Sim-sim.az

Ejen İonesko — Dörd nəfərlik etüd

AVT_Eugene-Ionesco_2266

 

İştirak edirlər:

 

Düpon – Düran kimi geyinib.

Düran – Düpon kimi geyinib.

Marten – Onlar kimi geyinib.

Gözəl qadın – səhnəyə çıxarkən başında şlyapa, əynində xəz şuba, paltar, əlində əlcək, ayağında ayaqqabı və s. və əlində çanta var.

 

 

Dekorasiya

Solda qapı. Səhnənin ortasında stol. Stolun üstündə üç dənə dibçəkdə gül. Hardasa kreslo və ya balaca divan da var.

Stolun üstünə sadə və ya bəzəkli örtük salınıb.

Birinci və yeganə səhnə.

 

Pərdə qalxır. Düpon əllərini dalında çarpazlayıb stolun ətrafında fırlanır.

Düran da eynilə onun kimi, amma onun əksi istiqamətə fırlanır. Toqquşanda çevrilib əks istiqamətə gedirlər və yenə toqquşurlar. Beləcə davam edir.

 

Düpon. …Yox…

Düran. Hə…

Düpon. Yox…

Düran. Hə…

Düpon. Yox…

Düran. Hə…

Düpon. Sizə deyirəm ki, yox… Ehtiyatlı olun, güllərə toxunarsınız.

Düran. Sizə deyirəm ki, hə… Ehtiyatlı olun, güllərə toxunarsınız.

Düpon. Amma hər halda – yox…

Düran. Amma hər halda – hə… Təkrar edirəm – hə.

Düpon. Sağlıqla təkrarlayın. Yox, yox və yox. Otuz iki dəfə yox.

Düran. Güllərdən ehtiyatlı olun.

Düpon. Güllərdən ehtiyatlı olun.

Düran. Siz necə də zəhlətökənsiniz… İnanılası deyil, belə zəhlətökənlik olar?!

Düpon. Mən yox. Siz. Zəhlətökən sizsiniz. Zəhlətökən, zəhlətökən, zəhlətökən…

Düran. Nə dediyinizi heç özünüz də bilmirsiniz. Nə üçün mənim zəhlətökən olduğumu düşünürsünüz? Güllərdən ehtiyatlı olun. Mən heç də zəhlətökən deyiləm.

Düpon. Hələ bir soruşur da… Nə üçün zəhlətökənmiş… Siz sadəcə məni heyrətləndirirsiniz!

Düran. Sizi heyrətləndirib-heyrətləndirmədiyimi bilmirəm. Bəlkə də heyrətləndirirəm. Amma bilmək istəyərdim, nə üçün mən zəhlətökən oluram? Birincisi, mən zəhlətökən deyiləm…

Düpon. Zəhlətökən deyilsiniz? Zəhlətökən deyilsiniz – amma mənim bütün sübutlarıma qarşı çıxırsınız, onları görməzdən gəlirsiniz, söz güləşdirirsiniz…

Düran. Bunlar sübut yox, boş çərənləmədir. Onlar məni qane etmir. Siz zəhlətökənsiniz. Amma mən zəhlətökən deyiləm.

Düpon. Yox, zəhlətökənsiniz.

Düran. Yox.

Düpon. Hə.

Düran. Yox.

Düpon. Hə.

Düran. Heç nəyə baxmayaraq – yox.

Düpon. Heç nəyə baxmayaraq – hə.

Düran. Sizə deyirəm ki, yox.

Düpon. Təkrar edirəm, hə.

Düran. Sağlıqla təkrarlayın. Yox, yox və YOX!

Düpon. Sadəcə dəhşətdir. Necə zəhlətökənsiniz! Fikir verin…

Düran. Qarışdırmayın. İndi gülləri yerə salacaqsınız… Qarışdırmayın. Vicdanlı adam kimi etiraf edin ki, siz zəhlətökənsiniz.

Düpon. Nə üçün zəhlətökən olmalıyam ki? Bir halda ki, haqlıyam, deməli zəhlətökən deyiləm. Və çox güman ki, siz də mənim haqlı olduğumu sezdiniz, hə, – nə deyirsiniz deyin, mən haqlıyam…

Düran. Haqlı mən olduğum halda siz nə üçün haqlı olursunuz…

Düpon. Üzr istəyirəm, amma haqlı mənəm…

Düran. Yox, mən.

