Sim-sim.az

Devid Herbert Lorens – Adaları sevən adam

Dh-Lawrence

 

Birinci ada

 

Adaları çox sevən bir adam vardı. Özü də bir adada doğulmuşdu, lakin yaşadığı bu ada həddən artıq tünlük olduğundan zəhləsi gedirdi. Ən böyük arzusu özünə məxsus bir ada idi. Əslində orda təkbaşına yaşamaq istəmirdi, öz dünyasını qurmaq istəyirdi. Düşünürdü ki, böyük adanın sahildən heç bir fərqi yoxdur, bir adanın ada sayılması üçün oranın kiçik, lap kiçik olması lazımdır.

Günlər , aylar, illər sürətlə keçirdi. Nəhayət, otuz beş yaşına çatanda o özünə bir ada ala bildi. Əslinə qalsa, adanın mülkiyyət haqqlarını almamışdı, sadəcə onu doxsan doqquz illik kirayəyə götürmüşdü. Ortalama insan ömrünün uzunlğunu nəzərə alsaq, bu ada elə ömürlük onun sayılırdı.

Adalının aldığı ada okeanın ortasında deyildi, sahilə yaxın, palma ağaclarından və qayalara çırpılıb qayıdan dəli dalğalardan yoxsul, kiçik bir ada. Sahildən üzüyuxarı qalxanda bir ev və uzanıb gedən bir neçə tarla, aşağılarda isə sahil mühafizəçilərinin daxmasını xatırladan kiçik, tərtəmiz üç ev vardı. Burdan daha rahat, daha səssiz bir yer tapılmaz deyə düşünürdü adalı.

Dik qayalardan keçib, çiçəklərin, qatırdırnaqlarının, süpürgəgüllərinin arasıyla uzanan bir çevrə çəksək –  altı kilometr məsafə, yox, əgər dümdüz adaboyu addımlasaq, iyirmi dəqiqəlik bir məsafə idi. Adanın sonuna çatanda uzaqda böyük bir ada daha görünürdü. Adaya bitişik bir balaca ada da vardı, lap inəyin buzovu kimi görünürdü və bu xırdaca ada da adalının idi.

 

Adalımız öz adasını çox sevirdi.

Bahar gələndə hər tərəf dümağ çiçəklərə büründü – yaşıllıqlarla, qayalarla çevrələnmiş capcanlı bir bəyazlıq. Hər tərəfdə quşlar cəh-cəh vururdu. Büsbütün sənin olan bu adada yuva salmış bütün quşları seyr edə bilirdin. Əsrarəngiz, təkrarsız bir aləmdi.

Sonra yay gəldi. Otlar biçilib quruduldu, üskükotları başlarını aşağı əydilər. Günəş dənizdən yüksəldikcə hər yan gözqamaşdıran işığa bələnirdi.

Payız və ardınca da qış gəldi. Göyüzü qaralmağa, yağışlar sellənməyə başladı. Hava soyudu, amma şaxta yox idi. Gecələr külək əsib-gurlayıb dənizə tərəf süründükcə ada qaranlıq, yaşlı bir qalatkikaya bənzəyirdi. İndi bura adi bir ada deyildi, bütün itmiş gecələrin, qaranlıq ruhların məskən saldığı aləm idi.

Adada yaşamağın ən qorxunc tərəfi bu idi deyəsən. Şəhərdə bütün gün ölüm qorxusuyla yolları keçməyə çalışdıqca insan zamanın sonsuzluğu anlayışından çox uzaq düşür. Amma kiçik bir adada zamanın sonsuz burulğanına düşdünmü, bütün qalaktika ətrafında sürətlə fırlanmağa başlayır. Vahiməlidir – dənizin ortasındakı bu kiçik adada zaman halqalar şəklində ətrafında fırlanmağa başlayır, ayaqlarının altından yer qaçır, çılpaq və ümidsiz ruhun zamanın o biri tərəfindəki aləmə düşür – min il öncə ölmüş döyüş arabaçılarının əsrlərin qədim küçələrində at oynatdığı başqa bir aləm… Bütün ölülərin ruhu canlanır və ətrafda dolaşır. İndi sən başqa bir reallıqdasan.

Bizim adalımız da eyni bu taleyi yaşadı. Əvvəllər baş verməyən sirli duyğulara qapıldı. Uzun zaman öncə bu adada yaşayıb ölmüş Qaliyalıların varlığını hiss edirdi. Sanki hələ də buralarda idilər, bütün gecə iri, cüssəli bədənləri ilə qaranlıqda ora-bura addımlayırdılar. Hələ bunlar nədir ki, sinələrində İsa şəkilli xaçlar daşıyan rahiblər, bir də əlləri qanlı dəniz quldurları da vardı bu qaranlıqlarda.

Adalı narahat idi. Gündüzlər bütün bunlar ona cəfəngiyyat kimi gəlsə də, gecələr hər şey yenidən canlanıb inandırıcı olurdu. Hər gecə sübh açılana qədər zamansız və ölümsüz bir aləmə keçid alırdı sanki. Gündüzlər ətrafda gördüyü çör-çöp, tullantılar, qaya parçaları gecələr rahiblərə, quldurlara çevrilirdi.

