Sim-sim.az

Jorj Simenon – Yazıqları öldürmürlər – DETEKTİV

simenon2

 

I. Alt paltarlı adamın ölümü

İki saat idi ki, bu gicgici fraza Meqredən əl çəkmirdi. Qəfil eşidilmiş mahnının nəqarəti kimi onun beynində fırlanırdı və Meqre hətta bir-iki dəfə onu bərkdən də demişdi. Sonra təzə variant peyda oldu:

“Adamları alt paltarında öldürmürlər…”

Avqust ayı idi. Camaatın əksəriyyəti məzuniyyətdə idi. Paris bomboş görünürdü. Səhər doqquz olmağına baxmayaraq yaman isti idi. İdarədə sakitlik hökm sürürdü. Sahilə baxan bütün pəncərələr açıq idi. Meqre kabinetinə girən kimi pencəyini çıxartdı. Elə həmin dəqiqə hakim Kamello zəng vurdu.

– Zəhmət olmasa De-Dam küçəsinə gedin. Bu gecə orda qətl törədilib. Polis şöbəsinin komissarı mənə uzun və dolaşıq əhvalat danışdı. O indi hadisə yerindədir. Prokuraturadan ora on birdən tez gəlməyəcəklər.

Həmişə belə olur: sakit bir gün keçirmək istəyirsən – gup! – nəsə peyda olur!..

– Gedək Lüka?

Əlbəttə artıq əməliyyat maşınını göndərməyə yer tapıblar. Xlor iyi verən metroda getmək lazım gəldi və üstəlik Meqre qəlyanını söndürməli oldu.

…De-Dam küçəsinin aşağı tərəfi Batinol küçəsinə çıxır. Günəş yandırır. Trotuardakı xırda satış məntəqələrində tərəvəz, meyvə və balıq qalaqlarının dalında satıcılar oturub. Yəqin ki, qətl törədilən evə xeyli adam yığılıb, fürsətdən istifadə edən uşaqlar qaçışır, qışqırır. Adi yeddi mərtəbəli ev. Qapıda polis dayanıb.

– Komissar sizi yuxarıda gözləyir, müsyö Meqre… Dördüncücü mərtəbədə. Ay camaat nə dayanmısınız? Baxmalı nə var ki… Heç olmasa yolu kəsməyin, çəkilin!

Balaca, diqqət çəkməyən, belə desək vicdanlı adamların yaşadığı evdə nə cinayət ola bilər? Hansısa sevgi və qısqanclıq dramı? Axı görünüş bunun üçün də əlverişli deyil.

Dördüncü mərtəbə. Böyük qapı, dalınca mətbəx. Orda xeyli uşaq qışqırışır. Ya üç, ya da dörd nəfərdirlər – on iki, on altı yaş arası uşaqlar. Və o biri otaqdan qadın səsi:

– Jerar, bacınla işin olmasın, eşidirsən!..

Səs əsəbi və eyni zamanda yorğundur, həyatını heç nə üçün mücadilədə çürütmüş qadının səsi kimi.

Qapı açıldı və Meqre öldürülənin arvadını gördü. İndi Jerara qışqıran bu idi. Qadın Meqreyə baxdı və “biri də gəldi” mənasında köks ötürdü.

Onun yanında sahə müvəkkili dayanmışdı. Meqre onun əlini sıxdı.

– Bu komissar Meqredir – sahə müvəkkili izahat verdi. – Tədqiqatı o aparacaq.

– Hər şeyi təzədən danışım?

Həm qonaq otağı, həm də yemək otağı rolunu oynayan otağın bir küncündə radio, o biri küncündə paltartikən maşın qoyulmuşdu. Açıq pəncərədən küçədəki səslər eşidilir, mətbəx qapısı da açıqdır və  ordan uşaqların qışqırıq səsləri gəlir. Qadın qapını bağladı və səs kəsildi, elə bil radionu söndürdülər.

– Belə şey ancaq mənim başıma gələ bilərdi. Oturun, müsyö. Bəlkə nəsə içmək istəyirsiniz? Verim. Heç bilmirəm…

– Sadə və anlaşılan dillə baş verənləri danışın.

– Mən axı heç nə görməmişəm, nə danışacağam? Hələ də mənə elə gəlir ki, heç nə olmayıb. Həmişəki kimi, yeddinin yarısında o evə gəldi. Heç vaxt gecikməzdi. Gələn kimi də stola oturmağı sevirdi.

O ərindən danışırdı. Onların bir yerdə çəkilib böyüdülmüş şəkilləri divardan asılmışdı. Qadının belə əzgin, yazıq görünməsi ərinin tragik ölümüylə bağlı deyildi. Şəkildə də elə görünürdü, elə bil bütün dünyanın yükü onun çiynində idi.

Ərinin isə bığları, kirşanlı yaxalığı diqqət çəkirdi. Onun üzü o qədər maraqsız idi ki, yüz dəfə görsəniz də ona fikir verməzdiniz.

– O yeddinin yarısı gəldi, pencəyini çıxartıb şkafdan asdı. Düzünü deyim ki, o, öz əşyaları ilə həmişə səliqəli davranardı… Səkkizdə Fransina gəldi, o işləyir, mən stolun üstündə onunçün yemək də qoymuşdum…

Yəqin ki, o bunları polis komissarı üçün danışıb. Amma lazım olsaydı, öz hekayəsini yeknəsəq səsilə və nəyisə unutmaq qorxusuyla yenə və yenə danışardı.

Onun qırx beş yaşı vardı, cavanlıqda yəqin ki, gözəgəlimli olub, amma o vaxtdan illər keçib, onu isə hər gün səhərdən axşamacan ev işləri məşğul edib…

– Moris sevimli yerində, pəncərənin qabağında oturdu… İndi sizin oturduğunuz yerdə. Bu onun kreslosudur… O kitab oxuyurdu, hərdən də radionun dalğasını tutmaq üçün dururdu…

Axşam saatlarında De-Dam küçəsində eyni işlə məşğul olan yüzlərlə kişi tapmaq olar – bütün günü işləyən və indi pəncərə qabağında oturub kitab, ya da qəzet oxuyan kişilər…

– Deməliyəm ki, o axşamlar heç yerə getmirdi. Yəni tək, bizsiz. Həftədə bir dəfə kinoya gedirdik, hamımız bir yerdə… Bazar günləri isə…

Hərdən danışığına ara verib mətbəxə tərəf boylanırdı. Bəlkə uşaqlar dava edir, ya da plitənin üstündə heç nə qalmayıb ki, yansın…

– Harda qalmışdım? Hə… Fransina – onun on yeddi yaşı var, Fransina gəzməyə getdi və on birin yarısı qayıtdı. Qalanları yatmışdı… Mən nahar hazırlayırdım, bu gün üçün, çünki bu gün dərziyə getməliydim… Aman Tanrı! Yadımdan çıxıb ona xəbər göndərim ki, gəlməyəcəyəm… O isə məni gözləyir…

Bunun özü də onun üçün faciə idi.

– Biz uzandıq… Daha doğrusu, biz yataq otağına girdik, mən çarpayıya uzandım… Moris həmişə məndən gec soyunurdu. Pəncərə açıq idi… Pərdələri də salmamışdıq, bürkü idi… Üzbəüz evdən bizə heç kim baxmırdı… Ora mehmanxanadır… Ora gələnlər tez yatır… Onlar pəncərədən baxmırlar…

Meqre elə sakit oturmuşdu ki, Lüka onun indicə yatacağından qorxurdu. Eyni zamanda Meqrenin qəlyanı sıxmış dodaqlarının arasından hərdən tüstü çıxırdı.

– Nə danışım ki… Belə şey ancaq mənim başıma gələ bilərdi… Biz onunşla danışdıq… Nədən danışdığımız yadımda deyil, amma o şalvarını çıxartıb qoyanacan danışdı… Onun əynində təkcə alt paltarı qaldı… Sonra corabını çıxartıb pəncəsini qaşımağa başladı, onun pəncələri həmişə ağrıyırdı… Mən küçədən səs eşitdim… bilirsiniz  necə… maşın səsinə oxşayırdı… yox, belə yox, belə, belə: f-r-r-f-r-r… Hə, hə, belə: f-r-r-f-r-r… Su krantından hava çıxanda gələn səs kimi… Burda fikirləşdim ki, Moris nə üçün sözünü yarımçıq kəsdi?.. Gün ərzində çox yorulduğum üçün beynim dumanlı idi… Deməli, o səsini kəsdi, sonra sakit və qəribə səslə dedi: “Əclaf!”. Mən çox təəccübləndim, çünki o, demək olar heç vaxt söymürdü… O elə deyildi. Mən soruşdum: “Nə olub sənə?” Bu vaxt gözlərimi açdım, axı bayaqdan gözlərim bağlı idi və gördüm ki, o döşəməyə yıxıldı. Mən qışqırdım: “Moris!” Başa düşürsünüz, o heç vaxt özündən getməmişdi… Tam sağlam olmasa da heç vaxt xəstələnmirdi… Mən durdum… onu çağırıram… O isə xalçanın üstündə uzanıb və tərpənmir… Mən onu qaldırmaq istəyəndə gördüm ki, onun köynəyində qan var… Mən Fransinanı çağırdım, böyük uşağımızı. Sizcə, atasını belə görəndə mənə nə desə yaxşıdır? “Ana, sən nə etdin?” – və aşağı qaçdı ki, zəng etsin. O qapıçını oyatmalı oldu.

