Sim-sim.az

Elçin Aslangil – 157,158 (Qalib olan hekayə- II yer)

el,in

Azərbaycan Yaradıcılıq Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə layihəsi olan, Heydər Əliyevin doğum gününə həsr olunan “Quran motivləri əsasında hekayələr” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Sim-sim.az  Elçin Aslangilin müsabiqədə ikinci yer tutmuş "157,158" adlı hekayəsini təqdim edir.

    “Və ya uçulub xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsənin hekayətini bilmirsənmi? O demişdi: “Allah bu kəndi ölümündən sonra necə dirildəcək?” Allah onu öldürüb yüz il saxladı, sonra da dirildib dedi: “Nə qədər qaldın?” O dedi: “Bir gün yaxud bir gündən də az qaldım!” Allah dedi: “Əksinə, sən yüz il qaldın. Öz yeməyinə və içdiyin suya bax, hələ də xarab olmayıb. Uzunqulağına da bax! Biz səni insanlar üçün bir dəlil etdik. Sümüklərə bax, gör Biz onları necə bir-birinə birləşdirir, sonra da onların üstünü ətlə örtürük”. Ona həqiqət bəlli olduqda: “Mən artıq bilirəm ki, Allah hər şeyə qadirdir!”– dedi.”

 

Mən hardayam, məni hara aparırsan?

– Cəhənnəmə! Ağzından laxtalanmış qan qusan qorxunc üzlü qoca qayığın avarlarını əvəz edən ağ ilanların köməkliyi ilə ilkinliyə aparan sona tələsirdi… Gecədir, ulduzsuz, aysız gecə. Üfunət qoxuyan bataqlıqda qayıq dayanmadan şütüyür.

– Bu nədir, mən ki qurşağa qədər qan içindəyəm?! Sən kimsən, məni hara aparırsan? Bu nə qandır? Niyə bu qayıqdayam? Hardayam, hara gedirik?

Qoca köz kimi qızarmış dilini bayıra çıxartdı. Dilinin ucundakı bir çimdik torpaq qabararaq balaca bir oğlan uşaqı doğdu. Uşaq qırışığını aça-aça zarıyaraq dilləndi:

– Bu qayıq bizim taleyimizdir. Qan bizim qanımızdır. Biz yaranışdan işığı yox, zülməti seçdik. Biz buludların ayrıldığı, İsanın taxtdan endiyi, İsrafilin suru çalındığı ana gedirik…

Qəfil, qaranlıqdan nəhəng, cazibədar, uzun saçlı bir qadın peyda olaraq şığıyıb qayığın uc tərəfində oturdu. O, qayıqdakıları qəmzəli baxışlarıyla süzdü. Gözlərindəki ehtiras insanın ruhunu məst edirdi.

Birdən, qadın gözlənilməz bir çevikliklə qocanın dilindəki körpəni qaparaq uça-uça oxumağa başladı:

“Lili lili La Lilit… Lili lili La Lilit…”

– O-o-o… O qadın kim idi? Bütün bunlar nə deməkdir? Yalvarıram, yalvarıram məni rahat buraxın!

– O qadın “Lilit” adlı cindir.

Qoca bunu deyib xüsusi bir avazla qaranlığa səsləndi:

– “Ya məş-ərəlcinni vəl insi inistətə-tum ən tənfuzu min əqtaris səmavati vəl ərzi fənfuzu. La tənfuzunə illa bisultan!”

– İlahi!

…Ay işığı pəncərədən süzülürdü. Pəncərələrdən süzülən ay, kazarmadakı qaranlığın üzünü azacıq işıqlandırırdı. Yatanların fısıltısı, sayıqlamaları eşidilirdi.

– Bu yer… Yox bu yer mənlik deyil… Bu nə yuxu idi, müqəddəs İsa?!

O, ətrafa bir daha nəzər salaraq ehmalca yatağından qalxdı. Ayaqlarına toxunan daş döşəmənin soyuqluğunun fərqinə varmadan gözləri ilə pəncərələrdən düşən hamarlanmış ay işığına nəzər salanda beyninə gələn ilk fikri dodaqları pıçıldadı:

– İçərinin havası çox boğunuqdur, bayırda təmiz hava qəbul etmək lazımdır.

