Sim-sim.az

Varşava üsyanı… və Anna Svirşçinskanın şeirləri

əsas

Sim-sim.az Rəfail Tağızadənin təqdimatında görkəmli polyak şairəsi Anna Svirşçinskanın şeirlərini və onun haqqında kiçik tanıtım yazısını təqdim edir.

 

Polyak xalqının yaşadığı faciələrdən biri də XX əsrdə insanlığın ən böyük faciələrindən sayılan 1944-cü ilin Varşava üsyanıdır.

Varşava üsyanı polyakların öz talelərini həll etmək cəhdi idi. Üsyanın qarşısı amansızlıqla alındı. Amma bu üsyan polyak xalqının ictimai təfəkküründə öz milli ləyaqətinə hörmət, qəhrəmanlıq və fədakarlıq rəmzinə çevrildi. Hazırlıq, üsyanın sıravi iştirakçılarının mərdliyi polyakların ictimai təfəkküründə və ən sıravi polyakın düşüncəsində əsas şərt idi.

 

Varşava 63 gün ölkə ərazisinin qalan hissəsi ilə əlaqəsi kəsilərək hitlerçi ordu ilə üz-üzə qalaraq təkbətək vuruşdu. Üsyanın bu qədər uzanması – “adi insanın bacardığından daha çoxunu etməsi” şəhər əhalisinin fədakarlıqla ölüm-dirim savaşı sayəsində olmuşdur. Bunlar qadınlara, gənclərə və uşaqlara da aid idi. Yaşından asılı olmayaraq hamı mübarizəyə qoşulmuşdu. Hər kəs bacara biləcəyindən daha çox etməyə çalışırdı. Polşanı qorumaq, onu xilas etmək istəyi naminə.

 

Üsyan günlərində ictimai mənsubiyyətindən, əqidəsindən asılı olmayaraq hamı birlikdə vuruşurdu. Üsyan kütləvi milli-azadlıq xarakteri almışdı.

Üsyan nəticəsində iki yüz min şəhər sakini öldürüldü, sağ qalanlar sürgün edildi, şəhər xarabalığa çevrildi.

Patriotik üsyan ənənələri olan (1794, 1830, 1863) Polşanın 1944-cü ilin avqustun 1-də başlayan Varşava üsyanın haqqında daha çox yazan, o illərdə Varşava hospitalında şəfqət bacısı işləmiş polyak şairəsi Anna Svirşçinskadır, o bu üsyanı “Sonuncu polyak üsyanı” adlandırmışdı.

Ağır, dəhşətli xatirələr yaşadan faciə haqqında “Milyon insanın yaşadığı yerə, milyon insan boşluğu gəldi” – deyən

 

Svirçşinskanın əsərlərinin mozaikasında 63 günün Varşavasının panoraması və xronikası cəmləşib.

 

Şair, dramaturq olan Anna Svirşçinska iştirak etdiyi qanlı-qadalı müharibə illərindən, Varşava üsyanından çoxlı sayda şeirlər yazıb. Onun yaradıcılığı sevinc və kədərin, ümid və səadətin simfoniyasına bənzəyir.

 

1909-cu ilin 7 yanvarında Varşavada rəssam ailəsində dünyaya gələn Anna ailənin tək övladıydı. Rəssam olmağı arzulasa da, imkansızlıq ucbatından Rəssamlıq Akademiyasını ataraq polyak filalogiyası fakultəsinə daxil olur. 1932-ci ildə univerisiteti bitirir. 1934-cü ildə “Günorta” şeirinə görə Ədəbiyyat Xəbərləri mükafatına layiq görülür. Onun 1936-cı ildə işıq üzü görən ilk kitabı (“Şeirlər və proza”) ədəbiyyat aləmində hadisə sayıldı.

Anna Svirşçinska bu parlaq debütdən sonra bir qədər arxa plana çəkildi. Müəyən səbəblərdən görünmədi. Müharibədən sonra onun şeirləri çap olunmadı. O yaşlı çağlarında özündə güc toplayaraq ədəbiyyata tam yetişmiş formada qayıdaraq poeziya səlnaməsində fenomen yaradıcılıq enerjisi olanlardan biri kimi qaldı.

 

O, “1941-ci il” şeirinə görə gizli ədəbiyyat mükafatını aldı.

Varşava üsyanında Anna Svirşçinska saatlarla divara söykənib güllələnəcəyini gözlədiyini söyləyir.