Bu düşüncələrdən yaxa qurtarmaq üçün adalı bütün fikrini adasına cəmləməyə çalışdı. Niyə artıq bu ada dünyanın ən xoşbəxt adasına çevrilməsin ki? İnsan əlinin dəydiyi qüsursuz, gözəl bir ada olmalıydı bura. İşə pul xərcləməklə başladı. Köhnə evləri təmizlədi, təmir etdi, işıqlandırılmasını tənzimlədi. Döşəmələrə xalçalar sərdi, pəncərələrə yarpaq naxışlı pərdələr asdı, divardakı taxçalara şərab şüşələri düzdü. Sahildən bir xadimə, bir də qulluqçu kişi gətirtdi. İkisini də çox bəyənirdi, elə bil hər ikisi məhz bu adada yaşamaq üçün doğulmuşdular. Evə bir aşpaz, iki nəfər də dülgər işə götürdü.

İndi qatırdırnaqlarının arasında boyunlarında zınqırov olan Cersi inəkləri otlayırdı. Günorta hamı yeməyə çağrılır, axşam istirahət saatlarında evlərin bacaları tüstülənirdi. Kiçik daxmaların aşağısındakı limanda motorlu qayıq dayanır, iki kiçik qayıq da qumluğa çəkilmiş, bir qədər aralıda yerə qurumaq üçün balıq toru sərilmişdi. Yelkənli gəmi ağappaq döşəməlik taxta ilə dolu idi. Bir qadın əlində satıl su quyusuna tərəf gedirdi.

Ən sondakı daxmada yelkənli qayığın kapitanı arvadı və uşaqları ilə yaşayırdı. Dənizə yaxşı bələd olan bu kişi o biri böyük adadan gəlmişdi. Hava gözəl olan kimi oğluyla birgə balıq ovuna çıxırdı. Yəni bütün gözəl havalarda bu adada yemək üçün təzə balıq olurdu.

Ortadakı daxmada bir-birinə sadiq bir cütlük – qoca kişi və arvadı yaşayırdı. Qoca kişi dülgər idi, bütün gün işləyir, mişarın, rəndənin səsi əsla kəsilmirdi.

Üçüncü daxmada da iki qızı və bir oğluyla bərabər dul bənna yaşayırdı. Oğluyla birgə hər gün xəndək qazır, hasar hörür, yeni binalar tikirdi.Qızının biri də böyük evdə qulluqçu qadına kömək edirdi.

Hamının arı kimi işlədiyi sakit, kiçik bir dünya doğulmuşdu. Əgər bir gün adalıya qonaq getsəniz, əvvəlcə qara saqqallı, solğun bənizli kapitan Arnold və oğlu Çarlezlə qarşılaşardınız. Qulluqçu qadın sizi əsl ağalara layiq hörmətlə qarşılayar, səmimi təbəssümlərlə bütün ricalarınızı yerinə yetirərdi. Gülərüz köməkçi qız isə sizə sanki başqa bir dünyadan gəlmisiniz kimi heyranlıqla baxardı. Sonra aşpaz, utancaq dülgər və arvadı, onların iki kiçik uşaqları, ardınca da bənna ilə rastlaşardınız. Bircə qoca dülgər olduqca sərt və tərs adam idi, elə bil bambaşqa dünyanın insanıydı.

Bəli, hər kəsin özünü güvəndə hiss etdiyi kiçik bir dünya idi bu ada. Amma adalının dünyası – sizin deyil. “Ağa” o idi. Ağaya xüsusi gülərüzlülük, xüsusi diqqət, qayğı göstərilirdi. Çünki hamı necə xoşbəxt və rahat bir dünyada yaşadığının fərqində idi. Və bunu ona – “ağa”ya borclu idilər.

Düzü, hər şey qüsursuz idi. “Ağa” çox əmr verən adam deyildi, əksinə hamının xoşbəxtliyini, rahatlığını arzulayan qayğıkeş, yaraşıqlı, bilgili bir adam idi. Hiyləgər və ağıllı idi həm də. Heç vaxt sahib kimi davranmasa da, heç nəyi də gözdən qaçırmırdı. Cersi inəkləri, pendir mayalamaq, xəndək qazmaq, çiçək və bağbanlıqdan tutmuş, tarlaları çəpərləmək, dəniz və gəmilərə qədər hər şey haqqında biliyə sahib idi. Və bu mövzularda bildiklərini hamıyla bölüşməkdən böyük zövq alırdı.

Ağ və saman rəngli geyimlər üçün ürəyi gedirdi. Bir baxırdın günəşli bir səhər həyətdə gəzişir və onu görən kimi hamı papağını çıxarıb salam verir, heyranlıqla sözlərini dinləyir. Ya da küləkli bir günorta kiçik bataqlıqları qurutmaq üçün qazılmış xəndəklərdən birinin üstündə dayanıb və aşağıdan ona heyran-heyran baxan adama küləkdə sovrulub gedən nələrsə danışır. Yaxud da yağışlı bir axşamçağı geniş kənarlı şlyapası başında iti addımlarla eyvana doğru gəlir.

