Sim-sim.az

Ayxan Ayvazın mükafat qazanan hekayəsi

ec83a8154e54f4afa2aebb7c8b85d919

 

 

 

Ayxan Ayvazın “Quran motivləri əsasında hekayələr” müsabiqəsi”ndə mükafata layiq görülən “Qaranlıq və işıq” hekayəsini təqdim edirik

 

 

 

 

O zaman Allah yuxunda sənə onları az göstərdi. Əgər onları sənə çox göstərsəydi, ruhdan düşər və döyüş barəsində bir-birinizlə mübahisə edərdiniz. Lakin Allah sizi qorudu. Şübhəsiz ki, O, kökslərdə olanları bilir.

                                                                                                                            Quran

 

Qaranlıq gecədə bir ulduz belə görünmürdü. Düz yol məni harasa aparırdı. Yolu elə bil kimsə işıqlandırmışdı. Hər şey apaydın görsənirdi. Ancaq yoldan kənar yerlər qapqara idi. İşıqlaşmış yolla gedirdim. İrəlidə ağaclar, ağacların arxasından dağlar görsəndi. Ora çatanda qaranlığı elə bil yer uddu. Hər yer aydınlıq oldu. Dağların başındakı buludlar, ətəyində olan çoban və qoyunlar ortaya çıxdı. Bura sanki mənə tanış gəlirdi. Elə bil bura nə vaxtsa gəlmişdim. Bu düşüncələrlə çobanın yanına yetişdim. Çoban enli kürəkli, iti baxışlı bir adamdı, hərəkətindən, oturuşundan-duruşundan zirək bir kişi olduğu bilinirdi. Ayağının birini iri bir daşın üstünə qoyub qoyunları seyr edirdi. O biri tərəfdə isə çoban iti dilini bayıra çıxardıb sürünün ətrafında gəzinirdi. Çoban deyəsən məni görməmişdi. Onun qabağına keçib:

– Dayı, bağışla. — dedim. Səsim dağlara dəyib əks-səda verdi. Sözlər çobanın qulağına dolanda o ayağını daşın üstündən aşırıb yekə gözlərini mənə zillədi:

– Hə, oğlum. — dedi.

Bir anlığıma nə deyəcəyim yadımdan çıxdı. Karıxıb qaldım. Sonra boğazımı arıtlayıb:

– Dayı, bura haradı? – dedim

Çoban enli kürəyini yana çevirib əli ilə dağları göstərdi:

– Bu dağa – Alvan dağı deyərlər. Bu kənd isə Muğanlıdı.

– Muğanlı! Muğanlı! Muğanlı! – Bu sözləri təkrarladım. Görəsən doğulduğum kəndə necə, özü də tək başıma gəlib çıxmışam? Özü də piyada. Biz kəndə gedəndə qatarla gedərdik. Amma mən ayaqla gəlmişdim. Özümü itirdiyimi, sifətimin saraldığını, tüklərimin biz-biz olduğunu anladım. Deyəsən, çoban da bunu sezmişdi:

– Oğul, nooldu? Sifətin ağappaq oldu. Gəl dalımca… — Çoban irəlidəki çaya doğru gedirdi. Mən də onun arxasıyla. Çay şırıl-şırıl axır, mənə nə isə xatırladırdı. Çoban dayanıb nəfəsini dərdi. Çaya baxıb:

– Bu çaya da Qavrı deyərlər. Bilirsən burda bir bacı-qardaş ölmüşdür. Bizimkilər bura “Div” deyirlər. – dedi.

