Sim-sim.az

Vera Polozkova – Fasilə vermək ustalığı

seir kimi

Sim-sim.az Günel Xəzəlin tərcüməsində çağdaş rus şairi Vera Polozkovanın şeirlərini təqdim edir.

 

Vera Polozkova – 05.03.1986 – Şair, aktrisa, müğənni.

 

ŞAİR VERA

 

Uşaq vaxtından intellekti ilə təəccübləndirən Vera, 15 yaşında məktəbi bitirib, Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olur. Birinci kursda ilk şeirlər kitabı çıxdıqdan sonra, jurnalistikada özünü tapa bilmir, universitetdən ayrılır və özünü bütövlükdə poeziyaya həsr edəcəyini bildirir.  Müasir rus poeziyasında kifayət qədər tanınan və uğurlar əldə edən Vera, “Книжное обозрение”, “Cosmopolitan” (“Qəribə əhvalatlar” rubrikasını aparıb), “Afişa” FBİ-Press, “İsraa Spark” kimi qəzetlərlə əməkdaşlıq edir. Paralel olaraq,  ART4.RU aktual incəsənət muzeyində çalışır. Bloqu “ЖЖ” uzun illər ən çox oxunanlar sırasında olduğundan ona populyarlıq və 2006-cı ildə ilin şairi adını qazandırır. 2009-cu ildə “Neformat” mükafatının “poeziya”  nominasiyasının qalibi olur. Müxtəlif televiza verlişlərində maraqlı çıxışları, poetik savadı və zövqü ilə çoxlarının sevimlisinə çevrilir. İlk yetkin kitabı “Nepoemaniye” (Nepoemaniye”)  2008-ci ildə dərc olunur. Hindistan səfərindən sonra silsilə şeirləri ilə mənəvi aləminin də rəngarəng və maraqlı çalarları oxucuların rəğbətinə səbəb olur. Bundan sonra “Fotosintez” adlı kitabı işıq üzü görür. Bu kitab artıq üçüncü dəfə təkrara nəşr olunub ki, bu göstərici tək nəzm deyil, nəsr ədəbiyyatında da ciddi nəticədir. Bundan sonra Amerikaya səfəri olur və orada da uğur qazanır. Ən son kitabı “Осточерчение” (Bezikmə) səfərlərindən və dəyişmiş dünya görüşündən bəhs edir. Veranın poeziyasını sevənlər qədər, nifrət edənlər də az deyil. Onun qafiyələrini “süni, gərəksiz” adlandıranlar, poeziyasını “quru və mənasız” bilənlər çoxdur. Buna baxmayaraq, Vera yazmağa davam edir və daha gözəl Rusiya və dünya üçün öz missiyasını yerinə yetirdiyini hər çıxışında vurğulayır.


AKTRİSA VERA

 

2007-ci ildə ilk çıxışı Moskvada Bulqaqov adına mədəniyyət evində olur. Həmin ildən Vera Qeorq Jenyunun “Anonim rəssamlar cəmiyyəti”ndə aktrisa kimi fəaliyyətə başlayır.  2009-cu ildə “Praktika” teatrında şeirləri əsasında qurulmuş “Sevgi haqda şeir” adlı tamaşasında özü baş rol oynayır. “Happy-60” teatrında isə öz yaradıcılığından kənarda da əsl aktrisa istedadı aşkar olunur.

 

MÜĞƏNNİ VERA

 

Veranın müğənnilik karyerası “Fotosintez” kitabından sonra başlayır. Musiqiçi dostlarla şeirlərə mahnılar bəstələnir və onların sonunda Vera çıxışlar edir. Bu obraz publika tərəfindən o qədər bəyənilir ki, albom buraxılır və bu gün albom artıq altı dəfə təkrar çıxarılıb. Plagiatlarla mübarizənin nəticəsiz olduğunu görən Vera 2011-ci ildə “Bərabərsizlik işarəsi” (Знак неравенства) albomunu yalnız online versiyada hazırladır. Bu albomla Vera və qrupu Rusiya və Ukraynada çoxsaylı qatrol konsertləri keçirir.

Siyasi görüşlərində indiki iqtidarı daim tənqid edir, müxtəlif problemlərə fikrini bildirməkdən çəkinmir. Ailəlidir, oğul anasıdır.

