnən…

Sən ərəb deyilsən,

ona görə

lütlüyün də bir başqadır…

İstəsəydi quş da ola bilərdi insan,

lazım gələndə

uçub gedə də bilərdi yuvası dimdiyində.

Sən hindli də deyilsən,

hardan biləsən ki,

düşüncə savaşında

piyadaların yalnız vəzir olmaq şansı var…

Və fil dəvədən böyük olduğu üçün

ölümünə az qalmış

yaşadığı yerdən uzaqlaşır…

Mən uzaqların adamıyam, uzaqların,

sənə görə deyil qanadlarım.

Susamısansa hər şeyi unut,

ovcunu ulduzların altına tut…

 

BUZ ADAM

Utandığımdan göy üzünə baxa bilmirəm,

üzüm qalmayıb uzaqlara çevriləsi.

Dilimdə yaraya dönüb sükutun səsi,

əlimdə qabar çalıb işsizlik…

Yoxdur taxta çıxarılası bir kimsəm,

bir kimsəm yoxdur devriləsi…

Mən çoxdan vaxtı əqrəblərinə uduzan saatam,

şəkillərini qısqandığından

uçub quşların ardınca diivarlarım…

Daha gözlərim ardınca axmır,

su kimi lalam, çay kimi matam.

Keçəni yoxdursa körpü deyil insan,

baxanı yoxdursa güzgü deyil kişi…

Yəqin ki, sən də dəyişmisən indi,

şimallıdır saçların,

bir əllərindir hələ də cənublu qalan…

Mən çoxdan dəyişmişəm, çoxdan,

buza döndərib məni

sevgisizlik,

adamsızlıq,

qadınsızlıq.

Hər şeydən soyumuşam, hər şeydən,

elə soyumuşam ki,

özümü də yandırır bu soyuqluğum…

 

 

SƏN BİLMİRSƏN

 

Sənə nə var, səni qıran olmayıb,

sən bilmirsən ürək qırmaq necədi.

Çox çətindi çıxıb getmək birindən,

mən bilirəm başa vurmaq necədi.

 

Biləndə ki, özün boyda bir sirsən,

Ağrın artır, artır acın, gülmürsən.

Sən bilmirsən, sən bilmirsən, bilmirsən,

sevə-sevə uzaq durmaq necədi.

 

Yaşayırsan  belə, yanıb tökülüb,

Gözlərinlə uzaqlara dikilib.

Sən bilmirsən adamlardan çəkilib,

özünə cəhənnəm qurmaq necədi…

 

 

REPORTAJ

 

Lənkərana yağış yağır,

gölməçələrlə bir göz axır,

hava gözəl, dərd ağır.

 

Küçəyə qaçmışam,

çətir açmışam –

qapımı soruşan yoxluğuna,

pəncərədən bir kölgə baxır.

 

Lənkərana yağış yağır,

yetim-yetim, sağır-sağır.

Bayırda gün çıxıb,

otaqda ildırım çaxır,

sel kimi aparır evimi

bir şüşə çaxır…

 

AT BU GÜNDƏN SƏN DƏ MƏNİM DAŞIMI

Ürəyimdən nələr keçir, bilmirsən,

Sanırsan bu, adam deyil, daşdı, daş.

Bir daş ömrü yaşasam da, qoynunda

Bu sevgindən əridi daş, daşdı daş.

 

Nə var məni qınamağa səbəbsiz,

Bir yer rahla mənə, yadda qalmağa.

Nə yanında, nə qapında yer yoxsa,

Bir yol ara, məni yola salmağa.

 

Dolu qalsın əlli ilin boşluğu,

Qınamasın məni dostlar, tanışlar.

Qov qapından, bağışlama heç kimə,

Sən qadınsan, Allah səni bağışlar.

 

Batsın mənə sümük kimi tənhalıq,

Çevriləsi olsam hara yerimdə.

Ürəksizdən ürək almaq çətindi,

Çək, çəkilim hər gün dara yerimdə.

 

Qov tutmasın özgə haqqı gözümü,

Sevgisiz yaşamaq olar, adsız yox.

Qınamasın dostlar, tanışlar məni,

Harda necə ölsəm, ölüm gözütox.

 

Boşla məni, daşa dönsün, mum ömrüm,

Sən də daha ürəyini daş elə.

At bu gündən sən də mənim daşımı,

Bir daş üçün gözlərini yaş elə…

 

YAZI

 

Hamı birtəhər baxır mənə,

ağaclar birtəhər keçir yanımdan,

çiçəklər birtəhər açılır əlimdə.

Yuxu kimi görür məni övladlarım…

Sən demə

bu vaxtacan dinlədiyim mahnıların

hamsı ağıymış,

sevdiyim qadınların hamsı

göz dağıymış…

Nə vaxt baxsam,

güzgüdə birtəhər dəyirəm gözümə;

hardansa bir kölgə düşür üzümə,

bir şair düşür üstümə…

Süfrəmdə şeir olanda çörək olmur,

çörək olanda şeir…