– Fransina hardadır? – deyə Meqre soruşdu.

– Öz otağındadır… Geyinir… Gecə özümüzdə deyildik, ona görə geyinməmişdik… Bağışlayın ki, bu görkəmdəyəm… Əvvəl həkim gəldi, sonra polis, sonra komissar…

– Bizi tək qoya bilərsiniz?

O əvvəlcə başa düşmədi.

– Gedin!

O mətbəxə getdi və yeknəsəq səslə uşaqların üstünə qışqırmağı eşidildi.

– Əgər on beş dəqiqə də belə keçsəydi, mən gic olacaqdım. – deyən Meqre pəncərəyə yaxınlaşdı ki, təmiz hava udsun.

Bu qadında qəribə bir şey var idi ki, nə olduğunu izah etmək çətindir. O, əhatə dairəsinə pis təsir edirdi və hətta pəncərədən düşən gün işığı da onun təsirindən solğunlaşmışdı.

– Yazıq!..

Öldüyü üçün yox, yaşadığı üçün!

– Onun adı nə idi?

– Tramble… Moris Tramble… Qırx səkkiz yaş… Arvadı dedi ki, Santye küçəsindəki hansısa ticarət firmasında kassir işləyib… Hə… Yazmışam… “Kuvrer və Belşas”… Bilirsiniz… – polis komissarı davam edirdi. – Əvvəl elə fikirləşdim ki, onu arvadı öldürüb… Amma qarışdırdım, məni axı yerimdən durquzmuşdular, elə təzə yatmışdım… Burda isə… Uşaqlar hamısı birdən danışır, o onların üstünə qışqırır ki, səslərini kəssinlər, eyni şeyi iyirmi dəfə təkrar edir – hamısı da demək olar ki, sizinçün danışdığı kimi. Mən də bu qərara gəldim ki, ya onda bir az çatışmır, ya da tamamilə dəlidir. Bu yandan da mənim briqadirim onu sorğu-sual etməyə başladı, dolaşdırmaq istəyirdi. O deyir: “Mən onu soruşmuram, soruşuram ki, ərinizi nə üçün öldürmüsünüz?” O deyir: “Nə üçün?.. Mən onu nə üçün öldürməliydim ki?..” Pilləkanda qonşular yığışdı… Həkim tezliklə rəyini yazıb gətirəcək. O məni inandırdı ki, üzbəüz pəncərələrin birindən atəş açıblar… Mən əməkdaşlarımızı “Ekselsior” mehmanxanasına göndərdim.

Meqreninsə beynində eyni sözlər fırlanır:

“Yazıqları öldürmürlər…”

Həm də ikinəfərlik çarpayının qırağında, əynində alt paltarı oturub ağrıyan pəncəsini qaşıyan yazıqları!

– Orda nəsə aşkarlaya bildiniz?

Meqre diqqətlə “Ekselsior” mehmanxanasının pəncərəsinə baxırdı. Aşağıda asılmış qara lövhədə yazılmışdı: “Aylıq, həftəlik, günlük nömrələr. İsti və soyuq su.”

Yazıqlıq orda da var idi. Eynilə Tramblenin evində, yaşadığı mənzildəki kimi. Amma bu hər hansı dram üçün əlverişli yazıqlıq deyildi.

– Mən dördüncü mərtəbədən başladım, ordakılar yatmışdılar. Onları narahat etməli olduq. Təsəvvür edirsiniz, necə səs-küy yarandı? Oranın sahibi bizi təhdid edirdi ki, şikayət edəcək. Bu vaxt ağlıma gəldi ki, beşinci mərtəbəyə də baxım, o üzbəüz pəncərəyə. Orda heç kim yox idi, amma otaq bir həftədir ki, Jozef Dambua adlı biri tərəfindən kirayələnib. Qapıçıdan soruşanda dedi ki, gecəyarısından bir az əvvəl qapıdan birini buraxıb. Amma kim olduğunu bilmir…

Meqre nəhayət ki, yataq otağına girmək qərarına gəldi. Meyit hələ də yerdə idi, başı xalçanın üstündə, ayaqları boş döşəmədə…

– Belə görünür, güllə düz ürəyinə dəyib və dəyən kimi də ölüb… Məncə həkimi gözləmək daha yaxşı olar, gülləni o çıxartmalıdır. O prokuraturanın əməkdaşları ilə deyilən vaxtda gəlməlidir…

– Saat on birdə… – Meqre hirslə dilləndi. Hələ on birə on beş dəqiqə işləyirdi.

Küçədə alverçilər alver eləyirdi, bürkülü havada isə meyvə və göyərti iyi hiss olunurdu.

“Yazıqları…”

– Ciblərini yoxlamısınız?

Onsuz da görünürdü ki, yoxlayıb – stolun üstünə səliqəsiz şəkildə kişi paltarları tökülmüşdü, amma arvadı deyirdi ki,o öz əşyaları ilə səliqəli davranırdı.

– Hər şey burdadır… Portmanat… Siqaret… Alışqan… Açarlar… Portmanatda yüz frank və uşaqların şəkli var…

– Qonşular nə deyir?

– Uşaqlar evdəkilərin hamısını sorğu-sual ediblər… Tramblelər bu mənzildə iyirmi altı ildir ki, yaşayırlar… Uşaqlar olandan sonra daha iki otaq tutublar… Başqa deməli heç nə yoxdur da… Adi, sakit həyat sürüblər… Heç bir əhəmiyyətli hadisə olmayıb… Hər il məzuniyyətdə iki həftəlik Tramblenin vətəninə, Kantala gediblər… Tramblenin bacısının nadir gəlişləri sayılmazsa, onlara heç kim gəlib getmirmiş… Tramble evdən hər gün eyni vaxtda çıxırdı. İşə metronun Vilyer stansiyasından gedirdi. Birin yarısı qayıdırdı, bir saat sonra yenə gedirdi və axşam yeddinin yarısı qayıdırdı…

– Yalandır! – Meqre istəmədən dedi. Doğrudan da yalandır. Heç bir mənası olmayan cinayət. Heç nə oğurlamayıblar… Heç oğurlamağa da çalışmayıblar… Amma təsadüfi ölüm də deyildi. Əksinə. Onu dəqiqliklə hazırlayıblar: üzbəüz mehmanxanada otaq kirayələyiblər, silah tapıblar, çox güman ki, pnevmatik silah…

Bu təsadüf deyildi. Və heç bir yazığa görə belə işə getmirlər… Hə, amma Tramble elə yazıqlardan idi ki, haqqında danışanda adını da çəkmirlər, “kimsə” deyirlər…

– Siz prokuraturadan gələn adamları gözləmirsiniz?

– Onlar gələnəcən mütləq qayıdacağam. Xahiş edirəm qalın, onları işlə tanış edin…

Divarın dalında yenə qışqırdılar, təxmin etmək çətin deyildi: madam Tramble uşaqlarıyla mübarizə aparırdı.

– Onun neçə uşağı var?

– Beş… Üç oğlan, iki qız… Oğlanlardan biri bu qış plevrit olmuşdu, indi kənddədir, babasıgildə… Onun bu yaxınlarda on dörd yaşı olacaq…

– Gedək, Lüka?

Meqre indi madam Trambleni görməyi və “belə şey ancaq mənim başıma gələ bilərdi” sözlərini eşitməyi heç istəmirdi.

Meqre bir-birinin dalınca açılan və pıçıltı eşidilən qapıların yanından keçə-keçə ağır-ağır pilləkanları düşürdü. Meqre istədi ki, tindəki bara girib şərab içsin, amma ora prokuraturadan gələncək məmurları maraqla gözləyən adamlarla dolu idi və o, Batinol küçəsinə getməyi üstün tutdu, orda hələ heç kim gecəki hadisədən xəbərdar deyildi.

– Nə içəcəksən?

– Sən “Ekselsior”dakı adamla maraqlan… Yəqin ki, orda çox şey öyrənə bilməyəcəksən, çünki belə hadisəni onun törətdiyi kimi törətmək, bu… Ey, taksi!..

Mühasibatlıqda daha pisdir. Metroda bişmək və ya dayanacaqda avtobus gözləmək üçün çox isti idi.

– De-Dam küçəsində görüşərik…Ya da, yaxşısı nahardan sonra sahil küçəsində…

Yazıqları öldürmürlər, lənət şeytana! Öldürəndə də tək-tək yox, dəstə-dəstə, müharibə və ya qırğın törətməklə öldürürlər. Əgər yazıq biri intihar etmək istəsə, çətin ki, bunun üçün pnevmatik silah tapar və özünü əynində alt paltarı, çarpayıda oturub pəncəsini qaşıyanda vurar.

Əgər Tramble Kantaldan olmasaydı, hansısa çoxişlədilən xarici adlardan birini daşısaydı, onda fikirləşmək olardı ki, o, hansısa təxribat qrupunun üzvüdür…

Amma o öldürülməli adama da oxşamırdı. Siması uyğun deyil, tapmaca da elə bundadır! Bəs quruluş? Bu mənzil, arvad, beş uşaq, əynində alt paltarı olan ər, “f-r-r-f-r-r” səsiylə uçan güllə…

Taksinin üstü açıq idi və Meqre hərdənbir çiyinlərini çəkə-çəkə qəlyanını tüstülədirdi. Bir anlıq madam Meqreni fikirləşdi. “Yazıq!” deyəcək və köks ötürəcək. Kişi öləndə qadın qadının halına acıyır.

