Sim-sim.az

Məhməd Diclə – “Dilək ağacı”

10808-bulentozkan-dilek-agaci-6469-950px

Kürd yazıçısı Mehmed Diclə 1977-ci ildə Amedin Hezro (Diyarbəkir-Hazro) vilayətində doğulub. İstanbul Universiteti “Coğrafiya bölümü” məzunudur. İstanbulda yaşayır.

"Asus" adlı hekayələr kitabı 2005-də, "Nara" adlı hekayələr toplusu 2010-da, "Ta" adlı hekayələr kitabı 2013-cü ildə nəşr olunub.

Sim-sim.az  yazıçının “Asus” kitabından “Dilək ağacı” hekayəsini təqdim edir.

 

Reşe hər axşam ərinin qabağından süfrəni yığışdırar, evlərinin Böyük Məscid Küçəsinə baxan qapısını taybatay açar, cehizlik çarpayısında beli üstə uzanıb ayaqlarını aralayaraq gözləyərdi. Bir az keçən kimi, qəsəbənin kişiləri Böyük Məscid Küçəsinə tərəf açılan qapının qabağında yaranacaq növbədə yaxşı bir yer tutmaq təlaşı ilə ağızlarındakı son loxmanı udmamış bir siqaret yandırar; siqaretlərinin son qullabını evin açıq qapısına tərəf üfləyərdilər.

Hamının bir-birini yaxşı tanıdığı o qələbəlikdə, nədənsə heç kim heç kimi tanımaz, kimsə kimsəylə salamlaşmaz, hətta kimsə kimsəni görməzdi. Alçaq damlı divar diblərindən qıvrılaraq Asusun qaranlıq küçələrinə tərəf uzandıqca-uzanan qapı ağzındakı intizara hər gecə təzə bir nəfər qatılar, gecənin zülmətində yanıb-sönən siqaretlər işıldaquşları xatırladardılar.

Reşenin özünə yaxın bildiyi bir rəfiqəsinə və o rəfiqəsinin də qonşu arvadlardan birinə danışdığına görə, hər şey əri Şinko əsgərdə olanda başlayıb: “Əvvəlcə balaca qaynım Fedlo girişdi mənə.” Dediyinə görə, o vaxtlar ya on altısındaymış, ya on yeddisində.

“O gecə təkcə ayaqlarımı öpdü Fedlo. Topuqlarımdan yuxarı əlini də vurmadı. Ayaq barmaqlarımı bir-bir öpürdü. Elə bil, ağlı başından çıxmışdı. Topuqlarımı, ayaqlarımın altını… Nə əcəb ürəyi ağzına gəlmirdi? Qıdıqlanmağına qıdıqlanırdım, amma ayıq olduğumu başa düşər deyə, səsimi çıxartmırdım. İçimdən öz-özümə deyirdim ki, “Hələ uşaqdı, belə şeyləri qanmaz.” Amma ağzının üstünə təpik vurmaq da istəyirdim. Fəqət qaynanam oyanacaq və rəzalət qopacaq deyə, ürəyim ağzımda döyünərkən, istəsəm də səsimi çıxara bilməzdim. Yəqin gecə dostları ilə içib, sabah etdiklərindən utanar deyə ümid edə-edə qaldım.”

Reşeyə ümiddən şikəst qoyan, o gecədən sonrakı gecələr imiş. Sən demə, həmin gecə bir-birinə qəti bənzəməyən sonrakı gecələrin uşaqüzlü xəbərçisiymiş. Fedlo nə dəm imiş, nə də ertəsi gün etdiklərindən utanırmış, üstəlik, get-gedə topuqlarla kifayətlənmirmiş. Sonra Fedlo evə tək gəlməməyə başlayıb. Şino əsgərlikdən qayıdana qədər. Fedlonun Asusda az qala evə gətirmədiyi dostu qalmayıbmış. Hər gecə başqa-başqa adamlar. Üzünə təzəcə sivilcə çıxan yeniyetmələrdən tutmuş yetmiş yaşlı ixtiyarlara qədər.