Düpon. Yox, mən.

Düran. Yox, mən.

Düpon. Yox, mən.

Düran. Yox, mən.

Düpon. Yox.

Düran. Yox.

Düpon. Yox.

Düran. Yox.

Düpon. Yox.

Düran. Yox.

Düpon. Yox.

Düran. Yox. Güllərdən ehtiyatlı olun.

Düpon. Güllərdən ehtiyatlı olun.

Marten. (daxil olur) Budur, nəhayət ki, razılığa gəldiniz.

Düpon. Heç də yox… heç də onunla razı deyiləm… (Dürana işarə edir.)

Düran.  Heç də onunla razı deyiləm. (Düpona işarə edir.)

Düpon. O həqiqəti inkar edir.

Düran. O həqiqəti inkar edir.

Düpon. Mən yox, o.

Düran. Mən yox, o.

Marten. Bilirsiniz mi… belə axmaq olmaz lazım deyil… güllərdən ehtiyatlı olun. Personajların səhnədə həyatdakından daha axmaq olmaqları həmişə vacib deyil.

Düran. Olduqları kimi yaxşıdır.

Düpon. (Martenə) Eyni zamanda sizin siqarınız məni əsəbiləşdirir.

Marten. Birdən elə bilərsiniz ki, mən sizin əlinizdən əsəbiləşmirəm. Burda gic kimi fırlanırsınız, heç olmasa bir-birinizə keçəcək edin… Mənim artıq başım gicəllənir… ümumiyyətlə, siz indi gülləri yerə salacaqsınız…

Düran. Sizin bu iyrənc tüstünüzdən ürəyim bulanır. Buna bax bir, özünə peşə tapıb, bütün günü tüstülənir… parovoz kimi…

Marten. Təkcə parovozlar tüstüləmir ki.

Düpon. (Martenə) Köhnə parovoz kimi.

Marten. (Düpona) Çox banal müqayisə… Heç bilmirəm nə deyim.

Düran. (Martenə) Düponun, əlbəttə, ağlı yoxdur. Amma heç sizdə də yoxdur.

Düpon. (Dürana) Sizdə də yoxdur, əzizim Düran.

Marten. (Düpona) Sizdə də yoxdur, əzizim Düpon.

Düpon. (Martenə) Sizdə də yoxdur, əzizim Marten.

Düran. (Düpona) Sizdə də yoxdur, əzizim Düpon. Və məni əzizim Düran deyə çağırmayın, çünki mən sizin əziziniz Düran deyiləm.

Düpon. (Dürana) Heç sizdə də ağıl deyilən şey yoxdur, əzizim Düran. Və məni əzizim Düpon deyə çağırmayın.

Marten. (Dürana və Düpona) Məni əzizim Marten deyə çağırmayın, çünki mən sizin əziziniz Marten deyiləm.

Düpon. (Martenə və Dürana) Məni əzizim Düpon deyə çağırmayın, çünki mən sizin əziziniz düpon deyiləm.

Düran. (Martenə və Düpona) Məni əzizim Düran deyə çağırmayın, çünki mən sizin əziziniz Düran deyiləm.

Marten. Birincisi, mənim siqarım sizə mane ola bilməz, çünki mənim siqarım yoxdur… Cənablar, icazə verin deyim ki, siz çox… çox… Mən kənar adamam, ona görə də obyektiv dəyərləndirə bilərəm.

Düran. Buyurun, dəyərləndirin.

Düpon. Dəyərləndirin, dəyərləndirin. Tez olun.

Marten. İcazə verin sizə tam səmimi deyim, siz bu cür davranmaqla heç bir nəticəyə gələ bilməyəcəksiniz. Əvvəlcə, heç olmasa bir sualda razılığa gəlmək və bu yolla diskussiya üçün baza yaratmaq lazımdır – ancaq o halda dialoq alına bilər.

Düran. (Martenə) Bu şərtlər altında bu müsyö ilə (Düpona işarə edir) heç bir dialoq mümkün deyil. Onun təklif etdiyi şərtlər tamamilə qəbulolunmazdır.