Ayaqlarını sürüyə-sürüyə qapıya doğru irəliləyəndə kazarma növbətçisi onu görüb qarşısını kəsdi. Dişlərini ağardıb onu məsxərəyə qoyurmuş kimi soruşdu:

– Əsgər, silahının nömrəsi neçədir?

– 157, 158.

– Hə, ağıllanmısan. Bir də unutma! De görək, hara gedirsən?

– Hava almağa.

O, növbətçi əsgərəəhəmiyyət vermədən çıxışa tərəf gedəndə zəif tıqqıltı səsləri baxışlarını qeyri-iradi olaraq səs gələn istiqamətə yönəltdi. Diksindi:

– Bu nə səsdi? 

Həyəcanlanaraq duruxdu… Ürkək addımlarla zirzəminin qapısına yaxınlaşdı.

– Orda kim var?

– …

– Orda kimsə var?

Qara rəngli böyük bir qıfıl asılmış dəmir qapının arxasından səs eşidildi:

– Həqiqətlər qapı arxasındadır. Yaxın gəl, mən sənə həqiqəti deyəcəm…

Gözlənilməz vahiməli qışqırıq, hərbi hissənin yuxuda olan və ya olmayan sakinlərinin tüklərini ürpərtdi. Gecənin qaranlığında gözləri mürgü döyən ay qorxaraq qara buludların arxasında qeyblərə qarışdı.

 

***

1943-cü il. Alman zabiti, A.C-nın gündəliyindəki qeydlərdən:

– 1-ci ay, 5-ci gün, səhər saat 7 tamamdan etibarən əsir düşmüş azərbaycanlı-rus zabiti susqunluğunu pozdu.

– Mənim bildiyim yalnız və yalnız İsanın Allah olmamasıdır.

– Sən bizi lap gic yerinə qoymusan!

– And olsun bir olan Allaha ki, İsa çarmıxa çəkilməmişdir. Yahuda günahsızdır .

– Əzizim A. C, görünür qonağımıza bu bir neçə gündə göstərdiyimiz qayğı öz nəticəsini verməkdədir.

Eyni intonasiya ilə dəəlavə etdi:

– Əclaf, danış!

Rus zabitinin gözləri partlamış qaşından süzülən qanın altında taqətdən düşüb dərinliyə çökmüşdü. Azacıq udqunub gülümsündü. Sevgi dolu baxışlarla ətrafa nəzər saldı.

– Sən gülürsən?! Küçük, sən mənə gülürsən?! Sən bizi ələ salırsan?!

E. M. dəliyə dönmüşdü. Mən onu sakitləşdirmək istəyirdim. O isə mənəəhəmiyyət vermədən sol əli iləəsirin hulqumundan yapışmışdı. Gözünü qan örtmüş öküz kimi fınxıra–fınxıra əsiri boğurdu. Heç bir müqavimət göstərməyən əsir isə xırıltılı səslə deyirdi:

– O zaman Allah belə buyuracaq: “Ey Məryəm oğlu İsa! Sənmi insanlara demişdin, Allahla yanaşı, məni və anamı da özünüzə Tanrı bilin!”

– Burax onu, E. M, eşidirsən?! O nəsə deyir, ondan əl çək, özünü ələ al!

E. M mənəəhəmiyyət vermədən təkrar edirdi:

– Bu əclaf ölməlidir! O, bizi gic hesab edir ?! – sanki, sayıqlayırdı.

 

***

1991 ci il , 1-ci gün. Səhərə az qalıb. Saat 5-ə 7 dəqiqə işləmiş dəhşətli bir qışqırıq hamını yuxudan oyatdı. Bu vahiməli qışqırıqdan cəmi 1 dəqiqə sonra, 1–ci gün, saat 5-ə 8 dəqiqə işləmiş ikinci dəhşətli qışqırıq hərbi hissənin zabit vəəsgər heyətini ayağa qaldırdı…