Yenə Reşenin rəfiqəsinin danışdığına görə, təzə-təzə gələnlərin hamısı Fedlonun yaşıdlarıymış və əksəriyyəti tir-tir titrəməkdən başqa heç nə eləyə bilmir, ağlamsınanfason olub gedirlərmiş. İlk təcrübənin verdiyi qorxudan, həyəcandan qurumuş dodaqlarını Reşenin dodaqlarında islatmaq ümidilə uzatsalar da, hər dəfə Reşenin bir ölünün dodaqlarına bənzər quru dodaqları ilə qarşılaşıblar. Fedlo ilə yaşıd olan bu cavanların hamısının gözləri, yəhərlənib ilk dəfə gün işığına çıxarılan at gözləri kimi iri və qanlı imiş.

Fedlo heç yerdə işləməsə də, vəziyyəti günü-gündən yaxşılaşırmış. Reşe dostuna deyirmiş ki, “Kim bilir, bu pulları hardan qazanır.” Fedlo bir gün belə evə əliboş gəlməməyə başlayıbmış. O günə qədər adını belə eşitmədikləri yeməklər, görmədikləri rəngbərəng və ətirli sabunlar evlərini bəzəyibmiş. Qışda hər cür meyvə-tərəvəz, yazda isə mineral sular doldururmuş dolablarını. “Dolabım müxtəlif odekolonlarla, kremlərlə, şirniyyatlarla və lokumlarla dolub daşdı. Səhv eləmirəmsə, əsgərlikdəki Şinoya da neçə dəfə pul göndəribmiş. Hətta qaynanam həyatda ikən onun kəfənini və sabununu belə, sən demə, o tədarük edibmiş,” deyirmiş Reşe, odekalonunu və kremlərini bölüşdüyü rəfiqəsinə.

Hər gecə çəyirtkə sürüsü kimi qapılarına, pəncərələrinə doluşan, dan yeri söküləndə isə dağılışan bu qələbəlikdən qaynanasının xəbərdar olub-olmadığını heç kim bilmirmiş, amma onun son vaxtlardakı nəşəsi, ömrünün son dəmlərində də olsa gördüyü bu bolluğa şükranlıq etməsi və bunları bir də itirməmək üçün dualar oxuması heç kimin gözündən yayınmırmış. Eynən, yaşına görə artıq ovlanaya bilmədiyi üçün acından qırılan qoca bir canavarın, hər şeydən ümidini kəsib ölümü gözlədiyi vaxtda ayağına gələn qismətlə qarnını doyurduqdan sonra, ömrünün qalan hissəsini həyatın ona bəxş etdiyi bu yaxşılığa şükr edərək keçirmək üçün heç kəsin onu narahat etməyəcəyi bir küncə çəkilməsi kimi.

Şinonun əsgərdən qayıtması və Fedlonun evlənib təzə bir evə köçməsi, Reşenin qonaqlarının ayağını onlardan kəsibmiş. Ta ki bir neçə ay sonra, gecənin bir vaxtı, Reşenin pəncərəsinin qabağında yanıb-sönən bir papiros fürsət düşən kimi içəri dürtülünəcən. Reşe həmin bir neçə ay ərzində hər şeyi Şinoya danışmaq istəyirmiş. Fedlonu, Fedlonun dostlarını, onu cehizlik çarpayısında ziyarət edənləri… Bir-bir danışmaq üçün ürəyi gedirmiş, amma ərinin üzünə baxan kimi danışmaq istədiyi şeylərdən peşmanlıq duyub vaz keçirmiş. Cəsarətinin olmamasını vecinə almayıb dəlisov bir əminliklə, “Sən əsgərdəykən…” deyərək hər sözə başlayanda, Şino hər dəfə eyni əminliklə onun sözünü kəsirmiş, “Demə-demə, əsgərliyim ağır keçdi!” Donuq üzünü və ifadəsiz baxışlarını tavana zilləyərək Reşenin qulaq asmaqdan yorulub yuxuya getdiyinə belə fikir vermədən, saatlarla əsgərlik xatirələrini danışarmış. O gecə gözləri yuxuya qapanan Reşe, bir də gözlərini açmamış. Yemək bişirərkən, camaşır yuyarkən, ev yığışdırarkən, çarpayısına uzanıb ziyarətinə gələnləri yola salarkən belə Reşenin gözləri artıq həmişəlik qapalıymış. Hamı və hər şey ancaq qoxu ilə məna kəsb edirmiş Reşenin qaranlıq dünyasında. Ziyarətinə gələnləri də qoxularından tanıyırmış artıq. Ruhsuz, rəngsiz, simasız… Ziyarətçilərdən sonuncusu da çıxıb gedəndən sonra bayıra çıxıb öyüyə-öyüyə qusmasını saymasaq, heç kim onun qəlbində xırdaca bir hiss belə oyatmırmış. Bayırda, bir müddət, hərarət basmış üzünü səhərin sərinliyinə verib ərinin yanına qayıdırmış. Qollarını ərinin boynuna dolayıb eləcə yuxuya gedirmiş.

