Sim-sim.az

Hayner Müller – Hamlet maşını

 

 

  1. AİLƏ ALBOMU

Mən Hamletəm. Sahildə dayanıb dalğalarla boş-boş danışırdım, arxamda Avropa xarabalıqları. Zənglər rəsmi cənazə mərasimi üçün çalınırdı, qatil və dul bir cütlük, Ali Cəsədin tabutunun arxasında marş addımlarıyla şura üzvləri, az xərcli yasla CƏNAZƏ MAŞININDAKI KİMİN CƏSƏDİDİR/KİMİN ÜÇÜNDÜR BU QƏDƏR ÇIĞIR-BAĞIR/CƏSƏD BÖYÜK BİRİNİN CƏSƏDİDİR/SƏDƏQƏ PAYLAYAN BİRİNİN Əhalinin dayağı, onun dövlətçilik sənətinin əsəri O SADƏCƏ HAMIDAN HƏR ŞEYİ ALAN BİRİYDİ. Cənazə maşınını saxlatdırdım, tabutu qılıncımla zorla açarkən dəstəyinə kimi qırıldı, qalan küt hissəsiylə aça bildim və ölü atanı ƏT ƏTİ SEVƏRMİŞ ətrafdakı səfillərə payladım. Kədər yerini sevincə verdi, sevinc marçıltıya, boş tabutun üstündə qatil dula mindi YUXARI ÇIXMAĞINA KÖMƏK EDİMMİ ƏMİ AÇ AYAQLARINI ANA. Yerə uzandım və dünyanın addım-addım çürüməyə başladığını eşitdim.

I’M GOOD HAMLET GI’ME A CAUSE FOR GRIEF

AH THE WHOLE GLOBE FOR A REAL SORROW

RICHARD THE THIRD I THE PRINCEKILLING KING 

OH MY PEOPLE WHAT HAVE I DONE UNTO THEE [1]

BİR DONQAR KİMİ DAŞIYIRAM AĞIR BEYNİMİ

KOMMUNİZMİN BAHARINDA İKİNCİ KLOUN

SOMETHING IS ROTTEN IN THIS AGE OF HOPE

  1. ’S DELVE IN THE EARTH AND BLOW HER AT THE MOON [2]

Budur gəlir məni yaradan kabus, balta hələ də kəlləsindədir. Şapkanı çıxartma, başqa bir dəliyinin olduğunu da bilirəm. İstərdim ki, anamın bir dəliyi əskik olsun sən ətinin içindəykən: o halda özümə belə əziyyət verməzdim. Anaların olmadığı, qadınların tikib bağlandığı bir dünya lazımdır. Həyata inamımızı tamam itirəndə ya da qışqıra bilməyəcək qədər daralsa boğazımız rahatca və bir az da güvənlə qırıb-çata bilərdik bir-birimizi. Nə istəyirsən məndən? Rəsmi mərasim sənə bəs deyil? Sarsaq kaftar. Ayaqqabılarında qan yoxdurmu? Sənin cəsədindən mənə nə! Şükr elə ki, cəllad gecikdi, bəlkə cənnətə gedərsən. Niyə hələ də burdasan. Xoruzlar kəsilib. Daha sabah olmayacaq.  