Çobanın sözləri mənim başımı daha da qarışdırdı. Yadıma düşdü ki, neçə il bundan əvvəl  biz, əmim və onun uşaqları ilə burda çaya getmişdik. Əmim onda bir kamera da götürmüşdü ki, buranı lentə alsınlar, biz şəhərə qayıdanda bu mənzərələrə bir də baxa bilək. O vaxt çay da, çaladakı ağaclar da yamyaşıl idi. Mən, qardaşım, bacım, anam hamımız çayda çimmişdik. Amma indi mən necə oldu ki, gəlib bura çıxdım? İndi evdə, yəqin ki, məni axtarırlar. Kəndə getdiyimi bilsələr dərimə saman təpərlər. Bu cür fikirlər başımdan gəlib keçirdi. Düzü bir az da qorxmuşdum.

– Dayı, sənin adın nədi? – dedim. Amma deyəsən çoban məni eşitmədi. Qoyunlarının olduğu yerə getməyə tələsdi. Mən də tez ora yüyürdüm. Ətraf o qədər gözəl idi ki, adam qaçanda yorulmurdu. Qoyunların səpələndiyi təpəyə çatanda gözümə inana bilmədim. Bayaqdan iri dilini bayıra çıxarıb ləhləyə-ləhləyə ortada gəzinən yekə, tüklü çoban iti, nə enli kürək, iri gözlü, zəhmli çoban, nə də ki, qoyunlar yerində deyildi. Elə bil onları yuxarıya çəkmişdilər. Bir az qabağa getdim ki, bəlkə onları görüm. Amma orda heç kim yoxdu, keçilməz, nədənsə adamı vahiməyə salan meşəlik uzanıb gedirdi. Ora getsəm azar, əlli–ayaqlı itib-batardım. Yaxşısı buydu geri dönəydim.

Muğanlını nə vaxtdı görmürdüm. Ona görə də getdikcə addımlarımı artırıb kəndə tez çatmağa cəhd eləyirdim. Bir az gedəndən sonra yumru bir təpənin başında dayanıb  kəndi seyr elədim. Kəndin kiçik evləri şahmat fiqurları kimi yaxın-yaxın ətrafa səpələnmiş, itlərin, inəklərin səsləri bir-birinə qarışmışdı. Amma kənddə insan səsi yox idi. Təpəni enib kəndə düşdüm. Dolama yolla irəliləyirdim. Artıq kəndin neçənci evinin yanından ötüb keçirdim ki, ordan bir səs eşitmədim. Bizim kənddəki evdə də kimsə yox idi. Babam həmişə yoldakı kötüyün yanındakı skamyada oturar, çubuğuna söykənib gözünü yola zilləyər, elə bil kiminsə gəlməsini gözləyərdi. Birdən babamın neçə il bundan qabaq öldüyünü xatırladım. Bəs onda yengəm, əmim, əmi uşaqlarım, bibim görəsən hara gedib?

İrəlidən qoca bir kişi əlində çomaq mənə tərəf gəlirdi. Özümü ona yetirib:

– Dayı, kənddəkilər hanı? – deyə soruşdum.

Qoca heç nə eşitməmiş kimi yanımdan ötüb keçdi. Bir az sonra bibim, əmim göründü. Onlara çatanda:

– Əmmə, aya, hardaydınız? – dedim.

Onlar elə bil səsimi eşitmədilər. Əmim dil qəfəsə qoymadan danışırdı. Sualımı təkrar verdim. Yenə öz kefindədirlər. Əmim bibimə təzə tikdiyi ev haqqında danışırdı. Onlar belə söhbət eləyə-eləyə darvazadan içəri girdilər. Ayaq səslərindən məlum olurdu ki, evə sarı gedirlər. Darvazanı açmağa çalışdım. Elə əlimi vuran kimi darvaza yoxa çıxdı. Ardınca ev. Gedib-gələnin danışığından məlum olurdu ki, balaca, divarları çatlamış, köhnə şiferli evi söküblər. İndi o ev bir anlığına gözümə görünüb yox oldu. Sonra qonşudakı evlərə, ağaclara baxdım. Evlər göy üzünü bəzəmişdi. Sanki kəndimiz göyün üzündə qurulmuşdu. Kiçik evlər yox olandan sonra ayağımın altındakı asfalt döşəmə parçalandı. Yuvarlanıb harasa düşdüm.