“Aclıq qoxusu bütün qoxulardan əvvəl hiss edilir. Şər qarışan kimi evin qabağında hiss edilirdi bu qoxu.” Həmişə içindən keçirmiş ki, axşamdan qalan yeməyi qızdırıb üstündən aclıq qoxusu gələnin qabağına qoysun. Bəlkə yazığı gəldiyi üçün, bəlkə də bütün qoxular içində ən dözülməzi o olduğu üçün. Məscid qoxusu həftədə bir dəfə, digər qoxular isə təxminən hər gecə gəlirlərmiş Reşenin ziyarətinə. Bir-birindən fərqli siqaret qoxuları, təbaşir qoxusu, çürümüş diş qoxusu, hacı yağı qoxusu, əsgər paltarı, doğranmış odun, soğan, içki, sarımsaq… Bütün qoxular biri digərinə qarışmadan evlərinin qabağında “bir”ləşib vahid bir qoxuya çevrilirmiş. Son qoxu da Reşenin otağına yayılandan sonra, doğulan yeni günəşlə birgə qəsəbədə təzə bir həyat başlarmış. Gecə – dilə gəlməsi görünməsindən daha utanc verici olan bir yuxu kimi unudulmaq üzrə şüuraltına sürgün olunurmuş.

Dağların arxasından qıvrıla-qıvrıla gəlib təngnəfəsliklə Asusa çatan, kömür və asfalt tozundan qaralmış səhər qatarından çoxu biletsiz sərnişinlər düşərdi. İşi olanlar işinə, işsizlər çayxanaların və gün düşən divar diblərinin yolunu tutmamışdan qabaq, əvvəl qəsəbənin meydanında yığışan izdihama qarışar, qəsəbə haqqında həmin günün söz-söhbətlərinə qulaq verərdilər. Camaatdan biri kimi görünməkdən ötrü kəndlilərin satmaq üçün qəsəbə meydanına gətirdiklərinə alıcı gözü ilə baxıb, az qala hamısının dadına baxandan sonra, satıcılarla möhkəm bir bazarlığa girişərdilər. Reşenin adı ortalıq yerdə çəkilməzdi. Soruşan olsa; nə bələdiyə rəisi, nə imam, nə komandan… Onu heç kim tanımazdı. Hətta qəsəbənin siyahıyaalma idarəsinin müdiri də rəsmi sənədlərdə bu adda adama rast gəlmədiyinə Allahlı-kitablı andlar içə bilər; dolmuş sürücüləri bığaltı bic-bic qımışaraq, “O adda adam indiyə qədər dolmuşuma minməyib!” deyərdi. Təkcə bazarda rastlaşan qadınlar onun adını bir-birinin dodağının ucundan oxuyar, içləridən ona və onun adına lənətlər yağdırardı. Evə çatan kimi də qadınlıqları bu cür bir ləkə ilə anılmadığı üçün sədəqə verərdilər; ərlərinin, axşamları ertədən çıxıb hara getdiklərini və geri qayıdanda niyə kürəklərini çevirib yatdıqlarını bilər-bilə… Reşenin sirrinə vaqif ola bilmirdilər. Ərlərini bu dərəcədə özünə çəkən nə vardı Reşedə? Ya da yeniyetmə oğullarını, bir ayağı çuxurda olan atalarını, qocalmış dədələrini…

