Sim-sim.az

Kamran Nəzirli – Ağ kölgə

shadow-it

 

Sim-sim.az  Kamran Nəzirlinin "Ağ kölgə" hekayəsini təqdim edir.

                                                                                                                                                                           

                Mən ilk dəfə öz kölgəmdən qorxmuşam – ağ kölgəmdən, beş yaşım olanda. Bəlkə  elə həyatda ilk qorxduğum şey də kölgə olub. Əlbəttə, o zamanlar qorxduğum daha çox şeylər vardı, indi yadıma sala bilmirəm; bircə o anı yaxşı xatırlayıram – ağ kölgəmdən qorxduğum anı. Bizim bağça uşaqları da kölgədən qorxurdular. Bunun səbəbini bilmirdim. Lakin yaşa dolduqca yavaş-yavaş anlamağa başladım ki, əslində, heç kim öz kölgəsindən qorxmur; kölgə yalnız mifoloji personajdır, xətərsizdi, silahı yoxdu, əzizgirami bir adamı da yoxdu ki, itirsin; kölgə özü itir (bunun səbəbini heç özüm də izah edə bilmirəm), o, hər zaman qara, ya da tünd rəngdə olur, bu da o deməkdi ki, yaxında işıq var. Uşaqların hamısı qara kölgədən qorxur. Axı ağ kölgə olmur! Mənim gördüyüm o ağ kölgə isə ayrı aləmiydi… 

            Günəşli aprelin iyirmi dördüncü günüydü. Komarov göyə uçmuşdu, Yerə qayıdanda onun kosmik gəmisinin paraşütü açılmamışdı, yeddi kilometrlik hündürlükdən yerə çırpılmışdı: sovet televiziyaları, radioları elə bütün günü  matəm xəbəri verirdilər. Mən İranla sərhəddə yerləşən hərbi hissənin ağyarpaqlı qovaq ərazisini tutmuş, damı qırmızı kirəmitlə örtülmüş, qalan hər şeyi əlif yağında qaynadılmış uzunömürlü Sibir şamlarından düzəldilən geniş aynabəndli, gur işıqlı fin evində, pəncərə qabağında durub anamı gözləyirdim. Sərhədçilərə məxsus bu ev uşaq bağçasıydı, suya davamlı rənglə boyanmışdı; hər səhər içəri girəndə mənim burnuma ilk öncə həmin qəribə rəngə qarışmış meşə ətri dəyirdi. Baxçanın arxası hərbi hissəyə, xırda həyəti və giriş qapısı isə küçəyə açılırdı. Baxça müdirəsi də hərbi hissə komandiri Konstantin Qodzoyevin arvadı, belaruslu qadın Nina Nikolayevna idi. Biz onlarla ailəvi dost idik, anam məni elə Nina xalaya görə o baxçaya qoymuşdu.

            Nina Nikolayevna Əzəmət xalaya sabahkı yeməklərin siyahısını yazdırır, arabir susur, günəş şüalarının öpdüyü arakəsmədə durub kosmonavtla bağlı kədərli söhbətlər edən arvadlara nəsə deyirdi. Tərbiyəçi müəllimlər evə getməyə hazırlaşırdılar.

            Hava birdən-birə tutuldu, bayaqdan gün işığından az qala göz qamaşdıran qapıları taybatay açıq qalmış otaqların hamısına qaranlıq çökdü. Uşaqların səs-küyü xırp kəsildi. Mən qulaqlarımı şəkləyib böyüklərin söhbətlərinə qulaq asmağa başladım. Bir gözüm də qapıda qalmışdı. Düşünürdüm ki, bax, indicə, anam görünəcək, hamıyla mehribancasına salamlaşacaq, sonra məni çağıracaq, başıma sığal çəkəcək, ayaqqabılarımı geyindirib əlimdən tutacaq, Nina xalayla sağollaşıb evimizə gedəcəyik. Lakin nəsə kədərli şeylər eşitməyə başladım: hamı kosmonavtın ölümündən danışırdı; elə bil əzizgirami adamları ölmüşdü. Arvadlar az qala göz yaşı tökəcəkdilər. Bizə fikir vermirdilər. Bəlkə də uşaqların heç vecinə deyildi; kimi ağlayır (yuxudan təzəcə duranda uşaqların çoxu ağlayırdı, bəziləri sısqa-sısqa mızıldanır, bəziləri isə çox təcavüzkar olurdu…), kimi kisel içir, kimi də küncə çəkilib xısın-xısın "taxta" peçenyesini içəri ötürürdü. Çox qəribəydi ki, mənim qulaqlarım böyüklərin ağzından asılıb qalmışdı.  Nina Nikolayevnanın səsindəki hökmlü, lakin həzin tonu bəlkə də birinci mən hiss elədim.

