Sim-sim.az

Dəniz Pənahova –  “Pərdə”

13007087_257202611292945_3434114317807708489_n

23:30-da telefonum zəng çaldı.
– Alyo, Dəniz salam.
– Alo, salam, kimdi.
– Lalodu
– Hansı Lalo?
– Fbedən. Xatırladın?
– Həə xatırladım. Necəsən?
– Dəniz, sən evini yenə kirayə verirsən?
– Hə verirəm, elanda tapdın?
– Yox nömrəni saxlamışdım. Bu gün gələ bilərəm?
– Hə əlbəttə. İnşaatçılar m/s-dan düş, eskalator olan tərəfdən çıx, sola dön, çatanda məni yığ, çıxım qarşılayım səni.
– Dəniz mən taksiylə gəlirəm, veşim çoxdu.
– Axı evə baxmamısan, birdən bəyənmədin…
– Əşi yatacaq yerim olsun bəsimdi, narahat olma.
– Yaxşı , xəbər elə çatanda.
– Günəşlidən gəlirəm, yarım saata ora çatacam.
– Yaxşı, xəbərləşərik.
Kirayənişin tapdığıma görə sevinirdim. Yenə insan səsinə ehtiyac duymağa başlamışdım. Bəzən səssizliyin o susqun bağırtısı az qalırdı qulaqlarımı batırsın. Amma qəribə bir zövq də alırdım. 
Lalonu realda heç görməmişdim. Virtualdan çox lüks və əyləncəli həyat yaşayan birinə  bənzəyirdi. Turizim universitetində oxuyur, oxuya-oxuya da işləyirdi. Zəhmətkeş bir qız idi Lalo. Pul qazanmağı və əylənməyi sevərdi. Yəni virtualdan elə görünürdü. 
Yarım saat keçdi. Çaydanı ceyran peçinin üstünə qoydum ki, mən gələnə kimi isti qalsın. Paltomu geyinib evdən çıxdım. 
Kəsə getsəm, metroya 7 dəqiqəyə çatacaqdım.
Feyzbukda Lalonun profilinə baxdım ki, sifəti yadıma düşsün. Çatanda bir -birimizi rahat tapa bilək. “Bermud üçbucağı” adlanan vıyhavıy küləkli binanın arasından keçib metronun qarşısında dayandım. Tək-tük mağaza açıq idi. Adamlar da azalmışdı. Bir də böyrümdə meyvə satan oğlanın səsi günortadan bəri kəsilmirdi. “Amruda gəl, amruda” qışqırırdı. Gülməyim tuturdu, fikirləşirdim ki, yəqin onların ləhcələrində armud amruddu.
Kimisə gözləyəndə ya kitab oxuyuram, ya da adam gələnəcən oyana bu yana gəzişirəm. Bəzən evin ortasında da bu cür gəzişirəm. Düz dayanıb gözləməyi bacarmıram. 
Metronun düz qarşısındayam. Kənardan baxan elə bilər ki, metrodan gələn birini gözləyirəm. 
Sağ tərəfimdə 23 bəlkə də 18  yaşlarında toppuş bir qız salfet satır. Günortadan bəri armudsatan kimi eyni sözü təkrar edir. Ancaq armudsatandan fərqli olaraq səs tonu yanğılı çıxır.
