Sim-sim.az

Aynaların cəhənnəmi – Edoqava Rampo

Rampo_Edogawa_02

Sim-sim.az  yapon yazıçısı Edoqava Ramponun “Aynaların cəhənnəmi” hekayəsini təqdim edir.

 

Kan Tanuma indiyə qədər tanıdığım dostların içində ən qəribəsiydi. Əvvəldən onun əqli çatışmazlığından şübhəliydim. Kimisi onun sadəcə, əcaib bir məxluq hesab edir, amma mən onun xalis dəli olduğuna əminəm. Hər nəydisə, Tanuma nəyəsə möhkəm aludə olmuşdu. Hələ uşaq ikən fənər, teleskop, binokl, kaleydeskop və bu kimi şeylərlə oynayardı.

 

Bəlkə də Tanumanın bu qəribə aludəçiliyi irsi idi, deyilənə görə ulu babası Moribe də belə qəribə məşğuliyyətlərə meyli olub. O, Naqasakidəki hollandiyalı tacirlərdən müxtəlif şüşə əşyalar, teleskoplar və fərqli mövzuları əhatə edən əntiq kitablar alırmış. Bu əşyalar sonralar nəvələrinə qaldı və dostum Tanuma bu ailə yadigarlarının sonuncu sahibi idi.

 

Tanumanın uşaqlığında ayna və lupa aludəçiliyi ilə bağlı hadisələr anlatmaqla bitən deyil, amma lisey günlərində özünü fizikaya, xüsusən də optik elmə həsr etdiyi vaxtlarda maraqlı hadisə baş vermişdi ki, onu çox yaxşı xatırlayıram.

 

Bir gün dərs vaxtı (Tanuma ilə bir sinifdə oxuyurduq) müəllim çuxurlu bir güzgünü şagirdlər arasında əldən-ələ dolaşdırıb onlardan güzgüdə əks olunan üzlərini müşahidə etməyi tapşırdı. Növbə mənə çatanda qorxudan diksindim; üzümdəki saysız-hesabsız çibinlər o qədər böyük görünürdü ki, rəsədxanadakı nəhəng teleskoplardan görünən Ay kraterlərinə bənzəyirdi. Yeri gəlmişkən, sızanaqlı üzümlə bağlı məsələlərdə olduqca həssas idim, o hadisədən sonra isə çuxurlu güzgülərə qarşı məndə fobiya yarandı. Üstündən az keçməmiş bizi bir sərgiyə apardılar və sərgidə bir küncə qoyulmuş köhnə çuxurlu güzgünü görər-görməz dəhşət içində oradan qaçdım.

 

Məndən fərqli olaraq Tanuma sinifdə çuxurlu güzgünü görüncə sevindiyindən bilmədi neyləsin. “Harika… harika!” deyə çığırmağa başladı və sinifdəki uşaqlar onu lağa qoymağa başladılar. Amma Tanumaya görə bu heç də lağ ediləsi mövzu deyildi, nəsə ciddi bir iş idi. Onun bu çuxurlu güzgü sevgisi sonralar elə bir hal aldı ki, harda kabel, karton, güzgü görürdüsə satın alırdı. Hardansa əldə etdiyi elmi cadu sənətinə dair kitabların yardımıyla şeytani məzə qutuları düzəltməyə başladı.

 

Tanumanın liseyi bitirdikdən sonra təhsilini universitetdə davam etdirmək niyyəti yox idi. Bunun əvəzində ailəsinin maliyyə yardımı ilə həyətlərinin bir küncündə özünə kiçik bir laboratoriya qurdu və bütün vaxtını, enerjisini optik vasitələrə dair məşğələrə sərf etdi. Beləliklə də büsbütün dünyadan qopub laboratoriyasına qapandı. Mən onu ziyarət edən yeganə şəxs idim, tədricən artan əcaib hərəkətləri nəticəsində bütün dostları onu tərk etmişdi. Hər dəfə onun ziyarətinə gedəndə əcaib-qəraib işlərlə məşğul olması qayğılarımı artırırdı, ondan ötrü çox narahat idim. Onun bu mərəzinin pisdən daha pis hala çevrildiyini görürdüm.