Yenə həmin rəfiqəsinin danışdığına görə, əsgər paltarı qoxuyan adam bir gecə Reşeyə deyib ki, “Mən bu qəsəbədə olduqca, heç kim sənin tükünə də zərər verə bilməz.” Məscid qoxulu isə deyib: “Sən yer üzünün cənnətisən.” Şair Naso da hər gecə ona, birgə olduqları əvvəlki gecəyə aid yazdığı şeirləri oxuyarmış. Çöldə, Reşeni ziyarət etmək üçün ayazda gözləyən qələbəlik, Nasonun bitmək bilməyən şeirlərini də, Nasoya da yeddimərtəbə söyüşlər söyərkən, o, lümlüt cehiz sandığının üstünə çıxıb gözləri qapalı Reşeyə yazdığı axırıncı şeiri oxuyurmuş. “Qəsəbəmizdə şeirdən başı çıxan yeganə adam sənsən. Səndən başqa mənə qulaq asan yoxdur,” deyirmiş, Reşenin ona qulaq asıb-asmadığını dəqiq bilməyən Şair Naso. Yandakı otaqda, əlləri ayaqlarının arasında üzü divara söykəli yatan Şinonun ayıq olub-olmadığını heç kimin bilmədiyi kimi.

Şino da həyata qoca gələnlərdən imiş. İllərin belini qırıb ömürlərinin zirvəsinə qürurla çatanlar kimi deyilmiş o. On dörd yaşında da, otuz yaşında da ixtiyar. Borcunu ödəyirmişcəsinə yaşayırmış və borcundan tezcə çıxmaq üçün ömrünün qalan hissəsini yataraq keçirirmiş. Əvvəllər nadir hallarda da olsa danışar, insan içinə çıxar, əli iş tutarmış. “Əsgərlikdən qayıdandan sonra mənasız adam olub” dedi-qoduları ilə razılaşmayan Reşe, camaatla eyni fikirdə deyilmiş, “Duvağımı qaldırandan sonra üzünü çevirib xorxaxor yatan Şino guya əsgərlikdən əvvəl belə deyildi ki?”

Şino həyata olan borcunu yataraq ödəməyə davam etsə də, qəsəbənin gözləri həmişə açıq imiş. Həftələr, aylar su kimi ötüb keçib; uşaqlıqdan yeniyetməliyə qədəm basan təzə üzlər evlərinin qabağındakı növbədə yer tutub. Adını heç kim dilə gətirməsə də, Reşenin şöhrəti qonşu kəndlərə qədər gedib çıxıbmış. Şöhrətinin gedib çıxdığı yerlərdə, gözü çöldə olanlar üçün də günəş çıxıb. İllər boyu böyük bir həsrətlə yolunu gözlədikləri gəmi nəhayət limana gəlmişcəsinə, uşaq səbrsizliyi ilə Asus axışmağa başlayıblar.

Bir neçə gündən bir bağçalarından yığdıqları meyvələri və qatığı satandan sonra, axşam qatarı ilə evlərinə qayıdan kəndlilər artıq qəsəbəyə bir gündən bir gəlməyə başlayıb. Gələnlərin çoxu axşamları da evinə qayıtmamağa başlayıb. Ya bir tanışlarının evinə qonaq olurlarmış, ya da Reşenin evinin qabağında açırlarmış səhəri. Get-gedə heç kimin tanımadığı şəhərlilər peyda olmağa başlayıb Asusun küçələrində. “Bu qədər gözəl bir qəsəbənin adını nə əcəb indiyə qədər eşitməmişik, qəribədir!” deyərək gəzərkən, Asusun əyyaşları ilə tanış olub yaxınlıq qurublar. Qəsəbənin tənha yerlərində və bulaq başlarında manqal qalamaqdan, içib keflənməkdən artıq qalan zamanlarda, çayxanalarda Fedlonu axtarmağa başlayıblar. Təbii ki, Fedlonu artıq axtarıb tapmağın qeyri-mümkün olduğu günə qədər… Artıq heç kim Fedlonu qumar masalarından durquzub çayxananın bir küncündə qulağına nəsə pıçıldamırmış. Həmin il təzə yerə köçən poçtun binasını otelə çevirən Fedlonu axtaranların işi beləcə daha da asanlaşıb.