Belə vaxtlarda aşpazın arvadı həyəcanla qışqırırdı:

– Ağa gəlir, Con, tez qalx ordan, həsirin üstündə Ağaya yer hazırla.

Bir az sonra qapı açılır və hamı qışqırmağa başlayırdı :

– İlahi, nə gözəl ziyarət, Ağamız gəlib. Gecənin bu vaxtı niyə zəhmət etmisiniz?

Qapının ağzındaca aşpaz Ağanın plaşını, arvadı da şlyapasını alır, tarla işçiləri stulları geri çəkir, Ağa keçib həsirin üstündə, uşaqların yanında əyləşirdi. Uşaqlarla arası yaxşı idi. Hər dəfə onlara nağıllar, maraqlı hekayələr danışırdı. Və aşpazın arvadı hər dəfə astadan pıçıldayırdı:

– İlahi, Ağa sanki fırt edib müqəddəs İsanın burnundan düşüb.

Hamı biraz sevgi, biraz da yaltaqlıq qarışıq bir həyəcanla qarşılayırdı onu. Ağa çıxıb gedəndən sonra isə öz aralarında deyirdilər ki, Ağadan qorxmaq mənasızdır, o çox xoş niyyətli insandır. Təkcə yaşlı dülgər bu söhbətlərə qoşulmur, Ağayla da həmişə kobud və məsafəli davranırdı.

Əslində aralarında demək olar heç biri onu sevmirdi, heç Ağa da onları sevmirdi düzü. Sadəcə tək istəyi hər kəsin xoşbəxt və qurduğu adanın qüsursuz olması idi. Sözsüz ki, bu xoş niyyətin arxasında böyük bir eqoistlik yatırdı.

Adalının özünəməxsüs məşğuliyyətləri vardı. Məsələn, ən sevdiyi şey saatlarla kitabxanada oturub Yunan və Latın dilindəki kitablarda rast gəldiyi çiçəklər haqda bilgi toplamaq, kitab yazmaq idi. O bütün dərslərdə klassiklərin oxudulduğu xüsusi məktəbdə yox, adi dövlət məktəbində oxumuşdu, amma buna baxmayaraq tərcümə olunmuş klassik əsərlərin çoxunu oxumuşdu demək olar.

 

İllər keçirdi. Adadakı həyatın iki ili tamam olmuşdu. Çox işlər görülmüşdü bu müddət ərzində. İndi isə dalbadal hesablar gəlməkdə idi. Bütün hesabları saf-çürük edən Ağanın getdikcə rəngi qaçır, bənizi solğunlaşırdı. O qədər də varlı adam deyildi. Adaya xərc qoymağa başlayanda bilirdi ki, pulunun böyük bir qismi xərclənir demək olar. Amma indi hesablara baxanda məlum olurdu ki, əslində bütün var-dövləti xərclənib, bitib. Bəli, iki ildə o bu adaya minlərlə sterlinq xərcləmişdi.

 

İndi çox xərcə düşmək lazım deyildi. Adadan qazanc gəlməsə də, artıq özü öz xərclərini qarşılaya biləcək vəziyyətə gəlmişdi. Hər şey və hamı hələ də güvəndə idi.

Hesabların çoxunu ödəyib biraz rahatlaşdı. Hamını yığıb vəziyyəti izah etdi və qarşıdakı bir il boyu bir qədər qənaətcil davranmaq məcburiyyətində olduqlarını söylədi. Hər kəs bir ağızdan: “Bəli, Ağa, haqlısınız Ağa,” deyirdi.

Çöldə yenə külək əsir, yağışlar sellənir, Ağa kitabxanada oturub qəlyanını tüstülədir, pivəsindən bir qurtum alıb aşpazla növbəti ilin planlarını müzakirə edir. Qəfil başını masadan qaldırıb üzünü pəncərəyə tutub həyəcanla qışqırır:

– Bu nə küləkdir, sanki tufan qopacaq.

Bir anlıq içində adasını itirmək təhlükəsi yaranır. Xeyr, xeyr, nə bahasına olur olsun, bu baş verməyəcəkdi. Bu axmaq fikirləri tez beynindən qovur və ilham pərisi geri qayıtmışcasına yenidən bayaqkı söhbətə, müzakirəyə qayıdır. O nə desə, nə söyləsə, aşpaz da asta səslə “bəli, siz haqlısınız” deyirdi. Əslindəsə heç onu dinləmirdi də. Baxışları ağanın barmaqlarındakı üzükdə, qüsursuz simasında gəzişir, gözləri bir-birinə sataşanda isə tez başını aşağı əyirdi. Özlüyündə aşpaz Ağanın bütün söhbətlərdə haqlı olduğunu düşünür, hər şeyin ən doğrusunu bilir deyə içindən ona qarşılıq vermək istəyi keçirtmirdi, sadəcə dediklərini təsdiqləyib, onu gizlincə izləməklə yetinirdi.