 

 

 

 

deyəsən, yaşlanmışıq, ana, amma böyüməyimiz davam edir.

zaman hərəkətləri zəiflədir, amma simaları möhkəmlədir.

daha nə bal, nə barıtıq,

indi biz daş döşəmə, ağac və darçınıq.

 

tanıdığın o qəşəng uşaqların, ana,

qəşənq balaları doğulub

düzgün işıqda onların şəklini çəkmək hobbimiz olub.

yaşam yaşayanlardan ağıllıdır, bu aydındır,

ilk üçdə birin sonunda.

 

uşaqlıqda qorxduğum nəsnələr,

indi, ukulele çalan gombullardan yöndəmsiz görünür

hətta gələcəyin süqutu da qanunauyğundu,

əslində.

cavan ölməmək dəhşətlidir, ana

amma gördüyün kimi, bunun da öhdəsindən gəldik.

 

indi özüm özümün həm Ceki Çanı, həm də Santa Klausu

işim-gücüm quraşdırmaqdı – zülməti və xaosu

öyrənməyə çalışdığım, ana,  

fasilə vermək ustalığıdır.

 

daha nə sıfıram, nə lovğa quşcuğazam,

nə də tər tumurcuğam,

o cavan tumurcuq indiki mənə ağzı yad baxır.

adətən sadələrdə nifrət

mürəkkəblərdə – qibtə oyatmaqdayam.

 

qadınlara qalanda, ana, hər şey var –

Trierdən Kar Vaya qədər:

hər dəfə, evimdə cəzbedici,

işgüzar, uğurlu biri peyda olanda

çılpaq şəkildə qucaqlaşıb hönkürür, sarsılır və ulayırıq.

 

xoşbəxtliyə qalanda, ana, nəticəsidir –

sedativin, ya da toksin təsirinin.

mənimçün bu hiss, gecə taksidə

qırx ikinci küçəylə onuncunun kəsişməsində

Kabataşdan Taksimə keçməyimdi.

Sənin faniliyin və adiliyin nadirən

bu qədər özünü biruzə verər.

 

hərdən elə bilirəm, sürgündə olan sərkərdəyəm,

hərdən də lazımsız dən kimi itirəm bitkilər içində

səthilik at oynadarkən dünyada

astar çıxmır mənim ağlımdan

varlığın təbilçiləri əllərində çubuqlarını yelləyir

havada başımın üstündə

gözləyir kiminsə işarəsini.

 

yox, sənin məhəbəbbətin, məni xilas edə bilməzdi

heç nədən – axı xilas etmədi

qismətimə o qədər ton gözəllik düşdü ki,

altında əriməliydim.

amma mən indi bomboş oturub yanında

bir əsr onu vəsf edəcəyəm.

 

 

Baby-face Whores

 

elə bilirdilər ki, bütün bunlar bitsə, hansısa

dəhşətli iz qalacaq canlarında,

göz qapaqları sallanacaq,

səsləri xırıldayacaq,

skeletləri deformasiyaya uğrayacaq,

bir dəqiqəyə ikisi də qırxı haqlayacaq,

salamat qalan olsa,

deməli, ya pəltəkdi, ya şikəst.

 

sən demə təkcə baxışlar dəyişir,

başqa heç nə,

hətta ağrımağı arzulayırsan,

amma ağrımırsan.

 

elə bilirdilər ki, ən çox nifrətə layiq olan – yalan danışandı.

axı yalançılıq – metodikdir,

qorxunu doğmanda söndürmək;

od qoymaqdı.

yalan danışır qadınına; təhlükədən qoruyur guya

qadın da qaytarır borcunu ona

kişinin blek ceki var, qadının başqa sevgilisi

bağışla, dosti.

 

görəsən, bizim bu şən, üzsüz

cavanlığımız

bütün olanlardan sonra

necə tab gətirə bildi, necə qaldı sarsılmadan canımızda?

bəd əməlin

sərt sözünmü xatirinə

yazığımız gəlməyən hər kəsə görə

son tikəsinə qədər acgözlüklə yeyilən

yüzüncü sevgidən

sonra

hanı bizim qaralmış dişlər, əzizim,

kobud tikişlər

niyə yoxdu üzümüzün yarısı boyda damğa, ləkə?!

 

Tərcümə etdi: Günel Xəzəl