Bura qəribə bir yer idi. Hər yer qırmızıya çalırdı.

Az sonra uzaqdan bir qoca nənə mənə sarı gəldi. İnanılmaz idi, qarı hər addımda cavanlaşırdı. Mənə çataçatda cavan, gözəl bir qız oldu. İndi mən onun əlindəki qabı gördüm. Qab yekə idi. Qız onu güclə saxlayırdı. Artıq mənə çatanda bayaqkı qoca balaca, bir yaşında uşaq olmuşdu. Qızın əlindəki iri qabda balacalaşmışdı. Uşaq onu rahatca daşıyırdı. Əlindəki qabı alıb içinə baxdım. Qab bomboş idi. Amma qabın üstündə nə isə yazılmışdı. Gözlərim yaxşı görmədiyindən seçə bilmədim. Elə bunu düşünürdüm ki, ətraf daha da işıqlaşdı. Gözüm artıq hər şeyi rahat görə bilirdi. Qabın üstündəkini oxudum.

“Hər şeydən qaçmaq olar, amma ölümdən qaçmaq olmaz”

Bu sözləri içimdə oxuyan kimi qab ağzına qədər su ilə doldu. Qab öz-özünə havaya qalxdı. Onu tutub başıma çəkdim. Bir anda başım ağrıdı. Gözümə cürbəcür kitablar göründü. Kitabların ağzı tez açılıb tez də örtülürdü. Amma mən bu kitabları əzbərə bilirdim. Nə isə, uzaqdan bir vahiməli səs gəldi:

“Hər şeyi bilmək, insanı ölümə aparar.”

Bu sözləri təkrar-təkrar öz-özümə dedim. Kitablar bir anda yox oldu. Onlar yox olan kimi elə bil başımdan ağıl da getdi. Sonra yenə uzaqdan bir səs dalbadal bu sözləri dedi:

“Ölümsüzlüyə qovuşanları yalnız allah seçir”

“Ölümsüzlüyə qovuşanları yalnız allah seçir”

“Ölümsüzlüyə qovuşanları yalnız allah seçir” – sözlər qırmızıya çalan divarlara dəyib yerə düşdü. Sonra ətrafı bürüdü.

Bu sözləri deyən kimi beş altı qara libaslı adam məni yuxarı qaldırıb əllərinə aldılar. Bir xeyli getmişdik ki, boylanıb yola baxdım. Hər tərəfdə tabutlar, tabutların böyür-başında isə adamlar durmuşdu. İçimdən təsvir edilməyən bir qorxu keçdi. “Ölüm qorxusu”

Bir qayalıq yerə çatanda qara libaslı adamlar məni yerə buraxıb yox oldular. Mən yerdə uzanan kimi havaya qalxmağa başladım. Getdikcə buludlara yaxınlaşırdım. Paltarlarım cırılıb yerə düşürdü. Kəfən yuxarıdan üzərimə düşürdü.

Diksinib oyandım. Qışqırıq səsləri qulağımda cingildəyirdi. Başımı çevirəndə qarşımda, əlini belinə qoymuş, hirsli baxışlarını üzümə zilləmiş, başına şal bağlamış anamı gördüm. ”Dur, nə boyda yatmaq olar?”

Dinməzcə yataqdan qalxıb oturdum. Gözümü ovuşdurdum. Anam hələ də başımın üstünü kəsdirmişdi. Onun üzümə hansı sözləri deyəcəyini əzbər bildiyim üçün ayağa qalxıb əl-üzümü yumaq üçün hamama sarı getdim. Amma xəyalımda hələ də ağacları və buludları, tanış, doğma cizgiləriylə yaddaşıma çökmüş adamların çöhrəsi ilə buludlar arasında süzən, altı ildir getmədiyim kəndimizdəydim.