Sim-sim.az

Corc Sonders – Hədsiz qayğılı ata və ər Lars Farf

saunders-author-photo-credit-basso-cannarsa_enl-061f9ef077db7398a419bd672e258a038e07e9e1-s1200-438x292

 

Lars Farf  əvvəllər bu qədər qayğılı olmurdu. Bir gün tarladan qayıdanda evinin yanıb külə döndüyünü gördü.

Arvadı, uşaqları harda idilər?

Xoşbəxtlikdən arvad-uşaq tüstüsü aləmi tutmuş kül yığınının dibində deyildi və Larsın sağ olduğunu görüb onların da ürəyi yerinə gəlmişdi, sevincək ona tərəf qaçırdılar.

Amma olan olmuşdu: Lars Farf artıq hədsiz qayğılı idi.

Lars Farf evini təzədən inşa edərkən, bəzi dəyişikliklər etdi. Təzə evin divar sobası yox idi. Evə kibrit gətirmək yasaq idi. Evdə qaz yox idi və bütün yeməklər evdən azca aralıdakı balaca bir daxmada bişiriləcəkdi. Ailənin “Yemək Bişirmə Daxması”na girməsi qadağan idi. Xidmətçilərdən biri hər saatbaşı evin ətrafına dolanır, hər ehtimala qarşı xüsusi “Yanğın Söndürmə Vedrəsi” ilə divarlara su səpələyirdi.

Sonra bir az da araşdırma aparan Farf, sürtünmədən də yanğın çıxdığını öyrəndi. Bundan sonra evdə heç bir sürtünməyə icazə verilmədi. Xüsusi düzəldilmiş hamar döşəmənin üzərində sürüşən, hamar dabanlı özəl ayaqqabılar  aldı. Heç nəyin kəsilməsinə, sürtülməsinə, hətta yavaşca başqa bir şeyə sürtünməsinə belə icazə verilmirdi. Yanaq öpmək, kürək ovuşdurmaq, ya da kitab səhifəsi çevirmək belə yasaqlanmışdı, yanını qaşımaq istəyən də çölə çıxmalıydı. Sürtünmə üçün lazım olan bütün fəaliyyətlər “Yemək Bişirmə Daxması”nın yanındakı “Sürtünmə Daxması”nda həyata keçirilirdi və ailə üzvləri ən çox otuz saniyə burda qala bilir, sonra tezcə çölə çıxırdılar ki, Farf onların od tutub yanmamağından əmin olsun.

Lars bir gün qəzet oxuyanda böyük sel haqqında xəbərə rast gəldi. Böyük selin qəfildən ortaya çıxan böyük su kütləsinə görə əmələ gəldiyini öyrəndi. O gecə yuxusunda gördü ki, ailə üzvləri yanğından sığortalanmış ev üçün xoşbəxtcəsinə ona təşəkkür edirlər; qəfildən böyük bir su axını ortaya çıxıb onları sürükləyir, acınacaqlı vəziyyətdəki ailəsi onun adını çığırır.

Səhəri gün bütün su borularını və kranları, vannanı, stəkanları və süngərləri çölə atdırdı. Artıq köpəyin evin içində ağzının köpüyünü axıtmasına icazə verilmirdi. Bütün ağlaşmalar, tərləmələr və nəsə içmək “Yemək Bişirmə Daxması” ilə “Sürtünmə Daxması” arasında tikilmiş  “İslaqlıq Daxması”nda həyata keçirilməli idi.

Amma Farf yenə də əndişəli idi. Düzdür, yanğın və sel məsələsini həll etmişdi, amma əmin idi ki, fəlakətlər təkcə bunlardan ibarət deyil. Baş verə biləcək bütün pis şeylərdən xəbərdar olmasa, bu bədbəxtliklərin qarşısını necə ala bilərdi?

Beləcə, “Fəlakət: analizlər” adlı bir kitab satın aldı və araşdırmağa başladı.

***

Birinci işi, həqiqətən selə dayanıqlı olması üçün evini yerdən 60 metr yuxarı qaldırmaq oldu. Amma onda da ev səmaya, şimşəklərin gəldiyi yerə yaxınlaşdı. Lars şimşək-keçirməz bir qübbə tikdirdi və bu qübbə çox ağır olduğu üçün, onun altına qübbəni dəstəkləyən qalın tirlər yerləşdirdi; bu tirlərin aşıb aşağı düşməməsi və ailəsini öldürməməsi üçün özəl cihazlar düzəltdirdi. Bu cihazları qasırğanı xəbər verən sistemlərin arasına yerləşdirdi. Və “Bədniyyət Yağmaçılar Dəstəsi”ni onlardan uzaq tutmaq üçün, 11 nəfərlik özəl, “İslah Olmuş Bədniyyət Yağmaçılar Dəstəsi”ni işə götürdü. Onların yağmaçılığa geri qayıtmaq ehtimalını nəzərə alıb, “İslah Olmuş Bədniyyət Yağmaçılar Dəstəsi”nə nəzarət etməkdən ötrü, 20 nəfərlik “Yağmaçıları Qiymətləndirmə üzrə ekspert”lər dəstəsini işə götürdü. Bundan başqa, zəhərli ilanları və/və ya quduz itləri onlardan aralı tutmaq üçün, evin ətrafına ilan/it keçirməz, 60 metr dərinliyində bir xəndək qazdırmaqdan ötrü çuxur-qazma dəstəsini işə götürdü. Sonra ilan/it keçirməyən xəndəyin üstündəki fırtına-keçirməz körpüyə ayı-qorxudan bir qapı yerləşdirdi.