Düpon. (Martenə) Mən hər hansısa yolla hər hansısa bir nəticəyə nail olmağa hazırlaşmıram. Və üstəlik, bu müsyönün (Dürana işarə edir) təklif etdiyi şərtlər tamamilə vicdansızcasınadır…

Düran. Nə böyük həqarət. O mənim şərtlərimin vicdansızcasına olduğunu iddia etməyə cəsarət edir…

Marten. (Düpona) Qoyun o sözünü deyib qurtarsın.

Düpon. (Dürana) Deyin.

Marten. Güllərdən ehtiyatlı olun.

Düpon. İndi deyəcəyəm. Əgər məni həqiqətən dinləmək istəyirlərsə. Əgər məni həqiqətən anlamaq istəyirlərsə. Amma məni düzgün başa düşün, kimisə anlamaq üçün onu dinləmək lazımdır, amma qanmazlığıyla aləmə məşhur olan müsyö Düran bunu başa düşmək istəmir.

Düran. (Düpona) Siz öz qanmazlığınızla məşhur olduğunuzu çox gözəl bilsəniz də, mənim qanmazlığımla məşhur olduğumu deməyə cəsarət edirsiniz. Əslində siz özünüz heç vaxt məni başa düşmək istəmirsiniz.

Düpon. (Dürana) Həyasızlığa bir bax. Sizin utanmazlığınız sərhəd tanımır. Bunu üçaylıq çağa da başa düşərdi. Vicdanlı çağa. (Martenə) Yox, siz bir qulaq asın…

Düran. (Düpona) Həyasızlığa bir bax. Əslində siz özünüz məni başa düşmək istəmirsiniz. (Martenə) Yox, siz onun nə dediyini eşidirsiniz?

Marten. Cənablar, əziz dostlar, biz vaxt itiririk. Gəlin işə keçək. Siz bayaqdan danışırsınız, danışırsınız, amma heç nə deməmisiniz axı.

Düpon. (Martenə) Nə? Mən heç nə demədim?

Düran. (Martenə) Nə? Mən heç nə demədim?

Marten. Bağışlayın. Mən heç də sizin heç nə demədiyinizi demək istəmədim.

Düpon. (Martenə) Siz bizə elə hey danışırsınız, danışırşınız, amma heç nə demirsiniz dediyiniz halda, heç nə demədiyimizi deməklə çox böyük haqsızlıq etdiniz, bir halda ki, danışıb amma heç nə deməmək qətiyyən mümkün deyil, çünki kimsə nəsə deyibsə, demək o danışıb və eyni zamanda kimsə nəsə danışıbsa, demək o nəsə deyib.

Marten. (Düpona) Tutaq ki, mən sizə danışırsınız, danışırsınız, amma heç nə demirsiniz demişəm, amma bununla heç də həmişə belə danışırsınız deməmişəm. Axı heç nə demədiyin halda hər şeyi danışmaq olar, eyni zamanda da çox danışdığın halda heç nə deməmək mümkündür. Baxır vəziyyətə və adamına. Bəs siz bu vaxt ərzində nə dediniz? Heç nə. Tamamilə heç nə. Kimdən istəyirsiniz soruşun.

Düran. (Martenin sözünü kəsir) Düpon danışdığı halda heç nə demədi, mən yox.

Düpon. (Dürana) Yox, siz.

Düran. (Düpona) Yox, siz.

Marten. (Dürana və Düpona) Yox, siz.

Düran və Düpon. (Martenə) Yox, siz.

Marten. Yox.

Düpon. Hə.

Düran. (Düpona və Martenə) Danışırsınız, danışırsınız, amma heç nə demədiniz.

Düpon. Mən heç nə demədim?

Marten və Düran. (Düpona) Məhz siz.

Düpon və Düran. (Martenə) Siz də heç nə demədiniz.

Marten. (Düpona və Dürana) Siz heç nə demədiniz.

Düran. (Düpona və Martenə) Siz heç nə demədiniz.

Düpon. (Dürana və Martenə) Siz heç nə demədiniz.

Marten. (Dürana) Siz.

Düran. (Martenə) Siz.

Düpon. (Dürana) Siz.

Düran. (Düpona) Siz.

Düpon. (Martenə) Siz.

Hər üçü. (Bir-birinə) Siz. Siz. Siz…

 

Və bu an Gözəl qadın daxil olur.

 

Qadın. Salam cənablar… Güllərdən ehtiyatlı olun… (Hər üç kişi qəfildən dayanıb ona baxır.) Nə üçün mübahisə edirsiniz, mənim əzizlərim?..

