Sim-sim.az

Kamal Abdulla – Tumsuz nar

kama

 

Sim-sim.az  Kamal Abdullanın "Tumsuz nar" hekayəsini təqdim edir.

 

Yay olsun, qış olsun, bizim, yəni, bir neçə uşaqlıq dostunun əsas görüş yerimiz Bilgədə Rüstəmgilin evində olardı. Rüstəmin atası Zülfüqar dayı bu kəndin sinəsi xatirə dolu, beyni yaşadığı illərin təcrübə­siylə yüklü, sayılan-seçilən ağsaqqallarından idi. Gənc yaşlarından “keşməkeşli” həyat yolu onu əvvəl­cə türməyə, ordan alman müharibəsinə, özü də bir­başa ştrafbata, müharibədən sonra evə və yenə də qı­sa bir müddətdən sonra təkrar türməyə atmışdı. Biz Rüstəmin kiçik qardaşı rəhmətlik Aslanla məktəbin birinci sinfində oxuyanda ataları türmədə idi. Üç qar­daş və bir bacını anaları dişini-dişinə sıxıb yarıac, ya­rıtox böyüdürdü. Bu minvalla günlər keçdi və biz doqquzuncu sinifdə oxuyanda Zülfüqar dayı axırıncı dəfə türmədən qayıdıb gəldi. Daha şəhərdə yaşamaq istəmədi, əsli ki, Bilgədən idi, onu tutmuş “bədliyin” ayağını sındırmaq fikriylə arvad-uşağını başına yığıb Təzə pirin altında Petra Montindəki evindən Bilgəhə, köhnə ata-baba evlərinə köçdü. Aslan o zaman evdən qaçmaq, köhnə məhlədə bir qohumlarıgildə qalmaq istəyirdi, anası bizə, bizsə ona yalvardıq, kəndə tez tez gələcəyik deyə ona “kişi” kimi söz verdik, o da daşı ətəyindən tökdü. Zülfüqar dayı ailəsi ilə yöndəmsiz, darısqal ata-baba evində yaşaya-yaşaya elə onun yanındaca yeni, ikimərtəbəli ev tikdi.

Beləcənə biz dostların ümumi bağ evimiz göydən, necə deyərlər zəmbillə düşdü.

O zamanlar Bakı kəndlərində həyətdə parnik sa­lıb gül əkmək təzə-təzə dəbə düşürdü. Qərənfil Sovet­lərin böyük-böyük şəhərlərinin bazarlarında bir göz qırpımında satılıb qurtarardı. Qərənfilçiləri daim mal­la təmin eləmək üçün xüsusi gül aparıb – gətirən dəs­tələr var idi. Bu adamlar həyətləri bir-bir gəzib qərən­filləri həyət sahibindən hələ butaykən alardı, əvvəlcə­dən pullarını verib rahatçılıqla yaxın, uzaq qürbət şə­hərlərin bazarlarında gül satanlardan sifariş gözlərdi­lər. Zülfüqar dayı etibarlı mal yiyəsiydi. Müştərisi əs­kik olmazdı. Əlinə yaxşı pul gəlməyə başladı.

Arıq, ucaboylu, ovurdları batıq, hərəkətləri tən­bəl, gözləri isə civə kimi daim hərəkətdə olan Zülfü­qar dayı bir balaca Qarabağın pambıq bəylərini xatır­ladırdı. Qərənfil işi çox əziyyətli iş idi. Parnikdə gülə baxmaq, böyütmək, qurdunu təmizləmək, gübrəsini vaxtlı-vaxtında vermək, bir söz, nazını çəkmək asan iş deyildi. Həyətdə həmişə fəhləsi olardı. Fəhlələrlə bir yerdə böyük oğlu Rüstəm də qan-tər içində əllə­şərdi. Zülfüqar dayı isə ikimərtəbəli, təzə tikdirdiyi evinin hələ rəng çəkilməmiş balkonunda oturub an­caq rəhbərlik edər, sağa-sola göstərişlər verərdi. Bir də pul işinə özü baxardı. Pis dolanmırdılar. “Bədli­yin” ayağını sındırmışdı. Evi tikdirib qurtarmış, As­lan üçün maşın da almışdı… Əslində, maşını, şişirt­mək olmasın, bizim üçün – Aslanın dostları üçün al­mış da sayıla bilərdi. Aslan maşını, bizsə maşının ke­fini sürürdük.

