Sim-sim.az

Aslı Ərdoğan – “Gecə”

asli-erdogan-cezaevi-kosullarini-anlatti-hastalanma-luksum-yok-185549-5

Neçə saatdır əriyən qarın səsini dinləyirəm. Özümlə gətirdiyim qədim şəhərin yağışlarına qulaq asdığım kimi. Damlardam düşən, pəncərələrə çırpılan, ayrılan, qovuşan damcılar, dayanmadan əriyən qar… İnadla torpağa qarışan qar. Özlərindən böyük və qədim, inadkar bir səsin çağırışına sehrlənmiş kimi… Sirr daşımaqdan yorulmuş, bir an belə dayanmadan ağlayan gözlərin yaşı kimi. İllərlə axıdılmamış, hamının bilib ağlamadığı sirlər, minlərlə insanın üzündən axsa da məsumluğunu itirməyib. Mənası tapılmayan bu göz yaşları sanki uzaqdakı gecələri mənə verir, özümü içində görmədiyim əhvalatlarla doldurur. Yaradılışdan belə qədim olan gecə hələ yarı olmayıb. Zaman narahatlıqla tərpənir, bir anı digərinə sovurur, saat əqrəblərini tıqqıldadır, xatirələri bir-birindən ayırır, əridir və qütbü tapa bilməyən kompas kimi yaddaşı alt-üst edir. Sanki daima yoxluğa, həyatın – mənim həyatımın – yoxluğuna işarə edir… Yaddaşım indi uzaqda görünən adaya bənzəyir, dumanla örtülür, qayalara çırpılan dalğalarla çarpışır, silinir, gözdən itir.

* * *

Həmişəki hüznlü, möhtəşəm, səssiz qaranlıq çöldə ağalıq edir. Gözəgörünməz daşlarla nə qışqırtı, nə də bir söz keçirtməyən möhkəm divar hörülür. Dörd bir yanımızda yüksəlir və getdikcə yaxınlaşır.  İçəridəki, ən içəridəki gecəni daha da dərinə basdırır. Artıq gecənin qaranlığı ilə daşın, torpağın, insanın qaranlığı sirdaş və birdir. Yaddaşın qayalıqları onu əhatə edən divarlardan seçilmir, yaxınla ən yaxın bir-birindən uçurumlarla ayrılır, arzularla xəyal belə edilməyənlər eyni əlçatmazlıqla gözləyir…

Pəncərənin bu tərəfində təsadüfən çəkilmiş dünya var. Nə göstərə, nə də gizlədə bilən kağız kimi nazik, dəlik-deşik bir masqa… Sətirləri oxunmayan, sözləri bitmiş hekayə. Heç kimin xəyalına uymayan, heç bir çağırışa səs verməyən qədim bir dünya. Qarla örtülü, tənha damlar, donmuş ağaclar, bütün varlığıyla dimdik duran, möcüzənin sərhəddində keşik çəkən yuxusuz dağlar… Və eyni qədimliklə qaranlıq sıradağlarda cisimlənən… Sanki dikəlmək, ayağa qalxmaq, itirdiyi əzəmətə qovuşmaq istəyərkən donub qalıb, dalğa-dalğa qabarmaq əvəzinə yuxulayıb.

Gözəyarı bir cüt mötərizə qoyulub sonsuzluğa və o toxunulmamış boşluğu ucsuz bucaqsız iki yerə ayırıb. Hələ çəkilərkən silinən rəsmin içinə nəsnələri, obrazları axıdaraq ağırlaşan gözqapaqlarıyla örtüb göyün… Bax dünya budur! Daim aşınan, dişlənən, geriyə dartılan. Kəsik-kəsik, etibarsız, yad. İçinə girilməsi kimi çölünə çıxılması da çətin olan bir cüt mötərizə. Təkcə qaranlığa açılan qapılar, gecədə yox olan, getmək və itmək mənasına gələn yollar… Burada başlayıb burada bitən, içimizdə yox olan yollar.

* * *

Damlar qarla örtülü, ağaclar hərəkətsiz, dağlar, dağlar… Hamısının arxasında sədəf rəngli, yarı xəyal, möcüzəvi, yorğun işıq var. Birdən birə qaranlıqda görünən, sümük rəngində işıq. Sanki göydən yox yerdən ­­gələn aydınlıqdı. Torpağın dərinliklərində öz-özünə yanan alov kimi. Qarda əsk olunan ay işığı qədər soyuq, xəyali, donuq və du­rğundu. Dərindən, bəzilərinin cəhənnəm dediyi dərindən, itirilmiş və itiriləcək hər şeydən sızan aydınlıqdı. Bəlkə də sözlə yaşıddı, hər an var olan və var edən, həyatı yaradan o ilk işıqdı. Söylənməmiş, başlanmamış, hələ bərq vurma­­­mış işıqdı. Bəlkə də ölülər və xəyallar özlərini görsün deyə gecənin əlində tutduğu aynadı. Ola bilsin ki, bəzilərinin “gələcək” dediyi sabahın, ya da qopacaq yeni qar fırtınasının xəbərçisidi.

 

Tərcümə etdi:Taleh Eminoğlu