Otelin açılışına məmurlardan bələdiyyə başqanına, polis şöbəsinin müdirinə qədər bütün qəsəbə gəlibmiş. Qəsəbənin uzun müddətdi, xüsusilə son dövrlərdə, belə bir xidmətə ehtiyacı olmasından dəm vurub Fedlonu təbrik və təqdir ediblər. Tədbirin axırında Asusun inkişaf etməsi üçün hamını qəsəbəyə faydalı olan bu cür işlərə dəvət etməyi də unutmamışdılar. Elə də olub. Heç bir həftə keçməmiş, yardımsevər qəsəbəlilərdən biri Fedlonun otelinin yanında 24 saat xidmət göstərən bir restoran açıb. Kuto da əvvəllər xoruz döyüşdürdüyü dükanı restavrasiya edib pivəxanaya döndərib. Sonraları, xoruz döyüşdürən bir neçə dostunun israrı ilə pivəxananın ortasına içində xoruz döyüşdürülən bir qəfəs düzəltdirib. Qəsəbənin ilk pivəxanası olan bu məkanda, nə kimsə Kutonun xoruzu qədər pivə içib, nə də kiminsə xoruzu onun xoruzunu məğlub edə bilib. Qəsəbəlilər xoruz döyüşünə baxarkən, bir yandan da ləzzətlə soyuq pivələrini qurtumlayırmışlar.

Asusun inkişaf etməsi barədə artıq heç kimin şübhəsi qalmayıbmış. Dədələri mağaradan çıxıb bu yerlərə ilk mismarı vurduqları gündən bu yana Asusun ulduzu heç bu qədər parlamamışdı. Ətrafını sıra-sıra sarmalayan dağları yıxıb dünyaya hayqırmaq istərcəsinə dayanıb durubmuş qəsəbə: “Bax, mən burdayam, hələ də dimdik ayaqdayam. Həm də sənin yaradıldığın gündən bəri…”

Əsnaf gündən günə varlanıb, dörd məscidin dördü də cümə günləri ağzına qədər dolub daşıb. Bu inkişaf və modernləşmə səfərbərliyində dövlət də Kamuran Ağanın köməyi ilə öz öhdəsinə düşəni etməkdən geri durmayıb. İyirmi ildən artıqdır bölgənin deputatı olan Kamuran Ağa böyük bir şəkər fabrikinin təməlini atıb və köhnələn qatar stansiyasını sökdürüb yerinə təzəsini tikdirib.

Hər şeyin o xoş yaz gecəsi qədər gözəl davam etdiyi və get-gedə daha da gözəlləşəcək düşüncəsinin hakim olduğu bir yaz gecəsi, siluetini heç kimin görmədiyi bir nəfər növbəsini yarımçıq qoyaraq Reşenin evinin qabağında sırasını gözləyən jandarmı bıçaqlayıb. Jandarmın bağırsaqları çölə tökülüb, amma ölməyib. Reşeni o gecə ziyarətə gələnlər gəldikləri kimi də divar dibi ilə geri-geri evlərinə qayıdıblar. Polis komandanı fərari jandarmın fərqinə varana qədər yaralı əsgər gecənin qaranlığında saatlarla inildəyib. Sonra polis şöbəsindən təlimatlandırılan dörd əsgər gəlib Reşenin taxtadan qapısını qoparıb xərək düzəldərək yaralını götürüb aparıblar.

Xoruz Dağlarının dalından burnunu çıxarıb tez də yoxa çıxan ayın şöləsi ilə parıldayan xəncər, təkcə fərari əsgərin daxili orqanlarını deşməklə qalmayıb, gecənin əfsununa da zərbə endirib.

Səhərin ilk işıqları ilə maraqlı gözlər sanki əsgər hələ də yaralı şəkildə yerdə yatırmış, ya da ömürlərində ilk dəfə əsgər qanı görürmüş kimi, yerdəki qan ləkəsinin ətrafına toplaşıblar. Qan ləkəsinin başında başlayan pıçhapıç böyüyüb fəryad olub və həlqə-həlqə çoxalaraq küçələrə, məhəllələrin arasına yayılıb. Qapıların arasından evlərin içinə, vedrə-vedrə bulaqların başına daşınıb. Oradan da qapalı qapıların arxasındakı ağır söhbətlər edilən məclislərə qədər gedib çıxıb. Rəsmi dairələrdə qısa müddətliyinə iş axsayıb. Qadınlıq şərəflərinə belə bir ləkə düşmədiyi üçün qəsəbəli qadınlar yenidən nəzir-niyaz ehsan ediblər.