“Nolar, xahiş edirəm salfetka alın, anamın müalicəyə ehtiyacı var” 
Yarım saat keçir. Mən hələ də metronun böyründə o baş – bu baş gəzişirəm. Salfetka satan qız arada çaşıb deyir, ”Nolar salfetka alın, anamın salfetkaya ehtiyacı var”. Başımı yerdən qaldırıb qızın üzünə baxdım. Qız səhv dediyinin fərqində belə deyil. Kədərli səsi ilə dodaqları eyni kəlmələrlə yumulub açılır, xəyalları başqa aləmdə uçuşur. Bəlkə də xəyallarında bütün salfetkaları satılır,anası sağalır. Amma qız yaxşı bilir ki, gərək çoxlu-çoxlu salfetka sata ki, anası sağala. Ona görə də başlayır gəzişərək və daha da içdən salfetkalarını satmağa. Mən meyvə satandan 1 kg mandarin alıb metronun başındakı daşda oturdum. Metrodan çıxanlar mənə qəribə baxmağa başladılar. Çünki həmişə metronun başında dilənçilər dayanır. Sonra gəlib mağazanın yanında dayandım. Mandarindən qıza sarı uzadacaqdım ki, salfetka satan qız birdən səsin kəsib evinə sarı yol aldı. Qoca bir kişi məni fahişə zənn edib söz də atdı. Atdığı sözü də tuta bilmədim. Saat 12-ni keçəndə bu şəhərdəki insanların beyinləri də keçinir. 
Platonik aşiq olduğum, köşkdə qəzet satan oğlanı ilk dəfə idi bütöv, ayaq üstə görürdüm. Balaca köşkün içindən təkcə başı görsənərdi. Həmişə ondan ədəbiyyat qəzeti, olmayanda əlimi atıb başqa bir qəzet alardım. Onu birinci dəfə idi ki, bütöv görürdüm. Balaca boyu, boz jaketi boz gözlərinə yaraşırdı. Amma o təsəvvürümdə ucaboy idi. Adını bilməsəm də ona Yurlin adı vermişdim. Bəzən çaşıb salam Yurlin də demək istəyəndə salam Yurlinsiz tökülürdü dodaqlarımdan. Mən onun əsil adını heç vaxt bilməyəcəkdim. Bilmək də istəmirdim. Sirli və müəmmalı qalmalı idi. Birdə ki, o mənə qəzetdən başqa nə verə bilərdi ki. Bu o demək deyil ki, kimsə mənə nəsə verməlidi. Sevgidən yalnız sevgi gözləmək olar. Bütün platonik sevgilərim mənim üçün anlamsız bir macəra idi.
Lalo gəldi. Amma Lalo olub- olmadığından əmin deyildim. Çöhrəsi solmuş və arıqlamış qız mənə kədərlə gülümsəyrək yaxınlaşdı. Ətrafda taksi də görünmürdü. 
– Dəniz əşyalarım maşındadır. Əgər sənə bir narahatçılıq törədərəmsə taksi tutaq gedək. 
– Yox, nə narahatçılıq olacaq ki, gedək.
Rol arxasında Lalo ilə yaşıd 20-21 yaşlarında bir oğlan vardı. Düşündüm ki, ya sevgilisidi,ya da qardaşı. Maşında üçümüz də ağzımıza su alıb oturmuşduq. Səssizliyi mən pozmaq istəmirdim. Cibimdə həmişə bir pozan bir də 1-ci sinif karandaşımı saxlayırdım. Əlimi cibimə atıb pozanı çıxardım. Havada gəzdirib ətrafımdakı şeyləri silməyə başladım. Lalo dilləndi.
– Nə edirsən?
– Sakitçiliyi pozuram.
– “Bacarırsan aa” –deyib güldü.
-Lalo, bizim yol bir az labirint kimidi, birdən maşın geri qayıda bilməz.
– Yox narahat olma Eko buraları tanıyır.
Biz məhləyə çatdıq. Bu da bizim Ümid Ə. küçəsi. Xoş gəldiz. Burda hər kəs ümidlidir. Elə mən də. Lalo yalandan gülümsədi. Veşlərini daşımağa kömək etdim.
Qapıdan içəri girəndə Lalo ətrafa göz gəzdirdi. Təbii ki, zəngin bir qız yoxsul Dənizin yuvasına gec öyrəşəcəkdi. Mən başladım dır- dır danışmağa.