 

O ərəfədə ana babası öldü və ona sağlam bir miras qaldı. Artıq üzərində heç bir nəzarət yox idi və ona qalan bolluca mirasla müstəqil hərəkət edə bilərdi. İyirmi yaşına çatanda qarşı cinsə maraq göstərməyə başladı. Bu marağı optik elmə aşırı aludəçiliyi ilə iç-içə keçdi və bu ikisinin bir araya gəlməsi onun gücünü bir az da artırdı.

 

Əlindəki para ilə kiçik bir rəsədxana yaratdı və səyahətçilərin sirlərini kəşf edə bilməsi üçün oraya müəzzəm bir teleskop yerləşdirdi. Onun evi yüksəklikdə olduğundan bu iş üçün ideal mövqedə sayıla bilərdi. Ancaq tam təhlükəsiz yer də sayıla bilməzdi. Çox keçmədən teleskopunu yer üzünə doğru çevirdi və linzaları ətrafdakı evlər səmtə istiqamətləndirdi. Ətrafdakı baryerlər laboratoriya üçün əngəl yaratmırdı, çünki ev çox yüksəkdə idi.

Tanumanın güdükçü gözlərindən xəbərsiz olan qonşu evlərin sakinləri heç nədən şübhələnmədən pəncələrinin taylarını büsbütün açıb gündəlik həyatlarına davam edirdilər. Nəticədə Tanuma qonşuların özəl həyatının sirlərini öyrənməkdən əvvəllər heç dadmadığı bir zövq almağa başladı. Bir axşam məni kübarcasına teleskopdan baxmağa dəvət etdi, gördüklərimdən utanıb qıpqırmızı oldum və sonra onun bu təklifindən imtina etdim.

 

O hadisənin üstündən çox keçməmiş tabeçiliyindəki gənc xidmətçi qızların otaqlarını görə bilməsi üçün özəl bir periskop düzəltdi. Təbii, bundan xəbərsiz olan qızlar öz otaqlarının məhrəmində tam sərbəst halda istədikləri hərəkəti edirdilər.

 

Böcəklərə aid başqa bir hadisə də var ki, heç ağlımdan çıxmır. Tanuma böcəkləri kiçik bir mikroskopla incələyirdi, həm döyüşmələrini, həm də sevişmə anlarını izləməkdən uşaqcasına zövq alırdı. Bir dəfə onun mikroskopunun altında bir böcək gördüm. Adamın qanını donduran bir görüntü idi, böcək min qat böyüdüldükdə qan içində çabalayan qoca donuzu xatırladırdı.

 

Bu əhvalatdan bir müddət keçəndən sonra yenə yolumu Tanumanın laboratoriyasından saldım. Qapını döydüm, açan olmadı. Adətim üzrə icazəsiz içəri girdim. Ev qaranlıq idi, bütün pəncələrər qara pərdəylə örtülmüşdü. Qəfildən qarşımdakı böyük divarda təsvir etməkdə aciz qaldığım bir qaraltı göründü; qorxunc və nəhəng görüntü bütün evi əhatə edirdi. Qorxudan yerimdə donub qaldım. Görüntü tədricən aydın şəkil almağa başladı. Gözə dəyən ilk şəkil qara otlarla örtülü bir bataqlıqdan ibarət idi. Onun aşağısında duş ləyəni böyüklüyündə iki nəhəng göz görünürdü, qəhvə rəngli göz bəbəkləri vahiməli şəkildə parıldayırdı, ağ dekorun üzərindən iki qan nəhri axırdı. Sonra iki qocaman mağara göründü, mağaların ağzından sanki ütülmüş süpürgələrin saçaqları daşıb tökülürdü. Bunlar təbii ki, div kimi bir burunun dəliklərindən fışqıran qıllar idi. Sonra qalın dodaqlar göründü, qıpqırmızı, koppuş dodaqlara bənzəyirdi; qımıldanan dodaqların arasından kirəmit böyüklüyündə iki sıra ağ diş görünürdü.