O gecə, Reşenin səmtindən bir quş da uçmayıb. Səhər ertədən hərbi bir cip sürətlə gəlib bələdiyyə rəisi Səlim Əfəndinin evinin qabağında dayanıb, onu maşına mindirərək sürətlə ordan uzaqlaşıb. Bələdiyyə rəisi nə qədər “yox, əşşi məni aparmağa gəlməyiblər” mənasında gülümsəsə də, salamlaşmaq üçün qapıda gözləyən jandarma uzanan əlinin titrədiyini və maşına minərkən başının cipin qapısına dəydiyini görənlər olub.

Allahın evində Reşenin adını çəkməməyə çalışan Molla Həsən, “Bir qadın ucbatından cənnətdən qovulduğumuzu unutmayaq,” deyərək başlayıbmış o günkü xütbəsinə.

Həmin gündən sonra bir-bir, iki-iki iflas edən qəsəbə əsnafı dalbadal dükanlarını bağlayırmış. Fedlonun oteli siçanların məkanı olub. Qatar artıq sərnişini olmadığı üçün Asus Stansiyasından tranzit kimi keçirmiş. Dövlət özülünü qazdırdığı şəkər fabrikinin tikintisini dayandırıb.

O günlərdə qəsəbədə böyük şəhərlərdən birindən gəlmiş bir jurnalist görülüb. Jurnalist nə qədər haqqında çıxan şayiələri yalanlayaraq “əsassız dedi-qodular” kimi şərh etsə də, hamı onun Reşenin adını qəzetlərə çıxarmaq üçün göndərildiyində həmfikir imiş, “Adımızı dünyaya yayıb bizi aləmdə rüsvay etməyə gəlib!” Jurnalist günlərcə gəzib dolanıb Asusun küçələrində, amma nə danışmaq üçün kimisə razı salıb, nə də Reşenin şəklini çəkə bilib. Bütün bunlara baxmayaraq, bir neçə gün sonra şəhər qəzetlərinin birində Reşenin adı çəkilməsə də, qəsəbə ilə bağlı bir xəbər çıxıb.

“Asus çətin vəziyyətdədir… Məchul səbəblərə görə, Asus əsnafı dalbadal iflas etməkdədir.”

Naso da Reşe üçün qələmə aldığı və mədhiyyələrin yerinə yeddiqat söyüşlər qoyduğu şeirlərini ən yüksək səslə qəsəbə meydanında oxuyub.

Gecə ayazında saatlarla növbədə gözləmək bir yana, gündüz vaxtı belə Reşenin açılmayan qapısına baxmağa heç kim ürək etmirmiş. “Necə ola bilər ki, bu cür bir adam illər boyu burnumuzun dibində yaşasın, amma bizim xəbərimiz olmasın,” deyənlər çoxalıbmış. Əksəriyyətinin Şinoya yazığı gəlirmiş, “Şino kimi bir igidə necə qıyıb da onun şərəfli adını bir siçovul ölüsü kimi küçəyə atır!” Bir gecə Reşenin evindən bir qaraltının çıxdığını görənlər olub, amma qaranlıqda üzünü seçə bilmədikləri üçün heç kimin günahına girmək istəməyib.

Molla Həsən son xütbəsində, “Günahkar bir qadın qəsəbəmiz üçün ayranımızın içinə düşən bir milçəyə bənzəyir. Əfsus ki, o ayranı töküb yerinə yenisini dolduracaq ayranımız yoxdur. Mən demirəm, “Hədisi-Şərif” belə buyurur. Yeməyinizə, ya da içkinizə qəza ilə bir milçək düşərsə, milçəyi düşdüyü yerdə əzin. Çünki bir qanadı zəhərdirsə, o biri qanadı zərdabdır.” Bu xütbədən çox yox, üç gün sonra günorta vaxtı kimlərsə Reşenin şüşələrini qırıb. Hamının bir-birinin yeddi arxa dönəni tanıdığı qəsəbədə nədənsə şüşəni qıranı heç kim tanımayıb. Ertəsi gün evlərinin önündəki bağçanı yandırıblar. Tərəvəz şitilləri qoparılıb, toyuqların başları bədənlərindən ayrılıb. Şino hələ də yatağında, əlləri ayaqlarının arasında, üzü divar dönük yatırmış. Bir səhər Reşe oyananda, gecədən yuyub ipə asdığı camaşırların oğurlandığını görüb. “Tumanı oğurlanan arvadın namusu da oğurlanıb,” deyiblər.

