Sim-sim.az

Tofiq Nurəli: “Bir kimsə qalmayıb əl eləməyə…”

tofiq nureli

Qəribə oğlan

 

Bir gün mən günəşi

             qoyub cibimə

ölçsəm veyil-veyil bu küçələri,

ölçsəm veyil-veyil bu qaranlığı,

Bu uzuuun gecəylə versəm baş-başa,

qaranlıq dünyanın qaranlığından

lap lül dəm olub

            hey səntirləsəm,

salıb itirsəm,

günəşi cibimdən salıb itirsəm,

         gəzdiyim yerləri tamam unutsam,

          yadıma düşməsə bircəciyi də…

…Ölçsəm veyil-veyil bu küçələri

bir gün bu günəşi qoyub cibimə.

(28.10.16)

 

Yeni  dünya

 

Bu ulduz səsli gecə

ilıq,

      həlim                    

          və ehtiraslı gecə…

Göyün sonsuz qaranlıqları

            ulu bir qadın bətni,

ulu bir kişinin sperması səpilib

            qaranlıqlar boyunca ulduz-ulduz.

Ehtirasla yanan ay

            bir Afroditdir –

                   mayalanmaq istəyir

hansısa bir “ulduzu”  gözünə təpib…

Deməli bitib!

             Köhnə dünya qurtarıb,

                                               bitib.                   

Deməli ulu göylər hamilə qalmaq,

yeni dünya doğmaq istəyir…

Dünyan yenidən doğmaq istəyir!

…Bu ulduz səsli gecə

                        və ehtiraslı gecə…

(08.04.15)

 

Atlı (video şeir)

 

Bir atlı yol gedir ay işığında,

dağların arasıyla,

            ağarır tozlu yollar…

Atlı yolla getmədi

                atı sürdü kolluğa…

Ey oxucu, sən mənə vermə yersiz suallar:

Niyə çıxdı o yoldan?

                 Nə var kol-kos içində?

Səbrli ol əzizim,

          elə mənimçün də

                 müəmmadır bu atlı…

Bax,

       ora bax, qayıtdı

              o kolluqdan piyada,

keçdi Gingi dərəsin

           endi Qala boynundan…

Anlamıram hələ ki, hansı səmtə gedir o,

                                hansı kəndə gedir o,

atı niyə gizlədib?

              O niyə heç tələsmir?

Sualları saxlayın, mən də heç nə bilmirəm,

hövsələm də çatmır heç başımı aldatmağa…

At kolluqda,

           O yolda,

                Ay da gedir batmağa.

 

(19.10.16)

 

Ayın qaranlığında

Faiq üçün

 

Dadlı iyul gecəsi

          Ayın qaranlığında

          Yerin göydə,

          Göyün yerdə həll olduğu zaman.

Ruhun səsi gəlirdi

           nap-nazik şırıltıyla axan

                            Babaçayından…

Bütün canımla arxası üstə sərilib qaranlığa

O çayı dinləmək qədər     

             Azad

                  xoşbəxt

                         və kədərli

                                olmamışdım heç vaxt…

Ötənlər də,

ötənlərdə itənlər də,

gələcək

və gəlməyəcək gələcək də,

boynuma qonan böcək də,

suyun şırıltısını dinləyirdi

bu dadlı iyul gecəsinin sahilsiz qaranlığında…

Bu qaranlıqda ən aşağıda da mən idim,

                            ən yuxarıda da mən idim,

Ən əvvəl də mən idim,

                     mən idim ən axır da,

                                          axırdı da

hər şey bu şırıltıya qoşulub axırdı

            bu dünyaya məndən,

                                bu dünyadan mənə…

Və yenə mən

ruhun da səsini eşitdiyim qatda

və hər üzünü gördüyüm bu həyatda,

ömrümün bu çağında

 heç vaxt yetmədiyim qədər

azad

       xoşbəxt

             və kədərli idim

                    ayın qaranlığında.

(06.11.16)                 

 

Qətl olunmuş vaxt

 

İndi qəfil ayıldım:

uzun-uzun illərdi

mən ki, vaxt öldürmüşəm.

Həyatımdakı boşluqlar,

canımdakı naxoşluqlar

vaxtın qanıdır ki, var…

Yollarımı kəsən dev,

tikə bilmədiyim ev

elə vaxtın qanıdır.

Bu boş qalan əllərim,

gərəksiz əməllərim

vaxtı qətlə yetirib.

Daha nə bir macal var,

nədə ki bir əlac var.

Mənasız  köç olmuşam,

puç olmuşam,

heç olmuşam…

Gərək düz anlayaydım

kimlərlə savaşaydım!                                                             .

Gərək əjdahalarla,

devlərlə savaşaydım! 

Gərək girə biləydim

alovların içinə,

gərək qoşulmayaydım

köçünə zəmanənin,

gərək baş əyməyəydim

gücünə zəmanənin…

Döyüşüb-vuruşub

yenilsəydim heç,

qurğuşun-qurğuşun

yonulsaydım heç…

Heç hayıf deməzdim,

heç uf deməzdim,

heç belə bəxtimdən

gileylənməzdim.

 

 …Baxdım ki,

lap çoxdan gedib gedənlər,

bir kimsə qalmayıb əl eyləməyə…

 

(13. 07.16)