            – Çox cavan, yaraşıqlı bir kişiydi…İki uşağı qaldı yetim. Kostya (görünür, ərini nəzərdə tuturdu) Vladimir Mixalıçı yaxşı tanıyırdı…Yalan-gerçək, deyirlər, orbitdən kənara çıxıb…- həyəcandan Nina xalanın tünd-çəhrayı dodaqları titrəməyə başladı. (Doğrusu, mən "orbit" sözünün mənasını bilmirdim, sonradan anam deyirdi ki, orbit göy cisminin hərəkət yoludu, o dairədən çıxmaq olmaz, çıxdınsa, məhv olarsan. Anam fizika müəllimiydi, belə şeyləri yaxşı bilirdi).

            – Vay, vay, lap cavan idi ki! Yazıq! Deyir, axı göydə boğulub? Heç yerə gəlib çatmayıb… Axtarırlar, tapa bilmirlər…- Əzəmət xalanın da kövrək səsi əsdi.

            – Həəə, həəə, mən də eşitdim… Qonşumuz molla Mütəllim dedi ki, onu göy oğurlayıb… Görmürsüz, hava da tutulub? Axşama hələ bir axşam qalıb, amma hər yan qaranlıqdı…- xadimə arvad əlindəki döşəmə silən nəmli əskini bürmələyib divarın küncündəki xəkandazın üstünə tulladı. O da elə bil Əzəmət xalanın sözlərini təsdiq etmək istəyirdi. Sonra:

            – Yazıq, yazıq…Görəsən elə həmişəlik göydə qalacaq?- deyərək qollarını məzlumcasına sinəsində çarpazlayıb naməlum nöqtəyə baxdı.

            – Yox, ay qız, ölüsünü də olsa düşürdərlər yerə…

            – Dəfn komissiyası yaradılıb, eşitmədin? – Nina xala yenə müdaxilə etdi.

            – Yalandı… Nə dəfn? Heç kosmik gəmi yerə düşüb ki? – qapının kandarında dikdaban ayaqqabılarını taqqıldada-taqqıldada pilləkənləri düşən valideynlərdən biri etiraz elədi.

            – Yox, yox, – Nina Nikolayevna nəhayət, qabağındakı qələm-dəftəri mizin gözünə qoydu, ayağa durdu. – Paraşütü açılmayıb, yerə enən girdə gəminin içindəymiş, elə sürətlə çırpılıb ki… Dünən axşam  "Vremya" dedi…

            Doğrusu, o zaman istəsəydim də, bu dialoqları düzüb-qoşa bilməzdim. Yaddaşımda ilişib qalanı budu ki, söhbət təxminən bu məzmunda gedirdi. Günün axırına kimi tək qalmasaydım, uşaqlar yanımda olsaydı, yəqin, o məzmun da yadımdan çıxardı. Amma saat dörddən sonra  ata-analar bir-bir gəlib uşaqlarını baxçadan apardılar. Sonuncu valideyn qapıdan çıxanda Əzəmət xalaya dedi ki, hava tutulub, göyün qaranlıq kölgəsi yerin üzünü qaraldıb… Allah axırını xeyir eləsin… O, bu sözləri elə həyəcanla dedi ki, mən də istər-istəməz narahat olmağa başladım. Sonra pəncərə qabağında durdum, anam həyət qapısını açıb girəndə qaçıb giriş qapısını ondan qabaq açmaq istəyirdim… O cür həyəcanlı xəbərlərə qulaq verdikcə, özüm də həyəcanlanırdım, nədənsə, o anlarda istəyirdim ki, anam tez gəlsin, məni baxçadan tez götürsün. Baxçanın kədərli və sükut dolu  havası məni yavaş-yavaş xoflandırmağa başlamışdı. Artıq Nina Nikolayevna da Əzəmət xalayla sağollaşıb getdi. Biz Əzəmət xalayla birgə o boyda fin evində tək qaldıq.

