Sim-sim.az

Endi Vuir – Yumurta

andy-weir

 

Sim-sim.az məşhur “Marslı” romanının müəllifi, amerika yazıçısı Endi Vuirin “Yumurta” hekayəsini təqdim edir.

 

 

Öz evinə doğru gedərkən öldün.

Bu, bir avtomobil qəzası idi. Ölümlə bitməsinə baxmayaraq, elə də ciddi məsələ deyildi. Özündən sonra arvadını və iki uşağını qoydun. Bu, əzabsız bir ölüm idi. Təcili yardım işçiləri səni həyata qaytarmaq üçün əllərindən gələni etdilər, amma əbəs idi. İnan mənə, bütün vücudun elə parçalanmışdı ki, elə ölməyin yaxşı oldu.

Sonra sən mənimlə qarşılaşdın.

– Nə? Nə baş verib? – sən soruşdun. – Mən hardayam?

– Sən ölmüsən! – sözləri birbaşa, emosiyasız dedim. İncə-mincə sözlərə ehtiyac yox idi.

– Burada bir… yük maşını var idi və o sürüşürdü….

– Aha.

– Mən… Mən ölmüşəm?

– Aha, amma buna görə kədərlənmə, hamı ölür, –  söylədim.

Sən ətrafa baxdın. Ətraf bomboş idi. Yalnız sən və mən. “Bura haradır?” – sən soruşdun. “Axirət dedikləri budur?”

– Aşağı-yuxarı, – dedim.

– Sən Tanrısan? – deyə soruşdun.

– Aha, mən Tanrıyam.

– Uşaqlarım… Arvadım… – dedin.

– Nə olub onlara?

– Onlar yaxşı ola biləcəklər?

– Elə mən də bunu görmək istəyirdim, – dedim. – Sən elə indicə ölmüsən və artıq öz ailən barədə narahatsan. İndi olduğun yerdə bu çox yaxşıdır.

Sən mənə pərəstişlə baxdın. Sənin gözünə mən qətiyyən Tanrı kimi görünmürdüm. Olsa-olsa adi bir insan təsiri bağışlayırdım. Ya da bir qadın. Siması tutqun avtoritar bir insan kimi. Sanki ibtidai sinif müəllimi kimi…

– Narahat olma, – dedim, – onlar yaxşı olacaqlar. Sənin uşaqların səni həmişə, hər cəhətdən mükəmməl bir insan kimi xatırlayacaqlar. Onlar sənə hörmətsizlik edəcək qədər böyüməmişdilər. Sənin arvadın hər kəsin yanında ağlayacaq, amma xəlvətdə qəlbən sakitləşəcək. Sözün açığı, ailən dağılmağa doğru gedirdi. Əgər təsəlli verməyimi istəyirsənsə, bunu deyə bilərəm ki, arvadın sakitləşdiyinə görə özünü bir az günahkar hiss edəcək.

– Ah, – sən deyirsən. – İndi nə baş verəcək? Mən cənnətə gedirəm, yoxsa cəhənnəmə, yaxud hər hansı başqa yerə?

– Heç birinə, sən reinkarnasiya olacaqsan, – dedim.

– Hmm, – dedin, – onda belə çıxır ki, induslar haqlı imiş.

– Bütün dinlər öz prizmalarından haqlıdırlar, – dedim. – Gəl mənimlə gəzək!

Biz boşluqda gəzişməyə başladıq və sən məni müşayət etdin:

– Biz hara gedirik? – deyə soruşdun.

– Əslində, heç bir yerə, – dedim, – sadəcə olaraq gəzişərkən danışmaq gözəldir.

– Bəs onda məqsəd nədir? – sən soruşdun. – Mən yenidən doğulsam, ağ bir lövhə kimi olacam, elə deyilmi? Körpə uşaq kimi… Yəni həyatım boyu  topladığım bütün təcrübələrimin və etdiyim heç bir şeyin əhəmiyyəti qalmayacaq…

– O qədər də yox! – mən dedim. – Sənin keçmiş həyatlarındakı bütün təcrübələrin və biliklərin hamısı sənin içindədir. Sadəcə bu dəqiqə sən onları xatırlamırsan.

Ayaq saxladım və əlimi çiyninə qoydum.

– Sənin ruhun sənin təsəvvür edə biləcəyindən daha artıq füsunkar, gözəl və böyükdür. İnsan ağlı sənin malik ola biləcəyinin yalnız bir parçasını qavraya bilər. Bu isti və soyuq olduğunu bilmək üçün su dolu stəkana barmaq salıb yoxlamaq kimi bir şeydir. Sanki özündən bir parçanı dar bir qaba qoyursan, sonra o parçanı ordan götürərkən malik olduğun bütün təcrübələri əldə etmiş olursan.