Hər dəfə Bilgəhə, onların evinə gələndə adətən qaşqabaqlı Zülfüqar dayı bizi dodaqlarının ucuna qonmuş zərif (və zəif) təbəssümlə qarşılardı – bu, heç mənim yadımdan çıxmaz. Həqiqətən də, ürəyində çox sevindiyini (“oğlunun dostları qonaq gəlib”) ha­mımız hiss edirdik. … Ürəyində həm də onunçün se­vinirdi ki, bizim gəlməyimizlə müharibə xatirələrini danışmaq üçün əlinə fürsət düşürdü, beynində isə bu zaman o, məncə, belə fikirləşirdi: “Nə əhvalat danış­sam, bunlar udacaqlar, əsl mənim malımdılar”.

Biz – onun “malları” Bilgəhdəki bu evin qapısın­dan öz evimizə girən kimi ərklə girirdik. Yeməkdən yeyib, çaydan içə-içə onun bizə “sırıdığı” əfsanələri həqiqət adı altında, guya ki, mal kimi yeyirdik. Son­ra da analiz edib gülməkdən az qala ölürdük.

– Aton bizi lap hərif sayır, xəbərin var?! – Bir də­fə Əbülfət gülməkdən uğuna-uğuna Aslana dedi.

Biz tez ətrafa boylandıq. Bu adam danışığını ha­çan bilmişdi ki… Yaxşı ki, kişi eyvanda yox idi.

Ağıldankəm Zakir onun dediyinə belə bir düzəliş verdi:

– Əsas məsələ qarnımıza yediyimizdir, beynimi­zə yediyimiz deyil.

Bu isə artıq “dəlidən doğru xəbər” idi.

Belə gəliş-gedişlərin birində mənim ağlıma hətta belə bir fikir gəlmişdi ki, biz axı, deyəsən, Bilgədəki bu evə Aslandan, Rüstəmdən daha çox Zülfüqar da­yını görməyə, onun ağlasığmaz tarixçələrinə qulaq asmağa gəlirik.

Söhbətdən sonrakı əsas işimiz nəydi – nərd oyna­maq! Zülfüqar dayının azarı Mətləbi nərddə udmaq idi, di gəl, bunu bacara bilmirdi. Mətləb hər dəfə Bil­gədən qucaq dolu qərənfillə qayıdardı. Tası beş qə­rənfildən oynayırdılar.

Bir gün iki-üç saat nərd oynayandan sonra çar­pışmanın şirin yerində Zülfüqar kişi növbəti məğlu­biyyətindən sonra yenə qızışmışdı. Mətləb isə heç nə olmamış kimi:

– Bəsdi, Zülfü dayı, yoruldum, başım ağrıdı. Mən bir stəkan çay içim, özümə gəlim, – deyə stolun arxa­sından durdu, qollarını gen açaraq gərnəşdi, geniş eyvanda qalib pəhləvanlar kimi ora-bura gəzişməyə başladı. Bu, bir növ, “aradan” çıxmaq demək idi. Kişi­ni od götürdü:

– Gör necə əlimi kəsir?! Bir görürsüz?! – Zülfü da­yı daxilən bərk hirslənsə də bizə baxıb hirsini boğa bildi, – Ay uşaq, buna çay gətirin, – deyib nərdin daş­larını, hətta Mətləbin daşlarını da, yenidən taxtaya düzə-düzə səsləndi:

– Gəl görüm, gəl, bura Bilgədi, burda udub qaç­maq yoxdu! Cütdəyib udursan, mən sənə bir söz de­mirəm, sonra da qaçırsan?!