– Yox, nömrəni bilmirəm… Hə, Santye küçəsi… “Kuvrer və Belşas”…

Yəqin ki, gözəgəlimli bina olar. Min səkkiz yüz neçənci ildəsə tikilmiş ticarət evi…

O başa düşə bilmirdi və bu da onu hirsləndirirdi. Hirslənirdi, çünki anlaşılmazlıqlara dözə bilmirdi…

Santye küçəsi adamlarla və maşınlarla dolu idi. Sürücü piyadalardan ünvanı soruşmaq üçün maşını saxladı və həmin dəqiqə Meqre evlərdən birinin qabağında qızılı hərflərlə yazılmış “Kuvrer və Belşas” sözlərini gördü.

– Məni gözləyin. Tez qayıdacağam.

Əslində heç bilmirdi tez qayıdacaq, ya gec, isti onu lap çaşdırmışdı. Demək olar bütün iş yoldaşlarının məzuniyyətdə olduğu vaxtda və günü rahat kabinetində keçirtmək planının baş tutmadığı halda necə də çaşdırmayaydı!

İkinci mərtəbə.

– Müsyö Kuvrer ilə görüşə bilərəm?

– Şəxsi məsələdir?

– Olduqca.

– Çox təəssüf, müsyö Kuvrer beş ildir ki, vəfat edib.

– Bəs müsyö Belşas?

– Müsyö Belşas Normandiyaya gedib. İstəsəniz, müsyö Movr ilə danışa bilərsiniz.

– O kimdir?

– Firmanın inanılmış adamıdır. O indi bankdadır, tezliklə qayıdacaq…

– Bəs müsyö Tramble burdadır?

Deyəsən başa düşmədi.

– Kim dediniz?

– Müsyö Tramble… Moris Tramble…

– Elə adamı tanımıram.

– Sizin kassir…

– Bizim kassirin adı Majindir, Qaston Majin…

“Demək belə…” – Meqre öz-özlüyündə fikirləşdi.

– Müsyö Movru gözləyəcəksiniz?

– Hə, gərək gözləyim.

Oturub qalantereya mallarının və karton qutuların iyini çəkmək. Xoşbəxtlikdən, bu çox uzun çəkmədi.

Müsyö Movr altmış yaşlarında, başdan-ayağacan qara geyinmiş biri idi.

– Siz mənimlə danışmaq istəyirsiniz?

– Meqre, axtarış polisinin komissarı…

Əgər bu sözləri təsir göstərmək üçün demişdisə, onda Meqre səhv etmişdi.

– Necə kömək edə bilərəm?

– Səhv etmirəmsə, Tramble adlı biri sizdə kassir işləyir.

– İşləyib… Çoxdan… Bir dəqiqə… Bu, biz Kambredə şöbə açanda olub… Hə… Yeddi il əvvəl… Bəlkə də bir az çox, o burdan baharın ortalarında çıxmışdı… – Müsyö Movr pensnesini düzəltdi. – Bir sözlə, müsyö Tramble yeddi ildir ki, burda işləmir.

– O vaxtdan onu daha görməmisiniz?

– Şəxsən mən – yox.

– Siz ondan işçi kimi razı idiniz?

– Sözsüz… Mən onu çox yaxşı tanıyırdım, çünki o bura məndən bir neçə il sonra gəlmişdi… O çox vicdanlı adam idi… Əgər yaddaşım məni aldatmırsa, o burdan üzrlü səbəblərə görə, qanunlara riayət edərək ayrılmışdı… Hə, hə, ailə vəziyyətinə görə. Ərizəsində yazmışdı ki, vətəninə qayıtmaq istəyir: Overniyə, ya da Kantala, indi dəqiq xatırlamıram…

– Onun hesabları düz olurdu?

Müsyö Movr bir az dala çəkildi, elə bil onu təhqir eləmişdilər.

– Bağışlayın, bizdə elə şeylər olmur.

– Bəs heç eşitməmişdiniz ki, müsyö Tramblenin sevgilisi var və ya hansısa pis işlərlə məşğuldur?

– Yox, müsyö, heç vaxt. Mən əminəm ki, o elə adamlardan deyildi.

Qısa və aydın. Və əgər Meqre başa düşmək istəmir ki, hətta axtarış polis komissarının səlahiyyətlərini də aşır… Amma Meqre təslim olmurdu:

– Qəribədir… İş orasındadılr ki, dünənki günəcən müsyö Tramble hər gün səhər evdən çıxıb bura işə gəlirdi və hər ay maaşını arvadına verirdi…

– Bağışlayın, amma bu ola bilməz.

Ona birmənalı olaraq qapını göstərirdilər.

– Deməli o nümunəvi işçi idi?

– Gözəl işçi idi.

– Davranışlarında da qəribə heç nə yox idi?

– Yox, müsyö, yox. Xahiş edirəm bağışlayasınız, iki alıcı məni gözləyir və…

Uf! Yaman bürküdür! De-Dam küçəsindəki otaqlardakı kimi. Yenə də təmiz hava udmaq, həmin taksini və imkan tapıb qonşu bistroda bir stəkan mineral su içən, indi də bığlarını silən sürücünü görmək necə də xoş idi.

– Hara sürüm, müsyö Meqre? – Bütün sürücülər onu tanıyırdılar, bunun özü də xoş idi.

– De-Dam küçəsinə, dostum…

Belə, deməli yeddi il bu Moris Tramble hər gün evdən çıxıb öz işinə gedirdi və yeddi il dalbadal…

– Yolda hardasa saxlayarsınız, bir şey içmək istəyirəm…

Madam Tramble və indi De-Dam küçəsindəki evdə qurdalanan prokuraturadan gəlmiş cənablarla görüşməzdən qabaq…

“Yazıqları…”

Bəs o necə yazıq idi, sual budur, bu.

 

 

 

II. Qara ciyəri xəstə qatil və sarıköynək aşiqi

 

– Sənə nə olub, Meqre? Yatmamısan?

Hardasa gecə saat üç olardı. Meqre isə hələ də yata bilmirdi, çarpayıda o yandan bu yana fırlanırdı, Reşar Lenuar bulvarına baxan hər iki pəncərənin açıq olmağına baxayaraq, onu tər basmışdı. Bir neçə dəfə yuxuya getsə də yenə ayılmış və Tramble haqqında, özü demişkən, bu yazıq haqqında fikirləşməyə başlamışdı. Nəsə çatışmırdı – dumanlı şəkildə görülən yuxulardakı kimi. Və Meqre təzədən başlanğıca qayıdırdı. Səhər doqquzun yarısı. De-Dam küçəsindəki mənzildə Moris Tramble geyinib qurtarıb. Yanında madam Tramble – indi Meqre bilirdi ki, onun adı Jülyettadır, yəni ona heç yaraşmayan ad – peyda olur, uşaqları sakitləşdirmək üçün qışqırır, amma səs daha da çoxalır.

“O səs-küyü sevmirdi, cənab komissar…”

Nə üçün bu sözlər Meqreni orda eşitdiyi başqa sözlərdən daha çox düşündürürdü? Nə üçün onun yarıyuxulu yaddaşına yenə və yenə qayıdırdı? Səs-küyə dayana bilməyə-bilməyə De-Dam kimi çoxadamlı, səs-küylü küçədə beş davakar, qara-qışqırıqçı uşaqla və onları sakitləşdirə bilməyən Jülyetta ilə yaşamaq.

“O geyinir… Yaxşı, sonra… Jülyettanın dediyinə görə bir gündən bir üzünü qırxır… Bir fincan südlü kofe içir və iki kökə yeyir… Küçəyə çıxır, Batinol bulvarına gedir və Vilyer stansiyasında metroya minir…”

“Kuvrer və Belşas” firmasından qayıdandan sonra günün qalanını Meqre öz kabinetində keçirtdi. Axşam qəzetləri artıq polisin xahişi ilə Moris Tramblenin şəkilini birinci səhifədə çap etmişdilər.

Briqadir Lüka isə onlar üçün təsvir olunmuş qatilə – yəni Jozef Dambuaya oxşayan bütün şəkilləri yığıb “Ekselsior” mehmanxanasına getmişdi.

Mehmanxana sahibi şəkillərə baxandan sonra başını yellədi:

– Düzdür, onu az görmüşəm, amma o belələrindən deyildi.

Lüka xeyli hövsələ göstərəndən sonra öyrəndi ki, sahib pnevmatik silahlı kirayənişinin qətiyyən cinayətkara oxşamadığını, əksinə, çox yazıq və zərərsiz görkəmə malik olduğunu demək istəyirmiş.

– O gəlib həftəlik nömrə istəyəndə elə bildim ki, gecə gözətçisidir…

Qeyri-müəyyən simalı, orta yaşlı adam. Onu az adam görmüşdü, səhər tezdən gedib gecə gəlirdi.

– Özüylə əşya götürmüşdü?

– Balaca çamadanı var idi, futbolistlərdəki kimi.

Bığları da var idi. Sahibin deməyinə görə – kürən, gecə xidmətçisinin deməyinə görə – boz. Düzdür, onu günün başqa vaxtında görmüşdü.