Reşenin bir həftədi açılmayan qapısı açılanda, darıxdırıcı bir axşamüstü imiş. Yaxınlıqda hardansa leş kimi bir qoxu yayılırmış ətrafa. Qəsəbəlilər hardan gəldiyini bilmədikləri qoxuya dözə bilmirmişlər artıq. Günlərlə bu qoxunun caynağında qıvrılandan sonra, Reşenin qapısının açılması ilə hamı özünü çölə atıb. Bütün qəsəbə bir anda qapısı açılan evin qabağına doluşub. O, savaş meydanından qayıdan müzəffər bir komandan; yığışan kütlə isə onu qarşılamağa gələnlərmişcəsinə başı dik, sinəsi qabarıqmış Şinonun. Baxışları isə dağınıq saçları, qızarıb dərisi soyulmuş yanaqları və bağlanmış əlləri ilə ərinin arxasınca ayaqyalın şəkildə gələn Reşenin üstündə. Reşenin hər birini qoxularından tanıdığı ziyarətçilər də ordaymış. Yanlarında arvad-uşaqları ilə… Reşe bərəlmiş gözlərlə baxırmış ora yığışan izdihama. Heç kim onun gözlərindəki baxışa tab gətirə bilmirmiş, hamı gözlərini qaçırırmış. Günlərlə yuxu üzü görməmiş gözlərini ikibaşlı bir qılınc kimi, hansı tərəfə çevirsə, ona zillənən gözləri kəsib doğrayırmış. Qadınlar illər boyu ərlərini evinə çəkən səbəbin nə olduğunu axtaran gözlərlə baxırmışlar; zəif, qarayanız, çəlimsiz qadına. Axtardıqları şeyi tapmayanda da, təəccübləri maraqlarını daha qamçılayıbmış. Utanmasalar, Reşedə olub onlarda olmayanı soruşacaq qədər maraqlanırmışlar. Reşe və Şinonun da izdihama qarışması ilə, əvvəlcədən dəfələrlə məşq edilmiş bir törəni yerinə yetirərcəsinə, kimsənin kimsəyə qaş-gözlə, him-cimlə xəbərdarlıq etməsinə ehtiyac qalmadan,  eyni vaxtda hamı məscidə tərəf getməyə başlayıb. İzdihamın Reşenin ətrafında ətdən bir divara çevrilməsi də səssiz və sözsüz şəkildə baş tutub.

Birinci daşı Şino atıb. Şinonun atdığı daşın sərtliyini və ağrısını bağrının başında hiss edən Reşe, səsini özündən çox uzaq, yuxarılarda olan birinə eşitdirmək istərcəsinə göy üzünə tərəf hayqırıb. Reşenin fəryadı ərşə dəyərək əks-səda kimi izdihamdakıların qulaqlarına qayıdıb. Olduğu yerdə dizi üstə çöküb Reşe. Gözləri bərəlib. İzdihamdan qışqırıq səsləri gəlməyə başlayıb, sonra uzaqlaşmağa başlayanlar olub. Molla Həsən izdihamdan yüksələn səsi batırmaq üçün dalbadal yüksək səslə dualar oxuyub. Sonra da ikinci daşı atmaq üçün yerə əyilib. İkinci daşı atmaq məcsid qoxuluya nəsib olub. Daş Reşenin sinəsinə dəyib. Dəfələrlə ağzının suyunu axıdaraq, “Cənnət qoxuyur, cənnət!” dediyi sinəsinə. Sonra Fedlo, dalınca şair, qocalar, cavanlar, yeniyetmələr, kişilər, qadınlar, uşaqlar… Hamısı daş olub yağıblar Reşenin üstünə. İş vaxtına düşür deyə daş-qalaq mərasiminə qatıla bilməyən dövlət rəsmiləri təəssüf içindəymiş.