– Mən silahı təmizləyib sonra güllələri darağa yerləşdirdim. Sonra darağı silaha qoydum. Sonra bütün əsgər yoldaşlarımı qışqıran gördüm. Onlar gözlərini bərəldib qışqırırdılar. Əsgər yoldaşlarımın əllərindəki silahlar ağ ilanlara çevrilmişdi. Amma mənim silahım ağ ilanlara çevrilməmişdi. Birdən ilanlar qanadlanıb uçmağa başladılar. İlanlar uçuşurdular… Qəfil tükdən də nəzik bir səs qulaqlarımı batırdı, göydə uçuşan ağ ilanlar öldü. Əsgər yoldaşlarım yerin dibinə batdılar… Başımı qaldırıb göyə baxanda günəşi qan–qırmızı rəngdə gördüm. Buludlar qaralıb lopa–lopa torpağa tökülürdü, adam boyu boyda qara yağış yağırdı. Mənsə eləcə dayanmışdım. Əlimdə silahım… Mənlə hər şey normal idi. Bilirsiniz, mən qorxurdum, ürəyim əsirdi. Amma nədənsə mənə elə gəlirdi ki, bütün bu olanlar sanki olmalıymış. Elə bil, mən baş verən bütün bu hadisələri lap çoxdan gözləyirdim.

– Siz, dörd əsgər yoldaşınızı öldürmüsünüz, yeddisini isə yaralamısınız.

– Mən heç kimi öldürməmişəm, cənab təhqiqatçı…

– Yaxşı. Bəs siz əsgər yoldaşlarınızı gülləbaran etməmişdən bir neçə gün əvvəl əsgər yoldaşınız Klaudyo Şimidlinin müəmmalı ölümünü xatırlayırsınız?

– Hə. O ölməmişdi, yanında biri də vardı… Mən onları zirzəmidə gördüm, ikisi də yan-yana durmuşdu… Əsgər yoldaşım Klaudyo Şimidlin tanımadığım biri ilə yanaşı dayanmışdı. Naməlum adam, şəhadət barmağından axan qanla divara nəsə yazırdı. Nə yazdığını başa düşmədim, qəribə bir yazı idi. Klaudiyo Şimidlin onun yazdıqlarını oxuyurdu. Sonra o, yazıların altından rəqəmlər yazdı. Hə, mən o yazıları gördüm, mən o rəqəmləri xatırlayıram. 1, 5, 7, 1, 5, 8.

– O nə yazırdı, bu necə bir yazı idi? Hansı hərflərlə yazırdı? Xatırlamağa çalışın!

– Mən o hərfləri ilk dəfə idi ki, görürdüm. Hansı dildə olduğunu bilmədim. Amma rəqəmlər elə bizim istifadə etdiyimiz rəqəmlər kimi idi. Şimidlin “qalx” komandasından əvvəl oyanmışdı. Mən kazarma növbətçisiydim. O hava almaq üçün bayıra çıxanda zarafatca ondan silahının nömrəsini soruşdum. O da mürgülü– mürgülü silahının nömrəsini dedi: 157-158. Sonra mən ona təmiz hava qəbul etmək üçün bayıra çıxmağa izin verdim. O, ayaqlarını sürüyə-sürüyə çıxıb getdi. Ancaq çox keçmədən dəhşətli bir qışqırtı eşitdim, qorxdum. Sonra anladım ki, bu səs Şimidlinin səsidir. Kazarmanın çölə açılan qapısına tərəf qaçanda, zirzəmiyə düşən dar pillələrin nura boyandığını gördüm. Sonra zirzəmiyə endim. Orda dəmir qapı olmalı idi. Üstündə böyük qıfılı olan dəmir qapı. Mən o qapını dəfələrlə görmüşdüm. Üstündəki köhnə böyük qıfılı da. Amma nə qıfıl var idi, nə də dəmir qapı. Zirzəmidən göz qamaşdıran işıq süzülürdü bayıra. Mən içəri boylananda naməlum adam şəhadət barmağından axan qanla divara oxuya bilmədiyim yazılar yazırdı. Sonra mən növbətçi rəisə gördüklərimi məruzə etmək üçün geri dönüb getmək istəyəndə ayağım ilişdi və yıxıldım. Bu dəhşətli idi… Şimidlin zirzəminin girişində yerə uzanmışdı, gözləri bərəlmişdi, ağzından köpük axırdı… Qorxudan qışqırıb hamını oyatmaq, hamını səsləmək istədim. Səsim boğazımda düyünləndi. Sonra… Sonra bütün gücümü toplayıb var qüvvəmlə qışqırdım. Göz qamaşdıran işıq yox oldu. Qapı da, qapının üstündəki köhnə qıfıl da, yerində idi…