Artıq narahat olmaq növbəsi xanım Farfda və uşaqlarda idi. Cənab Farfın yanğından əvvəlki kimi gonbul, nəşəli, hamı qədər qayğılı, guruldayan qəhqəhəsi ilə gecələr onları yatmağa qoymayan adam olmasını, yorulub güvənc içində yuxuladığı günlərə geri qayıtmasını istəyirdilər.

Bütün baş tutan yeniliklərə baxmayaraq, Farf rahat deyildi. Gecələr yata bilmir, “Atəş, Sürtünmə və İslaqlıq Daxma”ları arasında var-gəl edir, bəzi qübbələri, tirləri, sistemləri, yağmaçıları və onlara nəzarət edənləri yoxlayır, hansısa yolla xəndəyi keçməyi bacaran dahi ilanları/itləri araşdırırdı.

Sonra bir gün Farfa ilham gəldi. Düşündü ki, əgər arvad-uşağını yerdən hündürdə sukeçirməz, dözümlü “Fərdi Mühafizə Kapsullar”ı yerləşdirilsə, başlarına heç nə gəlməz. Beləcə, ağır meşə palıdından, misdən “Yemək Boruları və Oksigen Tədarükü Deşikləri”, bir də ki, ailəsi tamam güvəndə olsa da, potensial təhlükələrə qarşı davamlı şəkildə ətrafı müşahidə edə biləcəkləri, balaca, şüşədən “Ətrafı Müşahidə Pəncərələri” olan beş ədəd “Fərdi Mühafizə Kapsulu” düzəltdirməkdən ötrü dülgər dəstəsini işə götürdü.

Arvadı və uşaqları güvənli şəkildə içəri girəndən sonra, kapsullar ayı və/və ya canavar boyundan hündürə, amma eyni zamanda üçqat xilaskar troslardan birinin qopması və kapsulun yerə düşməsi nəticəsində həlak olmayacaqları qədər alçağa yerləşdirildi.

Nəhayət hər şey mükəmməl idi. Ailəsinin başına pis nəyinsə gəlməsi qəti mümkün deyildi. Təbii ki, ailəsinin başına yaxşı bir şeyin gəlməsi də qəti mümkün deyildi.

Amma ki, nəhayət gecələr yatmağa başlayan Farfın fikrincə, bu bədəli ödəməyə dəyərdi.

Yanğından sonra ilk dəfə idi ki, özünü yaxşı hiss edirdi.

Bir gün “Yağmaçılara Nəzarət Ekspert”lərindən ikisini “İslah olmuş Yağmaçıları“ qiymətləndirməkdənsə, birgə dama oynayarkən tutdu. Qəfildən onlara güvənməməyə başladı. Buna görə dı onlara nəzarət etmələri üçün “Yağmaçıları Qiymətləndirmə Ekspertlərinə Nəzarət” qrupunu işə götürdü. Sonra təzə işə götürdüyü qrupa da inamını itirdi və nəzarət qrupunun özünə nəzarət etmək üçün keşişlər dəstəsini işə götürdü. Amma sonradan şübhəli şəkildə keçəl və həmişə susan keşişlərə də tam güvənmədi, buna görə də keşişlərə nəzarət etsin deyə, havaya uça bilən müqəddəsləri işə götürdü. Sonra işə götürdüyü bütün adamların – “Yağmaçı”ların, “Yağmaçıları Qiymətləndirmə üzrə Ekspertlər” dəstəsinin, “Yağmaçıları Qiymətləndirmə üzrə ekspertlər dəstəsinə nəzarət“ qrupunun, keşişlərin və uça bilən müqəddəslərin ona xəyanət etmək istəsələr, aradan çıxa bilməsinlər deyə, ayaqlarına zəncir taxdırdı və onlara betondan köynəklər geyindirdi. Bundan başqa, evin ətrafında aktiv kəşfiyyatla məşğul olmaqları üçün “İlan-İt-Ayı-Canavar Kəşfiyyatçıları” və heç nəyi gözdən qaçırmasınlar deyə, “İlan-İt-Ayı-Canavar Kəşfiyyatçılar”ının gözlərini daimi yoxlayan həkimlər tutdu. Üstəlik, təkcə bütün ilanların, itlərin, ayıların və canavarların yox, azca da olsa bu heyvanlara bənzəyən bütün kötüklərin, budaqların, daşların və qaya parçalarının yığışdırılmasını əmr etdi.