Mətləb, əlbəttə ki, yalandan özünü naza qoyub kişini haldan çıxarmaq istəyir, həmişəki kimi özün­dən üyüb üyüdürdü. Bu isə Zülfüqar dayını daha çox əsəbiləşdirirdi.

– Ay Zülfü dayı, sən mənnən bacara bilməzsən. Mən bu nərdin ustasıyam, sən axı arif adamsan, bu­nu bilirsən. Yox bir, “zər verir.” Olmadı ki… Zər ve­rər kimə? Zər verər oyunçuya!

– Gəl, gəl, indi görəcəyəm, sən necə ustasan, necə oyunçusan. Burdakıların hamısı görəcək.

– Kişiynən işiniz yoxdu, durun, durun, çıxın ba­yıra. Yallah, gedin, gecədi… – Aslan bizə göz vura­vura atasının tərəfini saxladı. Mətləbin udduğu qə­rənfillərə o da şərikidi, onunçün də bugünlük oyu­nun bitməsini istəyirdi.

– Hara aparırsan bunları?! Otur yerində! – Zülfü dayı hirsini Aslana tökdü. – Bilirəm, şəriksən onunla. …Ancaq bilsin! Bu həyətdən udub getmək olmaz. Sə­hərəcən oynayacaq. Qayıt, qayıt!..

– Gecdi, qoy uşaqlar getsinlər. Bəsdi oynadın. Sa­bah yenə gələllər. – Rüstəm şirin-şirin danışaraq mə­sələni həmişə olduğu kimi sülh yoluyla həll eləmək istədi.

Zülfüqar dayı təkcə Rüstəmin sözünün üstünə heç vaxt söz deməzdi, odur ki, indi də içində partla­ya-partlaya nərdtaxtanı hirslə bağladı, üzünü yana çevirərək dedi:

– Get, üstlərində dur, bax ki, artıq gül dərməsin­lər. Necə ki dedim: düz otuz dənə!!

Mətləb balkondan təşəxxüslə, əsl müharibə qalib­ləri kimi düşə-düşə yastı-yastı dedi:

– Olmadı ki, Zülfü dayı. Otuz beş dənə! Əlimi ni­yə kəsirsən?! Yeddi tas udmuşam. Hərəsi eləyir beş qvozdika, cəmi də eləyir otuz beş. Artıq gül mənə bir dənə də lazım deyil. Mən təmiz adamam…

Kişi artıq hirsini unutmuşdu, amma Mətləbin sözlərindən çox, bu sözlərin “günahsız” deyiliş tər­zindən yenidən alovlandı:

– Otuz dənədən bir dənə də artıq olmaz!! Axırın­cı tası saymıram, oyun yarımçıq qaldı. Gələn səfər zə­ri stəkanda atacaqsan! Görüm necə cütləyəcəksən?!

– Neyçün axırıncını saymırsan? Açıq-aydın mars idi dəəə. Gərək axıreycən mən zər atıb oynayaydım, sən də dayanıb baxaydın?! Mənə deməzdilər, bunun başı xarab olub, özü-özüynən nərd oynayır?! –Mətləb kişini hələ də haldan çıxarmaq istəyirdi. Am­ma yox, alınmadı, Zülfüqar dayının hirsi duman ki­mi uçub getdi, dodağının ucuna yenə həmənki zərif təbəssüm gəlib qondu.