SOXMALIYAMMI

ADƏT OLDUĞU ÜÇÜN BİR DƏMİR PARÇASINI

YANIMDAKI ƏTƏ YA DA SONRAKINA

TUTMALIYAMMI BUNDAN DÜNYA FIRLANIR DEYƏ

TANRIM, QIR BOYNUMU YIXILANDA

BİR PİVƏXANA TABURETİNDƏN

Horatsi daxil olur.  Səhər bomboş göy üzüylə örtüldüyünən bəri qan dolu düşüncələrimin sirdaşı. ÖZ ÇIXIŞINA GECİKMİSƏN DOSTUM/TRAGEDİYAMDA SƏNƏ YER QALMAYIB. Horatsio, məni hələ də tanıyırsanmı. Hələ də dostumsanmı, Horatsio. Məni tanıyırsansa necə dostum ola bilərsən. Qızıyla yatmaq istəyən Polonini mi oynamaq istəyirsən, füsunkar Ofeliya, adını çəkən kimi gəldi, bax dalını necə yellədir, tragik bir rol. HoratsioPoloni. Sənin aktyor olduğunu bilirdim. Mən də aktyoram, Hamleti oyanayıram. Danimarka bir həbsxana, bir divar böyüyür aramızda. Bax nə böyüyür divarda. Poloni çıxır. Anam gəlin olub. Sinəsi bir gül baxçası, qucağı ilan yuvası. Mətninimi unutmusan,  ana. Mən suflyorluq edim sənə CİNAYƏTİ ÜZÜNDƏN YU, ŞAHZADƏM/ VƏ GÜLÜMSƏ YENİ DANİMARKAYA. Səni yenidən bakirə edəcəm ana, kralının qanlı bir toyu olsun deyə. TƏK YÖNLÜ YOL DEYİL ANA QUCAĞI. Indi əllərini gəlinliyinlə arxadan bağlayacam, çünki məni qucaqlamağından iyrənirəm. İndi də gəlinliyini cırıram. İndi qışqırmalısan. İndi gəlinliyinin yırtıq parçalarını atamın çevrildiyi torpağa bulayıram, yırtıqları üzünə, qarnına, sinənə sürtürəm. İndi aparıram səni ana, onun, atamın görünməz izində. Səsini dodaqlarımla kəsməliyəm. Bədəninin meyvəsini tanıdınmı. İndi get, toyuna get, fahişə, ölülərə və yaşayanlara düşən Danimarka günəşində yayılaraq. Cəsədi kanalizasiya quyusuna tıxamaq istəyirəm ki, saray kral poxunda boğulsun. Sonra da qoy yeyim, Ofeliya, göz yaşımı axıdan ürəyini.

  1. QADININ AVROPASI

Enormous room[3]. Ofeliya. Onun ürəyi bir saatdır.

OFELİYA [XOR/HAMLET]

Mən Ofeliyayam. Çayların sinəsində saxlamadığı qadın. Damarları kəsik qadın. Yüksək dozalı qadın. DODAQLARINDA QAR. Başı qaz sobasındakı qadın. Dünən özümü öldürməyin daşını atdım. Döşlərimlə, ayaqlarımla, ağuşumla tək başınayam. Parçalayıram məhkumluq vasitələrini: stulu, masanı, yatağı. Evim olan döyüş meydanını dağıdıb tökürəm. Külək və dünyanın çığırtısı içəri girsin deyə qapıları tam açıram. Pəncərə şüşələrini çilik-çilik edirəm. Qanlı əllərimlə cırıram sevdiyim və məndən yataqda, masada, döşəmədə istifadə etmiş bütün kişilərin şəkillərini. Həbsxanamı yandırıram. Paltarlarımı oda atıram. Bir zamanlar ürəyim olan saatı sinəmdən qazıb çıxarıram. Küçəyə çıxıram, qanıma bürünərək addımlayıram yolda.

  1. SKERZO

Ölülər universiteti. Pıçıltılar və mırıltılar. Ölü filosoflar məzar daşlarından (kürsülərindən) kitablarını Hamletə atırlar. Ölü qadınlar qalereyası (balet). Dar ağacındakı qadın, biləkləri kəsik qadın və s. Hamlet onları bir muzey (teatr) ziyarətçisi kimi müşahidə edir. Ölü qadınlar onun paltarlarını cırırlar. Üzərinə HAMLET 1 yazılmış dik bir tabutun içindən Klavdi və fahişə kimi geyinib boyanmış Ofeliya çıxır. Ofeliyanın striptizi.

OFELİYA: Hələ də ürəyimi yemək istəyirsən, Hamlet? (gülür)

HAMLET (əllərini üzünə tutaraq): Qadın olmaq istəyirəm.