Arabir hədəfdən yanına daşlarla bir-birinin başını yarsalar da, heç kim ağrı hiss etmirmiş. Dayanmadan, yorulmadan atıblarmış daşları. Bədənlərindən bir günahı söküb atırmış kimi… Şimaldakı dağların arxasında qara bir bulud alçala-alçala qəsəbənin üstünə gələnə qədər daş-qalağa davam ediblər. Qəsəbə zülmətə təslim olana qədər… Hamı elə bilib ki, gecə düşüb, amma göydə parıldayan bircə ulduz belə görə bilməyiblər. Birinci şimşək gurultusu ilə çığır-bağır, səs-küy artıb. Sonra bir ildırım da düşüb qəsəbə meydanına yığışmış izdihamın ortasına və kütlə ac qurdların hücumuna məruz qalan qoyun sürüsü kimi şüursuzcasına sağa-sola qaçışıb. Yerə yıxılanlar, ayaq altında əzilənlər, əli-qolu qırılanlar… Nə baş verdiyini anlamadan, qəfildən məhşər yerinə dönən meydandan evlərə tərəf qaçıb hamı. Kimin evi olması önəmli deyil, yaxında olmağı və qapısının açıq olması yetərliymiş. Buna görə bəzi evlər bomboş imiş, bəzilərində isə tərpənməyə yer yox imiş.

Bir az əvvəl məhşər yerinə bənzəyən meydanda azman bir daş yığınından başqa heç nə qalmayıbmış. Dəli bir külək isti qan qoxusunu da qabağına qataraq evlərin divarlarına dəyə-dəyə ac canavar kimi ulayıbmış. Elə bir tufan ki, beləsini nə görən varmış, nə eşidən. Bu tufanın səsi, bütün ölmüşlərin, savaş meydanlarındakı xalis ölümün və öldürməyin o qəribə səsi, yırtıcıların hücumuna məruz qalmış, yaşadıqlarından çox, yaşayacaqlarını təsəvvür edən bir yaralının çığırtısının cəmi imiş. Səsləri eşitməmək üçün əllərinə keçəni qulaqlarına tıxayıblar. Nə yastıqlar köməyə çatıb, nə də sığındıqları evin samanlıqları. Tufan bir gün bir gecə davam edib. Səma qusacaqmış kimi öyüyən, amma mədəsi boş olduğu üçün bir şey qaytara bilməyən xəstə kimiymiş. Dalbadal çaxan şimşəklərə və asimanı örtən qara buludlara baxmayaraq, bir damcı belə yağış düşməyibmiş yerə. Heç kim yerindən tərpənməyib. Danışmayıb, yeməyib, içməyib. Ağacların budaqları səcdə edərcəsinə başlarını yerə əyib, əkinlər yanıb, sular quruyub, çöldə qalan heyvanlar tələf olub. Qatar relsləri yerindən sökülüb, stansiya xarabaya dönüb.

Ertəsi gün səma yuxudan yeni oyanan bir körpənin gözləri qədər təmiz imiş, amma yenə də günortaya qədər heç kim qorxusundan çölə çıxa bilməyib. Sonra həyat qaldığı yerdən davam etməyə başlayıb Asusda. Kəndlilər necə gündür sərə bilmədikləri üçün çürüyən tərəvəzlərini qəsəbənin meydanına sərib, nehrələrin üstündə milçəklər uçuşmağa başlayıb. Rəsmi dairələr iş rejiminə riayət edib, yıxılan ağaclar kəsilib qış üçün yanacaq hazırlanıb. Məsul şəxslər gələnə qədər tonlarca dəmir rels satılıb. Qəsəbəlilər itmiş heyvanlarını axtarıb, amma onların yerinə tükləri tökülmüş toyuq və xoruzlardan, bağırsaqları çıxmış qoyun və keçilərdən başqa bir şeyə tapa bilməyiblər. Yıxılmış, viranə qalmış evlərdən uşaq səsləri gəlməyə başlayıb.

Şino yenidən çayxanalara qayıdıb, qəsəbənin kişiləri kimi söhbətlərə qoşulub, danışıb, əsgərlik xatirələrindən söz açıb. Cümə günləri xütbədə ən qabaqda yer tutub, hər Asuslu kimi, o da sanki min ildir ordaymışcasına məscidin qabağındakı o daş yığınına bir dəfə də olsun çevrilib baxmayıb. Bir qrup qara çarşablı qadın o daş yığınının ətrafında toplaşmağa başlayıblar.

Və daş yığınının arxasında cücərən ağacı “dilək ağacı” elan etməklərinin üstündən xeyli vaxt keçib.         

 

Çevirdi: Qismət