Lalo gərək evə baxardın, sonra köçərdin. Əslində sakit və isti bir yuvadır. Bir az qalsan öyrəşərsən. Bəlkə də sakitliyi sevmirsən. Həyəti də var, ağaclar, quşlar, mavi göy üzü, pəncərədən ay da görsənir. İzləyə – izləyə yatarsan. Ən əsası wifi da var. Hələ birazdan qar yağsın lap nağıllardakı kimi olacaq. Çıxarıq məhəllədə uşaqlarla oynayarıq. Qarın üzərində uzanıb ağzımızı açarıq. Hansı qar dənəsi istəsə düşər ağzımıza. Biz də onları yeyərik. Yolun uzunluğuna görə narahat olma. İdmandı da. Qocalanda gümrah nənə olacıyıq. Çəliksiz. 
Mən qış xəyallarımı həvəslə, danışırdım. Lalo isə sanki məni dinləmirdi. Gözünü divardakı mənasız tabloya zilləmişdi. 
-Evindən hiss olunur ki, yazıçısan. Mətbəxdə kitab, orda kitab,burda kitab. Tualetdə də kitab var? xahaha
-Tuvaletdə ancaq qəzetdi. Darıxanda götür oxu, gülməli yerlərini kəsib qoymuşam ora. Ad günü,yas günü, tostları mənasız şeirlər toplusu nə desən var.
 
Çayımız da yaxşıca isinmişdi. Evdə heç vaxt qənd olmaz. Amma hər cür mürəbbə tapmaq olar. Mixəkli çay dəmləyib ceyran peçinin böyründə oturduq. Lalo evlərindən gətirdiyi gavalı mürəbbəsini çamadanından çıxardı. İllərin tanışı kimi danışıb gülürdük. Amma hiss edirdim ki, qız bəzən yalandan gülür. 
Hava çox soyuq olsa da Lalo özü ilə birgə evimizə bir istilik gətirmişdi. Mən onu tək qoymamaq üçün həmin gecə öz otağımda yatmadım. Döşəyimi gətirib ceyran peçinin yanından, yerdən saldım. Saat artıq 03:00 olardı. Yuxumuz gəlmirdi. Hiss edirdim ki,Lalo nəsə danışmaq istəyir. 
– İlk dəfədi başqa evə köçüb ailəmdən uzaqda, tək yaşayacam. Bir az qəribə gəlir mənə.
– Alışarsan, buranı da öz evin, ailən kimi təsəvvür elə .
– Ailəm deyəndə ki, ailəm var ki. Evimizdə hər gün qırğındı.
– Niyə?
-Yadından çıxıb mənim anamla atam da boşanmışdı. Sənin müsahibəni oxuyanda dedim bu qız mənlikdi. 
– Bu şəhərdə o qədər boşanmışlar var ki.
Biz susub peçin səsini dinləyirdik. Birdən Lalo divardakı kölgəsinə baxa-baxa dedi: Məni zorlayıblar…
Mən duruxdum. Bilmədim nə deyim.
– Haçan?
–  Keçən il, iş görüşməsinə getmişdim. Layihə təqdim etməyə. Layihəm bəyənildi. İş adamı işçilərə və mənə bunu qeyd etmək üçün içki süzdü. Mən də ayıb olmasın deyə etiraz eləmədim. Həm içki də rumkada az idi. Düşündüm ki, ilk dəfə içsəm də azdı,təsir etməz. Səhər gözlərimi qız kimi açıb qadın kimi yumdum. Çarşab qan içində idi.  Yanımda da özümdən xeyli yaş böyük həmin iş adamı. O gecə olanları xatırlamıram, bəlkə də içkiyə nəsə qatmışdı,əmin deyiləm.
  Həkimə getdim xalamla. 
– Tikdilər?