 

Bu, bir insan üzünün görüntüsü idi. Qrotesk ölçülərinə rəğmən bu çöhrənin xətləri mənə kiminsə üzünü xatırlatdı.

 

O anda kimsə məni səslədi: Qorxma! Mənəm!

 

Bu səs məndə ikinci şok təsiri oyatdı. Qocaman dodaqlar sözlərlə eyni vaxtda tərpənirdi və gözlərdə sanki bir təbəssüm vardı.

 

Bir anda otaq işıqlandı, divardakı surət yoxa çıxdı. Eyni anda Tanuma otağın küncündəki pərdənin arxasından çıxdı. Uşaqcasına  qürurlanaraq dedi: – Xariqüladə görüntüdür. Deyilmi?  

 

Mən donub qalmışdım, heyrətdən dilim tutulmuş vəziyyətdə orada durmağa davam edərkən gördüyüm şeyin onun öz üzünün görüntüsü olduğunu, üzünü projeksion alətin yardımıyla divarda əks etdirdiyini və bunu özünün icad etdiyini mənə açıqladı.

 

Bir neçə həftədən sonra yeni təcrübələrini sınaqdan keçirməyə başladı. Bu dəfə laboratoriyada otaqlardan birinin divarlarına güzgülər vurdu. Dörd divar, döşəmə və tavan güzgülərdən ibarət idi. Bu otağa daxil olan hər kəs öz bədənin bütün tərəflərini görə biləcəkdi. Güzgülər bir-birini əks etdirdiyindən bu əkslər sonsuza qədər çoxalacaqdı. Amma Tanuma bütün bu həngamənin nədən ötrü olduğunu açıqlamadı. Bir dəfə də otağa girmək üçün məni evinə dəvət etdiyini xatırlayıram. Düşünmədən bu dəvəti rədd etdim, çünki qorxurdum. Xidmətçilərin dediklərinə görə Tanuma incə bədənli xanım xidmətçilərdən biri Kimokoyla tez-tez güzgülü otağa keçir və orada güzgülər aləminin gizli həzlərinin kefini birlikdə çıxarırlar.

 

Xidmətçilərin dediyinə görə o, bəzi hallarda otağa tək keçir və uzun müddət orada qalır. Bir dəfə otaqda o qədər çox qalıb ki, xidmətçilər narahat olublar. Aralarında bir az cəsarətlisi yaxınlaşıb qapını tıqqıldadıb. Tanuma çılpaq halda otaqdan çıxıb öz otağına qaçıbmış.

 

Tanumanın səhhəti pisliyə doğru gedirdi. Digər tərəfdən bu qəribə məşğuliyyətdən asılılığı gün-gündən artırdı. Bütün pullarını çılğıncasına xərcləməkdə davam edirdi, növbənov güzgülər almaqdan yorulmurdu. Axırda öz güzgüsünü özünün yaratmalı olduğu mərhələyə gəlib çatdı. Bu üzdən həyətdə şüşə sexi qurdu, orada seçilmiş mütəxəssislərin köməyilə hər növdən möhtəşəm güzgülər istehsal etməyə başladı. Onun istəklərinin qarşısını alacaq bir qohum-əqrabası yox idi və xidmətçiləri də yüksək maaş müqabilində can-başla ona xidmət edirdilər. Onun sərvəti azalmaq üzrəydi. Onu bu qəribə işlərdən uzaqlaşdırmaq mənim üzərimə düşən bir vəzifə idi. Amma Tanuma məni dinləmədi.

 

Ağlını tamam itirər deyə yenə ona nəzarət edirdim, bu üzdən tez-tez onu ziyarət edirdim. Hər dəfə də güzgülər aləminin hoqqalarına şahidlik edirdim və hər dəfə də təsvir olunması çətin olan qəziyyələrlə üzləşirdim.