Nəhayət, qarşıdakı il üçün hansı məhsulların əkiləcəyinə, hansı gübrələrdən istifadə ediləcəyinə, hansı cins donuz və hind toyuqları alınacağına qərar verildi.

Məsələ həll olduğuna görə rahat nəfəs almaq olardı. Ağa zəngi basıb qulluqçudan sendviç gətirməsini rica etdi. O məmnun idi indi. Bu məmnunluğu sifətindəki ifadədən qulluqçu da hiss edə bilirdi.

Ertəsi gün bənnayla da buna bənzər bir görüş keçirildi. Bəzi ərazilərdə ağaclar əkilməli, hasarlanmalı və bataqlıqlar qurudulmalı idi.

Havalar artıq düzəlirdi. İşə bir qədər ara vermək olardı. Ağa yelkənli qayığı ilə səyahətə çıxmağı qərara aldı. Sahilləri gəzib, hər limanda bir-iki adamla söhbətləşdi, dadlı yeməklər yedi, villalarda, otellərdə qonaq oldu, hamı onu əsl şahzadə kimi qarşılayıb yola saldı. Və bütün bunlar əlavə xərc demək idi. Məcbur qalıb banka teleqraf göndərdi və pul istədi. Evə qayıtdıqdan sonra isə yenidən qənaət məsələsi haqda düşünürdü.

Bu il məhsul yığımı çox bərəkətli olmuşdu. Ağa xırman şənliyi təşkil etmək fikrinə düşdü. Stollar düzüldü, fənərlər asıldı, yeməklər bişirildi, süfrələr quruldu. Sevincli bayram abu-havası duyulurdu.

Süfrəni yığmağa hazırlaşırdılar ki, ağa öz qonaqlarıyla birgə təşrif buyurdu. Aşpaz o dəqiqə ayağa qalxıb ağanın şərəfinə sağlıq deməyə başladı. Sağlığını bitirən kimi atəşli alqışlar yağdı. Ağa da sağlıq dedi və çox qısa danışdı –  “Bu adada hər kəs kiçik və xoşbəxt dünyasında yaşayır, buranı dünyanın ən rahat yerinə çevirmək də elə onların öz əlindədir və hər kəs öz üstünə düşəni yerinə yetirməlidir. Və ağanın da qəlbi öz adasıyla birgə döyünür.” Təxmini bu məğzdə kiçik bir sağlıq. Ağanın ardınca qulluqçu qədəhini yuxarı qaldırıb danışmağa başladı və dedi ki, belə bir ağaları var olduğu müddətcə bu ada onlar üçün elə cənnətin özü deməkdir. Alqışlar, “ura” sədaları qopdu və ardınca hamı rəqsə başladı.

 

Səhər pis xəbərlə açıldı. Tarlada işləyən uşaqlardan biri qaça – qaça gəlib inəyin qayadan aşağı yıxıldığını xəbər verdi. Ağa hadisə yerinə çatanda aşağı qayaların üstündə inəyin cansız gövdəsini gördü. Bir neçə kişi güc-bəla inəyin cəmdəyini yuxarı qaldırdılar. Dərisini soyub torpağa basdırdılar, ətini şaqqaladılar. Amma heç kəs ətdən yemək istəmirdi. İyrənc idi.

Adada bədbəxtlik küləkləri əsirdi sanki. Adamlardan biri yıxılıb ayağını qırmış, başqa biri də qızdırmalı revmatizmaya tutulmuşdu. Donuzlar səbəbi bilinməyən bir xəstəlikdən ard-arda ölməkdə idilər. Yelkənli qayıq fırtınada qayalara çırpılıb parçalanmışdı. Qulluqçu oğlandan gözü su içməyən bənna artıq qızını evdə işləməyə buraxmırdı.

Bu uğursuzluq hardan, necə gəlmişdi bilinmirdi. Gah hər şey yoluna düşür, gah da ard-arda pis xəbərlər gəlirdi. Hamı bir-birindən  şikayətçi idi. Ağa tez-tez anonim məktublar alırdı. Qız qulluqçudan giley edir, aşpazın arvadı qonaqlarla dedi-qodu edirdi.

Heç kəs əvvəlki kimi xoşbəxt deyildi. Artıq adanı sevmirdilər. Hamı uşaqlarına və özlərinə haqsızlıq edildiyi fikrinə qapılmışdı. Bütün ailələr bir-birinə nifrət edirdi.

Ada hələ də çox gözəl idi amma. Hər axşam külək özüylə çiçəklərin ətrini yaymağa başlayanda hamı nostalgiyaya qapılır, keçmiş xoşbəxt günlərin həsrətini çəkirdi.