Hamlet Ofeliyanın paltarlarını geyinir, Ofeliya onun üzünə fahişə maskası çəkir Klavdi/indi Hamletin atası səssizcə gülür. Ofeliya Hamletə əlini öpdürür və Klavdi/Hamletin atası ilə tabuta qayıdır. Hamlet fahişə pozasında. Bir mələk, ənsəsindəki üz: Horatsio. Hamletlə rəqs edir.

Tabutdan gələn SƏS(LƏR): Öldürdüyünü sevməlisən də.

Rəqs getdikcə coşur. Tabutdan gələn gülüş səsləri. Yelləncəkdə döş xərçəngi Madonna. Horatsio bir çətir açır. Hamleti qucaqlayır. Çətirin altında qol-boyun donub qalırlar. Döş xərçəngi bir günəş kimi parıldayır.

 

  1. BUDAPEŞTDƏ [4] QRENLANDİYA DÖYÜŞÜ

2-ci məkan. Ofeliya tərəfindən dağıdılıb, boş zireh, dəbilqədə balta.

  1.  

Soba tüstüləyir, tutqun oktyabr.

A BAD COLD HE HAD OF IT JUST THE WORST TIME

JUST THE WORST TIME OF THE YEAR FOR A REVOLUTION [5]

Arxa məhəllələrdə sementlər çiçəkləyir

Dr.Jivaqo kədər içindədir

Qurdlarına görə

QIŞDA BƏZƏN KƏNDƏ GƏLƏR, BİR KƏNDLİNİ PARÇALAYARDILAR

maskasını və kostyumunu çıxarır

HAMLETİ OYNAYAN AKTYOR

Mən Hamlet deyiləm. Artıq rol oynamıram. Sözlərimin mənə deyəcəyi başqa bir şey yoxdur. Düşüncələrim görüntülərin qanını sorur. Dramım ləğv olunub. Arxamda dekorasiyalar sökülür. Dramımla maraqlanmayan insanlar tərəfindən, dramım vecinə olmayan insanlar üçün. Artıq mənim də vecimə deyil. Artıq oynamayacam. Səhnə işçiləri Hamletin xəbəri olmadan bir soyuducu və üç televizor gətirirlər. Soyuducunun uğultusu. Üç səssiz proqram. Səhnə bir abidədir. Tarix yazmış birinin yüz qat böyük təsviri. Bir ümidin daşlanması. Onun adı əvəzlənə bilər. Ümid gerçəkləşmədi. Abidə yerdə yatır. Nifrət və Hörmət edilən adamın abidəsi dəfnindən 3 il sonra indi bizi idarə edənlər tərəfindən alt-üst edildi. Və daşda yaşayış var. Parçalanan abidənin geniş burun və qulaq deşiklərində, dərisinin və formasının qırışlarında şəhərin yoxsul əhalisi yaşayır. Abidənin sökülməsindən müəyyən vaxt sonra üsyan qalxdı. Mənim dramım əgər hələ də gerçəkləşəcək olsaydı, üsyan ərəfəsində baş tutardı. Üsyan şəhər gəzintisi kimi başlayır. İş saatlarında nəqliyyat nizamına qarşı. Küçələr piyadalara aiddir. Hər yerdə avtomobillər çevrilir. Bıçaq atıcısının kabusu: tək zolaqlı küçədə silahlı piyadalarla mühasirəyə alınmış avtomobil dayanacağına doğru yavaş-yavaş irəliləmə. yolu bağlayan polislər kənara atılır. İzdiham hökumət ərazisinə yaxınlaşdıqca polis kordonları tərəfindən saxlanılır. Qruplar formalaşır, spikerlər ortaya çıxır. Hökumət binasının balkonunda əyninə böyük olan kostyum geyinmiş bir adam görünür, o da danışmağa başlayır. Atılan ilk daş ona dəyəndə o, gülləkeçirməz şüşələrin arxasına keçir. Azadlıq harayı hökumətin çöküşünün fəryadına çevrilir. İnsanlar polisləri tərk-silah etməyə başlayır, iki-üç bina ələ keçirilir, bir həbsxana, bir polis məntəqəsi, bir gizli polis bürosu, bir sıra dövlət xainləri ayaqlarından asılır, hökumət orduları tanklarını yerləşdirir. Dramım həyata keçsəydi, mənim yerim cəbhənin hər iki tərəfində, cəbhələr arasında, onların kənarında olardı. Tər qoxulu izdihamda dayanıb polislərə, tanklara, gülləkeçirməz şüşələrə daş atıram. Gülləkeçirməz qoşa qapılardan gələn izdihama baxıb qorxudan tökdüyüm tərin iyini hiss edirəm. Yumruğumu şüşənin arxasında dayanmış özümə tuşlayarkən ürəkbulanması hiss edirəm. Qorxu və ikrahdan boğularaq yaxınlaşan izdihamın içində, ağzımda köpüklərlə özümə yumruq atıram. Uniformalı ətimi ayaqlarımdan asıram. Mən tank zirehindəki əsgərəm, kaskamın altındakı başım bomboşdur, zincirlərin altında boğulmuş haray. Yazı maşınıyam mən. Liderlər asılanda ilməni düyünləyirəm, stulu itələyib atıram, boynumu qırıram, mən özümün məhbusuyam. Kompüteri məlumatlarımla bəsləyirəm. Rollarım tüpürcək, tüpürcək qabı bıçaq və yaralı dişlər və qırtlaq boyun və dar ağacı. Mən verilənlər bazasıyam. İzdihamın içində qanayan. Qoşa qapıların arxasında nəfəs alan. Döyüş vaxtı səskeçirməz nitq-balonunda sözlərdən qabarcıqlar çıxarıram. Mənim dramın gerçəkləşmədi. Ssenari yoxa çıxdı. Aktyorlar üzlərini qardirobun mismarlarından asıblar. Dublyor öz yerində çürüyür. Auditoriyadakı içi doldurulmuş vəba cəsədləri barmağını da tərpətmir. Evə gedirəm və vaxt öldürürəm, bütünləşərək bölünməmiş mənliyimlə.