            Baxçadan ən gec çıxan Əzəmət xalaydı. O, bizim üçün həftənin beş günü dadlı yeməklər bişirərdi. Qonşumuz olduğu üçün mənə də xüsusi diqqət göstərərdi; bilirdi ki, onun dovğasından xoşum gəlir, dovğa bişirəndə mənim üçün iki kasa tökərdi. O gün Əzəmət xala yenə dovğa bişirmişdi, mənə iki kasa verdi, doyunca içdim. Günorta yeməyindən sonra yatdıq, duranda bizə kisel və peçenye verdilər. Mən öz kisel payımı Telmana verdim, kiseli xoşlayırdı; günorta yaxşı yemişdim deyə, ürəyim heç nə istəmirdi. Peçenyemi də Rənaya verdim, ondan xoşum gəlirdi. Nədənsə, o, ağlayanda, mən də ağlamaq istəyirdim, o güləndə, mən də gülmək istəyirdim. Bizim baxça uşaqları bircə günün axırı gələndə darıxmağa başlayırdılar – ev üçün, ata-ana üçün. Vəssalam. Qalan saatlar bizim üçün dünya çox gözəl oyuncaq aləmiydi – topsuz-tüfəngsiz, qorxusuz-hürküsüz, məsumanə bir həyat!

            Əzəmət xala mətbəxdə qurdalanırdı, mən isə pəncərə qabağında durub həyət qapısına baxırdım. Anam hələ də görünmürdü. Birdən qaramtıl göylərdən qəribə bir səs gəldi, elə bildim kimsə məni səslədi. Səs cüyültü kimiydi. Pəncərə şüşəsindən yuxarı boylandım, göy üzü doğurdan da, qapqaraydı. Ürəyim əsməyə başladı. Mənə elə gəldi ki, bax, indicə o kosmonavt və onun girdə gəmisi yumbalana-yumbalana düz pəncərəmin önünə düşəcək, onun tikə-tikə olmuş bədənini görəcəyəm, hövllənib qışqıracağam. Amma ətrafa qəribə bir səssizlik çökmüşdü. Göy bircə dəfə guruldadı, sonra bircə dəfə şaqqıltı gəldi, daha sonra pəncərəmin önündəki hündür  ağcaqovağın altına parlaq bir kölgə düşdü – ağappağ idi, düz mən boyda!  Xırda, balaca, tərtəmiz ağ mələfəyə bürünmüşdü. Kölgə səssizcə üstümə yeridi. Əllərini gülərüzlə pəncərədən içəri uzatdı, görünür, məni bağrına basıb harasa aparmaq istəyirdi; bəlkə elə o kosmonavtın yanına aparmaq istəyirdi? Elə xöşbəxtcəsinə görünürdü ki! "Gəl, gəl uçaq göylərə, oralar daha gözəldi!". Hə, bax, beləcə eşitdim deyəsən. Diksindim, geriyə boylandım. Qışqırmaq istədim, bacarmadım. Və birdən necə çığırdımsa, səsimə Əzəmət xala qaçıb gəldi.

            – Can, can bala, nooldu? Yıxıldın?

            – Yox… Qorxdum!

            – Bismillah, bismillah…- arvad soğan iyi verən əlləriylə məni qucaqladı. – Qorxma, başına dönüm, göy guruldadı…

            – Ora bax, ağ kölgə! Gəlir!..

            – Allah məni öldürsün! Uşağı burda tək qoyub girmişəm mətbəxə! – arvad dizlərinə döydü, əlimdən tutub mətbəxə apardı. Mənə su içirtdi.