 

Gördüyü işlərdən biri də laboratoriyadakı divarlardan birinin qarşısına nəhəng güzgü yerləşdirib arasından bir adamın keçməsi mümkün olan məsafə saxlaması və güzgüdə beş dəlik açması oldu. Sonra güzgünün arxasından qollarını, ayaqlarını və başını keçirdi. Beləliklə boşluqda sərbəst hərəkət edən gövdəsiz bədən illüziyası yaratmaq istəyirdi. Bir dəfə də bu güzgülərin əhatəsində şaman kimi çılçılpaq rəqs etdiyini gördüm. Hər dəfə onu bu halda görəndə bədənim ürpərirdi, hərəkətdə olan bədən güzgülərdə bir-birinə qarışırdı. Bəzən cütbaşlı görünür, dodaqları eybəcər halda qabarırdı, qarnı şişib böyüyür, sonra bir anda düz vəziyyətə düşürdü. Budda heykəlləri kimi çoxaldıqca çoxalırdı. Belə vaxtlarda laboratoriya dəlilərin dolaşdığı Ərafa dönürdü.

 

Tanuma daha sonra bütün laboratoriyanı əhatə edən nəhəng bir kaleydeskop quraşdırdı. Motorun köməyilə döndürülən bu kaleydeskopun köhnə silindrinin hər dönüşündə müəzzəm çiçək naxışları fərqli formalara və rənglərə bürünürdü – qırmızı, pəmbə, bənövşəyi,  yaşıl, çəhrayı, qara – eynən tiryək istifadəçisinin yuxusundakı çiçəklər kimi. Tanuma da silindrin üstünə çıxır, çiçəklərin arasında çılğıncasına rəqs edirdi, çılpaq bədəni çiçəklərin ləçəkləri kimi çoxalırdı, bu da onu kaleydeskopun çiçək naxışlarının bir parçası kimi göstərirdi.

 

Onun çılğınlığı həddini aşmaqda idi. Fövqəladə icadları daha sürətlə artırdı və mən nəhayət, onun ağlına şübhə etməyə başladım. Qısa müddətdən sonra çoxdan bəri gözlənilən qorxunc və faciəvi qopma anına gəlib çatmışdıq.

 

Bir səhər Tanumanın evindən qan-tər içində qaçıb gələn xəbərçi tərəfindən yuxudan oyadıldım.

 

“Qorxunc bir şey oldu! Kimiko dərhal ora gəlməyinizi istəyir. Xəbərçinin rəngi kağız kimi ağarmışdı və nəfəsi sanki çiyinlərindən alırdı.

 

Tələsik geyinə-geyinə “nə olub, nə baş verib?” deyə soruşdum.

 

“Hələ bilmirik,  – dedi, – amma Allah eşqinə, yubanmayın!”

 

Ondan yenə nəsə soruşmaq istədim, amma xidmətçinin dili topuq çalırdı. Evdən çıxıb sürətlə Tanumanın laboratoriyasına yollandım.

 

O uğursuz yerə çatdığım zaman gördüyüm ilk adam Kimiko oldu. O biri xidmətçilər də onun başına toplaşmış, dəhşət içində otağın ortasındakı kürə şəklində olan obyektə baxırdılar.

 

Bu kürə sirk klounlarının üstündə yürüdüyü balonların iki qatı böyüklüyündə idi. Çöl tərəfi ağ bezlə örtülüydü. Məni dəhşətə gətirən bu kürənin canlı varlıq kimi yavaşca o yan- bu yana yuvarlanması idi. Ən dəhşətlisi isə eşidilən yanğılı səs idi – bu səs başqa bir dünyadan olan məxluqun boğazından çıxan ürpərdici qəhqəhə kimiydi.

 

-Burda nələr baş verir? – deyə ətrafdakılardan soruşdum.   