– Yox razı olmadım. Qlamur saxta qızlara çevrilmək istəmirdim. Ətrafımda  o qədər “kapsella” pərdəli qızlar var ki.  Bilirsən adamı yandıran nədi? Başıma gələnləri  sevgilimə danışa bilmirdim, uzaqlaşmışdım ondan. Çünki hər şeyimi onunla yaşamaq istəyirdim. Elə bakirəliyimi də. Bir gün başıma gələnləri ona danışdım. O, isə mənlə yatmaq istədi. Mən də acığa yatdım onunla. Sevdiyimə toxunanda tir-tir əsirdim. Özümü bakirə kimi hiss edirdim. Sonra hər gün içdim. Hər gün içdim. Hər gün içdim.
– Lalo, bəzi ölkələrdə bakirə qızla evlənmək gülünc sayılır. Brazilyanın bəzi əyalətlərində Zifah gecəsi bəyin atası tərəfindən yaxud dostu tərəfindən edilir. Bunun kimi xeyli müxtəlif dəyərlər,adətlər var. Bunlar önəmsizdi. Yaşadığın faciədi fərqindəyəm, təbii ki sevdiyinlə yaşamalıydın..
Mən ağlıma gələn statistik məlumatları, fərqli ölkələrin adətlərini ona danışırdım ki, üzülməsin. Amma Lalo bütün üzüntülərini toplayıb içində böyük bir əzilmiş kağız düzəltmişdi. O kağız da ağappaq idi. O,xəyallarında özünü bakirə kimi hiss edirdi. Həm də yaşadıqlarını ironik bir gülüşlə ələ də salırdı. Ətrafa üzüntü saçmaq istəmirdi. Beynində qəribə bir unutma mexanizmi işə düşürdü. Unutmaq istədikcə unudurdu..Acıları unutmaq istədikcə unudar insan. Üzülmək istədikcə üzülər. Yarım saat susduq.
Bizim bir musiqi müəlliməsi vardı, adı İlhamə idi. Başqa siniflərdə musiqi dərsi keçəndə şən mahnı sədaları gələrdi. Amma İlhamə müəllimə bizə həmişə “Lal ol” deyərdi. Ondan çox qorxardıq. Lal olma Lalo.

Lalo çantasından iki dənə “senator” çıxardı. Peçin içində yandırıb çəkməyə başladıq. Məni öskürək tutdu.
-Birinci dəfədi çəkirsən?
– Yoo, bayramdan bayrama deyib güldüm.
Bəzən insanlara hekayə kimi baxırdım. Bəlkə də qarşıma hekayə kimi insanlar çıxırdı. Onsuz da hər kəsin danışacağı milyonlarca hekayəsi və romanlıq həyatları vardı. Laloya hekayə kimi baxdığım üçün özümdən utanırdım. Uşaqlığım siqaretin dumanında qaçışmağa başladı. Cibimdəki balaca karandaşı çıxarıb qoxladım. Siqareti qələm tutan barmağımın uclarına basıb söndürdüm. Özümü və yazan barmaqlarımı cəzalandırırdım guyə. 
– Bəs sonra nə oldu?
– İçdiyimi evdəkilər bildi. Sevgilimdən ayrıldım. Ondan iyrənirdim artıq. Saçlarım da küsdü məndən. Bir dəfə anamın dərmanlarını içdim. Ölmək üçün yox. Bilmirəm heç niyə içdim. Sonra məni psixoloq yanına qoydular. Mən sıfırdan başlamağı bacaran biriyiəm. Psixoloq çox kömək oldu. Danışdım rahatladım. Danışdım rahatladım. O da ancaq dinlədi. Elə sənin kimi. Amma səndən fərqli olaraq soyuq və mimikasız dinləyirdi məni. 
– Bəs maşındakı oğlan kimdi?
– 4 aydır birlikdəyik. Birlikdə iş qurduq, obyekt açdıq. Mənə çox dəstək oldu. Acılarımı başa düşdü. Məni hər şeyə rəğmən sevdi. 
Lalo dərdini danışmağı xoşlayırdı,danışdıqca rahatlayırdı. Amma çox kövrəlirdi. Onu güldürməyə çalışır, lətifə danışırdım. Lətifəmin gülməli olmadığına çoxlu gülürdük. 