– Çox pis geyinmişdi. Yox, çirkli deyildi, köhnə idi. Portmanatı da köhnə idi, pulu da az…

Beşinci mərtəbənin xadiməsinin dedikləri:

– Mən onu görməmişəm, çünki bu otağı o birilərdən sonra yığışdırmışam, 42-ciylə 43-cüdən sonra. Amma mənə inana bilərsiniz, bilinir ki, o subaydır.

Lüka bu otaqdakı hər şeyi diqqətlə yoxladı, otağın hər metrini gözdən keçirtdi. Balışın üstündə üç dənə tük gördü: ikisi saçdan, biri bığdan. Ayaqyolundan demək olar ki, qurtarmış odekolon qabı, komodun üstündən isə dişlərinin yarısı sınmış daraq tapdı.

Qurtardı. Kasıbyana tapıntı. Amma laboratoriyada bəzi şeyləri öyrənə bildilər. Bir neçə saat tükləri və darağı yoxlayan ekspertlərin rəyincə qatil qırx altı-qırx səkkiz yaş arasında idi. O kürən idi, amma saçları ağarmağa başlamışdı. Qara ciyəri xəstə idi.

Amma Meqre çarpayıda fırlananda bunları fikirləşmirdi.

“O geyinir, səhər yeməyini yeyir, şlyapasını götürüb küçəyə çıxır… O Batinol bulvarındakı metroya gedir…”

Əlbəttə ki, yeddi ildir heç kimin onu orda görmədiyi Santye küçəsində yerləşən “Kuvrer və Belşas” firmasının kontoruna yox, tamam başqa yerə…

Nə üçün Meqre fikirləşirdi ki, Tramble “Kuvrer və Belşas” firmasında işləyəndə metroyla getmək onun üçün daha rahat idi? Çox sadə. Port-de-Şampre – Pre-Sen-Jerve xətti birbaşadır, keçidsizdir. Tramble düz Santye küçəsinə çıxırdı.

Bu yerdə Meqre xatırladı ki, dünən ötəri gördüyü və əməlli-başlı baxmağa imkan tapmadığı Fransina, Tramblenin qızı, bir ilə yaxındır ki, Reomür küçəsindəki standart qiymətlər mağazasında işləyir. Reomür küçəsilə Santye küçəsi kəsişir. O da eyni metro xəttindədir.

– Sən yatmırsan? – deyə madam Meqre soruşdu.

– Mən bir şeyi aydınlaşdırmalıyam – dedi. – Bəlkə sən bilirsən… Deyəsən bütün standart qiymətlər mağazaları eyni trestə məxsusdur və vahid sistemlə işləyir. Sən deyəsən belə mağazalara getmisən…

– Səni nə maraqlandırır?

– Onlar saat neçədə açılır?

– Doqquzda…

– Dəqiq bilirsən?

Deyəsən cavab ona ləzzət elədi və Meqre yatmamışdan qabaq hansısa mahnını dodaqaltı zümzümə elədi.

– Anası heç nə demədi?

Səhər ona on beş dəqiqə işləmişdi, Meqre kabinetində oturub təzəcə qayıtmış, heç şlyapasını da çıxartmağa macal tapmamış Lükaya qulaq asırdı.

– Mən ona başa saldım ki, siz daha nələrisə öyrənmək istəyirsiniz və belə ağır dəqiqələrdə onu daha çox narahat etməməkçün qızı ilə görüşməyi məqsədəuyğun saymısınız.

– Bəs qız?

– Tapşırdığınız kimi biz avtobusla gəldik. Mənə elə gəldi ki, o bir az həyəcanlanırdı. Elə hey sizin onu nə üçün çağırdığınızı öyrənməyə çalışırdı.

– De ki, gəlsin.

– Orda sizi görmək istəyən yaşlı cənab da var.

– Sonra… De ki, gözləsin… Kimdir ki?

– Luvr küçəsindən bir ticarətçidir… Sizə nəsə demək istəyir, şəxsən sizə…

Yenə də bürkü idi. Senanın üstündə buxarlanmadan yaranmış nazik duman qatı sezilirdi.

Ağ köynək və ciddi görkəmli tünd göy rəngli kostyum geyinmiş Fransina içəri girdi. Xoşagəlimli, cavan bir qız. Qırmızı şlyapasının altında görünən daranmış birçəkləri, hündür boyu, mütənasib bədəni. Yəqin ki, dünəndən bu yana Fransinanın matəm paltarı almağa vaxtı olmayıb.

– Oturun, mademuazel… Əgər istidirsə jaketinizi çıxarta bilərsiniz…

Onun dodağının üstündə tər damcıları görünürdü.

– Dünən ananız dedi ki, Reomür küçəsindəki standart qiymətlər mağazasında işləyirsiniz. Səhv etmirəmsə bu mağaza Sevastopol bulvarındadır, solda. Elədir?

– Bəli, müsyö…

Onun dodaqları əsdi və Meqreyə elə gəldi ki, o nəsə demək istəyir, amma bir qərara gələ bilmir.

– Mağaza saat doqquzda açılır, doğrudur? Və o atanızın hər gün səhər işə getdiyi – hamı belə fikirləşirdi – Santye küçəsinin yaxınlığındadır. Yəqin ki, tez-tez bu yolu bir yerdə gedirdiniz…

– Cəmi bir neçə dəfə…

– Əminsiniz?

– Əlbəttə, hərdən olurdu…

– Və siz atanızla onun iş yerinin yanında ayrılırdınız?

– Hə, yaxınlıqda, tində…

– Bəs heç vaxt sizdə şübhə yaranmırdı?

O sakitcə qəlyanını tüstülədərək məsum nəzərlərlə artıq həyəcan əks elətdirməyə başlamış bu cavan sifətə baxırdı.

– Mən əminəm ki, sizin kimi gənc xanım polisə yalan danışmağı özünə yaraşdırmaz… Özünüz də yaxşı bilirsiniz ki, bu sizinçün yaxşı qurtarmaz. Özü də indi elə vaxtdır ki, atanızın qatilini tapmaq üçün bacardığımızı edirik.

– Bəli, müsyö…

O çantasından yaylıq çıxartdı və ağlamağa məqam axtaran gözlərinin nəmini sildi.

– Sizin gözəl sırğalarınız var…

– Ah, müsyö…

– Yox, doğrudan çox gözəldir. İcazə verirsiniz? Doğrusu, artıq sizin heyranınızın oluğunu fikirləşmək olar.

– O, nə danışırsınız, müsyö!

– Onlar qızıldır və üstündəki daşlar da həqiqidir.

– Yox, müsyö… Anam da əvvəl elə bildi həqiqidir, amma…

– Amma?

– Mən ona dedim ki, yox…

– Ona görə ki, bu sırğaları özünüz almısınız?

– Bəli, müsyö…

– Deməli siz maaşınızı validenlərinizə vermirdiniz.

– Verirdim, müsyö… Amma danışmışdıq ki, əlavə pulları özümə saxlayacağam.

– Çantanı da özünüz almısınız?

– Bəli, müsyö.

– Deyin görək, əzizim…

Qız başını qaldırdı və Meqre güldü.

– Daha bəsdir.

– Nə bəsdir, müsyö?

– Mənim başımı aldatmaq!

– Düz sözümdür…

– Bir dəqiqə bağışlayın… Alo… Komutator? Reomür küçəsindəki standart qiymətlər mağazasını calaşdırın… Hə…

– Dayanın, müsyö…

O əliylə susmaq işarəsi verdi və qızın gözlərindən yaş süzülməyə başladı.

– Alo… Mağazadır? Məni direktorla calaşdıra bilərsiniz? Ah, bu sizsiniz? Axtarış polisindən narahat edirəm… Satıcılarınızdan biri haqqında məlumat almaq istəyirdim… Mademuazel Fransina Tramble… Necə? Artıq üç aydır? Təşəkkür edirəm… Ola bilsin bu gün mağazaya gəlim…

O qıza tərəf çevrildi.

– Buyurun, mademuazel!

– Mən onsuz da deyəcəkdim…

– Haçan?

– Bir az cəsarətlənmək istəyirdim…

– Bu necə oldu?

– Anama deməyəcəksiniz?.. Mən axı ona görə danışmaq istəmirdim… Yenə ağlayacaq və şikayətlənəcək… Əgər anamı tanısaydınız!.. Dedim ki, hərdən metroda atamla bir yerdə gedirdik… O əvvəldən mənim işləməyimə, xüsusilə də bu mağazada işləməyimə razı deyildi… Başa düşürsünüz? Anamsa israr edirdi: biz varlı deyilik, güclə dolanırıq, bu əla şansdır… O özü məni direktorun yanına apardı… Belə… Üç ay qabaq evdən çıxanda pulum yox idi və bunu Santye küçəsinin tinində xatırladım… O gün anam tapşırmışdı ki, bir neçə mağazaya girim… Atamın dalınca qaçdım… Amma o “Kuvrer və Belşas”ın yanından keçdi və kütləyə qarışdı… Fikirləşdim ki, yəqin siqareti qurtarıb, ya da başqa nəsə alacaq… Çox tələsirdim… İşə getdim… Gündüz boş vaxt tapan kimi atamın iş yerinə qaçdım… Orda mənə dedilər ki, atam çoxdan ordan çıxıb…

– Axşam ondan nəsə soruşdunuz?