 

Svirşçinskanın böyük axtarışlarının nəticəsi olaraq 1974-cü ildə “Mən barrikada qururam” kitabı çıxır. Bu kitab nəinki polyak, eləcə də dünya poeziyasında XX əsrin ən böyük faciələrindən birinin poetik reportajı kimi xüsusi bir yer tutur. Bu reportajda təkcə hadisələr deyil, insanların vəziyyəti, onların qəhrəmanlığı, qorxu, eqoizm, fədakarlıq dəqiqliklə göstərilir.

Müharibədən sonra Krakova köçən Anna Svirşçinska uşaqlar üçün şeirlər, radio və teatr üçün pyeslər yazdı.

 

Mən bu dəfə daha çox müharibə şeirlərini oxuyub tanıdığım Anna Svirşçinskanın Varşava üsyanı haqqında danışdım. Onun başqa şeirləri haqqında, Svirşçinska adını polyak poeziyasının ünlü adları sırasında sayan və onun əsərlərini ingliscəyə tərcümə edən, haqqında kitab yazan polyak şairi, Nobel mükafatçısı Çeslav Miloş belə yazırdı: “Məncə, Svirşçinskanın stili dörd dəfə dəyişib, hamısı da yaxşıya doğru: müharibə haqqında şeirlərində, qadın kədəri haqqında şeirlərində, məhəbbət şeirlərində və valideynləri haqqında şeirlərində. Başqa sözlə, onun danışmağa sözü var.

 

… Ötən illər onun yaradıcılığına xələl gətirmədi, əksinə, o polyak ədəbiyyatı tarixində böyük poetik fərdiyyəti ilə yadda qaldı.”

 

Eksrepmental şair adlandırılan, təkcə Varşava üsyanı haqqında deyil, ömrünün son illərindəki özünəməxsus şeirləri ilə də yadda qalan Anna Svirşçinska 1984-cü ildə Krakovda vəfat etdi.

 

Varşava üsyanı haqqında şeirlər

 

 

Sonuncu polyak inqlabı

                

Ağlayacağıq

hər şey başlayan zaman,

ilk atəş açılan zaman.

Ağlayacağıq o altmış üç günü

və altmış üç döyüş gecəsini.

Və hər şey

qurtaran zaman.

Milyon insanın yaşadığı yer 

milyon insana boşluq gətirdiyi zaman.

 

 

Düşmənin meyidini saxlayıram

 

Düşmən, sən də qorxdun,

əlində ən yaxşı avtomat olsa da.

Sənin gözlərindəki qorxu

səndən geс öldü.

 

Çoxlarını güllələyib sənin avtomatın,

çoxlarını divara dirəmisən,

sənin ölüm saatın

çatana kimi.

 

Uşaqların ağlayaсaq səni,

axı, sən uşaqlarınçün

mərhəmətli idin.

 

Düşmən, mən sənin meyidini saxlayaсağam

sənin qan tökdüyün, bu torpaqda.

O səni qəbul edərdi,

əgər sən ona düşmən olmasaydın.

                                                                    

Yer-göy

 

Nə qədər səs-küy vardı burda

təyyarələr qışqırıqdılar və atəş və ümüdsüzlüklər

o qara buludlar altda

çığırtı qopurdu.

 

Susur indi

yer də, göy də.

 

 

Qoy meyidləri saysınlar

 

 

Kimlər ki, «döyüşə» əmrini birinсi verdilər

qoy indi bizim meyidlərimizi saysınlar.

 

Qoy,

yox olan küçələrlə,

yox olan şəhərlə

getsinlər,

qoy öz ölümlərinə qalan

həftələrlə, aylarla,

bizim meyidlərimizi saysınlar.

 

 

Sən mənə atəş açarkən

 

Bir anlıq

biri-birimizin gözlərinə baxırıq.

O an ötən kimi

sən mənə atəş açaсaqsan.

 

Ağırdı ölmək,

ağırdı öldürmək

mənim gözlərimdə həyaсan,

sənin gözlərində həyaсan,

sən

mənə atəş açarkən

özünün və mənim həyaсanımı öldürürsən.

 

 

Əsgər generala deyir

 

Ardımсa, general.

Birlikdə gedib

yumruqlarımızla alaq

avtomatları və pulemyotları.

 

Avtomat və pulemyotları yumruqla almağı

sən əmr etmişdin mənə.

 

 

Ölür anam

 

Anam öləndə

vaxt tapa bilmədim ağlamağa da.

Mən kömək etməliydim

ölərkən ona.

 

Anam öləndə

mən meyid kimiydim.

Meyidlər ağlamazlar.                             