– Yazıçı adamsan mənə nağıl danış.
– Gənc yazaram mən hələ yazıçı olmamışam ki.
– Nolsun,olacaqsan da.
Həmişə mənə nağıl danışmışdılar. Nağıllarla böyüyən uşaq olmuşdum. Amma heç kimə nağıl danışmamışdım.
– Sənə heç bir kitabda oxumadığın nağılı danışacam.
Lalo özünü nağıla hazırlayır, yastığını qucaqlayıb kişmiş gözlərini dodaqlarıma zilləyirdi.
Biri vardı, ikisi yoxdu. Var olan yox olanı axtarırdı. Qədimi, qədim zamanlarda çoxlu şahlar vardı. Nağılımızdakı şahın 3 qızı vardı. Şah kiçik qızını çox sevirdi deyə o biri bacılar paxıllıq edirdi. Bir gün 3 bacı meşəyə meyvə toplamağa gedirlər. Böyük və ortancıl bacı isə plan qurur ki, kiçik qızı öldürsünlər, atasının bütün mülkü və sevgisi onlara qalsın. Kiçik qızı divin komasına salmaq üçün ilk planlarına başlayırlar. 
Qızlar gəlin işəyək kimin işəməyinin uzunluğu balaca olsa onu komaya salacıyıq. Böyük bacı elə bilirdi ki böyük olduğu üçün onun işəməyi də uzun olacaq. Amma tərsinə oldu. Ən uzun işəyən kiçik bacı oldu. Buna baxmayaraq kiçik bacını komaya salıb ağzını bağladılar. Div balaca şəhzadəni görüb yemək istədi. Şəhzadə çox qorxdu. Bilmədi nə etsin. Dedi: məni yemə, sənə yumurta qabığında plov bişirərəm, 3 gün 3 gecə o plovu yeyərsən. Div razı oldu. Şəhzadə qoltuğundan iki tük çıxardıb bir-birinə sürtdü. Tüklər qığılcım çıxarıb şəhzadənin ürəyindəki arzunu o dəqiqə çin etdi. Yumurta qabığında ləzzətli plov Divin sınıq salxaq, tək qıçlı masasına düzüldü. Divlə birlikdə şəhzadə plovu yeyib ağızlarının yağını yumurtanın qabığına sildilər. Bir saat keçməmiş div yenə acdı. Şəhzadə bu dəfə dedi:  Məni yemə, sənə 5 dəqiqədə  uzun bir xalça toxuyaram bütün div dostların,el oba hamısı üstündə oturmağa yerləşər. Şəhzadə qapının arxasında dayanıb digər qolunun altından da iki tük çıxardıb bir-birinə sürtdü. Tüklər qığılcım çıxardıb şəhzadənin arzusunu gerçəkləşdirdi. Elə uzun xalça oldu ki, daxmanın bacasından, pəncərəsindən çölə çıxdı. Div xalçanı büküb çiyninə atdı. Daxmasının qapısı möhkəmcə bağladı ki, şəhzadə çölə çıxa bilməsin. Xalçanı şaha ərmağan etmək üçün yola düzəldi.
Sənə kimdən deyim, şahdan. Qaş qaralmışdı. Qızlar kiçik bacılarının div tərəfindən yeyildiyini atalarına deyəndə şahı dərin bir kədər bürümüşdü. Meşədə də çoxlu div vardı. Bilmirdi ki hansı div yeyib. Şah bütün divləri məhv etmək istəyirdi. Amma ordusu buna qadir deyildi. Halbuki axmaq və huşsuz divləri bir saqqızla da aldatmaq olurdu. Bir dəqiqə o dövrdə saqqıq nə gəzirdi..
Həə, şah bilirdi ki, qızların balaca şəhzadəni gözləri götürmür. Vəziyyət qızların düşündüyü kimi olmadı. Şahın ürəyi o biri qızlarından təpər tapmadı. 
