Sim-sim.az

Tural Turan – “Qucaqlaşaq, Tanrı…”

22851726_1645058658885362_3627592122561091432_n

Adam ölür, ev tikilir…

Maqnit tərkiblidir

müharibə dövrü uşaqlarının alın yazısı.

Ya gülləni özünə çəkər, ya günəşi –

Hansı qarşılarına daha tez çıxarsa.

 

Axşama Heynrix Bölldən bir kitab oğurla gətir –

Ürəyim pomidor qayğanağı istədi,

Qorxma, onun balaban ürəkli sahibi

Daha sənə heç nə deməyəcək –dedim

Buyurduğum balaca Milnerə.

 

“O illərin çörəyi” elə indi də eyni dadır…

 

Fərqi yoxdur ya acından, ya içindən

Uşaqların öldüyü müharibədə.

Arxa cəbhə olmur, güllə Ata!

Bütün savaşların formulu eyni –

Adam ölür, ev tikilir…

Bunkerdəki ümid dolu nağıllar öldürür adamı;

Bom-bom səsləri yox.

 

Gurultularla uşaq qığıltıları

Necə gözəl sinfoniyasıymış, İlahi!

Adına layiq düşünübsən…

İlahi, ayağım yoxdur

Qalxıb baxa bilmirəm.

 

…Kitab oğurluğuna göndərdiyim

Uşaq geri dönmədi.

Sən yuxarıdasan, bir bax;

Gör hansı gurultuda ilişib qalıb.

 

12 qızmar 2017

Bakı.

 

 

Çoban qızı

 

(tərəkəmə gündəliyi)

Bu şəhər beşatılandı, mənsə kor qırması,

Doldurub alnından vurarlar,

alınını çox qaldırma, çoban qızı.

Bu şəhərdə bərəkət yelinsov olub.

Bu şəhərdə dilənçilərə süd verən əllər

Tayməmə qalıb çoban qızı…

Tanrıya məktub yaz çoban qızı,

Yaz ki, gəl qucaqlaşaq tanrı,

Sən boynumu qucaqla, mənsə ətəyini.

Denən sənin kimi dilənçilər də

ətəklərindən yanır tanrı.

…Bu şəhərin ovuclarında ot cücərmir,

Qoyun dırnaqlarında it-bat olmamış get,

get buradan, çoban qızı.

 

Burada müəllimlər gərməşov ağacıdır,

Müdirlər çaralı quzu xurcunudur at belində,

Get, get bərk yapış qoruqdan, xoradan…

Kitab-kitab kentavrlaşır burada insanlar,

Bu şəhərdə kitablar intihar edir,

professor eynəklərində.

Qələmlər diyircəkli əsa olur,

gözdən əlil şairlərin barmaqlarına.

Ən təmiz kitabları çaralı quzular yazır,

Bozqurda ithafla başlamır, bir cümləsi də.

Ən gözəl elmlər boz çöllərdə

ayaqlarının altına sərilib, çoban qızı.

Hər boğanaq daşı tarix müəllimidir,

Hər yağış tozu yazı taxtası.

 

Onları tapdayıb niyə gəldin bu şəhərə?

Bu şəhərdə hamı mənim kimi kor qırmadır,

Kəpənək kimi qonarlar əlinə,

əlində açılarlar, çobanyastığı kimi.

Buradan əkil, öz alaçığında bəkil, çoban qızı.

Ümid olma bu şəhərdə min şərikli tayməmə yelinə.

 

Müharibə uşaqlarının gündəliyi

 

(Bəzən ataları belə anlaya bilmir,

müharibə uşaqlarının dəftərlərindəki

kələ-kötür yazıları…)

 

Əzrailin eniş meydançasıdır bütün insan sinələri.

Ekvatordan aşağıda döyünür bütün son mənzillər…

Tanrı da üstünə qurğuşun əridir,

                                               kəm-kəsir yaratdıqlarının.

 

Hər səhər  keşişlər təşəkkür alır

müsəlman başdaşlarından.

Təşəkkür məktublarına narıncı gülümsəyir

Bütün kilsələrin “Xaç ata”sı.

 

Ömür nərgiz qoxusudur, bir meh drijorluğunda.

Hər qoxunu canına çəkdikcə

qabıq qoyur ölülərin ruhları.

 

Ölülər ittiham olunur naqil oğurluğunda.

Başdaşları təqvimində təkcə nərgiz qoxusu bayramı var.

Qurğuşun əridir ölülər də

hər il öz ad günlərində.

6 qızmar 2017

 

 

 

Qapısız qonaq

Hər kəsin əl uzadacağı bir cəftəsi var.

Qapısız qonaqlarınsa kölgəsinə görə dəyəri.

 

Ərsiz daxmaların qapısı olmur,

Bir qadın taqqıldayır qapı yerinə.

Bir uşaq ürpənir qapı dalında,

Bir qadın boylanır kölgəyə sarı –

Kölgə boyu ölçür abır dalında.

 

Sən, ey yad qapını döyən kimsəsiz,

Ərsiz daxmaların qapısı olmur.

O sənin qapınsa, önündə otur;

Deyilsə, salam ver sallansın səsin…

Sonra cəftəsi ilə duz – çörək kəsin.

 1 yığım 2017

Bakı

 

Altuta verilmiş* xoşbəxtlik

Yalan deyirlər,

Bu şəhərdə it hürən tərəfin işıqları ilə

İşıq gələn tərəfin itlərindən başqa

heç nə toqquşmur.

 

Analar namaz üstə hamilə qalır

övlad günahlarına.

Övladlar yumurta döyüşündə altuta verir,

Xöşbəxtliklərini

Halal süd əmmiş şər vaxtı.

 

Bu şəhərdə keçilərin boğazından asılmış

Zınqırovlar haylayır insanları kilsələrə.

Kilsə qapısında tanrı ilə Allahı görmür

Təkkə sevdalıları;

Qiblə eşqi, çarmış odu şam əridir

İtlərlə işıqların toqquşmasına.

Şamanlarla buddistlər aria oxuyur,

Qərbin çuğlaşmasına, şərqin qovuşmasına.

 

* altuta verilmiş – dəyişdirilmiş

 

3 yığım 2017

Goranboy, yol üstü.