– Yox… Səhər onun dalınca düşdüm… O Senaya tərəf gedirdi… Elə oldu ki, o dala baxdı və məni gördü… Onda dedi: “Bu daha yaxşıdır”…

– “Daha yaxşıdır”nə deməkdir?

– Mənim mağazada işləməyim onun xoşuna gəlmirdi. Dedi ki, çoxdan məni ordan çıxartmaq istəyirmiş… Dedi ki, indi başqa yerdə işləyir, əvvəlkindən daha yaxşı yerdə, çünki burda bütün günü dörd divar arasında oturmalı deyil… Sonra məni mağazaya apardı və bu sırğaları aldı… “Əgər anan soruşsa ki, hardandır, yalançı olduğunu deyərsən”.

– Bəs sonra?

– İşdən çıxdım, amma anama heç nə demədim. Maaş günü atam mənə aldığım maaş qədər pul verirdi. Hərdən şəhərdə atamla görüşüb kinoya, ya da botanika bağına gedirdik…

– Bəs atanız nə ilə məşğul idi? Bilmirsiniz?

– Yox… Amma anama nə üçün demədiyini yaxşı başa düşürdüm… Əgər ona çox pul versəydi də heç nə dəyişməyəcəkdi… Evdə həmin səliqəsizlik davam edəcəkdi… Bunu izah etmək çətindir, əgər siz bizdə yaşasaydınız görərdiniz… Anam pis adam deyil, amma…

– Təşəkkür edirəm, mademuazel.

– Anama heç nə deməyəcəksiniz?

– Hələ ki, bilmirəm… Zəhmət olmasa deyin görüm, atanızı başqa adamla görməmişdiniz?

– Heç vaxt.

– O sizə ünvan verməmişdi?

– Biz həmişə Sena tərəfdə görüşürdük. Ya Yeni körpünün, ya da İncəsənət körpüsünün yanında…

– Axırıncı sual: görüşlər zamanı o həmişəki geyimində olurdu, yəni De-Dsam küçəsindəki mənzilinizdə olduğu geyimlərdə?

– Bir dəfə, iki həftə əvvəl, o boz kostyum geyinmişdi. Bu kostyumu heç görməmişdim, çünki onunla evə gəlməmişdi.

– Təşəkkür edirəm… Yəqin ki, başqa heç kimlə bu barədə danışmamısınız?

– Heç kimlə.

– Bəs qonşuluqda-filanda dostunuz yoxdur?

– And içirəm…

Sevinməyə səbəb olmasa da o razı idi: iş aydınlanmaq yerinə daha da qaranlıqlaşırdı. Bəlkə o sevinirdi ki, intuisiyası onu aldatmayıb və gecəki tapıntısı düz çıxıb?

– Lüka, o cənaba de ki, gəlsin…

Teodor Jüsom, Parisdəki sahil küçəsi Luvrda quş satıcısı.

– Mən şəkillə bağlı gəlmişəm…

– Öldürüləni tanımısınız?

– Əlbəttə ki, müsyö. O mənim ən yaxşı müştərilərimdən idi…

Budur, Moris Tramblenin həyatının başqa bir tərəfi də açıldı. Həftədə azı bir dəfə Teodor Jüsomun mağazasına gəlib saatlarla quşların oxumağına qulaq asırdı. Ən çox sarıköynəkləri sevirdi, xeyli alırdı.

– Mən ona azı iki yüz sarıköynək satmışam.

– Onları onun evinə aparmısınız?

– Yox, müsyö. Özü aparırdı, taksi ilə.

– Ünvanı bilmirdiniz?

– Heç soyadını da bilmirəm. Bizə demişdi ki, ona müsyö Şarle deyək. Onu hamı belə çağırırdı, tək arvadımla mən yox, elə satıcılarımız da. O qədirbilən idi, əsil qədirbilən. Başa düşə bilmirdim ki, nə üçün quşlarını müsabiqələrə aparmır. Bəziləri əla oxuyurdular və mütləq birinci yeri tutardılar.

– Sizcə o varlı adam idi?

– Varlı? Yox, müsyö… Təmin olunmuş… Bir az bədxərc olsa da pulla davranmağı yaxşı bilirdi.

– Bir sözlə, yaşamağı bacaran adam?

– Çox gözəl adam və gözəl müştəri. Elələri çox deyil…

– Onun yanında heç kim olmurdu ki?

– Heç vaxt…

– Təşəkkür edirəm, müsyö Jüsom…

Amma müsyö Jüsom getmirdi.

– Bir şey də var ki, məni düşündürür və narahat edir… Qəzetlərə inansaq, De-Dam küçəsindəki evdə quş olmayıb. Əgər məndən aldığı sarıköynəklər orda olsaydı mütləq yazardılar, düzdür? İki yüzdən artıq quşu vardı, axı eləsi hər gün…

– Qısası, siz qorxursunuz ki, onlar…

– …Hə, elə yerdədirlər ki, müsyö Şarldan başqa qulluq edənləri yoxdur…

– Yaxşı, müsyö Jüsom, söz verirəm: əgər biz onları tapsaq, sizə mütləq bildirəcəyik ki, onlara lazım olduğu kimi qulluq edəsiniz, əgər gec olmasa.

– Təşəkkür edirəm… Ən əsas da arvadım narahatdır…

– Görüşənədək, müsyö Jüsom…

Qapı bağlandı.

– Dostum Lüka, sən nə fikirləşirsən? Ekspertlərin rəyini aldın?

– İndicə gətirdilər…

Ən əvvəl həkim rəyi. Həkim Polun rəyinə görə Tramblenin ölümü tamamilə təsadüf idi.

Komissarın heç nə anlamadığı tibb terminləri ilə dolu qırx sətir.

– Alo, həkim Pol?.. Rəyinizdə yazdıqlarınızı mənə izah edə bilərsinizmi?

– Əslində güllə ölənin döş qəfəsinə girməli deyildi, buna lazım olan qədər gücü yoxdu və əgər o möcüzəvi şəkildə həmin yumşaq parçanı deşməsəydi bədənə girməz və ürək üçün də təhlükə yaratmazdı. Sadəcə onun bəxti gətirməyib, vəssalam! – Deyə həkim Pol yekunlaşdırdı. – Sadəcə həmin yerdən atmaq və öldürülənin o vəziyyətdə oturmağı lazım imiş.

– Siz hesab edirsiniz ki, qatil hər şeyi hesablayıb?

– Mən hesab edirəm ki, qatil axmaqdır. Əgər sizin Trambleni öldürə bilibsə, ola bilsin ki, heç də pis atmır. Amma o heç vaxt elə nişan ala bilməzdi ki, güllə ürəyə dəysin… Məncə onun odlu silahlardan da əməlli başı çıxmır…

Bunu silah eksperti Qastin-Renett də təsdiqlədi. Onun rəyinə əsasən güllə yarmarka tirlərində istifadə olunan pnevmatik silahdan atılmışdı.

Maraqlı detal: qatil gülləni iti eləmək üçün ucunu yonmuşdu. Meqre qatilin bunu nə üçün etdiyini soruşanda ekspert dedi:

– Yox, bunula güllənin öldürmək gücü artmır. Əksinə, itilənməyən güllə bədənə girəndə bundan daha çox zərər verərdi. Bunu edən adam özlüyündə nəsə ağıllı bir şey elədiyini fikirləşirmiş, əslindəsə onun silahlardan başı çıxmır…

– Bir sözlə, diletant. Yəqin ki, hardasa detektiv romanlarda buna oxşar nəsə oxuyub, amma tərsinə başa düşüb.

Moris Tramblenin öldürüldüyü gündən bu biri gün səhər saat on birəcən bütün öyrənilənlər bunlar idi.

De-Dam küçəsində isə Jülyetta hər günkü işlərindən əlavə ailə başçısı öldürüləndən sonra ortaya çıxan işlərlə də məşğul idi. Səhərdən-axşamacan müxbirlər onu sorğu-suala tutur, fotoqraflarsa pilləkanın yanında növbə çəkirdilər.

– Komissar səni neyləyirdi?

– Heç, ana…

– Sən məni aldadırsan… Hamınız məni aldadırsınız… Hətta atan da məni illər boyu aldadıb…

O ağlayırdı, hıçqırırdı, danışmağa davam edirdi, bununla bərabər sabah dəfndə uşaqların geyinməli olduğu matəm paltarlarını hazırlayırdı.

Hardasa iki yüz sarıköynək kiminsə onları yemləyəcəyini gözləyirdi.

Və Meqre Lükaya müraciət edərək dedi:

– Ancaq gözləmək qalır…

Bu yeddi ildə o hardasa olmalıdır axı. Əgər evdə paltarını dəyişmirdisə, çoxlu sarıköynəklər və onlar üçün qəfəslər alırdısa, deməli onun hardasa daldanacağı olmalı idi – otaq, mənzil, ola bilsin böyük ev? Bəlkə onun dostları var idi? Bəlkə də sevgilisi?

Meqre bu işi özünə də etiraf etməkdən qorxduğu gizli həyəcanla aparırdı.

“Yazıqları öldürmürlər…”

İndi isə Meqrenin tanımadığı və hətta varlığından da xəbərsiz olduğu, ilk baxışdan heç bir təsir buraxmayan, çarpayıda oturub Jülyettanın deyinməyinə qulaq asanda onu öldürməməli güllədən ölən adam Meqreyə çox yaxın olmuşdu.