Televizor Gündəlik ikrah

Zavod malı boşboğazlıq, fabrik istehsalı şənlik

SƏRBƏSTLİK necə yazılır

Günlük cinayətlərimizi bizə ver

Sənə məxsusdur ikrah doğuran heçlik

İnanılan yalanlar

Yalnızca yalançılar tərəfindən ikrah doğurur

İnanılan ikrah doğuran yalanlar

Güc sahiblərinin üzlərində cızılıb

Səs toplamaq üçün, bank hesabları üçün mübarizədən

İkrah doğuran zarafatlarla çırtıldayan döyüş arabası

Küçələrdən, alış-veriş mərkəzlərindən, üzlərdən keçirəm

İstehlak davasının çapıqları Yoxsulluq

Ləyaqətsiz Yoxsulluq

Bıçağın, beşbarmağın, yumruğun

Alçaldılmış qadın bədənləri

Nəsillərin ümidi

Qana, qorxaqlığa, axmaqlığa bürünmüş

Ölü qarınlardan qəhqəhələr yüksəlir

Heil COCA COLA

Bir krallıq

Bir qatil üçün

MƏN MAQBETƏM KRAL MƏNƏ ÜÇÜNCÜ MƏŞUQƏSİNİ TƏKLİF ETDİ OMBASINDAKI HƏR XALI TANIYIRDIM RASKOLNİKOV TƏK PALTONUN ALTINDAKI ÜRƏKDƏ BALTA/ SADƏCƏ/ SƏLƏMÇİ QADININ KƏLLƏSİ ÜÇÜN

Hava limanının yalnızlığında

Nəfəs alıram mən

Seçilmişəm ikrahım

  •  

Divarla çevrələnib

Tikanlı məftilli zindanla

Müəllifin fotoşəkli

İstəmirəm daha yemək, içmək, nəfəs almaq, bir qadını, bir kişini, bir uşağı, bir heyvanı sevmək. İstəmirəm daha ölmək. İstəmirəm daha öldürmək.