Bir gün, məşum bir gün, Farfın ortancıl qızı Qvenin içində olduğu 4 nömrəli “Fərdi Mühafizə Kapsulu”ndan bir hönkürtü yüksəldi. Farf nə baş verdiyini araşdırdı və məlum oldu ki, Qven əlini kapsulun içində gəzdirəndə, balaca bir taxta parçası əlinə batıb və barmağı qanayıb, yazıq! Necə də axmaq imiş! Nə qədər ehtiyatsız, düşüncəsiz ata olub ki, meşə palıdından, söhbət təkcə taxta parçasından getmir, həm də izaholunmaz şəkildə alovlanıb yanmağa da meylli olan, taxtadan kapsul düzəltdirib?

Farf metaldan beş dənə təzə kapsul sifariş vermək üçün sürətlə şəhərə gedərkən, ürəyində özünü söyürdü: axmaq, axmaq, axmaq!

Şəhər kabus idi. Hər yerdə insanlar bir-birinə sürtünür, su dolu vedrələri boşaldıb yeri silir, ortalıq yerdəcə tərləyirdilər. Hədsiz dərəcədə yanmağa meylli bir qəzeti oxuyan, olduqca quru yaşlı bir kişinin yanında iki çubuğu bir-birinə sürtən, çox güman ki, ölmək istəyən bir uşaq gördü.

İnsanlar nə düşünürdülər?

Həyatı sevmirdilər?

Yeri gəlmişkən, bu ərəfədə Farfların evində uça bilən müqəddəslərin kapsuldakılara yazığı gəlmiş, onları açıb çölə buraxmışdı. Farflar özlərinə görə çılğınc bir parti təşkil etmişdilər. Stəkan-stəkan su içir (bəzi hissəsini qəsdən yerə tökürdülər), sürtünmə əleyhinə olan tərliklərini geyinmədən rəqs edir, heç haraları qaşınmasa da, təntənəli şəkildə özlərini qaşıyırdılar. Hava qaralanda yanğınsöndürmə vedrəsini götürüb içinə saman doldurub tonqal qaladılar və tonqalda konfet qızartmağa başladılar.

Farf düz bu vaxt evə qayıtdı.

Ailəsinin öz güvənliklərinə bu qədər biganə yanaşdığını görmək Farfı o qədər heyrətləndirdi ki, bunu ifadə etmək çox çətindir.

Lars Farf artıq ailəsini təkcə sürtünməyə dözümlü parlaq metaldan düzəlmə yox, həm də əlavə Asma Kilidləri olan və çölə baxanda onları qorxudası şeyələrə mane olmaq üçün, “Ətraf Aləmi İzləmə Pəncərələri” olmayan yeni “Fərdi Mühafizə Kapsulları”na köçürtdü.

“Ətraf Aləmi İzləmə Pəncərələri”nin yığışdırılmasından qısa müddət sonra Farf gördü ki, bunun başqa bir faydası da var: təkcə ailəsi çölə baxa bilmirdi, artıq o da içərini görmürdü. Ailəsini görməyəndə onlara bəslədiyi sevgini get-gedə daha az xatırmağa və onları daha az sevməyə, beləcə onların başına nəsə gəlməyindən daha az qorxmağa başlamışdı.

Axırda “Farf Hipotezi” adlandırılacaq şeyi bu yolla kəşf etmişdi.

Sevginin qorxuya səbəb olduğunu başa düşmüşdü. Birini Seviriksə, onu İtirməkdən qorxmağa başlayırdıq. Sevməyi kəsən kimi, Qorxu da azalırdı. Buna görə də, Qorxudan xilas olmaq üçün, Sevməyi kəsmək bəs edirdi.

Farf da indi bunu etməyə çalışırdı.

Hər saatbaşı ailəsinin səsini eşitməyin Sevgi Şkalasının yüksəlməyinə səbəb olduğunu kəşf etdiyi üçün, hər saatın tamamında kapsuldan kapsula gedib, “Oksigen Tədarükü Deşikləri”ndən şifahi şəkildə onlarla hal-əhval tutmağı yığışdırdı. Əvəzində, Şifahi Təsdiqlənməyi hər saat başı yerinə yetirməsi, ailənin yeməklərini və üskükdə sularını paylamaq üçün bir nəzarətçi işə götürdü.