B. S-nın danışdıqca gözləri, üzü, daha da məsum görkəm alırdı. Titrəyən barmaqları gömgöy idi. Hərdənbir dərinliyə dalıb yox olan gözləri birdən geniş açılaraq göz qapaqlarının altından təhqiqatçı xanımın boynundan asdığı xaçda ilişib qaldı. Xəstənin halı dəyişdi. Sol gözü qıyıldı. Üzünün sol yanağı əsməyə başladı. Ağzını geniş açan xəstə sanki boğulurmuş kimi dərindən nəfəs aldı . Xanım təhqiqatçı cəld ayağa qalxıb həkimləri səsləmək istəyəndə 116 saylı ruhi xəstəxananın 117 nömrəli palatasında bayaqdan onun suallarına təmkinlə cavab verən ruhi sarsıntıya məruz qalmış əsgər B. S. qəfil təhqiqatçının qolundan tutaraq dedi:

– Xahiş edirəm, həkimləri çağırmayın, mənə diqqətlə qulaq asın.

Təhqiqatçı mayor miss Jasmin Qrandval qorxduğunu biruzə verməyərək dilləndi: 

– Buyurun, mən sizi dinləyirəm, amma bir az sakitləşməyə çalışın. Zəhmət olmazsa, qolumu buraxın, yerinizəəyləşib sakitcə danışın.

B. S. titrəyən dodaqlarını miss Jasmin Qrandvalın sağ qulağına yaxınlaşdırıb pıçıltıyla dedi:

– Ey Məryəm oğlu İsa, sənmi insanlara demişdin Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin? İsa cavabında deyəcək: “Sən pak və müqəddəssən, haqqım çatmayan sözü söyləmək mənə yaraşmaz! Əgər mən bunu demiş olsaydım, sən mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən. Mən isə sənin zatında olanları bilmirəm. Şübhəsiz, qeybləri bilən ancaq Sənsən! Mən onlara yalnız Sənin mənə etdiyin əmri çatdırıb belə demişəm: “Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin!””

 

***

– Yəni bütün hadisələr artıq ruhi xəstə olduğu həkimlər tərəfindən də təsdiqlənən B.S-nın söylədiyi kimi zirzəmiylə bağlıdır? Bu gəncin keçmişi təmizdir. Ömründə bir dəfə də olsun, məhkum həyatı yaşamayıb. Narkotik aludəçisi də deyil. Hərbi hissədə baş verənlər bir çox vəzifəlilərin həyatını zəhərlədi. Hərbi hissə komandiri və digər vəzifəlilər vaxtından əvvəl istefa verməli oldular. Yuxarı dairələr və hərbi tribunal bütün bu olanlara görəəsgər B. S-ni günahlandırırlar. Bəs zirzəmi? Axı, nədən uzun illər bu zirzəminin qapısı bağlı qalıb? Sanki belə bir yerin mövcudluğundan hamı xəbərsizmiş… Ən maraqlısı isəəsgər B. S – nin müqəddəs İsayla bağlı söylədikləridir. Bəs onun cəfəng uydurmaları? Ağ ilanlar, Şimidlinin silahının nömrəsini şəhadət barmağından axan qanla divara yazan zirzəmidəki kişi… Bütün bunlar nə deməkdir? Mən zirzəmini ən azından 20 dəfə araşdırmışam, amma orda quru torpaqdan, soyuq divarlardan başqa heç nə yoxdur.

Miss Jasmin Qrandval öz–özünə verdiyi sualların içində boğulurdu. O, hərbi hissənin həyətində gəzişirdi. Dərin düşüncələrə qapıldığından artıq gecə olduğunu hiss etməmişdi. Və yalnız indi nəzərlərini yerdən çəkib başını qaldırdı. Sinəsində çarpazladığı qollarını yorğun halda yanına salıb, ətrafa göz gəzdirdi.