            – İç, mənim balam, qorxma, bunu iç! Bismillah de…(Sonra ətrafa) Bu arvadlar da uşaqların yanında ağızlarına gələni danışırlar! Gicbəsərlər! O qədər ölüdən danışdılar ki!.. Uşağı qara basdı! Əhhhh! Lənət şeytana! İç, qadan alım… Anan indilərdə gələr…

            Mən hıçqıra-hıçqıra bir-iki qurtum içdim. Bir qədər sakitləşdim. Bu vaxt anam qapıda göründü, özümü anamın üstünə atdım, yenə başladım hıçqırmağa, gözlərimdən gildir-gildir yaş tökülürdü… Anam məni qucaqlayıb öpdü. Heç nə anlamadı, elə bildi həmişəki ovqatımla bağlıdı.

            – A bala, niyə belə yanıqlı-yanıqlı ağlayırsan, ətini kəsiblər? Mən gəlmişəm də…burdayam!

            – Uşaq qorxdu…- Əzəmət xala dedi. – Deyəsən, gözünə nəsə görünmüşdü, su içirtdim…

            – Ana, o kölgədən qorxuram!

            – Nəəəə? Kölgə? Hansı kölgədən?

            – Kölgədən də… Bax ordadı… bax orda…ağ kölgə! – əlimi adam kimi boy atan ağcaqovaq, küknar və şam ağaclarının altına uzatdım. Anam heç nə olmayıbmış kimi, qıvrım saçlarımı qarışdırdı, sonra dilinin ucunda "südə də zəndlə baxsan, qan görərsən, gedək evimizə!" dedi.

            Biz həyətə düşəndə qəflətən gün çıxdı. Mən anamım qabağında gedən kölgəsinə baxdım, qaraydı. Qəribəydi, qorxmadım. Sanki mənim də kölgəm qaralıb qovuşmuşdu anamınkına,  mehribancasına yol gedirdilər. Bir az toxtadım. Birdən barmağımı öz kölgəmə sarı tutub anama nəsə demək istədim, amma o, məni qabaqladı:

            – Öz kölgəndi, canım mənim, qorxma!

            Göydən arabir iri yağış damçıları tökülürdü, anam çantasından gün çətirini çıxartdı, gülə-gülə əlavə elədi:

            – Görünür, səssiz şimşək çaxıb, işığı sənin kölgənin üstünə düşüb…Səssiz şimşək uşaqların kölgəsinə düşəndə o, ağ olur…(Əlbəttə, bunu özündən uydurmuşdu!)

            – Niyə?

            – Çünki sən paksan, günahsızsan… Orbitindən heç vaxt çıxmırsan… Allah baba səni də,  kölgəni də beləcə qoruyur…qara-qura şeylərin hamısından qoruyur səni…

            – Bəs sənin kölgən niyə qaradı, ana?

            – Böyüklərin kölgəsi qara olur, canım mənim!

            -…………….

            Anam daha heç nə demədi. Bəlkə də kosmonavt barədə düşünürdü və çox sonralar biləcəkdim ki, nəinki kosmonavtlar, elə adi insanlar da orbitdən kənara çıxanda kölgələri yox olur və onlar ölürlər…Görünür, anam elə bu səbəbdən deyirmiş ki, insan orbitindən çıxanda kölgəsi itir və o, ölür.

            Biz evimizə çatanadək susduq. Həyətimizə girəndə artıq leysan tökürdü…

  •  

            …Mənim ağ kölgəm düz əlli ildi ki, məndən aralıdır.  Bəlkə də mən ondan ayrı düşmüşəm? Bəlkə elə buna görə o vaxtdan, bircə dəfə də olsun, ağ kölgəmi yadıma salmamışam?  Eh… o qədər işlər, o qədər qorxulu-qorxusuz anlar, günlər, aylar və illər olub ki… Heç baş qaşımağa macal tapmışam ki?!

            İndi kölgəm anamınkı kimi qaralıb, o məni hər gün izləyir. Qorxuram o da itsin. Ağ kölgəm üçün isə burnumun ucu göynəyir.