Yarmarka tirindən silah… Belələri ilə suda üzən qəlyanları və şarları vururlar…

Hələ gülləni səylə yonub onu daha zərərverici eləməyə çalışan qatil… Hər şeyə əsasən demək olar ki, “Ekselsior” mehmanxanasında özündən sonra dişlərinin yarısı sınmış daraqdan başqa heç nə qoymayan bu adam özü də yazıq idi.

Onun qara ciyəri xəstədir. Demək olar ki, bundan başqa onun haqqında heç nə məlum deyil.

Lüka yenə ova çıxdı. Cansıxıcı işdir – nə sevinclidir, nə də maraqlı… Parisin bütün silah satılan dükanlarını gəzmək. Sonra isə bütün tirləri; çünki bu subyekt silahı tirdən də ala bilərdi. İnspektor Janvye sahil küçələri Luvr və Messajeridəki bütün alverçiləri, eləcə də Təzə körpünün və İncəsənət körpüsünün yaxınlığındakı bütün barların sahiblərini sorğu-sual etdi. Ola bilsin Tramble qızını gözləyəndə buralarda bir stəkan şərab içib.

Nəhayət, gombul Torans taksi sürücüləri ilə məşğul oldu, çünki çoxlu quş alan adamlarla hər gün rastlaşmırlar.

Meqre isə Dofina meydanındakı restoranda oturub pivə içirdi. Bakalın yarısı artıq boşalmışdı və Meqre səhər yeməyi yeməyə gedəcəyi vaxtı gözləyə-gözləyə qəlyanından həzz alırdı.

Nə isə onu narahat edirdi, amma nə olduğunu bilmirdi. Deyəsən ya dünən axşam, ya da bu gün səhər ona vacib nəsə demişdilər və o bunu unutmuşdu.

Çox qısa və mənasız fraza. Amma yaxşı xatırlayır ki, onu eşidən kimi özlüyündə qeyd etdi. Və bir də fikirləşdi ki, bu qarmaqarışıq hadisənin açarı görəsən bunda deyil ki…

Belə, bəs onu kimdən eşitmişdi?.. Bəlkə sorğu vaxtı bu gözəl, şlyapalı qızdan eşitmişdi? Qızın ona dediklərinin hamısını ağlından keçirtdi… Yenə də Santye küçəsinin tininə, qızın atasının dalınca qaçıb onu işinin yanından düz keçib getdiyini gördüyü səhnəyə qayıtdı…

Sırğalar?.. Yox… Hərdən ata ilə qızı gizlicə kinoya gedirdilər… Ümumiyyətlə Fransina Tramblenin sevimlisi idi… Ola bilsin onunla gəzəndə və ya anasından gizli ona dəyərli əşyalar alanda atası qürur hissi keçirirdi…

Yox, o da deyil… Kiçik fraza tamam başqa şeylə əlaqədar idi… Bəs onda nə ilə?.. Hardansa yuxarıdan onun qabağına günəş şüası düşdü və şüada tozlar oynaşdı, eynən otaqda yorğan çırpılandan sonra görünən tozlar kimi…

De-Dam küçəsi, məhz burda onu eşitmişdi… Mətbəxin qapısı açıq idi… və Jülyetta danışırdı… Bəs o o vaxt nə deyirdi? Meqreyə elə gəldi ki, bir az sonra hər şey aydınlaşacaq.

– Jozef, məndən nə istəyirsən?

Olduqca kiçik fraza. Bütün yolu onu xatırlamağa çalışmışdı. Evdə də pencəyini çıxartıb səhər yeməyini yeyəndə onun haqqında fikirləşirdi. Madam Meqre ərinin nə haqdasa düşündüyünü görüb susdu.

Amma meyvə soyanda dayana bilmədi və dedi:

– De görüm, səncə bu iyrənc deyil? Adam…

Daha nələr! Axı madam Meqre Jülyettanı tanımırdı. O De-Dam küçəsindəki mənzili görməmişdi. Həmin kiçik fraza onun dilinin ucunda idi, hardasa madam Meqrenin dediklərinin yanında: “De görüm, səncə bu iyənc deyil?…”

Bir də zorakılıq. Çox da böyük olmayan zorakılıq. Amma hiss olunan tufan olmadı. O dəsmalı stulun üstünə qoydu, qəlyanını doldurdu, bir stəkan kalvados süzüb pəncərənin qabağında oturdu. Orfevrə getməmişdən qabaq dincəlirdi.

 

III. Tilovlu balıqçının izi

 

Həmin gün axşam saat altıda Meqre və Lüka Austerlits körpüsünün yaxınlığındakı Vağzal küçəsində taksidən düşdülər. Onların yanında səfilə, avaraya oxşayan biri də var idi.

Meqre nəhayət indi haqqında bu qədər fikirləşdiyi frazanı xatırladı: “O səs-küydə dayana bilmir”.

Tramble, bu yazıq, alt paltarında çarpayının qırağında oturub ağrıyan pəncəsini qaşıyanda öldürülən, De-Dam kimi izdihamlı küçədə beş davakar uşaqla və deyinməkdən başqa heç nə bacarmayan arvadla yaşayan Tramble – səs-küydə dayana bilmirdi.

Elə adamlar var ki, bəzi iyləri sevmir, bəziləri istidən və ya soyuqdan qorxur. Meqrenin yadına bir boşanma işi düşdü: bir yerdə iyirmi altı-iyirmi yeddi il yaşayan cütlük boşanırdı. Onları boşamağı xahiş edən ər məhkəmədə dedi:

– Mən arvadımın iyinə öyrəşə bilmirəm.

Tramble isə səs-küyü sevmirdi. Və o qeyri-məlum yerdən tapdığı imkan sayəsində səs-küylü Santye küçəsindəki “Kuvrer və Belşas” firmasındakı işindən çıxandan sonra Parisin belə sakit yerində özünə daldanacaq tapmışdı.

Bura böyük, sakit sahil küçəsi idi. Ətrafda sakitlik hökm sürürdü və adama elə gəlirdi ki, Sena boyunca düzülmüş barlara və həyətlərində toyuqların eşələndiyi əksəri ikimərtəbəli, bəziləri çoxmərtəbəli olan evlərə heç kim gəlib-getmir.

Tapıntı qoca La Serizə məxsus idi, bu qoca fırıldaqçı özü dediyi kimi buranın yaxınlığındakı körpünün yanında kirayədə yaşayır.

O qəbul vaxtını gözləyəndə daha üç nəfər fırıldaqçı gəldi – müxtəlif adamlar, eyni zamanda Parisdən başqa heç yerdə görə bilməyəcəyin tiplər.

– Mən birinci gəlmişəm, düz deyil, komissar?.. Yarım saatdır burdayam… Onlar hələ gəlməmişdilər… Deməli mükafat mənə çatmalıdır…

– Nə mükafat?

– Bəyəm mükafat vermirlər?

Bəs ədalət hardadır? Qoca La Seriz yaman mütəəssir oldu.

– Axı necə olur? Hətta itmiş iti tapana da mükafat verirlər. Mənsə bu öldürülən yazığın harda yaşadığını göstərəcəyəm.

– Yaxşı, sənə görə bir şey taparıq, əgər buna dəyən iş olsa.

Və onlar mübahisəyə başladılar: yüz frank… əlli… İyirmiyə razılaşdılar. Onu özləri ilə götürdülər. Budur, onlar ikimərtəbəli evin qabağında dayanıblar.

– Mən onu burda demək olar ki, hər gün görürdüm. Bax, orda əlində tilovla otururdu… Tanışlığımız elə burda başlamışdı… Əvvəl-əvvəl işləri yaxşı getmirdi… Mən ona kömək etdim: izah etdim, məsləhət verdim. Yaxşı götürmə qabiliyyəti var idi. Balıq tutub evə gedirdi… Onun harda yaşadığını belə öyrəndim…

Meqre hər ehrimala qarşı zəngi basdı və evin içində köhnə zəng əks-səda verdi. Lüka işə girişdi və bir dəqiqə sonra qapı açıldı.

– Mən buralarda olacağam. – La Seriz dedi. – Lazım olsa çağırarsınız.

Evdən pis iy və qəribə səs gəlirdi. Bu səslər qəfəslərdə uçuşan sarıköynəklərin səsi idi.

Qəfəslər birinci mərtəbənin iki otağında idi. İlk baxışdan elə bilərdin ki, burda adam yaşamır, çünki otaqlarda qəfəslərdən başqa demək olar ki, heç nə yox idi.

Səs boş otaqlarda əks-səda verirdi. Meqre və Lüka otaqları gəzirdilər, qapıları açırdılar, açılan qapıdan girən hava küçəyə baxan pəncərələrdəki pərdələri tərpədirdi.

Bu divarlar neçə ildi rənglənmirdi? Divarlarda əvvəlki ev sahiblərinin qoyduğu izlər – müxtəlif vaxtlarda burda olmuş mebellərin tünd kölgəsi qalmışdı.

Lüka, işə başlamamışdan quşlar üçün təzə su tökən və yem səpən Meqreyə təəccüblə baxırdı.

– Başa düşürsən, dostum, burda o ən azı sakitlik tapırdı…

Pəncərələrdən birinin qabağında yelləncəkli kreslo qoyulmuşdu, bundan əlavə otaqda stol, iki-üç stul və rəflərdə xeyli macəra və tarixi romanlar var idi.