Div gəlib şahın sarayına çatdı. Xalça sarayın o başından bu başına par-par yanaraq işıldayaraq sərildi. Üzərindəki naxışlar,ceyran cüyür, gül çiçəkli ağaclar sanki hərflərə dönüb bir film kimi televizor ekranına döndü. televizordanda cap canlı görünürdü. Sanki səssiz filmə baxırdın. Şah xalçanı görüb heyrətləndi. Qızı yadına düşdü. Bəlkə də qızının qoltuqtükləri sayəsində şah olmuşdu. Bunun səbəbini heç kəs bilmədi. Çünki nağılı uyduran bu haqda bilmirdi nə uydursun.  Şah Dərdini divə danışdı. Div dedi: bu xalçanı sənə pay gətirmişəm əvəzində mənə qızlarını ver. Mən də sənə kiçik qızını tapım gətirim. Şah razı oldu. Div bir çiyninə şahın böyük sısqa arıq-uzun qızını,digər çiyninə də gombul çirkin qızını atıb saraydan çıxdı. Qızlar qorxudan çığıra da bilməyib səslərini uddular. Elə bildilər ki, şah bütün olanlardan xəbərdardı. Div meşəyə, öz komasına çatdı. Çiynindəki qızları da elə yoldaca aclıqdan dayana bilməyib çiy-çiy yedi. Bəlkə də evə çatsaydı, balaca şəhzadə bacılarını xilas edəcəkdi. Amma nağılı qoşan bacıları bu cür cəzalandırdı. Çünki axmaq bacılar kiçik şəhzadəyə paxıllıq edir bilmirdilər ki, öz qoltuq tükləri də sehrlidir.  Yəqin onların sehri pislik qığılcımı saçırdı. Aqibətləri də divin dişləri arasında çeynəndi. 
Gecə div yenə acdı. Şəhzadə gözündə qızarmış ətə çevrildi. Qız çox qorxdu, bilmədi nə desin. Bu dəfə səsi –tir-tir əsərək dilləndi. Div məni yemə. Sənə bir oğlan doğaram bir tərəfi qızıldan bir tərəfi gümüşdən. Hər gün onu yeyərsən əti qurtarmaz. Div sevincək razı oldu. Şəhzadə yenə eynən sehrli qoltuqtüklərin yandırıb bir oğlan doğdu ki, ay üzlü,gül qoxulu, ətli-budlu, bir yanı qızıldan bi yanı gümüşdən. 
Məni yuxu tuturdu. Birdən Lalo soruşdu.
– Hə sonra nə oldu, şəhzadə atasının yanına getdi?
– Ay qız sən niyə yatmamısan?
– Danış da nə oldu?
– Bilmirəm nə bilim nə oldu. Bu nağılın sonu yoxdu. Qoşa bilmirəm daha. Korladın oyunu.
– Niyə?
– Nənəm həmişə mənə nağıl danışanda mən yatırdım, nağılın axırından xəbərim olmazdı. Hərdən də nağılı heç dinləmirdim. Hər gecə eyni nağılı danışırdı. Mən də elə bu ceyran peçinin işığında divarda əlimlə ceyran,ilan fiquru düzəldib oynayırdım. Sən də ciddi-ciddi nağıla qulaq asırsan xahahaha. Yəqin daha uşaq deyilsən ona görə.
– Şahın axırı nə olduuu?
– Heçnə div bütün şahları yedi də. İndi bir dənə də nə şah nə padşah qalıb görmürsən?
– Bəs div?
-Div balacalaşıb insana çevrildi.
-Bəs əti qurtarmayan bir tərəfi qızıldan bir tərəfi gümüşdən olan uşağa nə oldu?
–  Lalo yuxum gəlir, o uşaq heç ölmədi, indi də yaşayır.
-Hardadı bəs?
– Hər yerdə.
Lalo elə bil balaca uşaq idi. Yatmaq bilmirdi.