 

Biz… biz də bilmirik, – deyə xidmətçilərdən biri sərsəmcəsinə cavab verdi.  – Bizim bəy bunun içində qalıb. Amma əlimizdən də bir şey gəlmir. Onu bayaqdan çağırırıq, bu qəhqəhələrdən başqa cavab yoxdur.

 

Yaxınlaşıb səsin kürədən necə çıxdığını anlamağa çalışdım. Kürənin üzərində xırda hava dəlikləri vardı. Bu dəliklərdən birinə yaxınlaşıb içərisinə baxdım, koredici işıqdan başqa heç nə görə bilmədim. Amma əmin idim ki, bunun içində bir məxluq var.

 

Ağzımı dəliyə söykəyib dəfələrlə çağırdım: – Tanuma! Tanuma!

 

Yenə o əcaib qəhqəhə eşidildi. Əlim-qolum bağlanmış bir vəziyyətdə çarəsizcəsinə kürənin yuvarlanmasına baxırdım. Birdən kürənin hamar səthində qara bir hissənin incə cizgilərinə gözüm sataşdı. Bunun kürənin içinə girmək üçün qapı olduğunu zənn etdim. Yaxşı, bəs bu qapının qulpu hanı? Qulp yerində bir dəlik vardı. Bunu görüncə ağlıma gələn qorxunc düşüncədən sarsıldım. Ola bilsin ki, qapının qulpu qırılıb, bu adam da içəridə qalıb. Əgər beləydisə, bu adam oradan çıxa bilmədiyindən bütün gecəni kürənin içində keçirib.

 

Laboratoriyanın künc-bucağına baxdım və çox çəkmədən T formasında bir qapı dəstəyi tapdım. Onu dəliyə yerləşdirmək cəhdim boşa çıxdı, çünki sapı qırılmışdı.

 

Adamın, – təbii ki, əgər içəridəki adamdırsa, – niyə qışqırıb kömək istəmədiyini anlaya bilmirdim. Bəlkə də Tanuma içəridə lap zır dəlinin birinə çevrilib.

 

Sonra dərhal görəcəyim işə qərar verdim. Şüşə sexindən çəkic götürüb laboratoriyaya döndüm. Diqqətlə nişan aldım, çəkici var gücümlə kürəyə çırpdım. Bir neçə dəfə vurandan sonra kürə bir yığın şüşə qırıntısına çevrildi. Dağıntıların içindən iməkləyə-iməkləyə çıxan adam təbii ki, Tanumadan başqası deyildi. Amma tanınmaz hala düşmüşdü, içində qorxunc bir dəyişiklik baş vermişdi. Üzü büzüşüb şişmiş, rəngi çəkilmişdi, gözlərinin biri bir tərəfə, o biri başqa səmtə baxırdı, keçə kimi saçları dağınıq haldaydı, yarıaçıq ağzından incə şərid halında tüpürcək damcılayırdı. Sifətində qudurmuş bir dəlinin vəhşi üz ifadəsi vardı.  

 

Kimiko deyilən qız onun üzündəki bu yırtıcı ifadəni görərək qorxub geri çəkildi. Artıq sözə ehtiyac yox idi, Tanuma havalanmışdı.

 

“Bütün bunlar necə baş verdi?” deyə özümdən soruşdum. “Bu kürənin içində qalmaqmı onu dəli etmişdi? Bəs onun bu kürəni yaratmaqda məqsədi nə idi?”

 

Xidmətçiləri sorğu-suala tutsam da heç nə öyrənə bilmədim. Hamısı bir ağızdan kürə haqqında heç bir şey bilmədiyini, hətta belə bir şeyin varlığından xəbərsiz olduqlarını söylədilər.