Birinci mərtəbədə üstünə rəngli adyal salınmış dəmir çarpayı var idi.

– O burda çox da şənlənmirdi deyəsən, siz necə fikirləşirsiniz, rəis?

Mətbəx. Nimçələr, stəkanlar, tava. Meqre tavanı iyləyəndə balıq iyini hiss etdi. Zibil vedrəsinə yəqin ki, balığın artıqları atılmışdı. Küncdə cürbəcür tilovlar qoyulmuşdu.

– Sizə elə gəlmir ki, yaxşı düşünülüb?

Görünür Tramble xoşbəxtliyi başqa cür başa düşürdü. Ondan başqa heç kimin girmədiyi sakit otaqlar. Senanın sahilində balıq ovu. Gözəl qəfəslərdə oxuyan quşlar. Və kitablar, əlvan cildli, sakitlikdə həzz ala biləcəyi kitablar. Ən maraqlısı isə bu idi ki, bu kasıblığın içində tək-tük bahalı əşyalar da var idi. Tilaovlardan biri İngiltərə istehsalı idi, qiyməti də bir neçə min frank. Evdəki yeganə kamodun gözlərindən birinə üstünə “M. T.” inisialı həkk olunmuş qızıl alışqan və bahalı portsiqar qoyulmuşdu.

– Burda bir şey başa düşürsünüz, rəis?

Hə, Meqre deyəsən başa düşməyə başlamışdı. Əsas da bir neçə lazımsız əşya tapandan sonra, məsələn qatar oyuncağını.

– Görürsən, o neçə illər bunlara sahib olmaq istəyib…

– Sizcə o bu qatarla oynayıb?

– Yox, deyə bilmərəm… Sən heç vaxt uşaqlığında arzuladığın şeyi böyüyəndən sonra almamısan?

Belə, Tramble hər gün səhər başqalarının işə getdiyi kimi evdən çıxıb bura gəlir və evinin qabağında tilov atıb oturur. Sonra yemək yemək üçün De-Dam küçəsinə qayıdır, bəlkə də tutduğu balıqları yeyəndən sonra.

O sarıköynəklərə qulluq edir. Oxuyur. Pəncərənin qabağındakı yelləncəkli kreslosunda oturub saatlarla oxuyur. Ətrafda sakitlikdir, heç kim onu narahat etmir, qışqırmır. Vaxtaşırı kinoya gedir, bəzən qızıyla. Bir dəfə də ona qızıl sırğalar almışdı.

– Sizcə hesabına yaşadığı bu qədər pulu miras almışdı, ya oğurlamışdı?

Meqre cavab vermədi. O otaqdan otağa keçib baxırdı, qoca La Serize isə evin qabağında dayanmışdı.

– Orfevrə qayıt. Tapşır ki, bütün Paris banklarına sorğu göndərsinlər, bəlkə Tramble hesab açdırıb. Həmçinin notariatlar və hüquqşünaslıq büroları da yoxlanmalıdır…

Əslində o bunun nəsə nəticə verəcəyinə inanmırdı. Tramble çox ehtiyatlı idi, pullarını tapılması rahat olan yerdə gizlətməzdi.

– Siz burda qalacaqsınız?

– Hə, mən yəqin ki, gecəni burda qalacağam… Qulaq as… Mənimçün buterbrod və iki-üç şüşə pivə gətir… Bir də bizə zəng elə, de ki, ola bilsin gecə gəlməyim. Bir də çalış ki, qəzetlər bu ev haqqında hələ heç nə yazmasınlar.

– İstəsəniz mən gələrəm, tək qalmayasınız deyə. Ya da inspektorlardan birini göndərərəm.

– Lazım deyil.

Onun yanında heç silah da yox idi. Nəyə lazımdır?

Ev sahibinin keçirtidiyi saatlara oxşar saatlar keçirtdi. Meqre hətta onun kitabxanasındakı bəzi kitabları da vərəqlədi. Hamısı bir neçə dəfə oxunmuşdu.

Sonra bir xeyli tilovların arasında qurdalandı.

– Yeddi il, hər aya iki min frank…

Yaxşı puldur, hələ özünə xərclədiyi  pulları saymır… Amma onun xəzinəsi hardasa gizlədilməlidir axı…

Saat səkkizdə Meqre pul tapmaq ümidilə qəfəsləri yoxlayanda qapıda taksi dayandı.

Lüka əhvalı çox da yaxşı olmayan bir qızla gəlmişdi.

– Mən bilmədim nə edim, burda da telefon yox, belə qərara gəldim ki, onu bura gətirim. Bu – onun sevgilisidir…

Qız Meqreyə baxıb dedi:

– Ümid edirəm onun ölümündə məni günahlandırmayacaqsınız?

– Buyurun, buyurun… – Meqre sakitliklə dedi – Bu evi yəqin ki, məndən yaxşı tanıyırsınız…

– Mən?.. Birinci dəfədir ki, buranı görürəm. Beş dəqiqə əvvəl heç bilmirdim ki, belə bir yer var… Buranın havası da birtəhərdir.

Hissiyyat baxımından onun burnu arxasından fərqlənirdi, çünki stula oturan kimi ətrafı toz bürüdü.

 

IV. Moris Tramblenin dördüncü həyatı

 

Olqa-Janna Mari Paussonno, 29 yaşı var, Sen-Joris-sür-İzerdə doğulub, sənəti bilinmir, ünvan: “Vo Sejur” mehmanxanası, Lepik küçəsi, Paris, 18-ci sahə.

Və həmin dəqiqə bu yumru fizionomiyaya malik gözəlçə çərənləməyə başladı:

– Cənab komissar, xahiş edirəm ora mənim könüllü surətdə gəldiyimi qeyd edəsiniz. Qəzetdə onun şəklini görən kimi öz-özümə dedim: mən qorxmamalıyam, mən…

– Tramble sizin yanınıza mehmanxanaya gəlirdi?

– Hə, həftədə iki dəfə…

– Deməli oranın sahibi və işçiləri onu üzdən tanıyırdılar?

– Bəs nə. Lap yaxşı tanıyırdılar. Beş ildir ki…

– Onlar da şəkli görüblər?

– Nə demək istəyirsiniz?

O dodağını dişlədi – başa düşmüşdü:

– Hə, sahib məndən soruşdu ki, bu müsyö Şarlın şəkli deyil?..  Amma mən onsuz da gələcəkdim…

– Şübhə etmirəm. Siz onu müsyö Şarl adıyla tanıyırdınız?

– Mən onula təsadüfən tanış olmuşdum, Roşüşuar bulvarında, kinodan çıxanda… Mən onda Klişi meydanındakı restoranda bufetçi işləyirdim… O mənə bənd oldu… O mənə dedi ki, Parisdə səfərdə olur…

– Həftədə iki dəfə…

– Hə… İkinci, ya üçüncü dəfə görüşəndə o məni mehmanxanaya ötürdü və otağıma gəldi… Hər şey belə başladı… Mən işdən onun xahişi ilə çıxdım…

Nə üçün bu Tramblenin xoşuna gəlmişdi? Görünür ona görə ki, Jülyetta cılız, ağbəniz idi, bu isə qarayanız, hündür boylu idi.

– Mən tezliklə başa düşdüm ki, o bir az, o söz…

– Necə yəni “o söz”?

– Hər halda xəyalpərəst idi… O həmişə deyirdi ki, səni kəndə aparacağam… Ancaq bunu arzulayırdı… Bir də görürdün gələn kimi məni parka aparırdı ki, skamyada oturaq… O məni öz gic-gici kəndi ilə boğaza yığımışdı, elə hey deyirdi ki, heç olmasa bir neçə günlük onunla gedim, axırda apara bildi… Bəlkə siz fikirləşirsiniz ki, mənim üçün orda xoş keçdi? Heç də!..

– O sizi pulla təmin edirdi?

– Vacibatları ödəmək üçün bir az pul verirdi… Elə bilirdi ki, paltarlarımı özüm tikirəm… Bilirsiniz, o istəyirdi ki, mən bütün günü oturum nəsə tikim, toxuyum… Komediya!.. Mən yüz dəfə onunla mübahisə etmişdim… Ona nələr demirdim! O isə elə yapışmışdı ki, qopartmaq olmurdu. Hədiyyələr alırdı, uzun məktublar yazırdı… Nəyə gülürsünüz?

– Heç, heç nəyə…

Yazıq Tramble! O Jülyattadan dincəlmək üçün Olqadan yapışmışdı!

– Deməli, görüşəndə vaxtınızın çoxu mübahisələrə gedirdi…

– Düzdür, az vaxt getmirdi…

– Və siz bir dəfə də maraqlanıb dalınca getmədiniz ki, harda yaşadığını öyrənəsiniz?

– O demişdi ki, hardasa Orlean vağzalı rayonunda yaşayır, mən də inanmışdım… Bir də ki, mənim üçün təfavütü də yox idi…

– Yəqin ki, dostunuz da var idi?

– Hə, əlbəttə, mənim dostlarım var idi. Amma ciddi – heç nə…

– Siz onlara müsyö Şarldan danışırdınız?

– Sizə elə gəlməsin ki, mən onunla fəxr edirdim… Daha nələr…

– Siz onu heç vaxt başqa adamlarla görməmisiniz?