– Ay Zülfü dayı, bu, ömür boyu cığaldı. Cütləyir, bu adam, özün ki, bilirsən, xeyri yoxdu, öyrəncəli barmağa nə tövbə, stəkanın içində də cütləyəcək. –Mən guya situasiyanı yumşaltmaq istəyirdim, amma öz ölüvay qvozdika payımın hayında olduğum üçün bunu deyib Mətləbə göz vurdum. O isə… neyləsə yaxşıdı?! Mənə tərəf dönüb elə baxdı ki, guya, onu təhqir etmişdim:

– Mən stəkanın içində zər cütləyirəm?! Nolar?! Bu o demək idi ki, sənə bu gün qvozdika düşmür. Aydın məsələdi, razılaşmanı pozmaq üçün bəhanə axtarırdı, tapdı. Eybi yox, mənim də öz kontr-arqu­mentim var. Vecimə də almadım.

Əsl mərəkə evə qayıdanda Mətləbin maşınında düşdü. Gülləri çoxbilmişliyindən bizdən uzaq yer­də, maşının baqacnikində gizlədib rahat-rahat maşı­nı sürən Mətləb, təbii ki, nə Murada, nə Zakirə, nə mənə, nə də bir kəlmə ilə də olsun, bu mərəkədə iş­tirak etməyən Vahidə gül vermək istəmirdi. Bu hə­lə azmış, kefinin kök vaxtında bizi hələ bir ələ də salırdı:

– Sizin heç birinizə gül düşmür. Bəlkə üç dənə qə­rənfil Vahidə verdim. O da bəlkə. Əgər özünü yaxşı aparsa… – O, gözaltı Vahidə nəzər saldı.

– Mənə heç nə lazım deyil.

– Mətləbin yanında az qala ədavətlə oturmuş Vahidin sözləri çox kəskin səsləndi. O, qaşlarını çataraq gözlərini qabaq pəncə­rədən zülmət gecənin bilinməz bir nöqtəsinə dikib qalmışdı.

– Hayıf! Sən orda kişinin dörd qoşasını çahar-sə deyəndə mən sənin yalanını çıxarmadım. Gərək çı­xardaydım. Eybi yox, sən görərsən gələn səfər. – Ar­xada mənə qısılmış Əbülfətin səsi bir az yuxulu gəl­di. Əbülfət həmişə sonradan Mətləbə etdiyi yaxşılıq­lar üçün peşman olurdu.

– Əlbəttə, lap düz deyir Əbülfət. O görəcək gələn səfər. Hökmən görəcək. Bu günün sabahı yoxdu, var!

–Vahlid yenə zülmət qaranlıqdakı həmən məchul nöq­tədən gözlərini ayırmadan kinayəylə, acı-acı dilləndi. Zakir nə mənə, nə sənə, qəfildən “ha-ha-ha” güldü.

Mətləb altdan-altdan zənlə Vahidə baxdı. O, nəyə eyham vururdu, Mətləb də, biz də yaxşı başa düşür­dük. Zülfüqar kişinin digər əsas rəqibi həmişə Vahid olardı. Vahid də Mətləb kimi kişini asanlıqla udurdu, amma bunu şişirtmədən, məzələnmədən edirdi. Pambıqla baş kəsirdi. Vahidin aramızda ləqəbi vardı: “qəddar”! Əlbəttə ki, bu günün acı təcrübəsini Vahid heç zaman unutmayacaqdı və onun Rüstəm kişi ilə seanslarında Mətləb bir də heç vaxt gül üzü görmə­yəcəkdi.

Bir müddət qulağımıza ancaq maşın motorunun səsi gəldi.

– Yaxşı da, ay Əbülfət, sən düz adamsan axı, dörd qoşanı haçan gördün? Bəlkə gözüvə göüküb?! Çahar­cə.Yadında saxla: çahar-sə. Məndə səhv olmur. Mən­də bir dənə səhv tapan adama mən premiya verərəm. Yaxşı, sənə də üç dənə gül. – Mətləb diqqətlə gözucu Vahidə baxıb açıq-aşkar ona acıq verir, arada bizimlə məzələnirdi.