Təhqiqatçı xanım bu gün ruhi xəstəxanadan birbaşa hərbi hissəyə yollanmışdı. Bir neçəəsgər və zabiti yenidən dindirmiş, zirzəminin altını üstünə çevirmişdisə də, heç bir nəticəəldə etməmişdi.

Jasmin Qrandval ətrafa göz gəzdirəndə özünü kazarmanın girişi önündə gördü. Qəti addımlarla kazarmaya daxil olaraq ayaq üstə mürgüləyən növbətçi əsgərin yanından keçib zirzəmiyə enən pillələrin önündə dayandı. Gözlərindəki yenilməzlik ifadəsi sanki köhnə dəmir qapıya meydan oxuyurdu. Sol əlinin barmaqlarıyla boynundan asdığı xaçı bərk – bərk dodaqlarına sıxaraq öpüb dedi:

– And olsun bu müqəddəs xaça! And içirəm ki, mən bu işi sona çatdıracam! Bütün bağlı düyünləri açacam!

Təhqiqatçı mayor Jasmin Qrandval zirzəminin ortasında dayanaraq gözlərində qəzəb sağa–sola baxırdı. Ucadan dediklərinin divara dəyib qayıdan sədasını özü aydınca eşidirdi:

– Axı burda nə var? Hanı divardakı qanlı yazılar?! Hanı o naməlum adam, hanı?! Hardasan, çıx ortaya?! Məni eşidirsən? Mən həqiqətləri bilmək istəyirəm!

Eşitdiyi səsdən diksindi:

– Mən sizə həqiqətləri deyəcəm, miss Jasmin Qrandval!

Təhqiqatçı nəfəsini udub eşitmə regeneratorunu səs gələn istiqamətə yönləndirdi. Naməlum adam təxminən dörd addımlıq məsafədə onun arxa tərəfində dayanmışdı. Jasmin başını yavaş–yavaş sağ çiyninə tərəf döndərərək geri çevrildi. Onunla üzbəüz uzun boylu kişi dayanmışdı. Zəncirini sağ əlinin şəhadət barmağına keçirib salladığı xaça baxırdı.

– Bu əşya sizə məxsusdur, miss Qrandval.

Jasmin Qrandval sol əlini üşünə-üşünə yaxasına çəkəndə başa düşdü ki, ona anasından yadigar qalan müqəddəs gümüş xaçlı boyunbağı naməlum adamın şəhadət barmağından sallanır.

Özünü birtəhər ələ alan Jasmin Qrandval udquna-udquna dilləndi:

– Siz kimsiniz?

– Mən, İsanı 30 axçaya satan günahsız Yahudayam. Cismi Allahın izni ilə İsaya bənzədilən cahil insanların çarmıxa çəkdikləri Yahuda.

Özünü Yahuda adlandıran şəxs bu sözləri dedikdən sonra sağ əlinin şəhadət barmağına zəncirini keçirib salladığı xaçı kinayəli bir şəkildə gülümsünərək yerə atdı. Jasmin Qrandvalın şiddətlə döyünən ürəyi dilini lal etmişdi. Onun qorxu dolu baxışları Yahudanın müqəddəs xaçlı boyunbağını sürüşdürərək yerə atan sağ əlinin şəhadət barmağına zillənmişdi. Barmağın ucundan qan süzülürdü. Yahuda, divara yaxınlaşaraq barmağından axan qanla yazmağa başladı. Sonra üzünü Jasminə tutub dedi:

– Sənə hikmət verildi, oxu!

Jasmin Qrandval ömründə birinci dəfə gördüyü hərflərlə yazılmış yazını xüsusi bir avazla oxumağa başladı:

– Onlar “Məryəm oğlu İsa Məsihi öldürdük” dedilər. Halbuki, onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Bu, onlara belə göründü. Bu barədə fikir ayrılığına düşənlər şəkk-şübhə içindədirlər. Onların buna dair heç bir məlumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə, onlar İsanı öldürməmişlər. Xeyr, Allah onu öz dərgahına qaldırmışdır. Şübhəsiz, Allah qüvvət və hikmət sahibidir. 157, 158.

Qorxun o gündən ki, heç kəs heç kəsin karına gələ bilməsin, heç kəsdən şəfaət qəbul olunmasın, heç kəsdən əvəz alınmasın və onlara heç bir kömək göstərilə bilməsin!