– Heç vaxt. Deyirəm ki, onun bütün xoşbəxtliyi mənimlə hansısa parkda skamyada oturmaq idi… Bu düzdür ki, o çox varlı idi?

– Hardan bilirsiniz?

– Qəzetdə oxudum ki, deyəsən ona külli miqdarda miras qalıb… Mənəsə bircə qara qəpik də çatmadı… Görünür, taleyim belədir…

Eynən Jülyetta kimi danışdı!

– Mənə nəsə edəcəklər?

– Nə danışırsınız! Sadəcə dediklərinizi yoxlayacağıq. Aydındır, Lüka?

Hamısı düz çıxdı, yazıq Tramblenin gəldiyi vaxtlarda it xasiyyətli Olqanın qopartdığı mərəkələrə qədər.

Bütün gecəni və o biri günün yarısını Meqre evi axtarmaqla keçirtdi, amma yenə də heç nə tapmadı.

Təəssüf hissi ilə bu qədər vaxtı öz “yazığ”ı ilə təklikdə qaldığı və həyatını öyrəndiyi evdən çıxdı. Meqre əmr etdi ki, ev güdülsün və bir neçə polis inspektoru növbə çəkməyə başladı.

– Hər halda, bu bizə nəsə verəcək, – o rəisinə dedi. – Ola bilsin vaxt lazım olsun, amma hər halda nəticə yaxşı olacaq.

Fransinanın şübhəli tanışının olub-olmadığı öyrənildi. Olqanı da güdürdülər.

Banklardan və notariatlardan bir çey çıxmadı. Kantala teleqram göndərdilər və belə qərara gəlmək olardı ki, Tramble heç bir miras almayıb.

Əvvəlki kimi isti idi. Trambleni dəfn etdilər. Onun arvadı və uşaqları əyalətə getməyə hazırlaşırdılar, çünki onlar artıq Parisdə qala bilməzdilər.

Tramblenin De-Dam küçəsindəki həyatı da məlum idi, sahildəki həyatı da, Olqa ilə keçən həyatı da… Balıqçılığını, sarıköynəklərini və macəra romanlarını sevməyi də məlum idi.

Tramblenin dördüncü həyatını isə Paris kafelərindən birinin ofisiantı danışdı. Bu adam bir gün səhər Orfevrə gəldi və Meqrenin onu qəbul etməsini xahiş etdi.

– Bağışlayın ki, daha əvvəl gəlməmişəm, bütün yayı mən Sabl-d`Oonnda işləmişəm… Qəzetdə şəkli görən kimi sizə yazmaq istədim, amma sonra yadımdan çıxdı. Mən əminəm ki, bu bizə bilyard oynamağa gələn cənabdır: bu Sen-Jermen küçəsilə Sena küçəsinin kəsişdiyi yerdədir.

– Yəqin ki, o tək oynamırdı?

– Əlbəttə… Onunla biri də gəlirdi, arıq, uzun, kürən, bığlı. Onlar “sən”lə danışırdılar, Tramble onu Teodor çağırırdı. Onlar hər gün eyni vaxtda, saat dörddə bir yerdə gəlirdilər, saat altıda da gedirdilər… Teodor içirdi, Tramble isə spirtli içki içmirdi.

Böyük şəhərə adam gəldi, getdi – və o yoxdur, amma bir az keçəndən sonra, ya burda, ya da başqa yerdə onun izi tapılır. Tramblenin izinə Luvr küçəsindəki quş dükanında və Lepik mehmanxanasında düşdülər. İndisə məlum olur ki, o hansısa kürənlə bir neçə il mütəmadi Sen-Jermen küçəsindəki kafeyə gedirmiş.

– Onu axırıncı dəfə haçan görmüsünüz?

– Bir ildən çoxdur ki, orda işləmirəm…

Torans, Janvye, Lüka və başqa inspektorlar bilyardı olan bütün Paris kafelərini gəzməyə başladılar və bu iki yoldaşın izinə Təzə körpünün yanındakı kafedə düşdülər – bir neçə ay onlar bura bilyard oynamağa gəlmişdilər.

Hamı Teodor haqqında deyirdi ki, o çox içir və içəndən sonra bığlarını əlinin dalı ilə silir.

– O kasıbyana geyinirdi. Hesabı həmişə Tramble verirdi.

Polis bir neçə həftə Teodoru axtardı, amma tapa bilmədi. Bir dəfə Meqrenin ağlına gəldi ki, “Kuvrer və Belşas” firmasına baş çəksin. Onu müsyö Movr qəbul etdi.

– Teodor? Hə, bizdə bir Teodor işləyib, amma lap çoxdan… Dayanın… O burdan on iki il əvvəl çıxıb… Mən əminəm ki, o müsyö Tramble ilə tanış idi… Bu Teodoru – inzibati bölmədən soyadını öyrənə bilərəm – ona görə işdən çıxartdıq ki, həmişə sərxoş olurdu və özünü apara bilmirdi…

Soyadını da öyrəndilər – Balar. Teodor Balar. Parisdə heç bir Balar tapa bilmədilər.

Bir dumanlı iz daha: beş il əvvəl Teodor Balar bir neçə həftə Monmartrda karuseldə işləyib. Bir gecə sərxoş olanda əlini sındırıb və o vaxtdan onu daha görməyiblər.

Bu adam və “Ekselsior” mehmanxanasındakı subyekt sözsüz ki, eyni sima idi…

Görəsən hansı yolla onlar bir daha birləşə bilmişdilər? Nə də olmasa, bu adamlar hər gün görüşüb bilyard oynayırdılar.

Bəlkə, Teodor yoldaşının sirrini öyrənmişdi? Bəlkə də sahildəki evdə pul gizlədildiyindən şübhələnmişdi? Bəlkə dava eləmişdilər?

– Sahildəki evi güdməkdə davam edin…

Tezliklə axtarış polisində növbə zarafatı yarandı:

– Bu gecə nə edirsən?

– Sarıköynəkləri qoruyacağam…

Uğura aparan da elə bu oldu. Bir gecə kürən, bığlı, sınıq əlli biri evə soxulmağa çalışdı. O dilənçiyə oxşayırdı. Gombul Torans ona daldan hücum edəndə o yalvardı ki, ona toxunmasınlar.

Tramble yazıq idi, qatili də yazıq çıxdı. Teodora adamın yazığı gəlirdi. O neçə gün idi ki, heç nə yeməmişdi və küçələrdə, sahildə sülənmişdi.

O evin güdüldüyündən şübhələndiyi üçün bu qədər vaxtı gəlməyə cəsarət etmirdi, amma axırda dayana bilməmişdi.

– Beləsi daha yaxşıdır… – təngnəfəsliklə dedi. – Yemək istəyirəm, daha dayana bilmədim…

Gecə saat ikidə o Meqrenin kabinetində oturub buterbrodları yeyə-yeyə pivə içirdi və verilən bütün suallara cavab verirdi.

– Mən əlbəttə, əclafam. Amma siz bilmirsiniz bu Moris necə simic idi… Heç mənə deməmişdi ki, sahildə evi var… Etibar eləmirdi… Bilyard oynamaq heç, amma başqa şeylərdə… Olurdu ki, mən ondan borca pul alırdım, çox az miqdarda, bir görəydiniz, güclə ondan qopardırdım… Ola bilsin mən tələsdim, düzdür… Bir qəpiyim də yox idi… Bu vaxt o mənə dedi ki, bu daha axırıncı dəfədir, mən axmaq deyiləm, həm də bilyarddan bezmişəm… Bir sözlə, məni nökəri qovan kimi qovdu… Onda mən onu güddüm, necə yaşadığını başa düşdüm və bildim ki, bu evdə mütləq pul gizlədib…

– Birinci onu öldürməyi qərara aldınız. – deyəndən sonra Meqre qəlyanından bir qullab vurdu.

– O mənim xətrimə dəymişdi, ona görə öldürdüm… Yoxsa ki, o olmayanda sahildəki evə girərdim…

Ən təcrübəli ekspertlər evi ən azı on dəfə axtardılar. Pullar isə bir ildən sonra, ev satılanda, artıq heç kimin Trambleni xatırlamadığı bir vaxtda tapıldı.

Və onlar hardasa divarın içində və ya parketin altında gizlədilməmişdi, eləcə ikinci mərtəbədəki köhnə əşyalar yığılan səbətin içində idi.

…Burda iki milyon yarımdan çox pul var idi.

Bu rəqəmi eşidən kimi Meqre özlüyündə haqq-hesab etdi və hər şeyi başa düşdü. O taksiyə oturub Flora pavilyonuna gəldi.

– Sizdə Milli lotoreya qaliblərinin siyahısı var?

– Tam siyahı yoxdur, bəziləri adlarının gizli qalmağını istəyir – bu onların qanuni haqqıdır… Məsəlçün, yeddi il qabaq…

Bu Tramble idi. O üç milyon udmuşdu. O paketi yaxasında gizlədib aparmışdı və heç vaxt heç kimə bu barədə bir kəlmə də deməmişdi. Bu uduş səs-küydə dayana bilməyən Trambleyə balaca, amma əvvəllər əlçatmaz olan sevinclərinə çatmağa şərait yaratmışdı.

“Yazıqları öldürmürlər…”

Hər halda o sadəcə yazıq idi, alt paltarında çarpayısının qırağında oturub ağrıyan pəncəsini qaşıyanda öldürülən yazıq…

Tərcümə: Həmid Piriyev