– Apararsan o üç dənə gülü bazarda satarsan, qa­tıq alıb sürtərsən başıva. – Əbülfətin yuxusu qaçdı, səsi qəzəbli çıxdı. Əllərini ki, güldən üzmüşdü, onun­çün belə cəsarətlə arxasındakı körpüləri yandırırdı. Qanı əməlli-başlı qaralmışdı. Mən belə başa düşdüm ki, bunun sabah kiminləsə görüşü var, güllər onun üçün çox vacibdir. Zakir yenə xapdan “ha-ha-ha” elədi və xapdan da səsini kəsdi.

Mətləb bəyəm bunu bilmirdi, yaxşı bilirdi. Yerini rahatlayıb söhbətin istiqamətini dəyişdi:

– Bu birisi hələ bir gör nə deyir?! Mən guya zərlə­ri stəkanın içində cütləyirəm. Sağ ol, vallah. – Eyham mənə idi. – Siz hamınız Zülfü dayıya “balet” edir­diz…

– Yaxşı, nə deyirəm ki, vermək istəmirsən, vermə.

– Mən də əlimi gül payından üzüb məsələyə başqa tərəfdən – açıq-aşkar şantac yoluyla yanaşmağa qərar verdim. – Mənim sənə borcum nə qədər idi?

Mətləb səksəndi:

– Onun bura nə dəxli var?

– Var dəxli, böyük dəxli var…

Yenə bir müddət maşın motorunun səsini eşitdik.

Mətləb fikrə getdi, maşını sürə-sürə yaranmış “problemin” xeyirli və zərərli tərəflərini beynində gö­tür-qoy edib, nəhayət, nəticəsini çıxardı, başa düşdü ki, güllərin hamısını “mənimsəyə” bilməyəcək, hök­mən bölüşməlidi, artist kimi birdən hirsindən “part­lamadımı, partladı”:

– Sizin başınız xarab olub? Siz zarafat-zad başa düşmürsüz?.. Bu nə söhbətdi edirsiz? Mən sizdən gül gizlədəcəyəm?! Zakir, sən də bunlara inanırsan?

Zakir çaşıb nə deyəcəyini götür-qoy edincə Muraddan da, nəhayət, səs çıxdı:

– Gizlətsən, yaxşı cayıl olmazsan ki… – Bayaqdan bəri susan Muradın bu sözlərindən sonra biz hamımız, hətta Vahid də, uğunub getdik. Maşın şəhərə çatdı.

…Bu sözün – “yaxşı cayıl olmazsan!” sözünün öz tarixçəsi vardı. Zülfüqar dayının yanında həmişə onun bir köhnə dostu olardı. Kişi onu iş dalıyca gön­dərərdi. Kəndin bütün xəbərləri bunda idi, kimi de­səydin, barəsində hər şeyi bilirdi. Cin kimi adam idi. Adı Əzizağa idi. Bir dəfə balkonda oturub çay içdiyi­miz yerdə ağlıma nə gəldisə, dərindən, hərtərəfli dü­şünmədən Zülfü dayıya nə mənə, nə sənə belə dedim:

– Ay Zülfü dayı, biz ki bu yolu şəhərə gedib-gəl­məkdən lap əldən düşdük. Bizə bu tərəflərdə bir bağ yeri tapsaydın, alıb qonşu olardıq…  Zülfü dayı qoymadı, mən sözümü bitirim:

– Əzizağa! – səsləndi.

– Bəli, eşidirəm. – Əzizağa stulunu yaxına çəkdi.

– Gör, uşaq nə deyir. Buna bir bağ yeri tap. Yaxın­da bir şey var?

Əzizağa əlini atıb qaralmış və çirkli boynunun dalını qaşıdı, sonra gözlərini həyətin hasarının üs­tündən haralardansa dolandırıb dedi:

– Var, bu yaxında bir dənəsi var. Həmidağanın qardaşının yeridi. Satır.