Ağa artıq öz adasından qorxmağa başlamışdı. Heç kəsin onu sevmədiyini anlamışdı. Bu xudbin, xor baxan, qısqanc insanların onun sonunu görmək üçün hər dəqiqə pusquda gözlədiklərinə əmin idi indi. Səbrlər daşmaq üzrə idi. Və nəhayət ayrılıqlar yavaş-yavaş başladı. Ən birinci qulluqçu qadın çıxıb getdi. Onun ardınca da bənna daha burda vaxt öldürmək istəmədiyini deyib ailəsiylə birgə adanı tərk etdi.

Nəhayət, illik hesablar gəlməyə başladı. Məhsuldarlıq bol olsa da, əldə edilən gəlir gülünc dərəcədə az idi. Heç xərclənən pullarla müqayisəyə gəlməyəcək qədər az. Ada öncəki ildən betər ziyanda idi. Bu inanılmaz idi. O qədər pul hara getmişdi bəs?

Kitabxanaya çəkilib gecə-gündüz götür-qoy edən ağa adadan çıxıb gedən qulluqçu qadının ondan çox pis istifadə etdiyini anladı. Yəqin ki, bütün bu müddətdə hamı ondan gizlicə istifadə edib. Bu düşüncə onu diksindirirdi.

Günlərlə baş sındırsa da, ağıllı bir nəticəyə gəlmək çətin idi. Rəngi solğunlaşıb, gözləri çuxura düşmüşdü. Nə qədər mümkünsüz kimi görünsə də, bu artıq baş vermişdi – bütün pullar sovrulub getmişdi. Dəhşətlidir, insanlar necə bu qədər qəddar ola bilmişdilər axı?

Bu gedişlə tezliklə müflis olacağı gün kimi aydın idi. Getməyini heç istəmədiyi o biri qulluqçu da adadan getməli oldu. Ondan sonra da aşpaz getdi. Ağa artıq heyifsilənmirdi bu gedişlərə, onu incidən şey təkcə o qədər pulun yoxa çıxması idi.

 

  Üçüncücü il xərclərin minimuma endirilməsi ilə keçdi. Ada hələ də çox gözəl bir yer idi. Lakin burda indi qorxunc, narahat və uğursuz bir həyat hökm sürməkdə idi.

İşçilər azaldılıb, maaşlar endirilmişdi. Bir zərrə ümid işığı yox idi amma. Ada bu il də ziyanda idi. Elə bil dibi deşik olan cibində bir deşik də açılmışdı, pullar ordan tökülüb itirdi.

Ağa adasını hələ də sevsə də, bu sevgidə biraz kin və qəzəb sezilirdi indi.

Dördüncü il büsbütün adanı satmaq üçün sahilə gedib-gəlməklə keçdi. Bir adanı sata bilmək necə də qəliz məsələ imiş. Adalı indiyə qədər elə düşünürdü ki, yer üzündə hamı onun kimi özünə aid bir adası olsun istəyir. İndi yanıldığını görürdü.

Nəhayət, beşinci ilin ortalarında adanı otellər zənciri qurmaq istəyən şirkətə sata bildi. Deyəsən bal ayı şəhərciyi və qolf adası edəcəkdilər buranı.

 

 

     

İkinci ada

 

Adalı öz adasınından köçmək məcburiyyətində idi. Sahilə qayıtmaq istəmirdi. O biri kiçik ada hələ də onun ixtiyarında idi və adalımız ora köçməyi qərara aldı. Sadiq cütlük olan yaşlı dülgərlə arvadını, bir də dul bənnayla qızını özüylə apardı.

Kiçik ada çox kiçik yer idi. Qayalıqların ətəyi, süpürgəotlarının arasıyla uzanan dar cığırla adanı dolanmaq iyirmi dəqiqə çəkirdi. Adalı kitablarıyla birgə altı otaqlı evə köçdü. Evə bitişik iki kiçik daxmadan birinə sadiq cütlük, o birinə də yaşlı kiçiylə qızı köçdü.

Həyat yavaş-yavaş axarına düşürdü. Ağa burda özünü yenə adalı kimi hiss edirdi. Hər gün kiçik adanı kəşfə çıxır, köhnə quyu yerlərinə, donuz ağıllarına baxır, gecələr də uzaqdan görünən adasının işıqlarını seyr edirdi.

Burda rahatlıq vardı. Keçmiş insanların ruhlarından əsər-əlamət yox idi, bütün pislikləri dənizin köpüklü dalğaları yuyub aparmışdı sanki. Burda təkcə dəniz və dənizin ruhu hiss edilirdi. Burda ancaq dənizin qoxusu vardı. Bir də qayaların ətəyiylə uzanan süpürgəgülləriylə qatırdırnaqlarının qoxusu …

 

Yaşıl ulduz Sirus dənizin üstünə uzanıb dincəlirdi. Açıq dənizdə bir gəminin işığı gözə dəyirdi. Dülgərin mətbəxinin pəncərəsində işıq vardı. O biri daxmanın da işıqları yanırdı. Yəqin axşam yeməyinə hazırlaşırdılar.