Düpon. Əzizim, nəhayət ki, gəlib çıxdınız! Ancaq siz mövcud vəziyyəti dəyişə bilərsiniz.

Düran. Hə, əzizim, siz burda yalanın sərhədsizliyini görəcəksiniz…

Marten. (Düranın sözünü kəsir) Hə, əzizim, biz indi sizi məsələdən hali edərik.

Düpon. (Martenə və Dürana) Mən özüm ona hər şeyi danışaram, çünki bu gözəl xanım mənim nişanlımdır…

 

Gözəl qadın sakitcə dayanıb və gülümsəyir.

 

Düran. (Martenə və Düpona) Bu gözəl  xanım mənim nişanlımdır.

Düpon. (Qadına) Əzizim, bu cənablara deyin ki, siz mənim nişanlımsınız.

Marten. (Düpona) Səhv edirsiniz, o mənim nişanlımdır.

Düran. (Qadına) Əzizim, bu cənablara deyin ki, siz mənim…

Düpon. (Onun sözünü kəsir) Səhv edirsiniz, mənim.

Marten. (Qadına) Əzizim, lütf edib deyin ki…

Düran. (Martenə) Səhv edirsiniz, o mənim nişanlımdır.

Düpon. (Qadına) Əzizim…

Marten. (Dürana) Səhv edirsiniz, mənim…

Düran. (Qadına) Əzizim…

Düpon. (Martenə) Səhv edirsiniz, mənim.

Marten. (Qadına) Əzizim, lütf edib deyin ki…

Düran. (Düpona) Səhv edirsiniz, mənim nişanlımdır.

Düpon. (Qadının əlindən tutub var gücüylə özünı tərəf çəkir) Əzizim…

 

Qadının ayaqqabısının bir tayı ayağından çıxır.

 

Düran. (Qadının o biri əlindən tutub var gücüylə özünə tərəf çəkir) İcazə verin sizi öpüm.

 

Qadının ayaqqabısının o biri tayı da ayağından çıxır. Əlcəyi də əlindən çıxıb Düponda qalır.

Marten. (Stolun üstündəki dibçəklərdən birini götürür və Qadının pzünə tərəf çevirib dibçəyi ona verir) Bu buketi məndən qəbul edin.

Qadın. Təşəkkür edirəm…

Düpon. (Qadını özünə tərəf çevirib ikinci dibçəyi verir) Bu ilahi gülləri qəbul edin.

Qadın səntirləyir və şlyapası başından düşür.

Qadın. Təşəkkür edirəm. Minnətdaram.

Düran. (Düponun etdiyini təkrarlayır) Bu güllər sizə məxsusdur, eynilə sizə məxsus olan qəlbim kimi…

Qadın. Deyəsən mən yanıram.

Dibçəklər qadının əllərindədir, o çantasını yerə salır.

Marten. (Qadını özünə tərəf çəkir) Öp məni, öp məni…

Qadının şubası düşür.

Düran. (Eyni hərəkətlə) Öp məni.

Düpon. (Eyni hərəkətlə) Öp məni.

 

Bu oyun bir müddət davam edir. Qadın əvvəlcə dibçəkləri yerə salır, sonra ətəyi cırılır, paltarı parçalanır. Düpon, Düran və Marten Qadını bir-birindən alırlar, eyni zamanda hamısı stolun ətrafında fırlanır. Hərəkəti saxlamadan Qadının bir əlini qoparırlar, sonra o biri əlini, sonra ayağını, sonra döşünü…

 

Qadın. Rədd olun… Məni rahat buraxın.

Düpon. (Martenə) Onu rahat buraxın.

Marten. (Dürana) Onu rahat buraxın.

Düran. (Düpona) Onu rahat buraxın.

Hər biri. (Digər ikisinə) O sizə deyir ki, onu rahat buraxasınız.

Qadın. (Hər üçünə) Hamınız məni rahat buraxın.

Düran, Düpon, Marten. (Təəccüblə) Mən? Mən? Mən?

 

Hamısı dayanır. Qadın qoparılmayan yeganə ayağıyla tullana-tullana bir az qabağa gəlir.

 

Qadın. Xanımlar və cənablar. Sizinlə tamamilə  razıyam. Bu tamamilə zibildir.

 

Pərdə.

 

Tərcümə: Həmid Piriyev