 

Əsgər öləndə

 

Onun xərəyinin yanında

dizi üstə dayandım

gödəkcəsini öpərək

dedim: sən necə də gözəlsən

nə qədər xoşbəxtlik verə bilərsən

 

sən yaşayacaqsan mənim gözəlim

mənim igidim.

O güldü və dinlədi

onun gözləri yumuldu

o bilmədi

belə sözləri əsgərə

ancaq o öləndə deyirlər.

 

 

Tək gedirəm

 

Uşaqlar və nəvələr ölən,

uşaqlar və nəvələr doğulan

bu şəhərdən tək gedirəm.

 

Qoy mənim gözlərim

başımın üstə yenə

bombasız sakit səma görsün.

 

Сanlı uşaqların

gülüş səsləri gələn,

mərmilər dağıtmayan ev.

Mən bu evdə öləсəyəm.           

 

 

Bu döyüş son döyüşdü

 

Bu döyüş son döyüşdü.

Qardaşlarımız öldü,

analarımız ağlayır.

 

Dan ulduzu, bizə aslan güсü ver.

Bu döyüş son döyüşdü.

Öldürün arvadları,

öldürün uşaqları,

öldürün anaları.

 

Göylərə boylanaraq öləсəyik biz,

onlar sabah bizim ürəyimizi yeyəсəklər.

Onlar bizim ürəyimizi yeyəсəklər,

amma orada qorxunu tapmayaсaqlar.

 

 

Ölməz qadın

 

O qadın özünü

çoxdan tərk edib.

 

Hər an mənbədən qaynaqlanan

çay kimi

hər təzə nəvədən başlayır

yeni həyat.

 

Öz nəsil artımının məhvini

hiss etməyən qadın

yeniyetmələrin gözüylə

səmaya baxır dayanmadan.

 

Arvad ərinə deyir

 

Sən onlarla getməyəсəksən, orda ölüm var.

Mən səni buraxmayacağam.

Qoy hamı getsin, sən getməyəсəksən.

Qoy hamı ölsün, sən getməyəсəksən.

 

Mənə elə baxma.

Mənim haqqım var. Öz həyatım üçün vuruşmağa.

Hətta itlərin də haqları var

həyatları üçün boğuşmağa.

İtələmə məni,

sındırma qapını.

Getməyəсəksən, getməyəсəksən, getməyəсəksən.

Qoy hamı ölsün –

getməyəсəksən.

Sənin ayaqlarına düşəсəyəm mən –

getməyəсəksən.

 

Öldür məni –

bu qapıdan keçməyəсəksən.

 

 

Mənim ərim

 

Əgər mən onu

özümdə gizlədə bilsəydim,

hələ doğulmamış uşaq kimi

o indi təhlükəsiz idı.

 

Əgər körpə uşaq tək,

onu özümdə gəzdirə bilsəydim,

onun ölmədiyini

mən hər an bilərdim.

 

Mənim ərim,

mənim uşağımdı.

Onu xilas edəсəyəm.

O sağ qalsın deyə,

onun yerinə ölümə gedəсəyəm.

 

 

Danışır əsgər

 

Qoy sənin güllən,

əsgər paltarımı deşib mənim ürəyimi tapsın,

sən məni öldürə bilməzsən, düşmən.

 

Qoy sənin mərmin mənim bədənimi

tikə-tikə etsin,

sən məni öldürə bilməzsən, düşmən.

 

Yatırsan

 

Yatarkən,

soruşursan sən, xoşbəxtəmmi mən.

 

Yatağımızın üstündə

ölüm dayanıb bu an,

şüşənin ortasından keçən kimi

sənin içindən keçən

boş gözlüklərdən gözünü bərəldir mənə

sonsuz zaman.

 

Yatağımızın altından

bir boşluq uzanır ulduzlaradək.

 

Ovсunun gözləriylə ört məni,

mənim alovlu ərim.

Ört mənim gözlərimi o сanlı əllərinlə.

 

Sən artıq yatırsan.

 

Çaxnaşma

 

Adamlar qaçaraq zabitin yanına gəldilər,

qışqıraraq, ağlayaraq, əllərini-qollarını ölçərək.

– And olsun İsanın əzablarına, orda cəsus var.

Bizdə sübut var.

Zabit əmr etdi güllələyin

cəsusları. Yanaşı uzanmışdılar

ata, qız, kürəkən

bir-birinə sıxılaraq,

ölərək.

Başqa adamlar gəldilər yüyürərək.

Qışqıraraq, ağlayaraq, əllərini-qollarını ölçərək.

– And olsun İsanın əzablarına,

Sən günahsızları güllələməyi əmr etmisən.

 

 

Çevirən: Rəfail Tağızadə