Adalı artıq öz yeməklərini özü bişirirdi. Burda “ağa” deyildi indi. Yenə adi bir adalı olmuşdu. Heç kəs ona “ağa” deyə müraciət etmir, adıyla səslənir, o da hamıyla adi insanlara məxsus sakit və yumşaq səslə cavab verirdi. Ada daha bir “dünya” sayılmırdı. Bura indi bir növ sığınacaq idi. Adalı da heç bir məqsəd uğrunda savaşmırdı. Hansısa məqsəd üçün xırdaca bir istəyi, həvəsi qalmamışdı. İndi o və burdakı hamı köçəri quşlara bənzəyirdilər.

Günün çox hissəsini kitabxanada keçirir, kitabını yazmağa davam edirdi. Yaşlı dülgərin qızı da əlyazmaları makinada mətnə yığırdı. İndi makinanın səsi adadakı yeganə qəribə səs idi. Qısa bir vaxtda bu qəribə səs də dənizin gurultusu və küləyin səsiylə həmahəng olmağa başladı.

Aylar keçməkdə idi. Hərə öz işiylə məşğul olurdu. Keçi sarı gözlü qara bir oğlaq doğmuşdu, südü də bol idi. Havalar yaxşı olanda dülgər balığa gedirdi. Günlər keçirdi, adada nə bir istək, nə də bir sıxıntı vardı. Adalının ürəyi artıq heç nə istəmirdi. Ruhu bədəninin içində ölmüşdü sanki. Özünü su altındakı yarıqaranlıq mağara kimi hiss edirdi.

Adalımız “xoşbəxtlik yoxsa elə budurmu?” deyə tez-tez özünə sual verirdi. Elə bil, yuxudayam, heç nə hiss etmir, daha doğrusu nə hiss etdiyimi anlamıram. Mənə elə gəlir ki, xoşbəxtlik məhz bu duyğunun özüdür.

Özünü günlərlə iş otağına qapayıb kitabını yazmağa davam edirdi. Arabir sahilə enir, şəhərə gedir, dəblə geyinib kafelərə baş çəkir, Bond küçəsindəki dükanlardan alış-veriş edirdi. Belə günlərdə adətən kitabı nəşr etdirmək üçün nəşriyyatlara da baş çəkirdi.

İllər yavaş-yavaş ötüb keçirdi. Yenə bahar gəlmişdi. Adalı hər tərəfi xoş rayihəyə bürüyən qızılgüllər və orxideyalar ilə fəxr edirdi – heç bir insanla fəxr etmədiyi qədər həm də. Hərdən gülləri köməkçi qıza göstərib, bax necə gözəldilər desə də, qızda heç bir qeyri-adi reaksiya görmürdü.

Qız olduqca sakit adam idi. Qayaların arasıyla uzanan cığırda daim adalını kölgə kimi izləməkdə idi. Qıza bir növ yazığı gəldiyi üçün onunla sevgili olmaq qərarına gəlmişdi. Hərdən də ona nifrət etdiyini düşünürdü. Qızın onu bədəniylə arzulamadığını, ağlının təkidiylə bu münasibətə girdiyini düşünürdü və bu düşüncə onu iyrəndirirdi. Adalımız sevişmək mövzusunda çinlilərlə həmfikir idi. Onun fikrincə, sevişmək dünyanın ən müqəddəs işlərindən biri idi. Bu qızla sevişəndə isə özünü avtomatlaşdırılmış maşın kimi hiss etdiyi üçün hər dəfə ürəyi sıxılırdı. Qızsa sakit, səssiz, heç nə olmamış kimi ona qulluq etməkdə davam edirdi. Bu balaca adanın bütün cığırlarında öz sevgisiylə adalını qarabaqara izləyirdi. Burda yaşaya bilməzdi. Bu ada da çirklənmişdi artıq.

Hərracları axtarıb çox ucuz qiymətə yeni bir ada aldı. Bura qərb tərəfdə qayalıqlardan ibarət olduqca kiçik bir adaydı. Tək bir ağac, bir kol belə yox idi – təkcə dəniz quşları, qayalar və dəniz.

Tezliklə Floradan (qızın adı Flora idi) məktub aldı: “Deyəsən hamiləyəm”. Beynindən vurulmuşa döndü. Özünü ələ almalı idi. Qıza cavab göndərdi: “Qorxma, sevinməliyik buna”.

 

Dənizdə fırtına olduğu üçün yeni adasına gedib çıxa bilmirdi. Nəhayət günlər sonra ora çata bildi. Adasını görüb geri, evinə qayıtdı. Floranı götürüb sahilə getdi və orda rəsmi nigaha girdilər. Uşaq doğulana qədər buna dözmək məcburiyyətində idi. Flora yenə səssizcə ona qulluq edir, amma indi yemək vaxtı öz boşqabını da gətirib masaya düzür, adalıyla yanaşı oturub yemək yeyirdi. Bunu adalı özü istəmişdi. İndi o bu evin xanımı idi həm də.