Bir müddət sonra Farf başa düşdü ki, kapsulları görmək belə ona ailəsini xatırladır, buna görə də kapsulları böyük bir qumaş yığınına bükdürdü və qısa müddətdən sonra bu qumaşların da ona altdakı kapsulları xatırladığını anlayıb, onları həyətin arxa tərəfinə apartdırdı.

Ailəsi kapsulların içində, həyətin arxa tərəfində, qumaş yığınlarının altında ikən, Farf hiss edirdi ki, Sevgi Şkalası get-gedə aşağı düşür.

Çox az müddətdən sonra, bütün gün ailəsi haqqında əndişələnmədən rahat yaşamağa başlamışdı.

Farf evləndiyi gündən bu yana ilk dəfə idi ki, Qorxudan tamam xilas olduğunu hiss edirdi.

Bir gün səhər nəzarətçi təlaşla gəlib Farfa xəbər verdi ki, Qven ölür.

Farf dedi: “Kim? Kim ölür?”

Nəzarətçi cavab verdi: “Qven. 4 nömrəli Kapsul.”

“Mən Qven adlı adam tanımıram” – dedi Farf.

Amma nəzarətçi gördü ki, Farfın gözləri yaşarıb.

Farf soruşdu: “Bu Qven adlı insan niyə ölür ki?”

Nəzarətçi cavablandırdı: “Sıxıntı, tənhalıq. Dəqiq bilmirəm.”

4 nömrəli Kapsul açıldı və Qveni çölə çıxarıldı.

Onu görəndə Farfın Sevgi Şkalası yenidən yuxarı qalxdı və çarəsizcəsinə anladı ki, aylar boyu gördüyü işlər boşunaymış. Bunun ardınca, Qven bu qədər solğun və halsız görünsə də, kapsulda yaşadığı aylardan sonra belə atasını gördüyünə sevindiyi üçün, Farf Hipotezinə uyğun şəkildə, Qorxu Şkalasında da yüksəlmə baş verdi.

Farf boğuq, asta bir səslə kapsulları açmağı əmr etdi. “Bütün kapsulları açın.”

Beləcə, kapsullar açıldı, solğun və əldən düşmüş Farf ailəsi çölə çıxdı.

O anda Farf başa düşdü ki, “Farf Hipotezi” rədd oluna bilməz: Sevgi Qorxuya gətirib çıxarırdı. Nə qədər Sevirsinizsə, Sevdiyiniz şeyi itirməkdən o qədər Qorxmağa başlayırdınız.

Neyləmək olardı? Qorxuylamı yaşamaq? Qorxuya rəğmən Sevməkmi? Hər səhər, bu gün Sevdiyiniz birini İtirə biləcəyinizi bilərəkmi oyanmaq?

Sonra Farf Mühafizə Güzgülərindən birində əks olunan öz surətini gördü. Tamamilə dəli kimi görünürdü. Saçları darmadağın olmuşdu, gözlərində soyuq bir ifadə vardı və həftələr boyu yanında ona saqqalını kəsməsini xatırladacaq kimsə olmadığı üçün, saqqalı sinəsinə qədər uzanmışdı. Astaca öskürüb baxışları ilə ona saqqalını işarə edən kimsə yox idi deyə, saqqalında çörək qırıntıları, bir az konfet və izaholunmaz şəkildə, qapı tamponu qalmışdı.

Beləcə, Lars Farf hipotezi qədər zərif olmasa da, eyni dərəcədə doğru olan “Farf Çözümü”nü kəşf etdi: Sevgisiz yaşasanız, Saqqalınızda çirkin görünən şeylər qalar.

Farf səmimiyyətlə bütün ailə üzvlərinin alnından öpdü, onlardan üzr istədi və sonra kapsulları, daxmaları, qübbələri, tirləri yox elətdirdi, sistemləri yığışdırtdı. Yağmaçıları, Ekspertləri və Nəzarətçiləri işdən çıxartdı, keşişləri və  uça bilər müqəddəsləri azad etdi. Ailə üzvləri istəsə üzsünlər deyə, ilan-it keçirməz xəndəkləri su ilə doldurdu.

Amma fırtına olanda üzməyə icazələri yox idi.

Ya da fırtına qopmaq ehtimalı olanda…

Və üstündə özəl Akula Siqnalı olan qoruyucu jiletləri geyinmədən…    

Ya da “Üzmək Dəftəri”nə imza atmamış, hətta açıq havada qalanmış bir tonqalda bişirilmiş nəyisə yemək üçün sadəcə qısa müddətlik sudan çıxsalar da, özləri ilə yanğın-söndürücü bak götürmədən üzməklərinə icazə yox idi. Bütün profilaktik tədbirlərin görüldüyü nadir zamanlarda, Farfın özü də – sürətlə və ehtiyatla – üzməyə gedirdi. 

Qismət Rüstəmov