– Deginən Həmidağaya, mənə simsar adamlardı, qiymət məsələsində yuxarıdan getməsinlər.

Əzizağa bizim, xüsusilə də, mənim bu işə mara­ğımın ciddi olduğunu görüb bağı tərif eləməyə başla­dı. Onun dediklərindən belə anlaşıldı ki, satılan bağ yeri, həqiqətən, yaxşı bir yerdir, iki göz istəyir, tama­şa eləsin. Düzdü evi yoxdu, amma hasarı, quyusu, ağacları… Əladı, əla.

– Əzzağa, – mən müdaxilə etdim. – Bu yerin sahi­bini deyirsən ki, yaxşı tanıyırsan, elədi?

– Həri, həri, elədi. Zülfüqar da onu yaxşı tanıyır. Bizim adamdı.

– Qiymətini danış, bir-iki günə biz də gələk, bağa baxaq. Olar?!

– Olar, olar, neyçün olmasın?! Nə vaxtı istəyirsən, gəl.

Doğrudan da, maraqlı variant idi. Mən uşaqlarla baxışdım. Aslan başı ilə “xeyir-dua” verdi.

Mən bir az da ürəkləndim. Üzümü yenidən tut­dum Əzizağaya, bu dəfə qətiyyətlə dedim:

– O adama deynən ki, bağın sənədlərini də hazır­lasın.

– Həri, həri, deyərəm. Hər şey hazırdı… Sən han­sı sənədlərdən danışırsan? – Əzizağa ani sükutdan sonra sidq-ürəklə təəccüb etdi.  – Əzizağa, bazardan alma, fındıq almırıq ki biz. –Mətləb səbrlə ona izah etməyə çalışdı. – Həmidağa bağ satır, bu da pul verir. Sənəd verilməlidi, ya yox?!

Əzizağa fikrə getdi. Bir müddət bundan səs çıx­madı. Zülfüqar dayı da bizimlə bir də səbrlə onun nə cavab verəcəyini gözləməyə başladı.

– Noldu, bir çətinlik var? – Vahid barmaqlarını şaqqıldadaraq soruşdu.

– Yoox, nə çətinlik… Amma mən biləni onun sə­nədi-filanı yoxdu.

– Necə yəni, sənədi yoxdu? Bəs alqı-satqını necə edəcəyik? – Mən bu sənəd söhbətindən sonra həvəs­dən düşməyə bəhanə axtarırdım.

– Sən xətircəm ol. Ver puluvu, al bağıvu.

– Bəs birdən mən bu bağda ev tikmək istədim?..

– Tik! Kim sənə söz deyə bilər?! Tik evini, yaşa. Heç kim sənə bir söz deyə bilməz. Biz burda döyülük bəyəm?! – Əzizağa şəstlə Zülfüqar dayının üzünə baxdı. Zülfüqar dayı ağır-ağır başını tərpədib onun dediklərini təsdiq elədi.

– Əzizağa! Həmidağanı hamımız tanıyırıq, deyir­sən. Çox gözəl. Yaxşı, bəs birdən on ildən, iyirmi ildən, əlli ildən sonra, sən də, mən də bu dünyada olmayanda bunun uşaqları, nəvələri gəldilər mənimkilərin yanına ki, bəs biz sizi tanımırıq, bu bağ yeri bizim babamızın­dı, bu da sənədlərimiz, çıxın burdan. Onda necə olacaq?

Əzizağanın gözləri nifrətlə qıyıldı:

– Onda onlar yaxşı cayıl olmazlar ki…

Biz bir neçə an çaşıb qaldıq. Sonra sözləşmiş adamlar kimi hamımız birdən qarnımızı tutub gül­məkdən uğunub getdik. Zülfüqar dayı hətta bizə baxıb o da bığaltı qımışdı. Ay səni, Əzizağa!.. Sən gəl, mənim bir ətək pul verib aldığım bağı geri tələb elə, əvəzində nə az, nə çox, yaxşı cayıl olma. Ürək­dən tikən çıxmazmı, çıxar. Əzizağa bizə təəccüblə baxır, heç cür başa düşə bilmirdi ki, bizim hamılıqla bu cür ürəkdən gülüşüb qəhqəhə çəkməyimizə sə­bəb nədir?!