Uşağın doğulmağına aylar qalırdı. Adalı burdan, burdakı həyatdan nifrət edirdi. Bu keçirdiyi hər gün özünü təhqir edilmiş kimi hiss edirdi. Gizlicə qaçış planları qururudu.

Nəhayət bir qızları dünyaya gəldi. Uşağa hər baxanda adalının ürəyindən daş asılırdı sanki. Hər dəfə bunu hiss edəcəklər deyə yamanca qorxurdu. Flora dünyadan xəbərsiz axmaq təbəssümüylə gülümsəməkdə idi hələ də.

Həqiqətən dözülməz idi artıq. Adalı Floraya bir müddət buralardan uzaqlaşmaq istədiyini deyəndə qız ağlamağa başladı. Adalı mülkünün böyük bir hissəsini onun adına keçirdiyini söylədi və vaxtaşırı pulunu ala biləcəyi çek dəftəri uzatdı ona. Qız indi sevincək olmuşdu. Üstəlik haçan burdan bezsə istədiyi yerə çıxıb gedə biləcəyini də demişdi adalı. Yığışıb gedərkən Flora daha ağlamırdı.

İndi yol quzeyə idi.

 

 

               

Üçüncü ada

 

Üçüncü ada qısa bir müddətdə yaşamaq üçün bərpa edildi. İki fəhlə sement və sahildən gətirdikləri iri daşlarla bir daxma tikdilər. Adalı özüylə bir çarpayı, bir şkaf, stol, bir-iki stul, bir-iki kitab, qaz, kömür, bir də ərzaq gətirmişdi. Başqa heç nə.

Günəşli avqust səhəri fəhlələr qayıqlarına minib getdilər. Dəniz durğun və açıq mavi rəngdə idi. Uzaqdan görünən poçt gəmisi asta addımlarla quzeyə tərəf yeriyən insana bənzəyirdi.

Adalıdan başqa adada bir-iki qoyun və bütün gün ayağına sürtünə-sürtünə gəzən bir pişik vardı. Nə ağac vardı burda, nə süpürgəotları, nə qatırdırnaqları. Daş-kəsək, beş-altı xırdaca bitki və yosunlar – başqa heç nə. Əslində belə daha gözəldir deyə düşünürdü adalı. Gecələr insan qaraltısına bənzəyən ağaclar, kol-kos nəyinə lazım idi ki, guya? Durğun suların ortasına sərilib yatan bu balaca, boz ada ona bəs idi.

Kitaba həvəsi, marağı tamam ölmüşdü. Bütün gün qayalıqların üstündə oturub dənizi seyr edirdi. Hərdənbir uzaqdan gəmi və ya qayıq qaraltısı görəndə narahat olmağa başlayırdı. İnsan üzü görmək, insan səsi eşitmək ona vahiməli gəlirdi. Hərdən də ayağına sürtünən pişiklə nəsə danışdığının fərqinə varanda öz səsindən belə qorxur, bu möhtəşəm sükutu pozduğu üçün özünə qəzəblənirdi. Ya da pişik miyoldayanda tərs baxışlarla ona baxır, pişik də anlamış kimi uzaqlaşıb qayaların ətəyində pusquya yatırdı.

Adada ən zəhləsi gedən şey qoyunların donuq baxışları və arabir ağızlarını göyə tutub mələmələri idi. İlk fürsətdə bu qoyunlardan canını qurtarmağı düşünürdü.

Dənizin və qağayıların səsini dinləməkdən zövq alırdı. Amma ən gözəli isə sözsüz ki, arabir çökən o möhtəşəm, qüsursuz, böyük sükut idi.

Havalar bozumtul keçir, bütün gün yağış yağırdı. Günlərlə çarpayıda uzanıb tavandan damcılayan su səsini dinləyir, açıq qapıdan bayıra baxır, dənizin uğultusuna qulaq kəsilirdi. Adaya çoxlu adlarını bilmədiyi quşlar gəlmişdi. Qəfil içində bir istək oyandı – bir kitab gətirdib yenidən araşdırmalara başlamaq və bütün bu quşların adlarını öyrənmək istədi. Beləcə bütün quşların sahibinə çevrilə biləcəyini düşündü. Hətta bir anlıq ona elə gəldi ki, indicə yerindən durub sahildəki qayığa tərəf gedəcək. Lakin ardınca yenidən həmişəki həvəssizlik, süstlük qayıtdı. Bütün marağı közərib sönən lampa kimi sönüb getdi. Axı nə mənası var ki?

Nəhayət , bir gün adaya gəmi gəldi. Şəhərdən gələn iki pis və çirkli geyimli, tər və çirkab qoxuyan kişi ona bir zərfdə pul uzadıb, qoyunların ayaqlarını bağlayıb gəmiyə qaldırdılar. Qoyunların səsi aləmi başına götürmüşdü. Olduqca iyrənc mənzərə idi. Tərtəmiz təbiətin ortasında bu iki kirli və pis qoxulu kişiylə beş-altı qoyun yamaq kimi görünürdü.