 

Harada olduğunu anlamayan Tanuma silkələnərək otaqda gəzməyə başladı. Kimiko dəhşət hissini adlamışdı, o, ağlamsınaraq Tanumanın qolundan tutub dartırdı. Bu vaxt şüşə sexinin mühəndisi işlərin gedişatı haqda məlumat vermək üçün hadisə yerinə gəldi. Gördüklərindən şoka düşdüyünə əhəməyyət verməyərək onu sual atəşinə tutdum. Adam o qədər heyrətlənmişdi ki, kəkələyirdi, sözlər ağzından güclə çıxırdı. Amma mənə bəzi şeyləri danışdı.

 

Uzun müddət bundan əvvəl Tanuma ona bu şüşə kürəni düzəltməyi əmr edibmiş. Kürəni düzətdirib işçilərinə onun üstünü bir neçə qat qumaşla örtməyi tapşırıb. Kürənin içi kiçik oyuqlar şəklində imiş. Onun başqa özəlliyi də içərisinə bir adamın girə bilməsi üçün qapısının olmasıdır.

 

Mühəndislər kürənin nə məqsədlə düzəldildiyini bilməyiblər. Kürə dünən hazır olub və ona elektrik kabeli qoşub laboratoriyaya gətiriblər. Kabeli divardakı elektrik xəttinə qoşublar və Tanumanı kürəylə baş-başa buraxıb gediblər. Sonrakı hadisələrdən onların xəbəri olmayıb.

 

Baş mühəndisin hekayəsini dinlədikdən sonra ona dedim ki, getsin. Sonra Tanumanı xidmətçilərin nəzarətinə buraxdım, onu öz evinə apardılar. Mən laboratoriyada təkbaşına qaldım, döşəməyə səpələnmiş şüşə qırıqlarını gözdən keçirdim, çarəsizcəsinə olub-bitənlərin sirrini çözməyə çalışdım.

 

Uzun müddət bu müəmmayla boğuşmaqdan yoruldum. Ən sonda Tanumanın optik elmlə bağlı bütün fantaziyalarının tükəndiyindən içinə girib öz əksini görə biləcəyi elektrikli güzgü kimi nəzərdə tutulmuş şüşə kürə düzəltmək qərarına gəldiyini düşündüm. Bir insan içərisi güzgülü kürənin içinə girərkən niyə havalansın? Görəsən orda nə görüb? Bu düşüncələr ağlımdan keçərkən sanki onurğamdan aşağıya doğru bir buz qılınc sancıldı.

 

Kürə şəklində olan güzgüdə əksini gördüyü üçünmü başına hava gəldi? Yoxsa öz əksiylə birlikdə şüşə tabutun içində həbs olunduğunun fərqinə vardıqdan sonra yavaş-yavaş ağlını itirdi?

 

Axı nə gördü, deyə təkrar-təkrar özümdən soruşurdum. Yəqin ki, insanın xəyal edə biləcəyinin ötəsində olan bir şeyi görüb. Heç şübhə yoxdur ki, indiyə qədər özünü şüşə kürənin içində həbs edən ikinci bir insan olmayıb. Mütəxəssislər belə içərisi güzgülü kürəyə özünü qapatmayıb. Bəlkə də bu dünyada olmayan, ağla, xəyala sığmayan bir şeydir bu.

 

Demək, Tanumanın gördükləri olduqca dəhşətli şeylər imiş. Güzgünün əks etdiyi nədirsə kürənin ancaq bir hissəsində görünür. Bunun qorxunc ölçüdə daha da böyüdülmüş halı ola bilər. Ancaq yan-yana düzülmüş çuxurlu güzgülərlə əhatə olunduğunuzda nələr baş verəcəyini təxmin edə bilərsinizmi?

 

Mənim talesiz dostum heç şübhəsiz, bilinməyən diyarları kəşf etməyə çalışaraq toxunulmaz tabuları pozdu, buna görə də tanrıların qəzəbinə tuş gəldi. Qəribə görünən optik aludəçiliyi ilə yasaq bilginin gizli qapılarını aralamağa çalışaraq özünü məhv etdi.

 

Tərcümə etdi: Kənan HACI