Müəllifin şəklinin cırılması

Möhürlənmiş ətimi parçalayaraq açıram. Damarlarımda yaşamaq istəyirəm. Poxuma yerləşirəm, qanıma. Hardasa bədənlər sındırılır, mən poxumda yaşaya bilim deyə. Hardasa bədənlər yarılır, mən qanımla baş-başa qala bilim deyə. Fikirlərim beynimin yaralarıdır. Beynim bir yara izidir. Bir maşın olmaq istəyirəm. Tutmağa əl yox, yeriməyə ayaqlar, ağrı yox, fikir yox.

Televizor ekranı qaralır. Soyuducudan qan axır. 3 çılpaq qadın: Marks, Lenin, Mao. Hər biri öz dillərində eyni anda mətni deyir: MÖVCUD VƏZİYYƏTLƏR YOX EDİLMƏLİDİR.

Hamleti oynayan aktyor kostyum və maska geyinir.

DANİMARKA ŞAHZADƏSI HAMLET VƏ QURDLARA ZİYAFƏT SƏNDƏLƏYƏRƏK

DƏLİKDƏN DƏLİYƏ SON DƏLİYƏ DOĞRU HƏVƏSSİZCƏ

BELİNDƏ ONU YARATMIŞ KABUS

DOĞUM YATAĞINDAKI OFELİYANIN ƏTİ KİMİ YAŞIL

VƏ ÜÇÜNCÜ XORUZ BANINDAN ƏVVƏL CIRIR

FİLOSOFUN SƏFEH TƏLXƏK PALTARINI

BİR İT SÜRÜNƏRƏK TANKIN İÇİNƏ GİRİR

Zirehə bir təpik atır, baltayla Marks, Lenin, Maonun başlarını yarır. Qar. Buz dövrü.

 

  1. QISILIB QALARAQ/ VAHİMƏLİ ZİREHİN İÇİNDƏ/ YÜZLƏRCƏ İL

Okeanın dərinlikləri. Ofeliya əlil arabasında. Yanından balıq qalıqları, meyidlər və meyid parçaları keçir.

  •  

Həkim paltarlı iki adam onu və arabasını təpədən dırnağa sarğı bezləriylə sarıyır.

Elektra danışır. Zülmətin mərkəzində. İşgəncə günəşinin altında. Dünya metropolislərinə. Qurbanların şərəfinə. İçimə girən bütün spermləri çıxarıb atıram. Döşlərimin südünü ölümcül zəhərə çevirirəm. Doğduğum dünyanı ayaqlarımın arasında boğuram. Onu qasığımda basdırıram. Lənət olsun əsarətin xoşbəxtliyinə. Çox yaşa Nifrət, Kin, Üsyan, Ölüm. O, əlində qəssab bıçağı ilə yataq otağınızdan keçəndə öyrənəcəksiz həqiqəti.

Adamlar çıxır. Ofeliya səhnədə ağ bezlərin içində hərəkətsiz qalır.

 

 


  1. (Mən yaxşı Hamletəm  yas üçün bir səbəb verin mənə/ ah, gerçək bir kədərə bütün dünya/ üçüncü riçard mən şahzadə öldürən kral/ ey xalqım mən nə etmişəm sizə)
  1. (Çürümüş bir şey var bu ümid çağında/ Dalaraq dünyanı aya uçuraq)

[3]  Geniş bir otaq

 

  1. Almancası “Pest in Buda”, digər mənası: Budada vəba
  1. Ən pis vaxtda soyuqlamışdı, inqilab üçün ən uygunsuz zamanda

 

 

                                                     Tərcümə: AYTƏKİN MİRİŞ

(Visited 85 times, 1 visits today)