Zərfi necə qoymuşdularsa, günlərlə elə o cür də qaldı. İyrəndiyindən ona toxuna bilmirdi. Günlərlə o mənzərənin təsirindən çıxa bilmədi. Hər yadına düşəndə ürəyi bulanırdı.

Qış gəldi. Elə olurdu günlərlə günəş işığı görünmürdü. Adalı özünü xəstəhal hiss edirdi. Beyni və ruhu donmuşdu sanki.

Bir gün sahildə suyun üzündə onlarla adam başı gördü. Huşunu itirib yıxıldı. Özünə gələndə bunun sadəcə bir ilğım olduğunu anladı və oturub ağlamağa başladı. Elə bil ağladığını da hiss etmirdi. Hissizləşmişdi büs-bütün. Yeganə sevinc duyduğu şey hələ də tənha olmağı idi. Bundan zövq ala bilirdi.

Daha zamanla maraqlanmırdı, kitab oxumağı tərgitmişdi. Hətta hərflərdən, yazılardan nifrət edirdi. Evdə üstündə yazı, hərf olan nə vardısa hamısını yığıb atmışdı. Pişik də yoxa çıxmışdı. Düzü buna üzülmürdü. Onun zəhlətökən mırıltısından, miyoldamasından təngə gəlmişdi. Yemək yediyi qabı yumaqdan zəhləsi gedirdi. Və bir gün pişik yemək üçün gəlmədi və həmişəlik yoxa çıxdı.

İndi tək məşğuliyyəti plaşını çiyninə atıb yağışın altında ora-bura gəzişmək idi. Ayaqları səndirləyəndə, yıxılanda xəstələndiyini başa düşürdü.

Günlər uzanmağa başlamışdı. Qış o qədər ölümcül keçməmişdi. Amma qəfildən havalar çox soyumağa başladı. Havada arabir qar dənəcikləri görünürdü. Adalı titrəyirdi. Ada donurdu. “Tezliklə burda bütün canlılar öləcək və heç bir həyat əlaməti qalmayacaq” deyə düşünürdü.

Bir səhər oyandı ki, hər tərəf dümağdır. Pəncərədən çöl görünmürdü. Çox soyuq idi. Yerdə bir qarış qar vardı – dümağ, yupyumşaq qar. Kürək götürüb evin ətrafındakı qarı təmizləməyə başladı.

Gəzmək istəyirdi, amma qarda yerimək çətin idi. Səndirləyib qarın içinə yıxıldı, ayağa qalxıb halsız vəziyyətdə daxmaya qayıtdı. Biraz uzanıb özünə gələndən sonra durub süd isidib içdi.

Qar dayanmadan yağırdı. Narahat idi. Çarpayıya uzanıb gözünü boşluğa dikdi. Elə bil səhər əsla açılmayacaqdı. Hava işıqlaşar-işıqlaşmaz durub qapını açdı. Buz kimi külək üzünü daladı. Qar fırtınası başlamışdı. Qayığına getmək istəyirdi. Nə qədər halsız və yorğun olsa da, təslim olmaq fikrində deyildi. Geri qayıdıb biraz donuz əti qızardıb yedi, bir fincan da isti qəhvə içdi. Yenidən bayıra çıxdı. Kürəklə qarı yəmizləyib özünə yol açdı. Nəhayət qayığa çatdı. Qayıq tamamilə qar təpəciyinin altında qalmışdı. Daxmaya qayıtmaq məcburiyyətində qaldı.

Fırtına getdikcə şiddətlənirdi. Daxma artıq qarda batmışdı. Birtəhər qapını açıb bayıra çıxdı. Adası məhv olmuşdu. Hər yerdə ağ təpəciklər yaranmışdı. Qarı təmizləyəcək gücü qalmamışdı. Əlindəki kürək sürüşüb yerə düşdü. Özü də qarın içinə yıxıldı.

Nə vaxt özünə gəldiyini xatırlamırdı. Ayağa qalxıb güc-bəla daxmaya qayıtdı. Arxasını ocağa çevirib uzandı və isinməyə çalışdı.

Deyəsən gecə idi. Bayırda fırtınanın səsi eşidilirdi. Nə qədər bu vəziyyətdə uzandığını bilmədi. Nəhayət qalxıb bayıra çıxdı, son dəfə qar altda qalmış adasının ağ təpəciklərindən birinə dırmaşdı. Günəşin hərarətini hiss edirdi sanki. Bəlkə də Mart ayı idi. “Bahar gəlib” deyə pıçıldadı öz-özünə, “yenə hər yan yaşıllaşacaq”. Gah adaya, gah dənizə baxırdı. İndi ən böyük arzusu uzaqlarda bir gəmi qaraltısı görə bilmək idi.

Üşüyürdü. Uzaqdan göy gurultusunu xatırladan səslər eşidilirdi. Bunun dənizin üstündən geri qayıdan fırtınanın səsi olduğunu yaxşı bilirdi. Adaya baxdı. Bütün bədənində qarın soyuğunu hiss edirdi.

 

Tərcümə: Fəridə Uğur