Son 48 ildir ki, bir insan bədəninin içindəsən, amma hələ də sonsuz şüurunu bütünlüklə kəşf edə bilməmisən. Əgər burada bir az da qalsan, hər şey xatırlamış  olacaqsan. Amma bunu hər həyatın arasında etməyə ehtiyac yoxdur.

– Bəs onda mən nə qədər reinkarnasiya olunmuşam?

– Çox, saysız-hesabsız. Müxtəlif, cürbəcür həyatlar. Bu dəfə miladdan əvvəl 540-cı ildə Çində bir kəndli qız olacaqsan.

– Gözlə! Nə? – sən kəkələdin. – Məni keçmişə aparassan?

– Aha, belə demək mümkünsə. Zaman, bildiyin kimi, yalnız sizin kainatda mövcuddur. Mənim gəldiyim yerdə isə nəsnələr tamamilə fərqlidir.

– Sən hardan gəlmisən ki? – sən soruşdun.

– Ah, əlbəttə, – mən izah etdim, – mən də hardansa gəlmişəm. Tamamilə başqa bir yerdən. Orada mənə bənzəyən başqaları da var. Mən bilirəm ki, sən oranın necə bir yer olduğunu bilmək istəyirsən, amma düzünü desəm, izah etsəm də, başa düşməyəcəksən.

– Dayan, – sən bir az peşman halda dedin, – əgər zamanın müxtəlif yerlərində reinkarnasiya olunuramsa, onda, deməli, özümlə də qarşılaşmaq ehtimalım da var?

– Əlbəttə, bu daim baş verir. Amma hər kəs yalnız öz ömründən xəbərdar olduğuna görə bunun fərqinə vara bilmir.

– Bütün bunların nə mənası var ki?

– Ciddisən? – mən soruşdum. – Doğrudan, sən məndən həyatın mənasını soruşdun? Bu, bir az bayağı olmadımı?

– Tamamilə məntiqli sualdır, – sən israr etdin.

Mən sənin gözlərinin içinə baxdım: Həyatın mənası budur ki, mən bütün kainatı sənin inkişafın naminə yaratmışam.

– Bəşəriyyəti nəzərdə tutursan? Sən bizim inkişaf etməyimizi istəyirsən?

– Yox, yalnız sənin üçün. Mən bütün bu kainatı sənə görə yaratmışam. Sən hər həyatla daha böyüyür, inkişaf edir və daha ağıllı olursan.

– Yalnız mən? Bəs digərləri?

– Digərləri mövcud deyil, – mən dedim. – Bu kainatda bir sən varsan, bir də mən.

Küt baxışlarla məni süzərək:

– Bəs Yer kürəsindəki o qədər insan…

– Hamısı sənsən. Sənin müxtəlif formaların.

– Dayan, yəni hər kəs mənəm?…

– Təbriklər, nəhayət, başa düşdün, – mən onun kürəyini təbrikedərcəsinə döyəclədim.

– Bütün zamanlarda yaşayan insanların hamısı mənəm?

– Və yaxud yaşayacaq bütün insanlar deyək…

– Mən Abram Linkolnam?

– Sən həm də Con Uilks Butsan[1], – mən əlavə etdim.

– Mən Hitlerəm? – sən hürkərək soruşdun.

– Sən həm də onun öldürdüyü milyonlarsan.

– Mən İsayam?

– Və sən onun ardıcılı olan milyonlarla insansan.

Sükuta qərq oldun.

– Hər dəfə kimisə qətl edəndə özümüzü qətl etmiş oluruq. Etdiyimiz bütün yaxşılıqlar özümüzə qayıdır. Yaşanmış, yaşanacaq bütün xoşbəxt və bədbəxt anlar sənin reallaşdırdıqlarındır.

Sən uzun müddət düşüncələrə daldın.

– Nə üçün? – sən sual verdin. – Bütün bunları nə üçün etmisən ki?

– Çünki nə vaxtsa mənə bənzəyəsən deyə. Çünki bu sənsən. Sən mənim zərrəmsən. Sən mənim övladımsan.

– Necə yəni? Yəni mən Tanrıyam? – sən inamsız halda soruşdun.

– Xeyr, hələ yox. Sən embrionsan. Sən hələ yetişməlisən. Sən bütün zamanlarda yaşamış insanları hiss edəcək qədər böyüdükdə yenidən doğulacaqsan.

– Onda bütün bu kainat, – sən dedin, – sadəcə…

– Bir yumurtadır, – mən cavab verdim. – İndi isə səni növbəti həyata yola salmağın vaxtıdır.

Və səni yola saldım.

 

İngilis dilindən tərcümə edən: Ülviyyə Tahir

 


[1] Linkolnu öldürən amerikalı aktyor – Tərc.