Səhər açılanda öyrəndim ki, Lalo ailəsindən qaçır. 20 ildi axtarmadığı görmədiyi atası namusunu təmizləmək üçün Lalonu axtarırdı. Moskvadan yenicə gələn qardaşı “üzüvü lezvalayacam” deyib qızı hədələyirdi. Elə bilirdilər ki,Lalo oğlanla qaçıb. Halbuki Lalo mənim kiracım idi.
– Qonum qonşu nə deyəcək sonra, səni hamının gözü qabağında çırpacam.
– 20 ildi hardaydın,indi düşüb qızın yadıva?
– 20 ildən sonra sən yapışdın da ətəyimdən,sən zəng eliyib axtardın.
Lalo atasını axtardığına da peşman olmuşdu. Amma qorxmur, çox güclü və möhkəm dayanmışdı. Gözündə yaşı toplansa da qoymurdu süzülüb dodaqlarını islatmağa. 
Bəzən əsəbləşir, bütün günəşlini yandırmaq istəyirdi. Bilirdi ki,atası qardaşı onu  düşünmür, qonşulara özünü göstərməkçün şou yaradırlar. 
Lalo anasının dərmanlarını içəndə mədəsi tamam pozulduğundan bir daha heç vaxt ana ola bilməyəcəkdi.
Axşam işdən gələndə heç nə danışmır,əlləri tir-tir əsirdi. Qardaşı Ekonu bıçaqlamışdı. Sıra Laloda idi. Rahat idi ki, onu labirint kimi yaşadığı məhəllədə heç kim tapa bilməz. Amma bu şəhərdə çox qala bilməzdi. 
Artıq bir ay idi Lalo mənlə qalırdı. Mən “Dogville” filmini izləyirdim. Filmin sonuna yaxın telefonum zəng çaldı, dostumla təcili yarım saatlıq görüşüb kitab götürməli idim. Filmi söndürməyi unutmuşdum. Lalo başını qatsın deyə filmə baxmaq istədi. Elə sonundan baxmağa başladı. Mən tələsik evədən çıxdım.
Qayıdanda Lalonu evdə tapmadım. Qorxdum ki, başına bir iş gələr. Əşyalarını da evdə görmədim. Masanın üstündə məktub buraxmışdı. 
Məktublardan qurtula bilmirdim. Sanki epistolyar janr yox olmamaq üçün bütün ömrümə sirayət etmişdi.  Bəlkə də Lalo məktubları sevdiyimi bildiyi üçün vertual sağollaşmamışdı. Bəlkə də mən klassik dövrdən vertual aləmə tullanmış bir kağız parçası idim.


Məktub


Əziz Dəniz. Mənə isti yuvanda qucağ açdığın üçün sənə dərin minnətdarlığımı bildirirəm. Hekayəm romana çevrilmədən gedirəm.  Günəşdən bir ovuc oğurlayıb Günəşlini, məhəlləmizi, evimizi bu gün yandırdım.  Sonra özümü uçurumdan atmaq istədim. Desinlər ki, bir nəfər özünü uçurumdan atdı, qırmızı ayaqqabılarını yuxarıda qoydu ki, adı əbədi yaşasın. Lakin həmin ayaqqabıları tapan olmadı.
 Dünyada məhv olası bir qəsəbə varsa orası təkcə Günəşli deyil. Bundan sonra günəş Günəşlidə başqacür doğacaq. Mənim doğacağım körpə kimi. Uçurumdan Fidan, Nərgiz,İradə, Günel başqa Lalolar özünü tullayacaq. Başqa qəsbələr yanacaq. Amma həmin qəsəbələrdə yenə günəş doğacaq. Məndən nigaran qalma, başqa bir adla, başqa bir ölkənin eyni günəşində başqa bir hekayə ilə açacam səhəri.

Bayırda səssiz qar yağırdı. Səssiz və sakit, ağ appaq qar.