…Bu “yaxşı cayıl” söhbətindən uzun müddət son­ra mən, nəhayət, öz köhnə arzuma çatdım, kəndin bağ yerində balaca bir sahə aldım. Zülfüqar dayı özü də bir gün maşına minib gəldi, bir xeylaq bağın ora­burasına baxıb xeyir-duasını verdi. Gedərkən dodaq­larının ucunda haman o təbəssüm əlində gətirdiyi qəzetə bükülü bir ağac parçasını mənə uzatdı:

– Sən… çox gözləmə… – Kişi artıq düşmüşdü, tez-tez təngnəfəs olurdu, odur ki, aramla danışırdı. – Ağaclarıvı əkdir… Payızın axırı əsl vaxtıdı. Mən sə­nə… bir dənə nar çubuğu gətirmişəm. – Bundan, bi­ləsən, heç kimdə yoxdu…    “Ay Zülfü dayı… Necə yəni, heç kimdə yoxdu?!”    – Sənə deyirəm, heç kimdə yoxdu, deməli, yox­du! Bu nar tumsuz nardı. Bu sortun dənəsində tum olmur. – Zülfüqar dayı mənim beynimdən keçənləri əlüstü “oxudu”.

Mən daha dözmədim:

– Ay Zülfü dayı, ay Zülfü dayı, day bu boyda da yox da… – Gülməyimi isə güclə saxladım. Hayıf, bi- zim uşaqlar burda deyillər.

Zülfüqar dayı daha danışmadı. Dodaqlarında ha­man zərif və zəif təbəssüm gözlərini qıyıb mənə bir mənalı baxış atdı, həyətdən çıxıb qapıda onu gözlə­yən maşına ağır-ağır minərkən:

– Sağ ol, özündən muğayat ol, – dedi.

Zülfüqar dayı həmən payızın axırlarında bu dün­yadan köçüb getdi. Son nəfəsini verərkən, nə barədə isə marşal Cukovla mübahisə edirmiş. Bu kişinin mə­zəli, ağlasığmaz söhbətləri üçün biz bu gün də darı­xırıq. Bilgə kəndinin Baron Münhauzeni o qədər fan­tastik əhvalatlar bizə danışmışdı ki… Türmə həyatın­dan, “vor zakonlardan”, ştrafbatdan, müharibə vaxtı qarovulda durarkən Cukova güllə atmağından…

Zülfüqar dayının mənimlə son söhbətini də onun növbəti (təəssüf ki, sonuncu) məzəsi kimi qəbul edib bu barədə dostlara nanə-turşusu ilə danışdım. Xeyli gülüşdük. Biz onu ancaq bu cür – gülə-gülə yad edə bilərdik.

Ən çox gülən Mətləb oldu:

– Ay səni, Zülfü dayı… Necə deyib? Tumsuz nar?.. Kişi fantazyordu da…

Vaxt tez keçir, vaxt keçdi. O nar ağacı böyüdü və ilk meyvələrini böyük bir səxavətlə gətirdi. Mən hər dəfə o ağaca baxanda qəlbimə qəribə və anlaşılmaz bir qüssə qonur. Nəyinsə qəribçiliyini çəkirəm. Siz inanmayacaqsınız, amma o ağacın narının dənəsin­də, Zülfüqar dayı deyən kimi, tum olmadı. Şirin nar dənəcikləri adamın ağzında rahat-lukum kimi əriyir­di. Biz hamımız mat-məəttəl qalmışdıq.

 

                                                                                                                                                  2014-cü il.